Son illər ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, iqtisadiyyatımız daha da güclənir, əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır. Heç şübhəsiz, bütün bunlar ölkədə həyata keçirilən düzgün və düşünülmüş uğurlu sosial-iqtisadi strategiyanın məntiqi nəticəsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, dövlət müstəqilliyimizin bərpasının 20 ili ərzində əsrə bərabər tərəqqi yolu keçmiş Azərbaycan Respublikası indi dünyanın ən sürətli və dinamik inkişaf edən ölkəsi kimi yüksək nüfuz qazanmışdır. Hazırda ölkəmiz bir sıra beynəlxalq nüfuzlu təşkilatların hesabatlarında öncül yerlərdən birini tutur. Bu da beynəlxalq arenada Azərbaycan Respublikasının nüfuzunu daha da artırır, ölkəmizi vacib qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında əsas güc mənbəyinə çevirir.
Sevindirici haldır ki, ötən hər bir ili uğurla yola salan Azərbaycan Respublikası daha bir ilə eyni inkişaf tempi, eyni nailiyyətlərlə başlamışdır. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlər də aydın sübut edir. Əslində ölkəmizdə gedən sürətli inkişaf, həyata keçirilən mühüm infrastruktur layihələri, sosial problemlərin mərhələli həlli, eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlətin reallaşdırdığı tədbirlər hamıya bəllidir. Bununla belə, iclasda dövlətimizin başçısı İlham Əliyevin ölkəmizin ümumi inkişafını səciyyələndirən bir sıra mühüm məqamlara toxunması, qarşıda duran vəzifələrin həlli ilə bağlı konkret tövsiyə və tapşırıqlarını verməsi dərin razılıqla qarşılandı.
Yeri gəlmişkən, burada bir vacib məqama da toxunmağı zəruri hesab edirəm. Ölkəmizdə neft gəlirlərinin sürətlə artdığı bir dövrdə bəziləri qarşıda bizi "holland sindromu" təhlükəsinin gözlədiyini söyləyirdilər. Ancaq yaxşı xatırlayıram ki, o zaman cənab İlham Əliyev böyük uzaqgörənliklə söyləmişdi ki, neft bizim üçün məqsəd deyildir, qarşıya qoyulmuş vəzifələrə çatmaq üçün bir vasitədir. Zaman artıq bu kəlamın həqiqiliyini sübuta yetirmişdir. Belə ki, ildən-ilə artmaqda olan neft-qaz gəlirlərimiz dövlətimizin başçısı tərəfindən iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı qarşıya qoyduğu mühüm bir vəzifənin öhdəsindən gəlmək üçün geniş imkanlar yaratmışdır. Artıq neft-qaz satışından əldə edilən gəlirlər iqtisadiyyatın digər mühüm sahələrinin inkişafına yönəldilir. Bunun da müsbət nəticələri getdikcə daha çox hiss olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin birinci rübündə qeyri-neft sektorunda ümumi daxili məhsul istehsalı 7,7 faiz artmışdır. Bu isə onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir. 2012-ci ilin ilk üç ayı ərzində Azərbaycanın qeyri-neft sənayesində baş vermiş 16,5 faizlik artım isə, dövlətimizin başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qeyd etdiyi kimi, ölkəmizin müstəqillik dövrü üçün rekord göstəricidir. Bu həm də onu göstərir ki, bir neçə il bundan əvvəl Azərbaycanda həyata keçirilməyə başlanmış sənayeləşmə siyasətinin uğurları getdikcə artır. Sevindirici haldır ki, indi ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada yeni istehsal sahələri yaradılmasın. Öz növbəsində həmin müəssisələr regionlarda əhalinin daimi işlə təminatına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, cari ilin ilk rübündə ölkə üzrə yaradılmış 24 min yeni iş yerinin 20 mini daimidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası uzun illərdir ki, Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məhz neft-qaz gəlirlərinin ilbəil artması nəticəsində ölkəmizin maliyyə imkanları getdikcə genişlənir. İndi Azərbaycanın strateji valyuta ehtiyatları 43 milyard dollar təşkil edir ki, bu da dünya miqyasında suveren dövlətlər üçün çox yaxşı göstəricidir. Maliyyə imkanlarının artması hesabına ölkəmizdə investisiya layihələrinin icrası sürətlənir, sosial və iqtisadi sahələrdə yeni infrastrukturlar yaradılır. Ən başlıcası isə ölkənin tarazlı və hərtərəfli inkişafına geniş imkanlar yaranır. Məhz bunun nəticəsidir ki, son səkkiz ildə Azərbaycanın bütün regionlarının sürətli inkişafına nail olunması üçün mühüm dövlət proqramları həyata keçirilir. İndi ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada geniş miqyaslı abadlıq-quruculuq işləri aparılmasın. Həmin işlərin nəticəsidir ki, son illər şəhər, kənd və qəsəbələrimizin siması əsaslı şəkildə dəyişmiş, gözəlləşmişdir. Dövlət tərəfindən reallaşdırılan investisiya layihələri regionlarda yaşayan əhlinin qaz, işıq, içməli su ilə təminatının yaxşılaşdırılması, yeni yolların çəkilməsi ilə nəticələnir ki, bu da sakinlərin dərin razılığına səbəb olur. Yeri gəlmişkən, ölkəmizin maliyyə imkanlarının getdikcə genişlənməsi uğurlu sosial siyasətin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin məlum iclasında dövlətimizin başçısı bu məqama toxunaraq demişdir: "Birinci rübdə sosial məsələlərin həllində vacib addımlar atılmışdır. Bu sahə daim diqqət mərkəzindədir. Azərbaycan siyasəti bundan ibarətdir ki, ilk növbədə, siyasətimizin mərkəzində insan amili dayanır. Sosial məsələlərin həlli üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik". Elə uzun illərin başlıca müzakirə predmetinə çevrilmiş keçmiş sovet əmanətlərinin qaytarılması ilə bağlı Prezident İlham Əliyevin atdığı humanist addım da dövlətin, Prezidentimizin vətəndaşlara göstərdiyi qayğının növbəti təzahürüdür.
Heç şübhəsiz, Azərbaycanın iqtisadi qüdrətinin ilbəil artması, sosial sahədə həyata keçirilən uğurlu siyasət vətəndaşların dərin razılığına səbəb olur, onlarda ölkəmizin gələcəyinə olan inamı daha da artırır.
{nl}
Əlixan BƏDƏLOV, iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.