Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin infrastruktur imkanları ildən-ilə genişləndirilir, dənizdə və quruda yeni-yeni sosial obyektlər inşa olunur. Bütün bu tədbirlər neft və qaz hasilatının artırılmasına, neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Həmin işlər isə Dövlət Neft Şirkəti "Neftqaztikinti" Trestinin fədakar inşaatçıları tərəfindən həyata keçirilir. Neft sənayesinin infrastruktur imkanlarının genişləndirilməsinə mühüm töhfələr verən inşaatçılar bu istiqamətdə səylərini getdikcə artırırlar.
"Neftqaztikinti" Trestinin qabaqcıl müəssisələrindən sayılan 8 saylı tikinti-quraşdırma idarəsinin inşaatçıları da bu gün neft sənayesi üzrə həyata keçirilən mühüm tikinti-quraşdırma işlərinin önündə gedirlər. Təkcə onu demək kifayətdir ki, son illər dənizdə inşa olunmuş bir sıra hidrotexniki qurğular, estakadalar, suyun dərinliyi 70 metrədək olan ərazilərində quraşdırılmış stasionar dəniz özülləri məhz bu kollektivin gərgin əməyinin bəhrəsidir. Bundan əlavə, idarənin kollektivi quruda bir sıra neft və qaz kəmərləri çəkir, neftyığma məntəqələri, kompressor qurğuları və sosial obyektlər inşa edir. Bütövlükdə isə istehsalat təyinatlı obyektlərin əsaslı tikintisi və təmiri ilə məşğul olan 8 saylı tikinti-quraşdırma idarəsi hazırda Pirallahı sahəsində, "Bulla dəniz" yatağında, eləcə də Qala, Buzovna və Balaxanı ərazilərində stasionar dəniz özüllərinin, estakadaların, yanalma körpülərinin, neft-qaz-mədən hidrotexniki qurğularının, texnoloji xətlərin, sosial və sənaye obyektlərinin tikintisi və təmirini həyata keçirir. Dövlət sifarişlərinin vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməsi kollektivə olan inamı getdikcə artırır. Təsadüfi deyil ki, son zamanlar bir sıra vacib tikinti-quraşdırma və təmir işləri məhz bu idarənin inşaatçılarına həvalə olunur. Hazırda inşaatçılar "Abşeron" Neft-Qazçıxarma İdarəsinin sifarişi ilə bir sıra uğurlu əsaslı tikinti işləri aparırlar. Həmin idarənin yığım-nəql sisteminin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər də bu qəbildəndir. Bu baxımdan adı çəkilən idarənin birinci mədən sahəsində texniki su nasosxanasının tikintisi diqqəti cəlb edir. Xatırladaq ki, artıq istismara verilmiş həmin obyektdə bütün quyulardan neftlə bərabər çıxan suyun toplanaraq yenidən laylara vurulması təmin olunacaqdır. Bundan əlavə, "Darvin bankəsi" yatağında 12 ədəd istismar quyusunun qazılması üçün 670 saylı stasionar dəniz özülünün tikintisi də uğurla başa çatdırılaraq istismara təhvil verilmişdir. Adı çəkilən yataqdakı mövcud 660 saylı stasionar dəniz özülünün əlavə 2 quyunun qazılması üçün yenidən qurulması layihəsi çərçivəsində işlər də bu yaxınlarda uğurla tamamlanmışdır. "Abşeron" NQÇİ-nin sifarişi ilə əks osmos tipli dəniz suyunu şirinləşdirən təmizləyici qurğunun tikintisinin, eləcə də "Qərbi Abşeron" yatağında yerləşən 120 saylı stasionar dəniz özülünün müasir texnoloji avadanlıqların quraşdırılması üçün yenidən qurulması və əsaslı təmir işlərinin də vaxtında tamamlanması inşaatçıların fədakar əməyinin nəticəsidir.
"Abşeronneft" NQÇİ-nin quruda və dəniz akvatoriyasında yerləşən mühüm obyektləri üzrə əsaslı təmir işləri də 8 saylı tikinti-quraşdırma idarəsinin əsas fəaliyyət istiqamətlərindən sayılır. Son zamanlar kollektivin gücü ilə istismarda olan bir sıra stasionar dəniz özüllərində, əmtəə çənləri parklarında, estakadayanı və minik meydançalarında, eləcə də emalatxana və nasosxanalarda nəzərdə tutulmuş əsaslı təmir işləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir.
8 saylı tikinti-quraşdırma idarəsinin inşaatçılarının həyata keçirdikləri əsaslı tikinti və təmir işləri təkcə Pirallahı sahəsi ilə məhdudlaşmır. Eyni zamanda, "28 May", "Balaxanıneft", H.Z. Tağıyev adına neft və qazçıxarma idarələri, Qaraçuxur iriləşdirilmiş neft mədəni, həmçinin "Azəriqaz" İstehsalat Birliyi üzrə nəzərdə tutulmuş bir sıra əsaslı təmir və tikinti işləri də məhz bu idarənin kollektivinə həvalə olunmuşdur. Son zamanlar inşaatçıların səyi nəticəsində "28 May" adına NQÇİ-nin Zirə qəsəbəsində yerləşən qaz məntəqəsinin hasara alınması, buradakı su və qaz xətlərinin əsaslı təmiri, həmçinin Hövsan qazpaylama məntəqəsinin ərazisində bərpa işləri vaxtında və keyfiyyətlə tamamlanaraq sifarişçiyə təhvil verilmişdir. Bununla yanaşı, "Balaxanı-Sabunçu- Ramana" yatağının ərazisində lazımi əsaslı təmir və tikinti işlərinin keyfiyyətlə yerinə yetirilməsi də inşaatçılara göstərilən etimadın heç də təsadüfi olmadığını bir daha sübut edir. Xüsusən də "Balaxanıneft" NQÇİ-nin sifarişi ilə bir sıra quyularda yerüstü avadanlıqların quraşdırılması neftçıxarmada mütərəqqi texnologiyaların tətbiqi baxımından diqqəti cəlb edir.
Qeyd etdiyimiz kimi, idarənin əsas fəaliyyət sahələrindən biri də quru ərazilərində lazımi infrastruktur layihələrinin icrası ilə bağlıdır. H. Z. Tağıyev adına NQÇİ-nin Buzovna sahəsindəki 3 və 4 saylı neft və qazçıxarma sexlərinin neftyığma sahəsinin və neftin, suyun kompleks hazırlanması və vurulması məntəqəsinin tikintisi obyekti isə ölkənin neft sənayesi, eləcə də ekoloji tarazlığın qorunması üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Artıq həmin sahələri bir-biri ilə əlaqələndirən 8 kilometr uzunluğunda boru kəmərləri də çəkilmişdir. Cari ilin ötən dövründə isə inşaatçıların səyi ilə adı çəkilən idarənin Buzovna sahəsindəki 17 saylı kompressor stansiyası, 4 saylı neft-qazçıxarma sexinin bir quyusunda mancanaqaltı bünövrə və 20 min kubmetrlik su anbarının nasosxanası əsaslı təmir olunmuşdur. Bu yaxınlarda isə Qala sahəsindəki 1 və 2 saylı neft-qazçıxarma sexlərinin lay sularının axıdıldığı kanallarda təmir işləri başa çatdırılımışdır.
"Azəriqaz" İstehsalat Birliyinin Mozdok-Qazıməmməd magistral qaz kəmərinin Vəlvələçay keçid hissəsinin yeraltı variantda yenidən bərpası ilə bağlı sifarişini də uğurla yerinə yetirən inşaatşılar bu yaxınlarda obyekti istismarçıya təhvil vermişlər.
Kollektiv ölkə üzrə həyata keçirilən ekoloji tədbirlərdə də yaxından iştirak edir. Məhz inşaatçıların gücü ilə neft axıdılan bir sıra kanallar qapalı sistemə keçirilmişdir. Bu isə həm itkilərin qarşısının alınmasına, həm də ekoloji tarazlığının qorunmasına mühüm töhfə sayıla bilər. Bununla yanaşı, idarənin kollektivi Bakı qəsəbələrinin sosial problemlərinin aradan qaldırılmasında, abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin həyata keçirilməsində də xüsusi fəallıq göstərir. Belə ki, ötən il Sabunçu qəsəbəsində min metrdən artıq açıq kanalizasiya sisteminin 500 millimetrlik polad borular vasitəsilə qapalı sistemə keçirilməsi ərazidəki lay və çirkab sularının axıdılmasını təmin etmişdir.
Artıq 2012-ci ilin ilk rübü arxada qalmışdır. İlin əvvəlindən uğurlu start götürmüş inşaatçıları qarşıda daha çətin və məsul vəzifələr gözləyir. "Darvin bankəsi" yatağında 12 istismar quyusunu qazmaq üçün 720 saylı stasionar dəniz özülünün genişləndirilməsi, "Bulla dəniz" yatağında 90 saylı axtarış quyusunu qazmaq üçün 29 saylı stasionar dəniz platformasının genişləndirilməsi və yenidən qurulması, həmçinin "Şimal" estakadasının 4 saylı dərin dəniz özülü ilə 2 saylı baza meydançasının təmiri məhz bu qəbildən olan işlərdəndir. Hazırda isə inşaatçılar "Abşeronneft" NQÇİ-nin yığım-nəql sisteminin yenidən qurulması" layihəsinin birinci buraxılış kompleksində tikinti-quraşdırma işlərini sürətlə davam etdirirlər. Bütövlükdə isə Dövlət Neft Şirkəti, eləcə də "Neftqaztikinti" Tresti rəhbərliklərinin diqqət və qayğısını daim hiss edən inşaatçılar ilin sonunadək tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlmək əzmindədirlər. Azərbaycan dövlətinin neft sənayesində çalışan bütün işçilər kimi inşaatçılara göstərdiyi qayğı isə yeni uğurlara etibarlı təminat yaradır.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.