Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2012-ci ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.
Sonra rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyevin 2012-ci ilin ötən üç ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzəsi dinlənildi. 2012-ci ilin ötən dövrünü Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq dedi ki, aprel ayının 16-da Prezident Sarayında dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunmuş iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir. Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sosial vəziyyətin, sənaye istehsalının, özəl bölmənin, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın yüksəlməsini və inkişafını təhlil edərək cari ilin yanvar-mart ayları ərzində ölkədə ümumi daxili məhsulun 0,5 faiz artdığını, qeyri-neft sektorunda 7,7 faiz, qeyri-neft sənayesində isə 16,5 faizlik inkişafın baş verdiyini bildirmişdir. Dövlət başçısı ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulayaraq 2012-ci ilin ilk üç ayında makroiqtisadi vəziyyətin də sabit qaldığını diqqətə çatdırmışdır.
Ölkəmizin dinamik inkişafının təmin olunmasında paytaxtın Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, cari ilin birinci rübündə rayonun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, sənaye məhsulunun və bu sahədə göstərilən xidmətlərin həcmi 107,1 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Hesabat dövrü ərzində sənayenin dövlət sektorunda 70,6 milyon manatlıq və ya ümumi istehsalın 65,9 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 34,1 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd olundu ki, rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə qarğıdalı yağı istehsalı 49,4 faiz, marqarin istehsalı 60 faiz, bitki piyləri 24,8 faiz, günəbaxan yağları 75,4 faiz, kimyəvi məhsulların istehsalı 29,9 faiz, şokolad istehsalı 20,7 faiz, rezin və plastmas məmulatları 50,5 faiz, beton, gips və sement məmulatları istehsalı 34,4 faiz, elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi 11,4 faiz artmışdır. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Neftqaztikinti" Tresti, "NJT-2000" firması, "Kaspi Yıldız" MMC, "Bakı Yağ Qida Sənaye" ASC, "Körpü Tunel" ASC, "Ulduz" fabriki, və digər müəssisələrin müstəsna xidmətləri olmuşdur.
Natiq bildirdi ki, hesabat dövründə rayonun tikinti təşkilatları öz gücləri ilə 56,2 milyon manatlıq podrat işləri görmüşlər ki, bu da ötən ilin müvafiq dövründəkindən 58,1 faiz çoxdur. Cari ilin üç ayında rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 13,6 milyon manat həcmində investisiya yönəldildiyini diqqətə çatdıran natiq qeyd etdi ki, həmin vəsaitin 12,8 milyon manatı və ya 94,1 faizi dövlət müəssisələrinin payına düşmüşdür. İlin ilk üç ayı ərzində istifadə edilmiş investisiyaların 1,8 milyon manatı və ya 13,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Bütün maliyyə mənbələri hesabına 11,9 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Qeyd olundu ki, 2012-ci ilin ilk rübündə rayon üzrə əmtəə dövriyyəsi və pullu xidmətin səviyyəsi də xeyli yüksəlmiş, sözügedən sahənin real həcmi 40,9 faiz artaraq 407,9 milyon manat təşkil etmişdir. Hesabat dövründə ümumi əmtəə dövriyyəsinin 13,2 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 16,6 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, 70,2 faizi isə yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının dövriyyəsinin payına düşür. Rüb ərzində rayon əhalisinə göstərilmiş pullu xidmətlərin həcmi 59,9 milyon manat təşkil etmişdir.
İlin ötən üç ayı ərzində rayon üzrə rabitə xidmətləri sahəsində 24,1 milyon manat, nəqliyyat üzrə isə 13,8 milyon manat dəyərində xidmətlər göstərilmişdir ki, bu sahələrdə də müvafiq olaraq 2,5 dəfə və 45,8 faiz artım əldə olunmuşdur. Rayonda məşğulluq strategiyasının həllinə diqqətin getdikcə artırıldığını bildirən məruzəçi dedi ki, hesabat dövründə 532 iş yeri yaradılmışdır. Bütövlükdə isə 2003-cü ildən 2012-ci il aprelin 1-dək Nizami rayonunda 18935 yeni iş yeri açılmışdır ki, bunun da 18842-si daimidir. Cari ilin yanvar-mart aylarında rayon üzrə orta aylıq əmək haqqının 377,4 manat təşkil etdiyini diqqətə çatdıran məruzəçi ayrı-ayrı sahələr üzrə artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən də geniş bəhs etdi.
2012-ci ilin ötən dövrü ərzində rayonda elektrik enerjisi, istilik, qaz və içməli su təchizatı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən İ.Mehdiyev abadlıq və quruculuq işlərinə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu diqqətə çatdırdı, bu sahədə əldə olunmuş uğurları sadaladı.
Məruzə ətrafında çıxış edən 26 saylı şəhər poliklinikasının baş həkimi Pənah Əliyev, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Musa Ağamalıyev, Sukanal Departamentinin rəisi Rövşən Kazımov və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Emin Talıbov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar. Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğulayan natiqlər rəhbərlik etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər, il ərzində görüləcək işlərdən bəhs etdilər.
Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi. Bütün bu məsələlərin iclasın qərar layihəsində öz əksini tapacağı vurğulandı. Yığıncağın sonunda iclasın qərar layihəsi oxundu.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.