Maliyyə Nazirliyində geniş kollegiya iclası

Maliyyə Nazirliyindən bildirmişlər ki, qurumda 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələr, o cümlədən 2013-cü il dövlət büdcəsinin tərtibinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, qətiyyətli və çevik iqtisadi siyasət nəticəsində 2011-ci ildə də ölkə iqtisadiyyatının davamlı artımı təmin edilmiş, əhalinin sosial rifahı xeyli yüksəlmiş, dövlətin iqtisadi və sosial tərəqqisinə, müdafiə potensialının və təhlükəsizliyinin gücləndirilməsinə, valyuta ehtiyatlarının artırılmasına nail olunmuş, mühüm əhəmiyyət kəsb edən sosial və infrastruktur layihələr reallığa çevrilərək xalqın xidmətinə verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 2011-ci il icmal büdcəsinin gəlirləri 23,2 milyard manat və ya 116 faiz, icmal büdcənin xərcləri isə 17,6 milyard manat və ya 94,4 faiz icra olmuşdur. Dövlət büdcəsinin mədaxili 15,7 milyard manat və ya 100,9 faiz, xərcləri isə 15,4 milyard manat və ya 96,6 faiz təşkil etmişdir. 2010-cu ilə nisbətən 2011-ci ildə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması, kənd təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə orta hesabla 27,8 faizədək çox vəsait yönəldilmişdir.
2011-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilmiş, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilmişdir. Qeyd olunmuşdur ki, son illərdə büdcənin proqnozlaşdırılması xeyli təkmilləşdirilmiş, büdcə xərclərinin səmərəli istifadəsinə nail olunmuşdur.
Əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu bildirən S.Şərifov Prezident İlham Əliyevin davamlı kursuna müvafiq olaraq 2011-ci ildə əmək haqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımının təmin edildiyini xatırlatmışdır. Qeyd etmişdir ki, pensiya təminatı sistemində aparılan islahatlar və 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tətbiq edilməsi nəticəsində əmək pensiyası orta hesabla 40 faiz, ölkədə minimum aylıq əməkhaqqının məbləği, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq vəzifə maaşları müvafiq qaydada artırılmışdır.
2011-ci ildə dövlət büdcəsi layihəsinin tərtibi prosesinin və xərclərinin strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Nazir bildirmişdir ki, ilk dəfə olaraq 2012-ci il və sonrakı üç ili əhatə edən dövrdə dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində, həmçinin həmin dövr üçün icmal büdcənin göstəriciləri hazırlanaraq dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilmişdir. Eyni zamanda, Milli Məclisə təqdim edilənədək 2012-ci il dövlət büdcəsinin layihəsi, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərcləri və xarici kreditlər hesabına maliyyələşən layihələr barədə məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Büdcə prosesinin təkmilləşdirilməsi işinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkən nazir xüsusilə təhsil və səhiyyə sahələri üzrə maliyyələşmənin təkmilləşdirilməsinə, daha müasir maliyyələşmə prinsiplərinin tətbiqinə ehtiyac olduğunu qeyd etmişdir.
Nazir bildirmişdir ki, 2012-ci ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən biri "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir: "Bu günlərdə Prezident İlham Əliyevin regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının III ilinin yekunlarına həsr olunmuş kon- fransda verdiyi tapşırıqlar 2013-cü il dövlət büdcəsi hazırlanarkən nəzərə alınmalıdır. Ümumilikdə, ölkə Prezidentinin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet inkişaf vəzifələrinə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin maddi-rifah halının artırılmasına, ölkəmizin müdafiə potensialının gücləndirilməsinə, onun iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, ölkə regionlarının tarazlı inkişafına, sahibkarlığa dəstək və iqtisadiyyatın digər mühüm sahələrinin inkişafına dair qəbul olunmuş məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilməli və dövlət büdcəsindən tələb olunan məbləğdə vəsaitin ayrılması üçün təkliflər hazırlanılmalıdır".
Kollegiya iclasında Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin fəaliyyəti üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan monitorinqlərin nəticəsi, bəzi təşkilati, struktur dəyişiklikləri, o cümlədən Nazirliyin aparatında və yerli maliyyə orqanlarında 2011-ci il ərzində icra intizamı, kargüzarlığın, arxiv işinin aparılması və vətəndaş müraciətlərinə baxılması və digər məsələlər müzakirə edilmişdir.
İclasda, həmçinin Nazirliyin Aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2013-cü il dövlət və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərinin sürətləndirilməsi, nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcəsinin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında, hesabat və məlumatların vaxtında və keyfiyyətlə nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunmuşdur. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilmişdir.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında