Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın VI iclası keçirilmişdir
İyunun 2-də Nazirlər Kabinetində ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın altıncı iclası keçirilmişdir.
İclasda komissiyanın ötən il mayın 5-də Belarusun paytaxtı Minskdə keçirilmiş 5-ci iclasının protokolunda nəzərdə tutulmuş məsələlərin həlli, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunmuşdur.
Belarusun Azərbaycanın strateji tərəfdaşı olduğunu, iclasın dost ölkənin dövlət başçısı Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ərəfəsinə təsadüf etdiyini xatırladan Baş nazirin birinci müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Yaqub Eyyubov son zamanlar respublikamızın iqtisadiyyatında əldə olunan uğurlar barədə məlumat vermişdir. Böyük iqtisadi potensiala malik respublikamızın sürətlə inkişaf etdiyini deyən Baş nazirin birinci müavini Azərbaycan ilə Belarus arasında mədəniyyət və humanitar sahələrlə yanaşı, ticarət və iqtisadi əməkdaşlıq istiqamətində də ildən-ilə irəliləyişlərin nəzərə çarpdığını söyləmişdir. Y.Eyyubov 2009-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 1,5 dəfə artdığını xüsusi qeyd etmişdir.
Baş nazirin birinci müavini ölkələrimizin qarşılıqlı əlaqələrinin inkişafında prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko arasında möhkəm dostluq münasibətlərinin böyük rolu olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il Belarusa rəsmi səfərindən sonra ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 800 milyon ABŞ dolları həcmində müqavilə və kontraktlar imzalanaraq icrasına başlanılmışdır. Bildirilmişdir ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu imkandan səmərəli istifadə etməklə əməkdaşlığı yeni inkişaf səviyyəsinə çatdırmaq mümkündür.
Belarusun Baş nazirinin müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Andrey Kobyakov ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun qurulduğunu söyləyərək, ikitərəfli ticari-iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini bildirmişdir. Azərbaycan və Belarus sahibkarlarının iki ölkənin iqtisadi-ticarət münasibətlərinin inkişafındakı rolunu yüksək qiymətləndirən Andrey Kobyakov bu amilin ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən-ilə yüksələn xətt üzrə inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır. Qonaq iş adamları arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
A.Kobyakov demişdir ki, ölkələrimiz ticari-iqtisadi münasibətləri daha fəal inkişaf etdirə bilərlər, çünki iqtisadiyyatlarımız bir-birini qarşılıqlı surətdə tamamlayır, aramızda rəqabət ziddiyyətləri yoxdur.
İclasda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın 5-ci iclasının protokolunda nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi vəziyyəti geniş müzakirə olunmuş, perspektiv planlar müəyyənləşdirilmişdir.
İclasda Gəncə avtomobil zavodu və Minsk avtomobil zavodu arasında Almaniyanın "Haller" şirkətinin iştirakı ilə kommunal texnikanın yeni modellərinin quraşdırılmasına dair memorandum imzalanmışdır.
Sonda hökumətlərarası komissiyanın VI iclasının iqtisadi əlaqələrimizin geniş spektrini əhatə edən bir sıra məsələləri nəzərdə tutan protokolu imzalanmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında