Şriftin ölçüsü:
03.06.2010 08:03 | Oxunma sayı: 595
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanla bağlı yeni strategiya hazırlayır.
Azərbaycanda səfərdə olan AYİB-in Direktorlar Şurasının üzvü Verner Qruberin başçılıq etdiyi nümayəndə heyəti bununla bağlı mətbuat konfransı keçirmişdir.
AYİB Direktorlar Şurasının Birləşmiş Krallıq tərəfindən təyin edilmiş direktoru Simon Ray bildirmişdir ki, səfərimizin məqsədi Azərbaycanda gedən proseslərlə yaxından tanış olmaq, eyni zamanda, gələcək əməkdaşlıq üçün mümkün prioritetləri müəyyən etməkdir.
Yeni strategiyada qeyri-neft sektoruna dəstəyin göstərilməsi və iqtisadiyyatın diversifikasiyası məsələləri xüsusi diqqət mərkəzində olacaqdır. Biz səfər çərçivəsində əldə etdiyimiz məlumatları və təəssüratları Londonda həmkarlarımızla daha geniş müzakirə edəcəyik. Üç gündür burada olmağımıza baxmayaraq çoxsaylı görüşlər keçirmişik. Artıq Azərbaycan Prezidenti İlham Əliyev bizi qəbul etmişdir. Bundan əlavə, maliyyə naziri, iqtisadi inkişaf naziri, Mərkəzi Bankın sədri, investorlarla, beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə görüşmüşük. "Azərenerji"də və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində də görüşlərimiz olmuşdur. AYİB-in "Azərenerji" ilə ortaq layihələri vardır. İyunun 1-də Qaradağ sement zavodunda olmuşuq. AYİB bu zavoda da sərmayə yatırmışdır.
Qonaq demişdir ki, səfər zamanı xüsusilə hökumət tərəfindən neft resurslarının idarə edilməsi baxımından müsbət təəssüratlar əldə etmişik. Eyni zamanda, hökumət tərəfindən iqtisadi böhrana qarşı görülən tədbirlər, eləcə də AYİB-in Azərbaycanda apardığı fəaliyyətlər bizdə müsbət təəssürat yaratmışdır. Bildirilmişdir ki, ötən il maliyyə böhranının təsirini azaltmaq üçün müvafiq tədbirlərin görülməsinə dair AYİB üzv ölkələrinə ayırdığı vəsaiti 2008-ci illə müqayisədə 50 faiz, o cümlədən Azərbaycana ayırdığı sərmayəni 2 dəfə artırmışdır.
S.Ray Prezident İlham Əliyev ilə çox məhsuldar görüşləri olduğunu vurğulamışdır. Görüşdə Azərbaycan ilə AYİB arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, genişləndirilməsi və gücləndirilməsi qeyd edilmişdir. Qonaq məlumat vermişdir ki, biz görüşdə xüsusilə AYİB-in Azərbaycan iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafının dəstəklənməsi istiqamətində göstərə biləcəyi dəstəyi müzakirə etmişik. Bundan əlavə, Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə sektorunda daha geniş fəaliyyət göstərməsi üçün imkanlar, özəl sektora, xüsusilə kiçik və orta sahibkarlara kreditlərin ötürülməsinə dəstək və s. məsələlər müzakirə olunmuşdur.
S.Ray vurğulamışdır ki, indiyədək bütün görüşlərimizi Bakıda keçirmişik. İyunun 3-də Şəki və Qəbələyə səfərimiz olacaqdır.
AYİB-in Direktorlar Şurasının üzvü - Bolqarıstan, Polşa və Albaniyanı təmsil edən Stefka Slavova demişdir ki, bank yeni layihələrin icrası üçün vəsait ayırmağa hazırdır. İki həftə bundan əvvəl AYİB Direktorlar Şurasının Zaqrebdə keçirilən iclasında bankın kapitalının artırılmasına dair qərar qəbul olunmuşdur. Bu qərara əsasən qarşıdakı 5 ildə AYİB üzv ölkələrinə hər il 8,5-9 milyard avro vəsait ayıra biləcəkdir.
AYİB Direktorlar Şurasının üzvü - İsveçrə, Türkiyə, Lixtenşteyn, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Serbiya və Monteneqronu təmsil edən Verner Qruber ölkəmizlə bağlı planlardan danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Mərkəzi Bankında əsasən özəl sektorun maliyyələşdirilməsi, İqtisadi İnkişaf Nazirliyində infrastruktur layihələrinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində isə qazpaylayıcı sistemin yaxşılaşdırılmasının maliyyələşdirilməsi kimi məsələlər müzakirə edilmişdir.
Səfərin yekunlarına dair hesabat bu ilin iyulunda hazır olacaqdır. Azərbaycan üzrə yeni strategiya isə cari ilin sentyabrında Direktorlar Şurasına təqdim olunacaqdır.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.