İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası başa çatmışdır

Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası başa çatmışdır. Azərbaycan Respublikası tərəfindən maliyyə naziri Samir Şərifovun, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçirilən iclasda ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
İclasın birinci hissəsində çıxış edən amerikalı həmsədr Robert Hormats ABŞ-ın Azərbaycan ilə qarşılıqlı əlaqələrin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduğunu, bunun üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd etmişdir.
Robert Hormats bildirmişdir ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə etmişdir ki, bu da təqdirəlayiqdir. Amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nail olunduğunu xüsusi qeyd etmişdir. O demişdir ki, bu göstəricilər Dünya Bankının 2011-ci il üzrə hesabatlarında əksini tapmış və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir: "ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi ölkənin əhəmiyyətini daha da artırır".
Robert Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulamış, bunu üçün ilk növbədə milli strategiyanın yaradılmasının vacibliyini qeyd etmişdir.
İclasda çıxış edən Azərbaycan tərəfindən komissiyanın həmsədri Samir Şərifov bildirmişdir ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənmiş və dərinləşmiş, Azərbaycan ilə Birləşmiş Ştatların münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Nazir ABŞ-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi üçün hər iki ölkənin liderləri tərəfindən siyasi iradənin nümayiş etdirildiyini vurğulamış və bildirmişdir ki, Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın üzvlərinə ABŞ ilə Azərbaycan arasındakı hazırkı əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağı tapşırmışdır.
S.Şərifov Azərbaycan Respublikası ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının bu ay 20-ci ilinin tamam olduğunu xatırladaraq indiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlərin imzalandığını, çoxşaxəli əməkdaşlıq üçün müvafiq normativ hüquqi bazanın yaradıldığını və bu əməkdaşlıqda konkret nəticələrə nail olunduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, bütün bunların nəticəsi olaraq bu gün Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. 2011-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,4 milyard ABŞ dollarına bərabər olmuşdur.
Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli sahəsində əhəmiyyətli rolu olan irimiqyaslı transmilli layihələrin həyata keçirilməsində Birləşmiş Ştatlarının hərtərəfli dəstəyinin Azərbaycan üçün çox qiymətli olduğunu vurğulayan S.Şərifov demişdir: "Azərbaycan ABŞ ilə münasibətləri həmişə diqqətdə saxlayır və onunla strateji dostluq, tərəfdaşlığa, birgə fəaliyyətə daim töhfəsini verir. Əminik ki, regional enerji təhlükəsizliyinin gücləndirilməsi, demokratik, hüquqi dövlət quruculuğu xəttinin davam etdirilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəlişin hələ də qüvvədə olduğunu təəssüflə qeyd edən S.Şərifov bildirmişdir ki, artıq 907-ci düzəlişin ləğv edilməsinin vaxtı çatmışdır: "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və "907-ci düzəliş"in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyildir. Bu düzəlişin ləğvi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaqdır".
S.Şərifov, həmçinin qeyd etmişdir ki, ABŞ strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycana dair diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələblərini də aradan qaldırmalıdır. Nazir demişdir: "1974-cü ildə qəbul olunan bu düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağı qadağan edirdi. SSRİ dağılsa da, yəhudilərin mühacirətinə qoyulan qadağalar qüvvədən düşsə də, Cekson-Venik düzəlişi sonradan bəzi respublikalara tətbiq olunmuşdur". Bu düzəlişin bir sıra ölkələrə şamil olunub, digərlərinə şamil olunmamasının müəyyən suallar doğurduğunu vurğulayan komissiyanın həmsədri bildirmişdir ki, Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı və nəhayət bu düzəlişin ləğvinə nail olunmalıdır.
Komissiya üzvləri gələcək əməkdaşlıq sahələrini daha da genişləndirmək məqsədilə nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, nağd ödənişlər, qiymətli kağızlar bazarının modernləşdirilməsi, pensiya islahatları və maliyyənin idarəedilməsi, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, müvafiq sənədlərin layihələrinin baxılması prosesinin sürətləndirilməsi barədə razılığa gəlmişlər.
İclasda hər iki tərəfin müvafiq strukturlarını təmsil edən nümayəndələr Yeni İpək Yolu konsepsiyası, 2020-ci ilə strateji baxış, əməkdaşlığın inkişaf imkanlarının və CAREC-in iş planı, ticarət və investisiya mühiti, turizm, informasiya texnologiyaları, nəqliyyat, aviasiya, infrastruktur layihələrinin inkişafı, gələcək yardım proqramları, birgə maliyyələşdirmə və digər sahələrdə aparılan islahatlarla bağlı təqdimatlarla çıxış etmişlər. ABŞ tərəfi Yeni İpək Yolu təşəbbüsü kontekstində Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrinin regional nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcəyini qeyd etmişdir. Cənubi və Mərkəzi Asiya regionları üzrə dövlət katibinin müavini Robert Bleq qeyd etmişdir ki, Amerika hökuməti Azərbaycan rəhbərliyi tərəfindən möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsini, ilk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsini yüksək qiymətləndirir və hesab edir ki, Yeni İpək Yolu konsepsiyasının uğurlu həyata keçirilməsində bu layihə müstəsna əhəmiyyət daşıyır.
İclasda, energetika sektoru üzrə əməkdaşlıqla bağlı aparılan müzakirələr zamanı çıxış edən ABŞ-ın energetika nazirinin müavini Patrikia Hoffman bildirmişdir ki, Azərbaycan regionda əsas enerji ixracatçısı kimi ABŞ ilə müştərək məqsədlər güdür və bu məsələ ölkəsi üçün böyük əhəmiyyət daşıyır. Birləşmiş Ştatların qlobal enerji infrastrukturlarının qorunması ilə bağlı xüsusi proqramının olduğunu xatırladan xanım Hoffman sözügedən proqram çərçivəsində Azərbaycan ilə də əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir: "Hazırda Azərbaycanda olan qlobal enerji infrastrukturlarının zəlzələdən, mümkün terrorçuluq fəaliyyətlərindən və digər bu kimi hallardan daha peşəkar səviyyədə qorunmasına ehtiyac var. ABŞ bu sahədə öz təcrübəsini sizinlə bölüşməyə hazırdır. Çünki Azərbaycanın təhlükəsiz bir şəkildə Avropaya neft və qaz nəql etməsi hər iki ölkənin ortaq məqsədidir".
Dövlət katibi müavininin köməkçisi Xose Fernandes Azərbaycanın son illərdə qazandığı böyük iqtisadi uğurlardan bəhs etmiş, xüsusilə ölkədə yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər qazanıldığını bildirmişdir. Qeyd etmişdir ki, ABŞ regionda iqtisadi baxımdan qüdrətli və firavan Azərbaycan görməkdən məmnundur.
Dövlət katibi müavininin köməkçisi Villiam Kraft isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün ABŞ tərəfindən dəstəkləndiyini bəyan etmiş, ölkəsinin Azərbaycana həm texniki, həm də digər məsələlərdə kömək göstərəcəyini vurğulamışdır.
Tərəflər, həmçinin müəllif hüquqlarının qorunması, rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını ifadə etmiş, bu sahədə təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə etmişlər.
Komissiyanın iclası çərçivəsində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişi imzalanmışdır.
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyası Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti Arasında İqtisadi Əməkdaşlıq Komissiyasının Yaradılması Haqqında Əməkdaşlıq Memorandumu" əsasında yaradılmış və Komissiyanın birinci iclası 2007-ci il fevralın 7-də Bakıda keçirilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında