XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı başa çatmışdır

İyunun 3-də XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı başa çatmışdır.
Tədbirin ikinci günü "Xəzər regionunda kəşfiyyat və hasilat perspektivləri" mövzusunda keçirilən sessiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Xəzər regionu qaz sənayesi potensialının inkişaf yolları barədə ətraflı danışmışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda gündə 75 milyon kubmetr qaz hasil edilir. Hasil edilən qazın həcmi ölkənin tələbatını tam ödəməklə yanaşı, qonşu ölkələrə - Türkiyə, Gürcüstan, Rusiya və İrana da ixrac edilir. Son beş ildə Azərbaycanda qaz hasilatı 5 dəfə artmışdır. 2009-cu ildə ölkədə rekord göstərici - təqribən 24 milyard kubmetr qaz hasil olunmuşdur. Bu ilin proqnoz göstəricisi isə 29 milyard kubmetrdir. Hazırda bizi düşündürən məsələ - Azərbaycanda böyük qaz potensialının yaradılmasıdır. Bunun üçün isə ilk növbədə "Şahdəniz-2" layihəsinin həyata keçirilməsi, eləcə də "Ümid" perspektiv strukturunda daxili imkanlar hesabına kəşfiyyat qazmasının aparılması, "Total" şirkəti ilə birlikdə "Abşeron" strukturunda axtarış-qazma işlərinə başlanılması və s. nəzərdə tutulmuşdur.
X.Yusifzadə, həmçinin "Şahdəniz-2" yatağının işlədilməsi ilə bağlı "bp- Azərbaycan" şirkətinin, eləcə də digər bir təklif barədə ətraflı danışmış, hər iki planın müsbət və mənfi cəhətlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Sonda 2020-ci ildə Azərbaycanda qaz hasilatının 50 milyard kubmetrə çatdırılmasının mümkünlüyünü söyləyən Xoşbəxt Yusifzadə o vaxtadək yeraltı qaz anbarlarının həcminin artırılmasının vacibliyini də vurğulamışdır.
Sessiyada Çexiya Respublikası Xarici İşlər Nazirliyinin enerji təhlükəsizliyi üzrə səfiri Vaslav Bartuşkanın "Avropa Azərbaycana nə təklif edə bilər və nəyi edə bilməz", "bp-Azərbaycan" şirkətinin kəşfiyyat üzrə meneceri Qreqori Rileyin "Cənubi Xəzərdə tətbiq üçün gələcək texnologiyalar. Karbohidrogen ehtiyatları hasilatının davamlılığı", "Total" şirkətinin kontinental Avropa və Orta Asiyada geofiziki tədqiqatlar üzrə məsləhətçisi Jan Pyer Marenin "Total E& P Xəzər dənizində və Xəzər dənizi bölgəsində", "Salans" şirkətinin idarəedici tərəfdaşı Ceyms Hoqanın "Kəşfiyyat və hasilat sahəsində qanunvericilikdə olan dəyişikliklər", "Nabukko Gas Pipeline İnternational GmbH" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kristian Dolezalın "Nabukko kəməri - reallığa çevrilmə" və s. mövzularda məruzələr maraqla dinlənilmişdir.
Konfransın sonuncu - "Xəzər regionunun qaz infrastrukturu. Kəmərlərin geosiyasiliyi" mövzusunda keçirilən sessiyasında Avropanın enerji təminatının şaxələndirilməsində Xəzərin qaz ehtiyatlarının rolu, dünya qaz bazarının formalaşması və onun Xəzər regionuna təsiri, Xəzərin qaz potensialının qısamüddətli və uzunmüddətli inkişafı üçün Rusiya, Avropa və Asiya ilə əməkdaşlıq, Xəzərin enerji nəqli marşrutlarının sonrakı şaxələndirilməsi: Gürcüstanda sıxılmış təbii qazın ixracı və durulaşdırılmış qaz üçün terminalların tikintisinin mümkünlüyü, Azərbaycan və Türkmənistanın neft-qaz potensialından istifadə və regionun infrastrukturunun inkişafı üçün gələcək planlar ilə bağlı məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Bununla da XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransı işini başa çatdırmışdır.
Sonda konfrans iştirakçılarının neft və qaz sərgisinə ziyarəti nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında