Azərbaycan nümayəndə heyəti İstanbulda XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edir

İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XV Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir. 
Zirvə toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 48 ölkədən gəlmiş 300-dən çox prezident, baş nazir, nazirlər və hökumət nümayəndələrinin iştirak etdiyi "Azərbaycan gecəsi" keçirilmişdir. Gecədə "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımovun, müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunmuşdur. Gecənin iştirakçıları incəsənət ustalarımızın ifasını böyük maraqla qarşılamışlar. İstanbul valisi Hüseyn Mutlu Tünzalə Ağayevaya xatirə hədiyyəsi təqdim etmişdir.
Zirvə toplantısının açılışında UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti göstərilmişdir.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlam Əliyevin zirvə toplantısının iştirakçılarına müraciətini oxumuşdur (müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Professor Əli Həsənov müsahibəsində bildirmişdir ki, 2001-ci ildən Azərbaycan 15 il əvvəl 7 ölkənin iştirakı ilə başlayan, indi isə iştirakçı dövlətlərin sayı 48-ə çatan bu zirvə toplantısında fəal iştirak edir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri olmuşdur. Prezident İlham Əliyev də keçən il bu vəqfin fəxri sədri seçilmişdir. Dövlətimizin başçısı bu zirvə toplantısına da təbrikini göndərmişdir. Bu il 48 ölkədən 300-dən çox nümayəndə, o cümlədən prezident, baş nazir, nazirlər, millət vəkilləri və biznes strukturlarının təmsilçiləri "Azərbaycan gecəsində" iştirak etmiş, ölkəmizi daha yaxından tanımışlar. Zirvə toplantılarının təkcə iştirakçısı deyil, eyni zamanda, təşkilatçısı da olan Azərbaycanın nümayəndə heyəti hər il mövzu dairəsi genişləndirilən bu toplantılarda istər tribunadan, istərsə də ikitərəfli görüşlərdə ölkəmizin haqq səsini çatdırır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, respublikamızın bölgədə həyata keçirdiyi transmilli layihələri gündəmə gətirir.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirmişdir ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu il bürünc ildönümünü qeyd edir. Hər il olduğu kimi, bu il də Azərbaycan zirvə toplantısının işində ən fəal ölkə kimi iştirak edir.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Monteneqro Prezidenti Filip Vuyanoviç, Makedoniya Prezidenti Gyorge İvanov, İstanbul valisi Hüseyn Mutlu, millət vəkilləri çıxış edərək zirvə toplantısının əhəmiyyətindən bəhs etmiş, tədbirin işinə uğurlar diləmişlər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə zirvənin mədəniyyətlərarası dialoq toplantısında sədrlik və çıxış etmişdir. Şeyxülislam bildirmişdir ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev İslam dininin dəyərlərinə böyük diqqət yetirdikləri kimi, başqa dinlərin və etiqadların nümayəndələrinə də hər zaman qayğı ilə yanaşmışlar. Təsadüfi deyildir ki, bütün mötəbər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan bu sahədə ən tolerant ölkə kimi göstərilir. Mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün bütün xalqlar, din xadimləri bir-biri ilə qarşılıqlı anlaşma şəraitində sıx əlaqələr qurmalıdırlar.
Toplantıda Azərbaycan Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edirlər.
Zirvə toplantısında professor Əli Həsənov və əməkdar jurnalist Xalid Niyazovun müəllifi olduqları "Avrasiya zirvələri: Azərbaycandan baxış" kitabı da nümayəndə heyətlərinə təqdim olunmuşdur. Kitabda ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyevin Avrasiya iqtisadi zirvə toplantıları ilə bağlı materiallar, Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə iştirakı əksini tapmışdır.
XV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini aprelin 12-də İzmirdə davam etdirəcəkdir. Enerji mövzusunda keçiriləcək bu tədbirdə Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov çıxış edəcəkdir. Həmin gün XV Zirvə Toplantısının işinə yekun vurulacaq, Azərbaycan nümayəndə heyətinin İzmirin iş adamları ilə görüşü keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
İstanbul

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında