Vergilər Nazirliyi nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı birgə fəaliyyəti gücləndirir

Vergilər Nazirliyində pos-terminal və nəzarət kassa aparatlarının tətbiqinə və istifadəsinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış xüsusi qərargahın növbəti iclası keçirilmişdir. Toplantıda Vergilər, İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri iştirak etmişlər. 
Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov ölkəmizdə nağdsız ödəmələrin genişləndirilməsi, müvafiq infrastrukturun yaradılması istiqamətində ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlərə toxunmuş, dövlət başçısının müvafiq strukturlar qarşısında müəyyənləşdirdiyi vəzifələr barədə danışmışdır. İ.Əhmədov bu tapşırıqlara uyğun olaraq qərargah tərəfindən nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermiş, Bakı şəhəri üzrə proseslər xəritəsinin hazırlandığını, paytaxtın 11 rayonunun 60 sahəyə ayrıldığını, hər sahə üzrə 2 işçi qrupunun müəyyən olunduğunu və onlara müvafiq treninqlərin keçirildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, əhali ilə nağdsız hesablaşmaların aparılması istiqamətində görülən işlərin qısa müddət ərzində başa çatdırılması məqsədilə bu işə əlavə qüvvələr cəlb edilib. Pos-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş əsas vəzifə, yəni qeydiyyat məsələlərinin ən qısa zamanda həlli məqsədilə də bütün zəruri işlər görülmüşdür. Pos-terminalların quraşdırılması işlərini həyata keçirən əməkdaşların elektron ərizələri daha çevik göndərilməsi üçün bütün zəruri proqramlarla və internet rabitəsi ilə təchiz edilmişdir. Bu, istənilən obyektdə pos-terminalın quraşdırılması zamanı müvafiq bankda cari manat hesabının açılması üçün vergi orqanına ünvanlanmış elektron ərizənin operativliyini təmin edir.
İ.Əhmədov həmçinin bildirmişdir ki, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında sürətli elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün zəruri proqramlar sistemə yüklənmiş və pos-terminalların vergi orqanlarında onlayn qeydiyyata alınması təmin olunmuşdur. Artıq nəqliyyat sektorunda da pos-terminalların quraşdırılmasına başlanmış, taksilərdə, eləcə də London Taksi TX4 avtomobillərində pos-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir.
Hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə pos-terminalların quraşdırılması təmin edilir. Respublika üzrə 20 min 138 obyektdə 22 min 611 pos-terminal aktiv fəaliyyət göstərir ki, bunun da 93,6 faizi Bakı şəhərinin ərazisindədir.
Bakı şəhərinin mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarında pos-terminal quraşdırılmalı obyektlərin 90 faizində artıq bu proses yekunlaşmışdır.
Pos-terminalların qurulması prosesində ölkə bankları da aktivlik nümayiş etdirirlər. "Azərbaycan Beynəlxalq Bankı", "Texnikabank", "Dəmirbank", "Atabank" və "Bank standart" kommersiya bankları aktiv pos-terminalları olan bank ekvayerlərin siyahısına başçılıq edirlər.
Toplantı iştirakçıları nağdsız ödəmələrin aparılması üçün infrastrukturun qurulması prosesinin əhali arasında maarifləndirmə aparılması ilə paralel şəkildə getməsinin zəruriliyini də vurğulamışlar. Pos-terminalların tam işləməsini təmin etmək məqsədilə Vergilər Nazirliyində yaradılan qərargahın üzvləri və nazirliyin mərkəzi aparatının əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində pos-terminalların tətbiqinə və istifadəsinə dair monitorinqlər keçirilir. Bu monitorinqlər zamanı aşkar edilmiş texniki problemlər aradan qaldırılır, vergi ödəyiciləri arasında maarifləndirmə tədbirləri də aparılır. Monitorinqlər onu da göstərmişdir ki, pos-terminalların mövcudluğunu görən vətəndaşlar tədricən nağdsız ödəmələrin aparılmasına maraq göstərirlər.
Toplantı iştirakçıları vurğulamışlar ki, pos-terminalların normal qaydada işləməsi üçün ticarət obyektlərinin sahibləri tərəfindən nağdsız əməliyyatları aparan işçilərini qısamüddətli treninqlərə cəlb etməli, vətəndaşlar arasında nağdsız ödəmələrin aparılması qaydaları ilə bağlı geniş təbliğat işləri də aparılmalıdır.
Qeyd olunan məsələlərə daha çevik və operativ qaydada nəzarət edilməsi məqsədilə qərargah üzvlərinə İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, Nəqliyyat Nazirliyi, eləcə də digər qurumların əməkdaşları ilə işlərin koordinasiyalı şəkildə qurulması tapşırılmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında