Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqitsadi artıma və inkişafa nail olunmuşdur.
Bu, bir həqiqətdir ki, hazırda Azərbaycanın regionlarında yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri sürətlə həyata keçirilir. Bu isə təbii ki, əhalinin rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu barədə ətraflı danışılmışdır. Dövlət başçısı çıxışında demişdir: "Qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur layihələri növbəti iki il ərzində Azərbaycanda başa çatsın və ondan sonra biz Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşacağıq. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir. İndi mən bölgələrdə olarkən demək olar ki, hər dəfə yeni kənd yolunun açılışında iştirak edirəm. Bu, müasir Azərbaycanın reallıqlarıdır. Əlbəttə ki, biz yol təsərrüfatına investisiya qoymağa başlayanda ilk növbədə, magistral yollara diqqət yetirirdik. Ancaq vaxt gəlib çatıb ki, biz kənd yollarını da abadlaşdıraq. Hazırda Azərbaycan kəndlərinə çəkilən yollar çox keyfiyyətlidir, yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir və bölgələrin daha da sürətli inkişafını təmin edir".
Regionların dinamik inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində bir daha nəzərə çarpmışdır.
Xatırladaq ki, ölkə başçısı səfər zamanı Qazaxda ulu öndərimizin abidəsini ziyarət etmiş, Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsmişdir. Dövlət başçısı adıçəkilən rayonda tikilən sement zavodu ilə tanış olmuş, "Azərsun-Holdinq" MMC-nin konserv zavodunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Yeri gəlmişkən, dövlətimizin başçısının imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, inşaat işlərinin də həcmi ilbəil genişlənir. Bu səbəbdən inşaat materiallarına, xüsusilə sementə olan tələbat durmadan artır. Hazırda respublikamızda sement istehsalı mövcud tələbatı ödəmir. Bunu nəzərə alaraq dövlətimizin başçısının tapşırığı əsasında 2007-ci ildən Qazax rayonu ərazisində yeni sement zavodunun layihələndirmə işləri aparılmış, 2010-cu ilin martından isə tikintisinə başlanılmışdır. Məlumat verilmişdir ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılmışdır. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaqdır. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaqdır.
Dövlət başçısı sement zavodu ilə tanış olan zaman şirkətin nümayəndəsi Fan Rüi Min məlumat vermişdir ki, sement istehsalında müəssisənin mineral xammala olan tələbatını uzun müddət ödəmək məqsədilə faydalı qazıntı yataqları üçün 287,5 hektar torpaq sahəsi ayrılmışdır. Texnoloji avadanlığın 4 min 33 tonu, yəni 95 faizi idxal olunmuş və zavodun anbarında saxlanılır. 5,5 min ton qeyri-standart metal konstruksiyaların istehsalı üçün "Akkord"un Mingəçevir və Xırdalan zavodlarına sifarişlər verilmiş və istehsala başlanılmışdır. İndiyədək 2,8 min ton metal konstruksiyalar hazırlanaraq zavodun anbarına göndərilmişdir. Texnoloji proses xəttində və qeyri-istehsal binalarında inşaat işlərinin 80 faizi uğurla başa çatdırılmışdır.
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları emal edən "Azərsun-Holdinq" MMC-nin Qazax konserv zavodunun açılışında da iştirak etmişdir. Məlumat verilmişdir ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 milyon manat güzəştli kredit verilmişdir. Zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradacaqdır.
Dövlət başçısı müəssisədə meyvələrin dondurulması sahəsi, avadanlığın yerləşməsi və kartof çipsi istehsalı layihələri ilə tanış olmuşdur. Qeyd edilmişdir ki, hazırda zavodda on növ meyvə 18 dərəcədə dondurulmuşdur. İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş meyvə xammalı, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulmuşdur. İkinci mərhələdə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 3 min ton turşu və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınması planlaşdırılır. Bu istehsal xətti Qafqazda yeganə olmaqla, tam yetişdirilən meyvə və tərəvəzləri tez dondurmaqla uzun müddət saxlamağa və ilin istənilən fəslində istifadəyə hazır vəziyyətdə istehlakçıya təqdim etməyə imkan verəcəkdir. İstehsal xəttinin üstünlüyü ondan ibarətdir ki, mənfi 40-45 dərəcə temperaturda ani donma zamanı meyvələrin tərkibində yaranan buz kristalları çox kiçik ölçüdə olduğundan hüceyrə divarı partlamır və bu səbəbdən meyvələrin buzu əridiyi zaman adi donmadan fərqli olaraq, şirəsi axmadan formasını və dadını tam təbii, olduğu kimi saxlayır.
Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Ağstafa rayonunda da olmuşdur. Dövlət başçısı Ağstafa şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, tamamilə yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlərlə tanış olmuşdur.
Prezident İlham Əliyev Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında da iştirak etmişdir. Dövlət başçısına məlumat verilmişdir ki, ümumi sahəsi 450 kvadratmetr olan mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətinin uğurlarını, eləcə də Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Bu mərtəbədə fəaliyyət göstərən karaoke-diskoteka salonunda ən müasir səs-akustika sistemi quraşdırılmışdır. İkinci mərtəbədə kafe, interaktiv və pnevmatik stend atıcılığı salonu yaradılmışdır.
Parkla tanışlıqdan sonra dövlət başçısı "Yazıçılar evi"ndə bölgə ziyalıları ilə görüşərək çıxış etmişdir. Prezident İlham Əliyev demişdir: "Mən yenidən qərb bölgəsində olmağımdan çox məmnunam. Birinci dəfə deyil ki, sizinlə görüşürəm. Hər dəfə qərb bölgəsində olarkən, burada inkişafı görərkən çox sevinirəm. Bu gün səhər Qazaxda, indi burada - Ağstafada tədbirlərdə iştirak edirəm. Bundan sonra Tovuza gedəcəyəm. Bir gün ərzində həm bölgə, həm də ölkəmiz üçün çox vacib tədbirlər keçirilir, çox vacib açılışlar təşkil edilir - kənd yollarının, yeni sənaye, emal müəssisələrinin açılışları. Bütün bu işlər ölkəmizin dinamik inkişafını göstərir. Azərbaycanın inkişafı bölgələrin inkişafından asılıdır. Uzunmüddətli dayanıqlı inkişaf istəyiriksə, mütləq qeyri-neft sektoru inkişaf etməlidir. Mən çox şadam ki, həm Ağstafada, həm Qazaxda, digər bölgələrdə bu sahədə görülən işlər təqdirəlayiqdir. Ümumiyyətlə, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Bölgələrdə proseslər müsbət istiqamətdə gedir. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Azərbaycan bu gün, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Çalışmalıyıq ki, bu dinamik inkişaf templərini saxlayaq".
Azərbaycan Prezidenti İlham Əliyev "Ağstafa Aqroservis" MMC-nin açılışında iştirak etmişdir. Məlumat verilmişdir ki, "Ağstafa Aqroservis" MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradacaqdır. Eyni zamanda, müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün "vahid pəncərə" rolunu oynayacaqdır. Müəssisə tərəfindən əkinçilik təsərrüfatlarına keyfiyyətli və yüksək məhsuldarlığı təmin edən toxum, gübrə və kimyəvi preparatlar təklif ediləcəkdir.
Dövlət başçısı "Ağstafa Aqroservis" MMC-nin fəaliyyəti ilə bağlı təəssüratı barədə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da ətraflı danışmışdır. Ölkə Prezidenti demişdir: "Bölgələrə son səfərim zamanı tanış olduğum yeni aqroservis müəssisəsi çox müsbət təsir göstərir. Burada ilk növbədə, bu şirkətin quruluşu çox müsbətdir. Burada özəl və dövlət tərəfdaşlığı özünü əks etdirir, Azərbaycan Dövlət İnvestisiya Şirkəti 25 faiz paya malikdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətini biz məhz bu məqsədlə yaratmışdıq ki, yerli və xarici investorlarda daha da güclü inam formalaşsın. Mən çox şadam ki, xarici investorlar da bu sahəyə vəsait qoyurlar. Orada mənə göstərilən texnika ən müasir standartlara cavab verir, ümumiyyətlə, bu sahəyə, aqrotexniki məsələlərə yanaşma da çox müsbətdir. Yəni, əsaslı yanaşmadır. Bu müəssisə müsbət beynəlxalq təcrübənin əsasında yaradılıbdır. Mənə orada söz verildi ki, bu müəssisənin - Ağstafa Aqroservis Şirkətinin fəaliyyəti nəticəsində taxılçılıqda hər hektardan 50 sentner məhsulun götürülməsi mümkün olacaqdır...".
Prezident İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında da iştirak etmişdir. Dövlət başçısına məlumat verilmişdir ki, ümumi uzunluğu 7,5 kilometr olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yolun əhatə etdiyi kəndlərdə 11 mindən çox əhali yaşayır. Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilmiş, yolboyu görkəmsiz tikililər təmir olunmuş, yaşıllıq zolaqları salınmışdır. Burada həmçinin üç müasir avtobus dayanacağı yaradılmış və çoxsaylı yol nişanları quraşdırılmışdır.
Dövlət başçısı Tovuzda olarkən "Ayan Palace" hotelinin açılışında iştirak etdikdən sonra rayon ərazisində yerləşən Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkmiş, yerüstü materiallar toplamışlar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılmışdır. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır.
Daha sonra Prezident İlham Əliyev Göytəpə qədim yaşayış məskənində bu günə qədər görülən işlər və əldə olunan nəticələri, eləcə də aşkar olunmuş tikililərin bərpası, abidənin açıq səma altında muzeyə - arxeoparka çevrilməsi istiqamətində təklifləri əks etdirən stendlərə baxmışdır. Qeyd olundu ki, 2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzə çıxarmışdır. Tədqiqatçıların fikrincə, Göytəpədə aşkar olunan tikililərin möhkəmliyinə Azərbaycanın heç bir neolit dövrü abidələrində rast gəlinməmişdir. Dəyərli maddi-mədəniyyət nümunələri ilə zəngin olan abidənin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən "Britaniya Muzeyi"ndə, həmin ildə Parisdə "Kollec-de-Frans" təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimatı olmuşdur. Ötən ilin avqustunda Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində MDB-nin gənc mütəxəssislərindən ibarət "Gənc arxeoloqların yay məktəbi" tədbiri Göytəpə yaşayış məskəni ərazisində keçirilmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.