Artıq dalbadal 17 ildir ki, dünya ictimaiyyətinin diqqəti Xəzər regionunun neft və qaz sahəsində son dərəcə mühüm hadisəsi sayılan beynəlxalq "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransına yönəlir. Hər il iyun ayının ilk günlərində dünyanın neft-qaz sektorunda fəaliyyət göstərən iri, transmilli neft şirkətləri bu mühüm beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına toplaşırlar.
Neft və milyonlar səltənəti Bakıda keçirilən ənənəvi "Xəzər neft-qaz neftayırma və neft kimyası" beynəlxalq sərgi və konfransında iştirak edən əcnəbi və yerli şirkətlərin nümayəndələri, eləcə də bir sıra xarici ölkələrin dövlət və hökumət üzvləri, diplomatik korpusların rəhbərləri 3-4 gün ərzində respublikamızın karbohidrogen ehtiyatları, burada həyata keçirilən iri neft-qaz layihələrinin icra vəziyyəti, həmçinin enerji təhlükəsizliyi ilə bağlı geniş fikir mübadiləsi aparır, bir-birlərinin potensial imkanları və nailiyyətləri barədə zəngin məlumat əldə edirlər. Bununla da, Azərbaycan paytaxtı bir neçə günlüyə beynəlxalq görüş və iqtisadi əməkdaşlıq mərkəzinə çevrilir.
Xatırladaq ki, Bakıda "Xəzər neft-qaz" sərgi və konfransının keçirilməsi ideyası ümummilli lider, Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyevə məxsusdur. Belə ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər ölkəmizi üzləşdiyi çətinliklərdən, dərin iqtisadi tənəzzüldən xilas etmək üçün çıxış yolunu, ilk növbədə, neft amilində gördü. Məlum olduğu kimi, həmin dövrdə zəif maliyyə imkanlarına malik Azərbaycan özünün zəngin karbohidrogen ehtiyatlarını istismara cəlb etmək iqtidarında deyildi. Müstəqilliyimizin ilk illərindən etibarən Azərbaycanın karbohidrogen ehtiyatlarına maraq göstərən xarici şirkətlərlə bu sahədə aparılan danışıqları yenidən bərpa etməyə nail olan Heydər Əliyev onları ölkəmizə dəvət etdi. Azərbaycanın neft sənayesini dirçəltmək üçün dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə səmərəli danışıqlar başlandı. Bununla belə, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları ilə maraqlanan, neft sənayesinə investisiya yönəltmək istəyən xarici şirkətlərə, ilk növbədə, ölkəmizdə siyasi sabitliyin olmasına əminlik, inam lazım idi. Bu həm də Azərbaycanda əlverişli biznes mühitinin olub-olmamasına aydınlıq gətirmək baxımından vacib idi. Azərbaycanı etibarlı tərəfdaş, siyasi risk tələb etməyən bir ölkə kimi tanıtmaq üçün, ilk növbədə, xarici şirkətləri Bakıya dəvət etmək zərurəti meydana çıxdı. Məhz bu məqsədlə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il iyun ayının ilk günlərində Azərbaycan paytaxtında ilk beynəlxalq "Xəzər neft-qaz" sərgi və konfransı təşkil olundu.
Bu mötəbər beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıya gələn neft nəhəngləri ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olmasının bir daha şahidi oldular. Bununla belə, onlar həm də Azərbaycanın investisiya qoyuluşu üçün əlverişli və siyasi cəhətdən sabit bir ölkə olmasını tam yəqin etdilər. Bununla da, Azərbaycan əlverişli geosiyasi və iqtisadi məkan kimi dünyanın maraq dairəsinə daxil oldu. Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft-qaz ehtiyatları bu marağı birə-beş artırdı və əcnəbi şirkətlər ölkəmizin neft sənayesinə investisiya yönəltmək qərarını qətiləşdirdilər. Bunun da nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Sonralar "Əsrin müqaviləsi" adlandırılan bu nəhəng neft sazişinin imzalanmasında, heç şübhəsiz, birinci "Xəzər neft - qaz" sərgi və konfransının müstəsna əhəmiyyəti olmuşdur.
İyunun 1-də Bakıda öz işinə başlayan XVII beynəlxalq "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bu tədbirin yüksək əhəmiyyətini vurğulayaraq demişdir: "... Xəzər neft-qaz sərgisi müasir Azərbaycanda keçirilən sərgilərin arasında xüsusi yerə malikdir. Bu sərginin 1994-cü ildə keçirilməsi, eyni zamanda, Azərbaycanın neft strategiyasının başlanmasına təsadüf etməsi çox əlamətdar hadisə olmuşdur. 1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı çox böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı... O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi. Çünki məhz o illərdə Azərbaycanın yeni neft strategiyasının başlanması, Azərbaycanı dünya birliyinə inteqrasiya etmək siyasətinin uğurlu aparılması, ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyata cəlb edilən böyük həcmdə xarici investisiyalar - bütün bu amillər bugünkü inkişafı şərtləndirdi. Bu gün Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkədir".
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası Azərbaycanı dünya səviyyəli, qlobal enerji layihələrinin mərkəzinə çevirməklə yanaşı, həm də ölkəmizin paytaxtını beynəlxalq əməkdaşlıq meydanına çevirmişdir. "Xəzər neft-qaz, neftayırma və neft kimyası "beynəlxalq sərgi və konfransının da ənənəvi xarakter alması, bu tədbirə marağın ilbəil artması da bunu təsdiqləyir. Təkcə onu demək kifayətdir ki, ötən illərdə keçirilən bu mötəbər beynəlxalq tədbirdə dünyanın 70-dən artıq ölkəsinin 5400-dən çox şirkəti iştirak etmişdir. Bu da bütün iştirakçılar arasında güclü tərəfdaşlıq hissinin formalaşdırılmasına, iqtisadi əlaqələrin genişləndirilməsinə, bir sözlə, möhkəm əməkdaşlığın qurulmasına əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən illər ərzində Azərbaycan dünya enerji şirkətləri ilə etibarlı tərəfdaş kimi uğurlu əməkdaşlığa nail olmuşdur. Azərbaycanın Dövlət Neft Şirkəti artıq dünyanın aparıcı şirkətləri arasındadır və xarici şirkətlərlə uğurlu əməkdaşlıq ölkəmizə yeni, müasir təcrübəni gətirmişdir. Bu gün artıq Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar.
Ənənəvi "Xəzər neft-qaz" sərgi və konfransının Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür. Hər şeydən əvvəl, bu mötəbər beynəlxalq tədbir ölkəmizin neft strategiyasının uğurlarını nümayiş etdirmək, yerli şirkətlərin nailiyyətləri barədə təsəvvür formalaşdırmaq baxımından mühüm rol oynayır. Belə ki, əgər ilk sərgi Azərbaycanın karbohidrogen ehtiyatları, burada əlverişli investisiya mühitinin mövcudluğunu nümayiş etdirmək məqsədi daşıyırdısa, sonrakı illərdə keçirilən analoji tədbirlər ölkəmizdə uğurla reallaşdırılan neft -qaz layihələri, əcnəbi və yerli şirkətlərin öz nailiyyətləri və potensial imkanları barədə aydın təsəvvür formalaşdırmaq üçün çox yaxşı fürsət idi.
Yeri gəlmişkən, Azərbaycanın yeni neft strategiyasının uğurları artıq bütün dünyanın heyranlığına səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, ötən 16 ilə yaxın bir müddət ərzində ölkəmizin neft sənayesinə 37 milyard dollar sərmayə qoyulmuşdur. Ötən illərdə Azərbaycanın karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsinə dair hasilatın pay bölgüsü tipli 31 neft sazişi imzalanmışdır. Yeni neft strategiyası çərçivəsində reallaşdırılan bir sıra geniş miqyaslı layihələr nəticəsində Azərbaycanın neft sənayesinin infrastruktur imkanları fantastik dərəcədə yaxşılaşmış, ölkəmizdə neft və qaz hasilatı kəskin şəkildə artmışdır. Təkcə onu demək kifayətdir ki, ötən 15 ildə Azərbaycanda neft hasilatı 9 milyon tondan 50 milyon tona çatmışdır. Bu il isə ölkəmizdə neft hasilatının 52 milyon ton səviyyəsində olacağı gözlənilir. Azərbaycan nefti 1998-ci ildən etibarən üç marşrut üzrə - Bakı-Novorossiysk, Bakı - Supsa və Bakı - Tbilisi - Ceyhan boru kəmərləri ilə dünya bazarına çıxarılır. Bundan əlavə, bir neçə il əvvəl ölkəmiz qaza olan daxili tələbatının çox hissəsini idxal hesabına həyata keçirirdi. Lakin "Əsrin müqaviləsi" çərçivəsində xam neftlə bərabər çıxarılan səmt qazının həcminin ilbəil artması (bu qaz təmənnasız olaraq Azərbaycana təhvil verilir), zəngin "Şahdəniz" yatağının istismara daxil edilməsi, eləcə də ARDNŞ tərəfindən mühüm qaz proqramının reallaşdırılması bu mənzərəni tamamilə dəyişmişdir. Artıq Azərbaycan özünün "mavi yanacağa" olan tələbatını tamamilə daxili imkanlar hesabına ödəməklə yanaşı, bir sıra xarici ölkələrə də qaz ixrac edir. Belə bir faktı qeyd etmək yerinə düşər ki, əgər 2004-cü ildə Azərbaycanda cəmi-cümlətani 5 milyard kubmetr təbii qaz istehsal olunurdusa, cari ildə bu rəqəmin 30 milyard kubmetr təşkil edəcəyi gözlənilir.
"Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransı çərçivəsində "Hyatt - Regency" mehmanxanasında dünən öz işinə başlayan beynəlxalq konfransda da Azərbaycanın yeni neft strategiyasının uğurları barədə geniş məlumat verildi. Bundan əlavə, tədbirin gedişində regionun enerji potensialı və ixrac imkanları ilə bağlı bir sıra maraqlı məruzələr də dinlənildi. Onu da deyək ki, hazırda tam aradan qalxmayan maliyyə böhranına baxmayaraq, enerji sektoru ilə bağlı fikirlər nikbindir və bu da gələcək əməkdaşlıq imkanlarına böyük ümidlər yaradır. Elə 17-ci beynəlxalq "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransında da dünyanın 26 ölkəsindən 280 şirkətin iştirak etməsi də bu mötəbər tədbirə beynəlxalq marağın artması, bütövlükdə isə enerji sektorunun öz aktuallığını qoruyub saxlamaq istəyi ilə bağlıdır. Builki ekspozisiya sahəsinin ötən ilə nisbətən 15 faiz artması, eyni zamanda, sərginin 40 faizindən çoxunun dünya şöhrətli şirkətlər tərəfindən tutulması isə bu mötəbər tədbirin daimi iştirakçılarının Azərbaycandakı uğurlu fəaliyyətindən xəbər verir. Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun 17-ci beynəlxalq "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransı ilə bağlı Prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaları da bu mühüm tədbirə dünyanın super dövlətlərinin verdikləri qiymətin təzahürüdür.
Sərginin bu il yeni məkanda keçirilməsi də xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Bakı Ekspo Mərkəzinin açılışını bildirən lenti kəsən dövlət başçısı İlham Əliyev demişdir: "Bu gün Azərbaycanda sərmayə təkcə neft-qaz sektoruna qoyulmur - turizm, infrastruktur, mehmanxanalar, sosial obyektlər, belə gözəl sərgi salonları. Bu sərgi salonu dünya miqyasında seçilən, gözəlliyi və funksional mahiyyəti ilə fərqlənən sərgi salonlarından biridir. Bu gün biz bu gözəl, möhtəşəm salonda bu tədbiri keçiririk. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar Azərbaycan xalqına xidmət edir. Nə qədər çox vəsait qoyularsa, iqtisadiyyatımız o qədər də çox artacaq, iş yerləri açılacaq və insanların rifah halı yaxşılaşacaqdır".
Sərginin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev növbəti illərdə də Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi öz funksiyalarını davam etdirəcəyini, öz siyasətini bu vaxta qədər apardığı yollarla inkşaf etdirəcəyini vurğuladı. "Çıraq" yatağında başlanan yeni böyük layihənin, həmçinin "Şahdəniz-2" layihəsinə tezliklə start veriləcəyinin ölkəmizə əlavə sərmayə qoyuluşları üçün imkan yaradacağını diqqətə çatdıran dövlət başçısı bütün bunların son nəticədə Azərbaycanın qeyri-neft sektorunun da inkişafının sürətləndirilməsinə səbəb olacağını bildirdi.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.