Ənənəvi Xəzər neft-qaz sərgi və konfransı öz işinə başlayır

Bu gün neft və milyonlar səltənəti Bakıda ənənəvi "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransı öz işinə başlayır. Xatırladaq ki, 1994-cü ildən bəri keçirilən bu ənənəvi tədbir dünya ictimaiyyətinin diqqətini Xəzər regionunun, xüsusən də Azərbaycanın karbohidrogen ehtiyatlarına, burada reallaşdırılan iri neft və qaz layihələrinə yönəltmək baxımından böyük əhəmiyyət daşıyır. Sayca 17-ci dəfə keçirilən və artıq biznes-forum statusunu daşıyan bu beynəlxalq tədbir dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən iri istehsalçı və təchizatçı şirkətlərin bir məkana toplamaq baxımından da diqqəti cəlb edir.
Xəzər neft-qaz sərgi və konfransının böyük şöhrət qazanmasının başlıca səbəblərindən biri dünya neft hasilatı sənayesinin beşiyi sayılan Azərbaycanın zəngin ənənələri, eləcə də ölkə rəhbərliyinin sərgiyə, həmçinin bu sektora göstərdiyi qayğı və diqqətdir. Bu və ya digər məsələlər barəsində dünən "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransına həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verildi.
17-ci beynəlxalq "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfransının təşkilatçısı olan "İTE Group" şirkətinin direktoru Edvard Stroon ötən 16 ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərginin keçirilməsi üçün yaradılmış hərtərəfli şəraitə görə kompleksin rəhbərliyinə dərin minnətdarlığını bildirərək qeyd etdi ki, bu il "Bakı Ekspo" sərgi və toplantı mərkəzinin açılması ilə şirkətin fəaliyyətində yeni bir mərhələnin əsası qoyulmuşdur.
Qeyd olundu ki, yeni mərkəzin fəaliyyətə başlaması dünyanın hər bir yerindən olan şirkətlərin diqqətini Bakıya cəlb etmək, burada kompleks xidmətlərin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, yeni mərkəz Bakının təkcə Azərbaycan üçün deyil, həm də bütün Xəzər regionu üçün ticarət və kommersiya mərkəzi kimi tarixi rolunu bir daha təsdiqləyəcək. Elə 17-ci beynəlxalq "Xəzər neft-qaz, neftayırma və neft kimyası" sərgi və konfarsının yeni məkanda - "Bakı Ekspo" sərgi və toplantı mərkəzində keçirilməsinin də əsas məqsədi məhz bu amillə bağlıdır.
Mətbuat konfransında qeyd edildi ki, əvvəlki illərdə olduğu kimi, "Xəzər neft-qaz" sərgi və konfransı yenə də dünyanın aparıcı şirkətlərinin diqqətini özünə cəlb edir. Budəfəki sərginin işində Azərbaycan, Gürcüstan, Norveç, Birləşmiş Ərəb Əmrlikləri, ABŞ, Türkiyə və Çexiyanın sənaye nazirliklərinin nümayəndələri iştirak edəcəklər.
Bu il ənənəvi "Xəzər neft-qaz" sərgi və konfransına dünyanın 26 ölkəsindən olan 280 şirkət qatılacaq ki, bu da ekspozisiya sahəsinin ötən ilə nisbətən 15 faiz artması deməkdir. Yeri gəlmişkən, sərgi sahəsinin 40 faizindən çoxu dünya şöhrətli şirkətlər tərəfindən tutulacaq. Onların arasında "Xəzər neft-qaz" sərgisinin daimi iştirakçıları olan "bp", "İtoçu", "OMV Gas İnternational GmbH", ARDNŞ, "Statoil ASA", "Total", TPAO və bir çox digər şirkətlər var. Həmçinin Böyük Britaniya, Çin və Rusiyanın milli qrupları da sərgi iştirakçıları arasında olacaqdır. Bu il ilk dəfə olaraq, sərgidə Birləşmiş Ərəb Əmirliklərinin milli stendi iştirak edəcək.
Kommersiya təşkilatları ilə yanaşı, sərgi və konfrasda ARDNŞ, "Azərenerji", Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyası kimi dövlət qurumları da iştirak edəcəklər. "Xəzər neft və qaz" sərgisində ARDNŞ (Azərbaycan), "KazMunayQaz" (Qazaxıstan), "TPAO" (Türkiyə), Yunanıstan Milli Qaz Korporasiyası (DEPA) və digər iri dövlət neft-qaz şirkətləri və korporasiyaları təqdim olunacaq. Amerika-Azərbaycan Ticarət və Sənaye Palatası kimi ictimai birliklər və digər qurumlar da sərginin işində fəal iştirak edəcəklər.
Sərginin ekspozisiyası iki geniş zalı, habelə kompleksə bitişik yerləşən xarici meydançanı əhatə edəcək. Azərbaycan Respublikasında 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar olaraq, müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru da builki sərgi və konfransın xüsusi mövzusu olacaq.
Səgri üçün geniş işgüzar proqram hazırlanmışdır. Bu proqram çərçivəsində iştirakçı şirkətlər tərəfindən dörd gün ərzində neft və qaz sektorunun geniş auditoriyası üçün aktual olan seminar və təqdimatlar keçiriləcək. "Xəzər neft - qaz" sərgisinin işgüzar proqramının mühüm hadisəsi isə iyunun 2-3 də "Hyatt Regency" mehmanxanasının konfrans mərkəzində keçiriləcək ənənəvi 17-ci beynəlxalq Xəzər neft-qaz, neftayırma və neft kimyası" konfransı olacaq. Konfransda respublikanın neft və qaz sektorunun yüksək vəzifəli nümayəndələri və aparıcı iştirakçıları, eləcə də müxtəlif dövlətlərin yüksək səviyyəli nümayəndə heyətləri də daxil olamaqla 400-dən çox nümayəndə iştirak edəcək.
Konfransda xüsusi diqqət Xəzər hövzəsinin təbii ehtiyatlarına və Azərbaycanın tranzit ərazisinə malik ölkə kimi artan roluna yönəldiləcək. Konfrans "Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu" mövzusuna həsr edilmiş plenar sessiya ilə açılacaq. Burada regional və milli neft şirkətlərinin yüksək vəzifəli nümayəndələri tərəfindən strateji məsələlərin xülasəsini əks etdirən əyani təqdimatlar keçiriləcək. Daha sonra əsas diqqət "Avropanın enerji təhlükəsizliyi təminatında Xəzər regionunun rolu" mövzusuna yönəldiləcək.
Konfransın ikinci günü Xəzər hövzəsində enerji resurslarının kəşfiyyat və hasilatı perspektivlərinə, eləcə də hazırda çox aktual olan "Xəzər regionunun qaz infrakstrukturu. Kəmərlərin geosiyasiliyi" mövzusuna həsr ediləcək. Bütövlükdə isə sərgi və konfrans iyun ayının 4-dək davam edəcəkdir.
Mətbuat konfransında kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran məsələlərə də aydınlıq gətirildi.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında