Regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün reallaşdırılan kompleks tədbirlər ölkəmizin sosial-iqtisadi uğurlarını şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm nəticələr əldə edilmişdir.
Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən işlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynamışdır.
Ötən il və bu ilin birinci rübündə qlobal böhranın mənfi təsirindən səmərəli şəkildə sığortalanaraq sosial-iqtisadi və mədəni modernləşməni yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionun ən nüfuzlu dövlətinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf strategiyası ilə bağlıdır. Respublikanın bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirən Prezident İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sahəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq müəyyənləşdirmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı giriş nitqində bu barədə ətraflı danışmışdır. Ölkə Prezidenti demişdir: "Ümumi iqtisadi inkişaf çox yüksək templərlə ölçülməsə də, qeyri-neft iqtisadiyyatımız sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul 0,5 faiz artmışdır. Ancaq qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və son ayların, illərin göstəricisidir.
İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalmış, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artmışdır. Bu, səhv etmirəmsə, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq göstərişlər verilmişdir, konkret addımlar atılmışdır. Dövlət İnvestisiya Proqramında bu məsələlər öz həllini tapmışdır. Özəl sektora göstərilən dəstək - həm siyasi, həm maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır".
Dövlət başçısı giriş nitqində həmçinin bildirmişdir ki, sözügedən dövrdə makroiqtisadi göstəricilər müsbətdir. İnflyasiya cəmi 3,1 faizdir. Əhalinin pul gəlirləri isə təxminən 14 faizdir. Bu da, ümumiyyətlə, son illər ərzində ənənəvi bir balansdır. Çünki inflyasiyanı əhalinin pul gəlirlərinin həcmindən ayrı hesablamaq düzgün olmaz. Əhalinin pul gəlirləri inflyasiyanı on faiz, ondan da çox üstələyir.
Bütövlükdə bu, onu göstərir ki, bizim büdcəmiz ildən-ilə artır və bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir. Xüsusilə sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq çox böyük nəticədir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılır.
İclasda vurğulanmışdır ki, bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız daha da artmışdır və 43 milyard dollardan çoxdur. Bu, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox gözəl göstəricidir. Bu ehtiyatlar getdikcə artacaq. Bu vəsaitin səmərəli istifadəsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq və həmin vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə ölkənin maliyyə vəziyyətini daha da yaxşılaşdıracaq, yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Beləliklə, bir müddət əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur layihələri növbəti iki il ərzində Azərbaycanda başa çatsın və ondan sonra Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşılsın. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi uğurla reallaşdırılır. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir. İndi dövlət başçısı bölgələrdə olarkən demək olar ki, hər dəfə yeni kənd yolunun açılışında iştirak edir. Bu, müasir Azərbaycanın reallıqlarıdır. Əlbəttə, yol təsərrüfatına investisiya qoymağa başlayanda ilk növbədə, magistral yollara diqqət yetirilirdi. Ancaq indi kənd yolları da abadlaşdırılır. Hazırda Azərbaycan kəndlərinə çəkilən yollar çox keyfiyyətlidir, yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir və bölgələrin daha da sürətli inkişafını təmin edir.
Sahibkarlığın inkişafına da xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu il 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulmuşdur. Bu kreditlərdən səmərəli istifadə edilir, vaxtında qaytarılır. Nəticədə yeni iş yerlərinin açılması sürətlənir. İclasda xatırladılmışdır ki, birinci rübdə 24 min yeni iş yerləri açılmışdır ki, onlardan təxminən 20 mini daimi iş yerləridir. Dövlət başçısının bölgələrə mütəmadi səfərləri də hər dəfə yeni iş yerlərinin açılmasına gətirib çıxarır və ölkə Prezidenti iştirak etdiyi müəssisələrin açılış mərasimlərində həmişə maraqlanır ki, nə qədər yeni iş yerləri açılır və açılacaqdır. Dövlət başçısının qərb bölgəsinə son səfəri də Azərbaycanın iqtisadi sahədə ümumi inkişaf dinamikasını göstərmişdir.
Dünya bazarlarında mənfi tendensiyaların davam etdiyi bir vaxtda həyata keçirilən düşünülmüş dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə yanaşı, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, kənd təsərrüfatı kimi böyük sahələrdə də dinamik inkişafa səbəb olmuşdur. "İqtisadi təhlükəsizlik yastığı" olan strateji valyuta ehtiyatlarının makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatması, iqtisadi artımın qeyri-neft sektorundan qaynaqlanması, inflyasiyanın optimal idarə olunan birrəqəmli səviyyədə saxlanması davamlı inkişafa möhkəm zəmin yaratmışdır.
Bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyasının davamı nəticəsində ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuş, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artmışdır. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına səbəb olmuşdur.
Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankında olan əmanətlərinin fərdi birdəfəlik ödəmələr şəklində qaytarılması məqsədi ilə dövlət başçısının imzaladığı 2012-ci il 14 mart tarixli fərman hesabat dövrünün ən mühüm hadisələrindən biri olmuşdur. Fərmanın icrası üçün ilkin olaraq 1 milyard manata yaxın vəsait nəzərdə tutulur ki, bu da 2 milyon 400 min şəxsi əhatə edəcəkdir.
Hesabat dövründə dövlət büdcəsinə 3 milyard 487,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz və yaxud 719,3 milyon manat çox vəsait daxil olmuşdur. Daxilolmanın 1 milyard 390,4 milyon manatı Vergilər Nazirliyinin, 251,7 milyon manatı Dövlət Gömrük Komitəsinin, 1 milyard 839,8 milyon manatı isə Dövlət Neft Fondunun xətti ilə təmin edilmişdir.
Bu ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 2 milyard 843,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 755,8 milyon manat və ya 36,2 faiz çox icra olunmuşdur. Xərclərin 41,4 faizi və ya 1 milyard 178 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 milyon manat və ya 17,8 faiz çox olmuşdur. Sözügedən dövrdə dövlət büdcəsindən investisiya xərclərinə 1 milyard 15 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz çoxdur.
Vergilər Nazirliyinin xətti ilə 2012-ci ilin birinci rübündə dövlət büdcəsinə neft-qaz sektoru üzrə 598,7 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 791,7 milyon manat vəsait daxil olmuşdur. Eyni zamanda, qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda ötən ilin müvafiq dövrünə nisbətən 111,5 milyon manat və ya 16,4 faiz, o cümlədən sənayedə 28,1 faiz, tikintidə 27,5 faiz, xidmət sahəsində 19,1 faiz, pərakəndə ticarətdə isə 11,2 faiz artıma nail olunmuşdur.
Regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının icrası nəticəsində 2012-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən regionlar üzrə vergi daxilolmaları 13,3 faiz artaraq 110 milyon manat olmuş, ümumi vergi daxilolmalarının 8 faizini, qeyri-neft sektoru üzrə daxilolmaların isə 14 faizini təşkil etmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılana qədər icmal büdcənin tərkibində vergi daxilolmalarında bu rəqəm cəmi 5,5 faiz, birinci proqramdan əvvəl isə 3,2 faiz idi.
İclasda bildirilmişdir ki, kiçik və orta sahibkarlığa verilən dəstək nəticəsində iqtisadi fəallıq yüksəlmiş, biznes strukturlarının fəaliyyəti genişlənmiş, təkcə qeyri-neft sektoru üzrə sahibkarlıq subyektlərinin əmtəə-pul dövriyyəsinin artımı 13,2 faiz və ya 488 milyon manat təşkil etmişdir.
Ötən ilin müvafiq dövrünə nisbətən qeydiyyata alınmış obyektlərin sayı 2,7 dəfə, sahibkarlıq subyektlərinin sayı 30,6 faiz, o cümlədən xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı 4,8 faiz artmışdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 57,5 faizi regionların payına düşür.
Vurğulanmışdır ki, respublika Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar biznes mühitinin yaxşılaşdırılması məqsədilə ötən ilin ortalarından fiziki şəxslərin, bu ilin əvvəlindən isə hüquqi şəxslərin internet vasitəsilə elektron qeydiyyatına başlanılmış, artıq 11 mindən yuxarı sahibkar elektron qaydada qeydiyyata alınmışdır ki, bu da ümumi qeydiyyatın 60 faizini təşkil edir.
Vergitutma bazasını genişləndirmənin əsas metodlarından biri də sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir. Bu baxımdan 2011-ci il yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir ki, artıq vergi və rüsumların ödəniş kartları vasitəsilə internet üzərindən ödənilməsi ilə bağlı işlər yekunlaşdırılmışdır.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna edilmiş dəyişikliklərlə əlaqədar ölkə Prezidentinin müvafiq fərmanı posterminalların tətbiqi ilə bağlı işləri daha da sürətləndirilmişdir. İqtisadiyyatda nağd hesablaşmaların minimuma endirilməsi biznes qurumları və vətəndaş cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində və digər sahələrdə posterminalların quraşdırılması təmin edilir. Artıq Bakı şəhərində posterminal quraşdırılmalı 25 445 aktiv obyektin 18 minində və ya 71 faizində, turizm sektoruna aid olan obyektlərin isə 90 faizindən çoxunda posterminallar fəaliyyət göstərir. Qalan obyektlərdə isə yaxın 15-20 gün ərzində posterminalların quraşdırılması başa çatdırılacaqdır. Beləliklə, 6-10 min arası əlavə posterminal fəaliyyət göstərəcəkdir.
Görülmüş işlər nəticəsində respublika üzrə posterminalların sayı artıq 23 mini ötmüşdür. Cari ilin birinci rübü ərzində quraşdırılmış posterminalların sayında 2011-ci ilin müvafiq dövrünə nisbətən 9,3 dəfə, o cümlədən regionlarda 4,6 dəfə artım müşahidə edilmişdir. Prosesinq mərkəzləri tərəfindən əvvəllər gün ərzində maksimum 15-20 posterminalın qeydiyyatının aparılması mümkün olduğu halda, hazırda elektron prosedurların tətbiqi nəticəsində bu rəqəm 400-ə çatdırılmışdır.
İclasda qeyd olunmuşdur ki, dünya birliyinə fəal inteqrasiya edən müstəqil Azərbaycan bu gün regionun iqtisadi və mədəni mərkəzi hesab edilir. Güclü iqtisadi potensial ölkəmizi investisiya ixrac edən ölkəyə çevirməklə Avropa İttifaqı və MDB məkanında irihəcmli investisiya layihələrinin iştirakçısı etmişdir. Ölkədə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən cari ilin ilk rübündə yerli və xarici iş adamlarının və beynəlxalq təşkilatların iştirakı ilə 73 biznes forum, "dəyirmi masa", sərgi və ikitərəfli görüşlər təşkil edilmişdir.
İclasda yuxarıda qeyd edilənlərlə yanaşı, ölkəmizin səhiyyə sistemində, habelə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində görülən işlər barədə də ətraflı danışılmışdır.
Ölkə Prezidenti İlham Əliev yekun nitqində 2012-ci ildə qarşıda duran vəzifələrə də toxunmuş, həyata keçiriləcək tədbirlərlə bağlı tövsiyələrini vermişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.