Şriftin ölçüsü:
26.04.2012 04:33 | Oxunma sayı: 707
Nəsimi rayonunda 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirilib.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə olduğu kimi, hesabat dövründə də Azərbaycanda sosial-iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. 2012-ci ilin birinci rübündə nəzərdə tutulmuş bütün vəzifələr müvəffəqiyyətlə icra edilmiş, ölkədə 24 min yeni iş yeri yaradılmış, əhalinin pul gəlirləri 14 faiz artmışdır.
Natiq demişdir ki, 2012-ci ilin ilk üç ayında Nəsimi rayonunda sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilmiş, qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar xeyli iş görülmüşdür. Yanvar-mart aylarında rayonda 83 milyon 700 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Birinci rübdə istehlakçılara 86 milyon manatlıq sənaye məhsulu göndərilmişdir.
İlin birinci rübündə işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin eyni dövrü ilə nisbətdə 8 faiz artaraq 409 manat olmuşdur. Hesabat dövründə rayonda 696 yeni iş yeri yaradılmışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, ilin birinci rübündə rayonda rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə 5 milyon manatlıq xidmət göstərilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 93 milyon 800 min manatlıq iş görülmüş və xidmətlər göstərilmişdir ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 33,2 faiz çoxdur. Həmin müddət ərzində tikinti-quraşdırma təşkilatları 53 milyon 600 min manat həcmində iş görmüşlər ki, bu da əvvəlki ildən 32, 6 faiz çoxdur.
2012-ci ilin yanvar-mart ayları ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2425 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları 359 ahıl və əlilə evlərdə sosial-məişət xidməti göstərmişlər.
Rayonda əhaliyə göstərilən xidmət növlərinin səmərə və keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. İlin birinci rübündə təbii qazın qəbulu, paylanması, uçotun dəqiq aparılması, təchizatın yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Bu dövrdə rayon qaz istismar sahəsi tərəfindən Cavadxan, H.Seyidzadə, 20 Yanvar, C.Məmmədquluzadə, S.Rəhman küçələrində, Kimya şəhərciyində və digər ünvanlarda 1168 ədəd mexaniki qaz sayğacı "Smart-kart" tipli sayğaclarla əvəz edilmiş, 2075 metr uzunluğunda qaz xətti çəkilmişdir. Bu dövrdə rayonda elektrik enerjisinin dəyərinin ödənilməsi 84,8 faiz təşkil etmişdir. Yanvar-mart ayları ərzində rayonda su satışı və çirkab suların axıdılması üzrə 1 milyon 726 min 700 manatlıq xidmət göstərilmişdir. Nəsimi rayon Su Kanal İdarəsi tərəfindən Nizami, K.Səfərəliyeva, N.Məlikov küçələrində, Xətai və Azadlıq prospektlərində, ümumilikdə 3 min 841 paqonometr su xətləri dəyişdirilmişdir.
Ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. Bu dövrdə Xaqani, R.Zorge, K.Səfərəliyeva küçələrində əsaslı təmir işləri aparılmış, S.Vurğun küçəsinin Füzuli və Ş.Əzizbəyov küçələri ilə kəşişməsinə qədər olan hissəsi genişləndirilərək əsaslı təmir edilmişdir. Hazırda H.B.Əliyev və R.Məmmədov küçələrinin kəsişməsində yerləşən "Heydər parkı"nda əsaslı təmir işləri görülür, Cavadxan küçəsində yeni park salınır. Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi tamamlanmaq üzrədir və binanın ətrafındakı bağda əsaslı yenidənqurma işləri aparılıb. Təmir işləri zamanı parkdakı "1941-1945-ci illər" abidəsi Zorge bağının Vaqif prospekti ilə Ə.Topçubaşov küçəsinin kəsişməsində olan hissəsinə köçürülüb. Hazırda Nizami, S.Rüstəm küçələrində, Vaqif və Azadlıq prospektlərindəki binaların fasadlarının təmiri, Nizami küçəsində isə əsaslı təmir və yenidənqurma işləri aparılır.
Rayon ərazisində istehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və həmin komissiya tərəfindən çoxsaylı reydlər keçirilmişdir. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir və görülmüş işlər barəsində rayon rəhbərliyinə mütəmadi olaraq məlumat verilir.
Nəsimi rayonundakı "Təzə Bazar" MMC-nin və 3-cü mikrorayondakı "Kəndli yarmarkası"nın ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilmişdir. Həmin yarmarkalarda hər həftə bazar qiymətlərindən aşağı qiymətə 40-50 ton müxtəlif çeşidli məhsullar satılır. Əhalinin rifah halının yaxşılaşmasına, süni qiymət artımının qarşısının alınmasına yönəlmiş bu məsələ icra hakimiyyəti tərəfindən daim diqqət mərkəzindədir.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2011-2013-cü illər )"nın icrası ilə əlaqədar Nəsimi rayonunda tədbirlər davam etdirilir və görülən işlər rayon rəhbərliyinin daim nəzarətindədir.
Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon enerji satışı və təchizatı idarəsinin rəisi Arif Məmmədov, Nəsimi Rayon Su Kanal Sahəsinin rəisi İmran Abbasov və rayon qaz istismarı sahəsinin rəisi Məcid Kərimli çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iclasa yekun vurdu.
{nl}
Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.