Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 183 ölkə arasında hazırlanan "Doing Business-2012" hesabatı ölkəmizin yenə də ön sıralarda olduğunu göstərmişdir. Belə ki, 10 müxtəlif göstəricinin əsas götürüldüyü hesabata əsasən, Azərbaycan əmlakın qeydiyyatına görə ilk onluğa düşmüşdür.
Daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdə qərarlaşan Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedurun tələb olunması sənəddə yer almışdır. Xatırladaq ki, qeyd olunan prosedura 11 gün müddət və əmlakın dəyərinin 0,2 faizi qədər xərc sərf edilir ki, bu da regionda ən yaxşı göstəricilərdən sayılır. Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionlarında əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166-dır.
Ekspertlərin fikrincə, bütün bu uğurlara baxmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırda ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə işlər davam etdirilir. Bura daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün qaydaların və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, prosesdə süni maneələrin aradan qaldırılması aiddir.
Kredit almaq, iş görmək və bir sıra digər sahələrdə də ciddi uğurlar əldə edən ölkəmiz inkişaf etmiş dövlətlərlə bir sıradadır.
Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi "İnkişafın Azərbaycan modeli"ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.
Ölkədə yerli və xarici investorların fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılmışdır. Mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Ölkənin enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.
Xatırladaq ki, ötən il ərzində ölkədə dövlət investisiya siyasətinin əsas istiqamətini investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi təşkil etmişdir.
Hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəltmişdir. Ötən il ərzində sosial obyektlərin tikintisi, məktəb və sosial obyektlərin inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çox əhatəli olduğunu təsdiqləyir.
Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan hazırda rəqabət qabiliyyətinə görə Müstəqil Dövlətlər Birliyi məkanında birinci yerdədir. Bir sıra beynəlxalq reytinq agentlikləri Azərbaycanda gedən iqtisadi inkişafı yüksək qiymətləndirmişlər. Belə ki, "Moods İnvestors Servises" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta üzrə "Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərin proqnozunun "sabit"dən "pozitiv"ə qaldırılması barədə qərar qəbul etmişdir. Bunlar dövlətin fiskal dayanıqlığını təmin edən işlərin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin, qeyri-neft sektorunun inkişafına dövlət investisiyalarının həcminin əhəmiyyətli dərəcədə artımı hesabına əldə edilmişdir. Bundan başqa, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi təyin etdiyi uzunmüddətli yerli və xarici valyuta reytinqini "BBB" investisiya səviyyəsində saxlayaraq reytinq üzrə proqnozun "sabit"dən "pozitiv"ə dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Qanuna əsasən deyə bilərik ki, bu il də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcəkdir. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2012-ci ildə qarşıda duran vəzifələrdəndir. Bundan başqa, dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət vergilərinin dərəcələrinin optimallaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi, vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcəkdir.
2012-ci ildə dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaqdır.
2012-ci ildə əsas məqsədlərdən biri kimi dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında xüsusi əhəmiyyət kəsb edən məhsulların istehsalının genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payını artırmaq, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük vermək, dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə mənbələri hesabına turizmin inkişafını stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək, alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq prioritetlər sırasındadır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.