İnnovasiyayönümlü iqtisadiyyatın formalaşması Azərbaycana hələ çox uğurlar gətirəcək

Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər tuturuq. 
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

{nl}


2011-ci il Azərbaycan dövlətinin tarixinə bir çox əlamətdar hadisələri və uğurları ilə daxil olmuşdur. Keçən il respublikamız dövlət müstəqilliyinin bərpasının 20 illiyini bayram etmiş və onun əbədiliyinin sübutu kimi, tarixin bu qısa zaman kəsiyində, bəşəri uğurlara nail olunmuşdur. Artıq ölkəmizdə, liberal bazar iqtisadiyyatı prinsipləri əsasında dövlətin iqtisadiyyatı tənzimləməsi ilə, sahibkarlıq təşəbbüskarlığına söykənən innovasiyayönümlü iqtisadiyyat formalaşmış, istehsal və sosial infrastrukturun təkmilləşdirilməsi üzrə əsaslı işlər yerinə yetirilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyevin ölkənin idarə olunmasında əsas məqsədi əhalinin rifahının yaxşılaşdırılması və sosialyönümlü dövlətin yaradılması istiqamətində və xarici diplomatiyasında elmə, beynəlxalq təcrübəyə əsaslanan uzaqgörən liderliyi ilə iqtisadiyyatın dövlət tənzimlənməsinin uğurlarıdır.
Məşhur ingilis iqtisadçı alim Con M. Keynsin belə bir kəlamı var: "Dünyanı idarə edən ayrı-ayrı ölkələrin dövlət başçılarıdır. Onların buraxdığı cüzi səhvlər bəzən böyük fəlakətlərə səbəb olur". Azərbaycan Respublikasında müstəqilliyin bərpasından keçən ilk üç il ərzində yaranan vəziyyət bunun bariz nümunəsidir. Ölkəmizin Ermənistanın təcavüzünə məruz qalması, hakimiyyət uğrunda mübarizə, şəriştəsiz və idarəçilik təcrübəsi olmayan şəxslərin dövlətə başçılıq etməsi, iqtisadi tənəzzülə (əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun ilbəil 20-25 faiz aşağı düşməsinə), inflyasiyanın 1756 faizə, yəni hiperinflyasiya həddinə çatmasına, ölkənin valyuta ehtiyatının yox dərəcəsinə düşməsinə və bütün bunların nəticəsi kimi əhalinin maddi durumunun acınacaqlığı, sosial gərginliyə səbəb olaraq, hətta müstəqilliyin itirilməsi qorxusunu yaratmışdır.
Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı müstəqilliyin əbədiliyinin, bazar iqtisadiyyatına keçidin və dinamik sosial - iqtisadi inkişafın əsasını qoyudu. Ümummilli lider o vaxt ölkədə mövcud durumu belə qiymətləndirmişdi: "Respublika iqtisadiyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik". Böyük dövlət xadiminin ölkə idarəçiliyindəki təcrübəsi və uzaqgörənliyi, eyni çətinliklərə baxmayaraq bacarıqla reallaşdırdığı daxili və xarici siyasəti, "yeni neft strategiyası"nın həyata keçirilməsi uğrundakı mübarizəsi Azərbaycan Respublikasınının davamlı inkişafını təmin etdi.
Azərbaycan Respublikası müstəqilliyi ikinci dəfə əldə etdikdən sonra iqtisadi sistemin transformasiyası ilə bazar iqtisadiyyatına keçid sosial-iqtisadi inkişafın əsası kimi qəbul edilmişdir. Bununla əlaqədar olaraq ümumilli lider demişdir: "Biz iqtisadi islahatların həyata keçirilməsinə dair tədbirlər görürük... Bütün bunların hamısı bizim bazar iqtisadiyyatına uyğun dəyişikliklər yolu ilə, dünya iqtisadiyyatına qovuşmaq yolu ilə getmək istəyimizi konkret şəkildə nümayiş etdirir". O, cəmiyyətdə demokratik təsisatların formalaşmasında, qüdrətli dövlətin yaradılmasında, onun dünya ölkələri sırasında layiqli mövqe tutmasında iqtisadi bünövrənin yaradılmasını ön plana çəkirdi. Ulu öndər "İqtisadiyatı güclü olan dövlət hər şeyə qadirdir", "iqtisadiyat hər şeydir, çünki o, cəmiyyətin bünövrəsidir" kimi fikirləri ifadə etməklə iqtisadiyatın cəmiyətin inkişafında rolunu olduqca yüksək qiymətləndirirdi.
Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin 2-ci bəndində göstərilir: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".
Təsadüfi deyil ki, Ermənistan Respublikasında hökm sürən mövcud iqtisadi tənəzzül, əhalinin maddi durumunun aşağı düşməsi, emiqrantların sayının artması ilə yaranan vəziyyətə bais dövlət başçısı S.Sarkisyandır və ya "Erməni genosidinin" tanınmasını 45.000 avro cərimə və ya bir il həbs cəzası qorxusu ilə öz xalqına qəbul etdirməyə çalışan Fransa Prezidenti N.Sarkozinin etdiyi səhvə görə Fransa dövlətinin dünyada nüfuzunun aşağı düşməsinə, bəzi dövlətlərlə beynəlxalq əməkdaşlığın dayandırılmasına səbəb olmuşdur. Ölkəni idarə edən dövlət başçılarının buraxdıqları səhvlərə görə yaranmış belə hallara çox misal gətirmək olar. Bütün bunlar bir daha göstərir ki, əgər dövlət xalqın rifahının yaxşılaşdırılması və iqtisadi inkişafı naminə milli iqtisadiyyatı tənzimləyərək, xarici dövlətlər tərəfindən etibarlı əməkdaş kimi tanınırsa, bu, birbaşa dövlət başçısının fəaliyyətinin elmə və təcrübəyə əsaslanmasının, uzaqgörənliyinin, xalqının rəğbətini qazanması və bəşəri nüfuzunun göstəricisidir.
Bazar iqtisadiyyatının formalaşması, inkişafı və səmərəliliyi bilavasitə dövlət tənzimlənməsindən asılıdır. 2003-cü ildə hakimiyyətə gələn Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bazar iqtisadiyyatının prinsiplərini rəhbər tutaraq, yeni çalarlarla elm və təcrübəyə söykənərək, ölkə iqtisadiyyatını tənzimləməklə, sürətli sosial-iqtisadi inkişafa nail olmuşdur.
Bazar iqtisadiyyatına keçid, yerli xüsusiyyətlər nəzərə alınmaqla, onun prinsipləri əsasında həyata keçirilir. Bazar iqtisadiyyatının əsas prinsipləri bunlardır:
- Xüsusi mülkiyyətə keçid (özəlləşdirmə - çoxmülkiyyətçilik - dövlət, özəl, bələdiyyə);
- rəqabət (dövlətin antiinhisar siyasətinin həyata keçirilməsi ilə rəqabətin yaradılması və rəqabətqabiliyyətli əmtəə istehsalı);
- bəzi qiymətlərin liberallaşması (dövlət mülkiyyətində istehsal olunan əmtəələrin və göstərilən xidmətlərin qiyməti Tarif Şurası, özəl sektorda isə sahibkarlar tərəfindən müəyyən edilir);
- iqtisadiyyatın dövlət tənzimlənməsi (dövlət inzibati amirlik və iqtisadi metodla tənzimlənməni yerinə yetirir).
Müstəqilliyin 20 ilində Azərbaycanın milli iqtisadiyyatında mövcud olan dəyişikliklərə nəzər salsaq, onu bir neçə mərhələyə bölmək olar:
I - 1991-1993-cü illər - iqtisadi tənəzzül dövrü.
II - 1993-2003-cü illər - bazar iqtisadiyyatına keçid üzrə iqtisadi islahatların aparılması, ölkədə sosial-iqtisadi inkişafın əsasının yaradılması və stabilləşmə dövrü. Ulu öndər Heydər Əliyevin "Yeni neft strategiyası"nın reallaşması ilə beynəlxalq iqtisadi münasibətlərin yaranması, neft-qaz gəlirlərinin artması və ölkədə tərəqqi dövrünün başlanması.
III - 2003-2011-ci illər - neft-qaz gəlirlərindən istifadə edərək, qeyri-neft sektorunun inkişafı, davamlı, innovasiyalı iqtisadiyatın formalaşmasına çoxşaxəli infrastruktur layihələrinin həyata keçirilməsinə investisiya yatırılmasının artması sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması bazar iqtisadiyyatına keçid mərhələsinin başa çatması (2009-cu il), Azərbaycan Respublikasının Beynəlxalq aləmdə nüfuzunun artdığı bənzərsiz inkişaf dövrü.
IV - 2012-ci ildən yeni inkişaf mərhələsinə qədəm qoyulması dövrü. Mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyalı iqtisadiyyatın formalaşması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyətin inkişafında ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlər əldə edilməsi üzrə fəaliyyət dövrünün başlanması.
Göstərilən əvvəlki 3 iqtisadi mərhələnin hər birində dövlət iqtisadiyyatın tənzimlənməsində, yaranmış şəraitə uyğun, çevik, məqsədyönlü, uzaqgörən tədbirlərini əks etdirən islahatlar, proqnozlara əsaslanan dövlət proqramları həyata keçirmişdir. Bütün bunların nəticəsi olaraq, iqtisadi sistemin transformasiyası ilə milli iqtisadiyyat aşağıdakı əsaslı inkişaf prosesini keçmişdir: bazar iqtisadiyyatına keçid- innovasiyalı bazar iqtisadiyyatı- geoiqtisadiyyat.
Azərbaycan Respublikası müstəqilliyinin bərpasından sonra, bazar iqtisadiyyatının prinsipləri əsasında milli iqtisadiyyat formalaşmış, informasiya kommunikasiya texnologiyasının bütün sahələrdə tətbiqi ilə innovasiyalı iqtisadiyyat yaradılmışdır. Mövcud qloballaşma ilə əlaqədar, beynəlxalq iqtisadi münasibətlərin, inteqrasiyanın genişlənməsi ilə müasir geoiqtisadi dövr başlanmışdır.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçidlə dövlətin ölkənin idarəetməsindəki rolu bir qədər dəyişir. Özəl sektorun yaranması və sahibkarlıq təşəbbüskarlığının həyata keçirilməsi ilə dövlət iqtisadiyyatı iki metodla tənzimləyir. Bunlar inzibati (birbaşa) və iqtisadi (dolayı) metodlardır. Dövlətin iqtisadiyyatı inzibati metodla tənzimləməsi dövlət başçısı tərəfindən qəbul olunan qanun, sərəncam, proqramlar və qadağaların qəbul edilməsidir:
- Hər bir fəaliyyətin hüquqi bazasının müəyyən edilməsi;
- iqtisadi inkişafın strateji məqsədlərinin müəyyən edilməsi və proqnozlara əsaslanan indikativ və digər planlarda, həmçinin dövlətin proqramlarında onların əks olunması;
- dövlət sifarişi və müqavilələr;
- keyfiyyət normativləri və texnologiyalarının sertifikatlaşdırılması;
- lisenziyalaşdırma, kvotalaşdırma;
- normativlər, cərimələr, qadağalar. Dövlətin iqtisadi metodla tənzimləməsinə aiddir:
- vergi sisteminin tənzimlənməsi;
- indikativ planlaşdırma;
- dövlət proqramlarının reallaşması;
- dövlətin büdcə-vergi və pul-kredit siyasəti;
- antiinflyasiya tədbirləri;
- sosial siyasət;
- xarici iqtisadi siyasət;
- miqrasiya və inteqrasiyanın tənzimlənməsi.
Azərbaycanda iqtisadiyyatın tənzimlənməsi vasitəsi kimi, dövlətin məqsədli, regional proqramları və orta müddətli makroiqtisadi proqramların hazırlanması və həyata keçirilməsi olduqca səmərəlidir. Dövlət proqramlarının layihələrinin tərtibi iqtisadi proqnozlara əsaslanır. Ölkədə ilk dəfə 2003-cü ildə 2004-2006-cı illəri əhatə edən iqtisadi proqnoz hazırlanmışdır. Hazırda isə 2009-cu ildə hazırlanan 2010-2013-cü illəri əhatə edən proqnozlar əsas kimi qəbul olunur. Proqnozlar əsasında tərtib edilən və həyata keçirilən dövlət proqramları ölkə iqtisadiyyatının inkişafının tənzimlənməsi məqsədi ilə bütün sahələri əhatə edir. Məsələn yalnız təhsil sahəsini əhatə edən 16 Dövlət Proqramının reallaşması yeni məktəblərin tikilməsinə, təhsilin müasirləşməsinə, stimullaşdırılmasına, keyfiyyətinin yüksəldilməsinə və hər il çoxsaylı tələbələrin xaricdə, (dövlət hesabına) təhsil almasına səbəb olmuşdur. Hər il xaricdə təhsil alan tələbələrin sayını artırmaqla bu proses davam edir.
(ardı var)

{nl}

Roza ƏLİYEVA, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İqtisadiyyatın dövlət tənzimlənməsi" kafedrasının müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında