Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri genişlənir

Ötən il dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikasının beynəlxalq nüfuzu getdikcə artır. Elə 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizə olan inam və etibardan irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, son illər ölkəmizin dünya və Avropa iqtisadi məkanına daha sıx inteqrasiya olunması üçün son dərəcə əlverişli imkan yaranmışdır. Bu imkandan maksimum yararlanan Azərbaycan artıq özünü bütün dünyaya etibarlı tərəfdaş kimi tanıda bilmişdir. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanla iqtisadi əlaqələr qurmağa can atan ölkələrin sırası getdikcə genişlənir.
Hazırda ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikasının adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.
Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artması isə öz növbəsində xarici ticarət əlaqələrinin genişlənməsinə təkan verir. Elə Azərbaycanın xarici dövlətlərlə ticarət əlaqələrinin 1995-ci ilin səviyyəsini dəfələrlə ötməsi də bunu təsdiqləyir. Bu da, heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə iş birliyinin getdikcə genişlənməsi və idxal-ixrac əməliyyatlarının ilbəil artmasının nəticəsidir.
Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir. Bu baxımdan 2011-ci ildə də uğurlu nəticələr əldə edilmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə Azərbaycan Respublikası dünyanın 149 ölkəsi ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq etmişdir. Daha dəqiq desək, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər həmin ölkələrdəki tərəfdaşları ilə 36 milyard 326,2 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 73,1 faizi və ya 26 milyard 570,9 milyon dolları ixracın, 26,9 faizi, yaxud 9 milyard 756 milyon dolları isə idxalın payına düşmüşdür. Göründüyü kimi, xarici ticarət əməliyyatlarında ixracın həcminin xeyli artması nəticəsində ötən il 16 milyard 814,9 milyon dollarlıq müsbət saldo yaranmışdır. Onu da deyək ki, mal mübadiləsinin 91,7 faizi sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir ki, bu da əvvəlki illə müqayisədə 30,2 faiz çoxdur.

{nl}

Məlum olduğu kimi, Azərbaycan Respublikası bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu da ölkəmizi Avropa iqtisadi məkanına daha da yaxınlaşdırır. Elə 2011-ci ildə aparılmış idxal-ixrac əməliyyatlarının xeyli hissəsinin Avropa iqtisadi məkanına daxil olan ölkələrlə aparılması da bunu təsdiqləyir. Daha dəqiq desək, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin xeyli hissəsi İtaliya, Fransa, Türkiyə, Almaniya və digər Avropa ölkələrinin payına düşmüşdür. Bununla yanaşı, ötən il Amerika Birləşmiş Ştatları, İndoneziya, Malayziya, Çin, Koreya Respublikası və digər uzaq xarici ölkələr də Azərbaycanın fəal ticarət partnyorlarından olmuşlar. İdxal-ixrac əməliyyatlarının qalan mühüm hissəsi isə digər uzaq xarici dövlətlərin və MDB məkanına daxil olan ölkələrin payına düşmüşdür.
2011-ci ildə xarici ticarət əməliyyatları aparılmış ölkələr sırasında İtaliya birinci mövqedə olmuşdur. Belə ki, hesabat dövrü ərzində adıçəkilən ölkə ilə 9 milyard 595 milyon 565,5 min dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilmişdir. Bu ölkə ilə aparılmış ticarət əməliyyatlarının 9 milyard 340 milyon 999,1 min dolları ixracın, 254 milyon 566,4 min dolları isə idxalın payına düşmüşdür. Bütövlükdə isə il ərzində həyata keçirilmiş ticarət əməliyyatlarının 80,5 faizi İtaliya, Fransa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Belarus, Çin, Malayziya, Koreya, Gürcüstan və s. ölkələrlə aparılmışdır.Yeri gəlmişkən, Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-neft bölməsinin bir sıra digər sahələrində də rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi ölkəmizin ixrac imkanlarının xeyli artmasına səbəb olmuşdur. Bu da bir çox dövlətlərlə aparılan ticarət əməliyyatları zamanı müsbət saldo əldə edilməsinə imkan yaratmışdır. 2011-ci ildə ixracın həcminin bir qədər də artması həmin ölkələrin siyahısını xeyli genişləndirmişdir. Hesabat dövründə İtaliya, Fransa, Amerika Birləşmiş Ştatları, İndoneziya, İsrail, İspaniya, Koreya Respublikası, Hindistan, Malayziya, Xorvatiya, Çexiya Respublikası, Bolqarıstan, Tailand, Portuqaliya, Misir, Malta, Mərakeş və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı müsbət saldo yaranmışdır. MDB dövlətlərindən olan Belarus, Türkmənistan, Ukrayna, Tacikistan, Türkmənistan və Qırğızıstanla da ticarət dövriyyəsi zamanı müsbət saldo əldə edilmişdir.
Ölkəmizdə keçid iqtisadiyyatının başa çatması, əlverişli investisiya mühiti, sahibkarlığın stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qeyri-dövlət bölməsinin inkişafına böyük təkan vermişdir. Elə real iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin hazırda 85 faizi ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl bölmənin inkişafı ölkəmizin xarici dövlətlərlə apardığı ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox yer tapmaqdadır. Yeri gəlmişkən, ölkəmizdə istehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır. Bu məsələni xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Xarici bazarlarda Azərbaycan məhsullarına ehtiyac və tələbat vardır. Ancaq biz gələcəyə baxmalıyıq. Bizim potensialımız indiki ixrac imkanlarımızdan bəlkə bir neçə dəfə artıq olacaqdır... Xarici əlaqələr artır və biz xarici bazarlara daha da məqsədyönlü şəkildə çıxmalıyıq".
Dövlət Statistika Komitəsinin Azərbaycanın 2011-ci ilin sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, ölkəmizdən xaricə ixrac olunan mühüm növ məhsulların siyahısı artmışdır. Xarici ölkələrə göndərilən malların 94,5 faizini mineral məhsullar, o cümlədən 92 faizini xam neft və neft emalı məhsulları, 2,7 faizini ərzaq malları, 0,9 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 0,5 faizini plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 0,5 faizini kimya sənayesi məhsulları, 0,3 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 0,2 faizini toxuculuq materialları və məmulatları, qalan 0,4 faizini isə digər mallar təşkil etmişdir. 2010-cu illə müqayisədə bəzi ərzaq məhsullarının, neft məhsullarının, ağacdan hazırlanmış mebellərin, toxuculuq malları, eləcə də qiymətli metallar və onlardan hazırlanan məmulatların və s. ixracı artmışdır. İxracın strukturunda, həmişə olduğu kimi, bu dəfə də xam neft üstünlük təşkil etmişdir. Belə ki, 2011-ci ildə Azərbaycandan dünya bazarına 39 milyon 27,7 min ton "qara qızıl" ixrac olunmuşdur. Bundan əlavə, il ərzində ölkəmizdən xaricə 1 milyon 359,1 min ton qazoyl, 243,5 min ton ağ neft, 213,1 min ton maye yanacaq, 72 min 632 ton sürtgü yağları, 96 min 537,3 ton mühərrik benzini, 262,5 min ton neft koksu və s. satılmışdır. Ötən il, həmçinin Azərbaycandan xaricə 6 milyard 62,9 milyon kubmetr təbii qaz göndərilmişdir.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə artır. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin məlum iclasında demişdir: "Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır-həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir". Məlum olduğu kimi, 2011-ci ildə bu sahədə nailiyyətlərimiz çox olmuşdur. Belə ki, hesabat dövründə Azərbaycandan ixrac olunan bitkiçilik məhsullarından kartof, təzə tərəvəz, şəkər çuğunduru, həmçinin meyvə və tərəvəz konservləri, üzüm şərabının ixracı əvvəlki illə müqayisədə xeyli artmışdır. Bundan əlavə, il ərzində polietilen, qara metallardan yarımfabrikatlar, qara metallardan borular, emal olunmamış alüminium və s. malların ixracı da əvvəlki ilin səviyyəsini ötmüşdür.
2011-ci ildə ölkəmizə gətirilən məhsulların 31,1 faizini maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 17,3 faizini quru, hava və su nəqliyyatı vasitələri, 13,6 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 6,4 faizini kimya sənayesi məhsulları, 3,7 faizini plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 2,6 faizini oduncaq, mantar və onlardan hazırlanan məmulatlar, 2,4 faizini mineral məhsullar, 2,2 faizini daş, gips, asbest, slyuda, keramika və şüşə məmulatları, qalan 6,7 faizini isə digər mallar təşkil etmişdir. Hesabat dövründə mal əti, quş əti, düyü, şokolad məmulatları, siqaret və s. ərzaq məhsullarının, sement glinkerləri və sementin, dərman vasitələrinin, sürtkü yağlarının, mineral gübrələrin, bir sıra kimya məhsullarının, bəzi məişət cihazlarının, minik və yük avtomobillərinin, qaz, enerji və maye sayğaclarının və s. idxalı artmışdır. Mühüm ərzaq məhsullarından sayılan kərə yağı, təzə meyvələr, buğda, bitkidən hasil olunan piylər və yağlar, şəkər, meyvə və tərəvəz şirələrinin, eləcə də sürtgü yağlarının, bir sıra məişət cihazlarının, traktor, avtobus v s. idxalı isə əvvəlki illə müqayisədə azalmışdır.
Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur. Müqayisə üçün deyək ki, 1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar - xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər olduğu halda, 2011-ci ilin yekunlarına görə, bu göstərici 92 faiz təşkil etmişdir. Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, ötən ilin yekunlarına görə isə, bu göstərici təqribən 2 faiz olmuşdur. Bu da təsadüfi deyil. Çünki son illər ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin 2008-ci il avqustun 25-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır.
Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olacaqdır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında