Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə bağlı müşavirə

"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, kənd təsərrüfatı naziri Məmməd Abbasov, "Naxçıvan Kredit" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Xəlil Əliyev çıxış etmişlər. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: İqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatında inkişafın təmin edilməsi əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində, gəlirlərin həcminin artırılmasında, rifah halının yaxşılaşdırılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə islahatların əsası ümummilli liderimiz tərəfindən 1992-ci ildə ilk dəfə olaraq Naxçıvanda qoyulmuşdur. Sonralar bu islahatların ulu öndərimizin rəhbərliyi altında Azərbaycan miqyasında davam etdirilməsi indiki inkişafın əsaslarını yaratmışdır. Əgər torpaqlar vaxtında özəlləşdirilməsəydi, kənd təsərrüfatında çalışanlara dövlət yardımları göstərilməsəydi, aqrar sektorda inkişaf bugünkü səviyyədə ola bilməzdi. Aqrar sahədə inkişaf Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələbləri nəzərə alınmaqla təmin olunur, konkret vəzifələrə istiqamətlənmiş dövlət proqramları qəbul edilir. Bütün bunlar isə yaxın gələcəkdə nailiyyətlərin daha da artacağına əminlik yaradır.
Ali Məclisin sədri kənd təsərrüfatının iqtisadi fəaliyyətin əsas sahəsi kimi muxtar respublikada xüsusi qayğı ilə əhatə olunduğunu bildirərək demişdir: Aqrar sahədə islahatların ilkin nəticələrini verdiyi 1995-ci ildən etibarən həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində bu günədək kənd təsərrüfatında, eləcə də onun ayrı-ayrı sahələrində dinamik inkişaf və artım tempi müşahidə olunmaqdadır. Ümumilikdə muxtar respublika üzrə mövcud 550 min 275 hektar torpaq sahəsindən 164 min 245 hektarı kənd təsərrüfatına yararlı, 14 min 462 hektarı isə həyətyanı torpaq sahələridir. Kənd təsərrüfatı üçün yararlı torpaqlardan yalnız 52 min 615 hektarı, həyətyanı torpaqlardan isə 12 min 933 hektarı əkin üçün istifadə olunan torpaqlar və meyvə bağlarıdır. Beləliklə, əkin və çoxillik əkin altında olan torpaqlar cəmi 65 min 548 hektar təşkil edir ki, bu da muxtar respublika torpaqlarının 12 faizə qədəri deməkdir. Ona görə də bu torpaqlardan səmərəli istifadə olunması daim diqqət mərkəzində saxlanmalıdır.
Qeyd olunmuşdur ki, torpağı əkib-becərmək üçün texnika, yüksək reproduksiyalı toxum və su lazımdır. Bu işlərin yüksək səviyyədə yerinə yetirilməsi məqsədilə muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Torpaqların suvarma suyuna olan tələbatını ödəmək üçün su anbarları tikilir, nasos stansiyaları quraşdırılır, kəhrizlər bərpa olunur, yeni subartezian quyuları istifadəyə verilir. Kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsinə və məhsulun maya dəyərinin aşağı salınmasına imkan yaradan texnika ilə təchizatı yaxşılaşdırmaq məqsədilə 2005-ci ildə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, sonrakı illərdə bu qurumun rayon bazaları fəaliyyətə başlamış və onların yüksək keyfiyyətlə xidmət göstərmələri üçün digər tədbirlər görülmüşdür. Fəaliyyətə başladığı 2005-ci ildən bu günədək "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 778 ədəd müxtəlif təyinatlı texnika, 1070 baş damazlıq mal-qara, 26 min tondan çox mineral gübrə gətirilərək məhsul istehsalçılarına verilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il kənd təsərrüfatında ümumi daxili məhsulun həcmində 13 faiz, əkinçilikdə isə 16 faiz artım müşahidə olunmuşdur.
Ali Məclisin sədri demişdir ki, əldə olunan bu nəticələrlə kifayətlənmək olmaz. Çünki aqrar sektorda məhsuldarlığın artımı bir tərəfdən əhalinin tələbatının il boyu yerli məhsullar hesabına dolğun şəkildə ödənilməsini təmin edirsə, digər tərəfdən yeni emal müəssisələrinin yaradılmasına və ixrac üçün kənd təsərrüfatı məhsullarının istehsalı hesabına muxtar respublikanın ixrac potensialının artırılmasına əlavə imkanlar yaradır.
Qeyd olunan sahələrdə fəaliyyətin gücləndirilməsi, eləcə də yaz-tarla işlərinin başlanması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulu istehsalçıları, həmçinin bu sahənin inkişaf etdirilməsinə cavabdeh dövlət orqanları qarşısında bir sıra mühüm vəzifələr dayandığını bildirən Ali Məclisin sədri aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verərək demişdir ki, muxtar respublikada əkin altındakı torpaqların məhdud olması nəzərə alınaraq bitkiçilikdə məhsuldarlığı artırmaq üçün intensiv amillərə daha çox üstünlük verilməlidir. Ötən il muxtar respublikada torpaqların tərkibi öyrənilərək onların rayonlaşdırılması başa çatdırılmışdır. Nəticədə torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla, müxtəlif bitki növlərinin yetişdirilməsi üçün əkin atlasları tərtib olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyəti orqanları torpaqlardan səmərəli istifadəni təmin etmək və məhsuldarlığı yüksəltmək məqsədilə relyef və iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkinlərin keçirilməsi üçün torpaq mülkiyyətçiləri ilə işi və maarifləndirmə tədbirlərini gücləndirməlidirlər. Köhnə əkin prinsiplərindən imtina olunmalı, dünyada qəbul edilmiş mütərəqqi əkin və suvarma üsullarının tətbiqi diqqət mərkəzində saxlanmalıdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları əhali arasında müasir əkin üsul və texnologiyalarının əhəmiyyəti, üstün cəhətləri haqqında geniş izahat işləri aparmalıdırlar.
Ali Məclisin sədri Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə tapşırmışdır ki, yerli icra hakimiyyətləri ilə birlikdə yerlərdə suvarma suyu ilə təchizatı yaxşılaşdırmaq məqsədilə mövcud su anbarları və sututarlarının doldurulmasını təmin etsin. Həmçinin su qıtlığına yol verməmək və əkin sahələrinin vaxtında suvarılmasını həyata keçirmək, eləcə də su itkisinin qarşısını almaq üçün su bölgüsünə daim nəzarət edilməli, kanal və arxlar təmizlənməli, mütərəqqi suvarma üsullarından istifadə olunmalıdır.
Əkin zamanı aqrotexniki qaydalara düzgün əməl olunması, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı kimyəvi mübarizə tədbirlərinin və dərmanlama işlərinin lazımi səviyyədə aparılması barədə tapşırıqlarını verən Ali Məclisin sədri bildirmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi alaq otları və gəmiricilərə qarşı mübarizənin həyata keçirilməsi üçün istifadə olunan kimyəvi preparatlara tələbatı dürüstləşdirməli və "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onların muxtar respublikaya vaxtında gətirilərək istifadəyə verilməsi təmin edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri toxumçuluq təsərrüfatlarına xüsusi diqqət yetirməli, muxtar respublikaya yüksək reproduksiyalı toxum sortlarının gətirilməsi ilə yanaşı, yerli iqlim şəraitinə uyğunlaşmış toxum növlərindən istifadəyə də üstünlük verilməlidir.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutuna tapşırılmışdır ki, muxtar respublikada vaxtilə mövcud olmuş, yerli şəraitə uyğunlaşmış, hazırda itirilmiş məhsuldar toxum növlərinin öyrənilməsi, bərpası və rayonlaşdırılması istiqamətində səylərini artırsınlar. Əkin zamanı bu toxumlardan istifadə məqsədilə bərpa olunmuş toxum fondu yaradılsın, maarifləndirmə tədbirləri gücləndirilsin. Meyvəçiliyin, üzümçülüyün, tərəvəzçiliyin keçmiş ənənələri və inkişafı ilə bağlı vəziyyəti əks etdirən elmi-kütləvi materialların hazırlanması, elmi-tədqiqat işlərinin aparılması nəzarətdə saxlansın.
Ali Məclisin sədri qeyd etmişdir ki, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya gətirilən üzvi gübrələr torpaq mülkiyyətçilərinə 50 faiz güzəştlə verilir. Verilmiş gübrədən səmərəli istifadə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra hakimiyyətlərinə tapşırılmışdır ki, birlikdə ondan təyinatı üzrə və normalara uyğun şəkildə istifadə olunmasına nəzarəti artırsınlar. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyətləri isə mineral gübrələrin istehsalçılara vaxtında çatdırılmasını təmin etsinlər, onlardan əkin dövrünün hansı mərhələsində və necə istifadə olunması ilə bağlı maarifləndirmə tədbirləri aparsınlar.
Ali Məclisin sədri demişdir: "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya müxtəlif adda texnika və texnoloji avadanlıqların gətirilməsi bundan sonra da davam etdirilməli, daha çox tələbat olan texnika növləri müəyyənləşdirilməlidir. Bu texnikalardan səmərəli istifadə olunmalı, onların naşı şəxslərin əlinə keçməsinə yol verilməməlidir. Bunun üçün də "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyətləri gətirilmiş texnikaların, ilk növbədə, mütəxəssis-mexanizatorlara verilməsini təmin etməli, ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanmalıdır. Texnikalar verilərkən ehtiyaclar nəzərə alınmalı, onların rayonlar üzrə bölgüsündə ehtiyac meyarı əsas götürülməlidir. Həmçinin bu texnikaların lazımi səviyyədə qorunması da təşkil olunmalıdır.
Yaz-tarla işləri başlayanadək bütün texnikaların saz vəziyyətə gətirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi, kənd təsərrüfatı işlərinin görülməsi üçün tətbiq olunan qiymətlərin daim nəzarətdə saxlanılması və ədalətli olması, fiziki şəxslərdə və bazalarda olan texnikalara vaxtında texniki xidmət göstərilməsi, servislərin yaradılması, tələb olunan ehtiyat hissələrinin muxtar respublikaya gətirilməsi və satışının bundan sonra da davam etdirilməsi "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdır. Qeyd olunmuşdur ki, gətirilmiş texnikaların dəyərinin ödənilməsinə diqqət yetirmək lazımdır.
Muxtar respublikaya gətirilmiş cins mal-qaranın saxlanma şəraiti, onlara zootexniki qaydada qulluq göstərilməsi ilə bağlı Dövlət Baytarlıq Xidmətinə tapşırılmışdır ki, fermerlər arasında maarifləndirmə tədbirləri görsün, müvafiq epizootik tədbirlərin və peyvəndləmə işlərinin vaxtında aparılmasını diqqət mərkəzində saxlasın.
Müşavirədə digər sahələrə də tapşırıqlar verilmişdir. Qeyd edilmişdir ki, İqtisadi İnkişaf Nazirliyi və "Naxçıvan Kredit" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti məhsul istehsalçılarına maliyyə dəstəyini gücləndirmək məqsədilə verilən kreditlərin əhatə dairəsinin və həcminin artırılması üçün müvafiq tədbirlər həyata keçirməlidirlər. Daxili bazarın qorunması, eləcə də məhsul istehsalının stimullaşdırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən şəhər və rayonlarda həftənin müxtəlif günlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili bundan sonra da davam etdirilməlidir. "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı biznes planların hazırlanması və maliyyələşdirilməsi təmin olunmalıdır.
Ali Məclisin sədri qeyd etmişdir ki, kənd təsərrüfatında məhsul istehsalını stimullaşdırmaq məqsədilə istehsalçılar torpaq vergisi istisna olmaqla, bütün növ digər vergilərdən azad olunmuşdur. Həmçinin əkin zamanı istifadə olunan yanacaq və motor yağlarına görə məhsul istehsalçılarına 40 manat dövlət yardımı da verilir. Bütün bu yardımların, göstərilən qayğının nəticə verməsi üçün isə kənd təsərrüfatının inkişafı ilə məşğul olan Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar tərəfindən aqrar sektorda işlərin təşkilinə köməklik göstərilməli və nəzarət həyata keçirilməlidir.
Ali Məclisin sədri qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün istər məhsul istehsalçıları, istərsə də bu sahənin inkişafına cavabdeh olan dövlət orqanlarının bundan sonra səylərini daha da artırmasının, muxtar respublikanın dinamik inkişafına öz töhfələrini verməsinin vacibliyini bildirmiş, verilən tapşırıqların icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.
Sonra Ali Məclisin sədri Vasif Talıbov və müşavirə iştirakçıları muxtar respublikada kənd təsərrüfatının inkişafını əks etdirən stendlərə baxmışlar.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında