Beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatına yüksək qiymət vermişdir

Ötən il qlobal maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları tərəfindən ölkədə qazanılan nailiyyətlər yüksək qiymətləndirilir. Onlar Azərbaycanda iqtisadi və maliyyə siyasətinin düzgün aparıldığını, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini, neft gəlirlərindən səmərəli istifadə olunduğunu xüsusi vurğulayırlar. Həmin qurumların rəyinə əsasən respublikamız ötən il yüksək insan inkişafına malik ölkələr sırasında yerini daha da möhkəmləndirmişdir. 
"Moody-s" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının orta müddətli artım üçün güclü potensiala malik olduğunu bildirmişdir. Agentliyin məlumatında vurğulanır ki, böyük neft və qaz ehtiyatları sayəsində Azərbaycan iqtisadiyyatının orta müddətli artım potensialı güclüdür. Eyni zamanda, ölkədə yüksək maliyyə davamlılığı mövcuddur. Bununla belə orta müddətli perspektivdə ÜDM-də dövlət borcunun nisbətinin aşağı səviyyəsinin saxlanacağı proqnozlaşdırılır.
Hesabatda daha sonra qeyd edilir ki, "Azərbaycan 2011-ci ildə 27,2 faiz səviyyəsində olan cari əməliyyat hesabının böyük profisitinə malikdir. Bu, 2010-cu ildəki 29 faiz səviyyəsindən bir az aşağıdır və neft hasilatının müvəqqəti azalmasının nəticəsidir. Ölkədə daxili kapital bazarının inkişafı üzrə aktiv siyasət çərçivəsində dövlət büdcəsi adətən dövlətin maliyyə balansının ciddi kəsirinə (2012-ci il dövlət büdcəsində ÜDM-in 1,5 faizi) yönəlir. Bununla belə, Dövlət Neft Fondunun gəlirlərinin daxil edildiyi və 2011-ci ildə 9,8 faiz səviyyədə qiymətləndirilən birləşdirilmiş büdcə adətən böyük profisitə malikdir: Əsasən regionda geosiyasi gərginliyə görə siyasi risklərin doğurduğu risklərə Azərbaycanın həssaslığı mülayim hesab edilir. İqtisadi və maliyyə riskləri digər tərəfdən çox aşağı səviyyədə qiymətləndirilir. Hökumətin istiqraz vərəqələrinin reytinqləri üzrə proqnozu müsbətdir ki, bu da artıq Azərbaycanın güclü maliyyə durumunun gələcəkdə yaxşılaşacağına, həmçinin ölkənin institusional potensialının inkişafına dair gözləntilərimizi əks etdirir.
Xatırladaq ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhranın davam etdiyi 2011-ci ildə də dayanıqlığını qoruyub saxlamış, hətta artıma nail olmuşdur. Burada ən önəmli cəhət iqtisadiyyatın daha da şaxələndirilməsi və qeyri-neft sektorunda yüksək - 9,4 faiz artımın əldə edilməsidir.
Ötən il ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır. Bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunda yaradılan ümumi daxili məhsul həcminin 80 faizindən çoxu ölkəmizin payına düşür. İndi Azərbaycanda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüşdür.
Azərbaycan hökuməti neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastrukturu, xüsusilə də, nəqliyyat sektorunu uğurla inkişaf etdirir.
Qeyri-neft sektorunda inkişafı təmin edən əsas amil dövlət başçısının müəyyən etdiyi sənayeləşmə siyasətidir. Bu siyasətin həyata keçirilməsi regionlarda yeni istehsal və emal müəssisələrinin yaradılması, minlərlə iş yerləri açılması ilə nəticələnir. Qeyri-neft sektorunda son 8 ildə istifadəyə verilmiş obyektlərin 2 mininin məhz istehsal təyinatlı olması xüsusi qeyd edilməlidir.
Həyata keçirilən uğurlu investisiya siyasəti ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmini artırmışdır. Hesabat ilində bütün maliyyə mənbələrindən iqtisadiyyata 21,7 milyard dollar, o cümlədən qeyri-neft sektoruna 15,7 milyard dollar investisiya yönəldilmişdir. Başqa sözlə, investisiyaların ümumi həcmində qeyri-neft sektorunun payı 72 faizə çatmışdır. Ötən il Azərbaycan dünyanın 149 ölkəsi ilə 36,3 milyard dollarlıq ticarət əməliyyatları aparmışdır. Bu, əvvəlki illə müqayisədə 8,4 milyard dollar artım deməkdir. 2010-cu ildə ixracatın 48 faizi Avropa İttifaqı ölkələrinin payına düşdüyü halda, hesabat ilində bu göstərici 60 faizə yaxınlaşmışdır.
Aparılan məqsədyönlü işlər nəticəsində əldə olunan nailiyyətlər əhalinin gəlirlərinin atmasında təzahür etmişdir. Belə ki, 2010-cu illə müqayisədə əhalinin gəlirləri 20 faizə yaxın artaraq, 36,6 milyard manata çatmış, onun adambaşına düşən məbləği 3 min 400 manat olmuş, yoxsulluğun səviyyəsi 9,1 faizdən 7,6 faizə enmişdir.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur.
Ölkədə aparılan şaxələndirmə siyasəti, istehsal və sosial infrastrukturun inkişafı sayəsində hesabat ilində qeyri-neft sektorunda 9,4 faizlik yüksək artıma nail olunmuşdur.
Bütün maliyyə mənbələri hesabına 21,7 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu həyata keçirilmişdir. Onun 60 faizi daxili investisiyalar olmuşdur. Ümumi investisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Xarici ticarət dövriyyəsi 30 faiz çoxalaraq 36 milyard dollar təşkil etmişdir. Strateji valyuta ehtiyatları il ərzində artaraq 40 milyard dolları ötmüşdür. Aparılan səmərəli maliyyə-pul və fiskal siyasəti nəticəsində makroiqtisadi tarazlıq təmin edilmiş, manatın məzənnəsi sabit qalmış, inflyasiya birrəqəmli səviyyədə saxlanılmışdır ki, bu da əhalinin real gəlirlərinin artımına zəmin yaratmışdır. Dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icra edilməsi bütövlükdə hökumətin öhdəliklərinin və qəbul olunmuş proqramlar üzrə tədbirlərin maliyyələşdirilməsini təmin etmişdir.
Həyata keçirilən davamlı sosial siyasətin tərkib hissəsi olan pensiya təminatı sistemində aparılan islahatları xüsusi qeyd etmək istərdik. Həmin islahatlar 900 minə yaxın pensiyaçının pensiyasını orta hesabla 40 faiz artırmağa imkan vermişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya və başqa sahələrdə çalışanların vəzifə maaşlarının, şəhid ailələri və müharibə əlillərinin təqaüdlərinin, aztəminatlı şəxslərə ödənilən müavinətlərin artırılması bütövlükdə 1 milyon 800 min nəfərin sosial vəziyyətinin yaxşılaşdırılmasını mümkün etmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Aparılan kəşfiyyat işləri nəticəsində "Ümid" və "Abşeron" yataqlarında zəngin karbohidrogen ehtiyatları aşkarlanmışdır.
Əhalinin təbii qazla təchizatının yaxşılaşdırılmasına yönəldilmiş 300 milyon manatdan çox vəsait hesabına yeni qaz kəmərləri çəkilmiş, 120 yaşayış məntəqəsinin qazlaşdırılması 90 min yeni abonenti qazla təmin etməyə imkan vermişdir.
Kimya kompleksində istehsalın həcmi 20 faizdən çox, məhsul ixracı isə 1,5 dəfə artmışdır. Ölkədə ilk dəfə olaraq Sumqayıtda ən müasir texnologiyalar əsasında illik gücü 700 min ton olan azot gübrəsi zavodunun tikintisinə başlanılmışdır. Bu müəssisə kənd təsərrüfatının inkişafına əhəmiyyətli yardım etməklə bərabər ölkənin ixrac potensialını artıracaqdır.
Hesabat ilində ümumi gücü 1270 meqavatdan artıq olan iki istilik və üç su elektrik stansiyasının inşası davam etdirilmişdir. Yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, paylayıcı şəbəkənin yenidən qurulması istiqamətində irihəcmli işlər görülmüşdür. Alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi məqsədilə konkret pilot layihələri həyata keçirilmişdir. Qobustan rayonunda eksperimental poliqon və hibrid tipli elektrik stansiyası inşa edilmiş, müşahidə-nəzarət stansiyaları quraşdırılmış, təlim-tədris mərkəzi istifadəyə verilmişdir. Müxtəlif bölgələrdə 8 kiçik su elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Sumqayıtda günəş panelləri istehsal edən müasir zavodun tikintisi tamamlanma mərhələsindədir.
Son illərdə Azərbaycanın maliyyə və investisiya imkanlarının artması ölkədə müasir texnologiyalar əsasında sənayeləşmə siyasətinin həyata keçirilməsinə imkan yaratmışdır. Qeyri-neft sektorunun emal sənayesində, o cümlədən metallurgiya, maşın və avadanlıqlar, kimya, tikinti materialları və digər istehsal sahələrində yüksək artım əldə olunmuşdur. Ötən il Gəncə alüminium zavodunun birinci mərhələsi, Sumqayıt texnologiyalar parkında və regionlarda çoxlu sayda yeni zavodlar, müxtəlif profilli emal müəssisələri işə salınmışdır. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına 33 istehsal, xidmət və emal müəssisəsi istifadəyə verilmişdir. Cari ildə isə istismara veriləcək oxşar müəssisələrin sayının 3 dəfə artacağı gözlənilir.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi hökumətin fəaliyyətində xüsusi yer tutmuş, əhalinin tələbatının yerli məhsul hesabına ödənilməsi ümdə vəzifələrdən biri olmuşdur. Hesabat ilində kənd təsərrüfatında ümumi məhsul istehsalı 5,8 faiz yüksəlmiş, taxıl, ət, süd, meyvə-tərəvəz və bostan məhsullarının istehsalında yüksək göstəricilər əldə edilmişdir. Fermerlərə subsidiyalar ayrılmış, müxtəlif növ texnika ilə təchizat həyata keçirilmişdir. Əhalinin çörəklə və un məhsulları ilə etibarlı təminatı məqsədilə ölkədə dörd aylıq buğda ehtiyatı yaradılmışdır. Meliorasiya və irriqasiya sistemlərində aparılan əsaslı tikinti işləri sayəsində 18,6 min hektar torpaq sahəsinin su təminatı və 19 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmış, 1000 hektardan artıq yeni suvarılan torpaq sahələri istifadəyə verilmişdir.
2011-ci ildə nəqliyyat sektoruna da böyük sərmayələr qoyulmuş və onun inkişafı təmin edilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq dəhlizlərinin, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin, müasir gəmiqayırma zavodunun, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi davam etdirilmişdir. Regionlarda beynəlxalq hava limanları istismara verilmiş, mülki aviasiyanın, gəmiçiliyin və avtomobil yollarının nəqliyyat parkı xeyli genişləndirilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında