Prezident İlham ƏLİYEV: Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir

Ölkəmizin sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Son səkkiz ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Azərbaycan Respublikasının sosial-iqtisadi mənzərəsini əks etdirən statistik rəqəmlər, əsas makroiqtisadi göstəricilər ötən müddətdə baş vermiş inkişaf və tərəqqinin miqyası barədə aydın təsəvvür yaradır. 
Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artmış, ölkənin ümumi valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunmuşdur. Ən başlıcası isə keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına daxil olmuşdur.
Azərbaycan Respublikasının son səkkiz ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də, heç şübhəsiz, ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Bunun əsası isə səkkiz il əvvəl - 2004-cü il fevralın 11-də dövlət başçısı İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2009-cu illər)" ilə qoyulmuşdur. Birinci regional inkişaf proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində regionların iqtisadi potensialı hərəkətə gətirilmiş, buradakı əmək ehtiyatları dövriyyəyə cəlb olunmuşdur. Bir sözlə, ölkənin davamlı və tarazlı inkişafına yönəldilmiş bu ümummilli proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyulmuş, bölgələrdə iqtisadi fəallıq xeyli dərəcədə canlanmış, insanlarda təşəbbüskarlıq hissi güclənmişdir.
Birinci regional inkişaf proqramı uğurlu başa çatdırıldıqdan sonra 2009-cu il aprelin 14-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə daha bir analoji sənəd qəbul olunmuşdur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılması ilə ölkəmizin davamlı və tarazlı inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoymuşdur. Adı çəkilən sənədin qəbulundan ötən müddət ərzində bölgələrdə kənd təsərrüfatının, emal sənayesinin, turizmin, təhsil və səhiyyənin, həmçinin müxtəlif xidmət sahələrinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, yeni müəssisə və obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ikinci regional inkişaf proqramının icrasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı ötən müddətdə ölkənin 34 rayon və şəhərində müxtəlif təyinatlı 300-ə yaxın infrastruktur obyektinin və yeni müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Bununla yanaşı, Prezident yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərdə qaldırılan məsələlərə də xüsusi həssaslıqla yanaşmış, onların həlli məqsədilə 140 milyon manat vəsait ayırmışdır. Bütün bunlardan məqsəd, heç şübhəsiz, Azərbaycan Respublikasının dünyanın ən davamlı və sürətli inkişaf edən ölkələri sırasındakı mövqeyini bir qədər də möhkəmləndirmək, vətəndaşlarımızın həyat səviyyəsini daha da yaxşılaşdırmaqdan ibarətdir. Təsadüfi deyil ki, ötən ayın 29-da "Regionların 2009-2013 cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının üçüncü ilinin yekunları ilə bağlı keçirilmiş konfransda Prezident İlham Əliyev demişdir: "Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində, əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır... İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik". Regional inkişaf proqramlarının uğurla reallaşdırılması ölkəmizin bütün bölgələrinin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırmış, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaratmışdır.
Martın 13-də Prezident İlham Əliyevin ölkəni cənub regionuna səfəri də məhz bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönəldilən tədbirlərlə yaxından tanış olmaq, tikintisi başa çatdırılan infrastruktur obyektlərinin açılışında iştirak etmək məqsədi daşıyırdı. Dövlətimizin başçısı Astara rayonuna səfəri çərçivəsində burada tikintisi başa çatdırılmış Olimpiya İdman Kompleksinin, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasının, əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş rayon mərkəzi xəstəxanasının, eləcə də,Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak etmişdir. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini vurğulayaraq demişdir: " Ölkəmiz hətərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir. Biz hazırda qeyri-neft sektorunun, kənd təsərrüfatının, turizmin, qeyri-neft sənayesinin inkişafı üçün çox əhəmiyyətli addımlar atırıq".
Lənkəran iqtisadi rayonuna daxil olan Astarada son illər əsaslı yüksəlişə nail olunmuşdur. Cənub bölgəsinə səfəri çərçivəsində Astaraya gələn dövlət başçısı İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşündə buradakı inkişafdan razılığını ifadə edərək demişdir: "Mən Astarada dəfələrlə olmuşam Hər dəfə rayonda, şəhərdə olarkən yenilikləri görəndə çox sevinirəm. Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir". Dövlət başçımızın iştirakı ilə açılan yeni sosial obyektlər, bir neçə kəndi birləşdirən avtomobil yolları isə, heç şübhəsiz, son illər ölkəmizin dilbər guşələrindən birinə çevrilmiş Astara rayonunun sosial-iqtisadi mənzərəsinə əlavə yaraşıq gətirəcəkdir. Yeri gəlmişkən, regionların infrastruktur imkanlarının genişləndirilməsini xüsusi diqqət mərkəzində saxlayan Prezidentimiz bir daha bəyan etmişdir ki, ölkənin hər bir yaşayış məntəqəsində normal yaşamaq və işləmək üçün yaxşı şərait, ilk növbədə, infrastruktur, sosial infrastruktur olmalıdır. Elə ölkəmizin hərtərəfli inkişafına nail olunması məqsədilə reallaşdırılan dövlət proqramları da məhz bu amala xidmət edir. Təsadüfi deyil ki, son illər dövlət başçısının xüsusi tapşırığına əsasən, ölkəmizin ayrı-ayrı regionlarında geniş miqyaslı infrastruktur layihələri həyata keçirilir, yeni yollar çəkilir, şəhər və rayonlarımızın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılır, kanalizasiya şəbəkələri yaradılır, əhalinin "mavi yanacaq"la təminatı üçün konkret işlər görülür. Bu baxımdan ölkəmizin cənub qapısı sayılan Astara rayonunda da xeyli iş görülmüş, ilk modul tipli elektrik stansiyası məhz burada inşa olunmuşdur. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, həmin stansiya ölkəmizin cənub bölgəsinin elektrik enerjisi ilə fasiləsiz təminatında mühüm rol oynayır. Bundan əlavə, dövlət başçısının xüsusi göstərişinə əsasən, ölkəmizdə qazlaşdırma işləri getdikcə intensivləşir. Təkcə onu demək kifayətdir ki, ötən il ölkənin yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə 5 min kilometrdən çox qaz kəməri çəkilmiş, 1537 kilometr uzunluğunda kəmər əsaslı təmir edilmişdir. Bunun da nəticəsində 148 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Astara rayonunda da bu proses getdikcə sürətləndirilir, kəndlər "mavi yanacaq" la təmin olunur.
Qeyd etdiyimiz kimi, son illər Azərbaycanda yol tikintisi getdikcə vüsət alır. Təkcə ikinci regional inkişaf proqramı çərçivəsində ölkədə 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmişdir. Prezident İlham Əliyevin son iki ildə Astaraya ikinci səfəri çərçivəsində yeni yolların açılışında iştirak etməsi bir daha sübut etdi ki, dövlət başçısı bölgələrdə yol infrastrukturunun yaradılmasına xüsusi önəm verir.
Azərbaycan Prezidentinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də regionlarda vətəndaşların sağlamlığının təminatına xidmət edən sosial infrastrukturun yaradılmasına nail olmaqdan ibarətdir. Prezidentin Astaraya səfəri çərçivəsində buradakı Olimpiya İdman Kompleksinin və rayon mərkəzi xəstəxanasının açılışında iştirak etməsi də insanların sağlamlığının təminatı üçün dövlət tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsinin bariz nümunəsi idi.
Son illər Lənkəran iqtisadi rayonuna daxil olan Masallı da sürətli inkişaf dövrünü yaşayır. Burada həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri, infrastruktur imkanlarının artırılması ilə bağlı reallaşdırılan iri layihələr rayonun simasına əlavə yaraşıq gətirmişdir. Martın 13-də Masallıya gələn Prezident Ilham Əliyev burada həyata keçirilən geniş miqyaslı tədbirlərlə yaxından tanış olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Masallı Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Tədbirdə çıxış edən Prezident gənclərin cəmiyyətdəki mövqeyini, onların ölkəmizin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirərək demişdir: "Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Mən çox şadam ki, Azərbaycan gəncləri çox fəaldırlar, vətənpərvərdirlər. Gənclər bu gün və xüsusilə gələcəkdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən edəcəklər".
Ölkəmizin digər bölgələrində olduğu kimi, Masallıda da sosial infrastrukturun yaradılması istiqamətində konkret işlər həyata keçirilir. Dövlət başçısı rayona səfəri zamanı "Milli su təchizatı və kanalizasiya xidmətləri" ikinci layihə şərçivəsində Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmişdir. Xatırladaq ki, yeni layihə reallığa çevrildikdən sonra Masallı şəhərinin içməli su ilə təminatı tamamilə yaxşılaşdırılacaq, əhaliyə göstərilən kanalizasiya xidmətinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılacaq.
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ölkənin qeyri-neft sektorunun güclənməsinə təkan vermiş, yeni iş yerlərinin açılması üçün geniş imkanlar yaratmışdır. Bu baxımdan ölkənin regionlarında özəl bölmənin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkənin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinin səviyyəsini yaxşılaşdırmaq üçün müntəzəm proqramlar qəbul edir, bu məqsədlə konkret tapşırıqlar verir. Artıq ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin Masallıda inşa olunan "Masera" MMC-nin soyuducu anbar və istixana kompleksinin açılışında iştirak etməsi də dövlət başçısının bu məsələni daim diqqət mərkəzində saxlamasını sübut edən amillərdən idi. Xatırladaq ki, bu layihə rayonda yeni iş yerlərinin yaradılmasına imkan yaratmaqla yanaşı, burada kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonunda da bir sıra tədbirlərdə iştirak etmiş, burada həyta keçirilən geniş quruculuq işləri ilə yaxından tanış olmuşdur. Salyan şəhərinin mərkəzində ümumilli liderimizin abidəsini ziyarət edən dövlət başçısı rayon icra hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi, eləcə də "Kür" otelinin və Cümə məscidinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Prezident İlham Əliyev Salyan rayonunda olarkən Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak etmiş, burada ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. Dövlətimizin başçısı regionların sosial-iqtisadi inkişafı üçün tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdıraraq demişdir: "Yaxşı yaşamaq üçün yol, işıq, qaz, içməli su, yaşayış şəraiti, iş yerləri lazımdır. Biz bütün bu işlərlə məşğuluq. Bundan sonra da məşğul olacağıq. Əminəm ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci mərhələsi gələn ilin sonuna qədər uğurla başa çatacaqdır və bütün sosial-iqtisadi məsələr öz həllini tapacaqdır". Ölkə başçısı Salyan rayonunun inkişafı üçün bundan sonra da məqsədyönlü tədbirlərin görüləcəyini diqqətə çatdırmış, Bakıya yaxın olan bu bölgənin elə paytaxt qədər gözəl və yaraşıqlı bir şəhərə çevriləcəyinə əminliyini ifadə etmişdir.
Dövlət başçısının cənub bölgəsinə səfəri bir daha göstərdi ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirlər görür. Bu isə son nəticədə ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır...

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında