Azərbaycanda həyata keçirilən düzgün, hərtərəfli iqtisadi strategiyanın uğurları ilbəil artır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların yeni dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilməsi, neft strategiyasının uğurları nəticəsində Azərbaycanda davamlı və tarazlı inkişafın təməli qoyulmuş, ölkəmizin beynəlxalq nüfuzu xeyli artmışdır.
Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası indi bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında ən islahatçı və dinamik inkişaf edən ölkə kimi tanınır. Azərbaycanın neft strategiyasının uğurlarının ilbəil artması və ölkəmizin maliyyə imkanlarının getdikcə genişlənməsi nəticəsində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində konkret tədbirlərə başlanmışdır. İndi başlıca hədəf neft və qaz gəlirləri hesabına ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, regionların tarazlı inkişafına, əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasına nail olmaqdan ibarətdir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin başlıca istiqamətini də məhz ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə yeni iş yerlərinin yaradılması və bunun hesabına əhalinin rifah halının getdikcə yaxşılaşdırılması təşkil edir. Son illər bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı təmin olunmuş, ölkənin tarazlı inkişafının əsas göstəricisi sayılan regionların tərəqqisi xeyli sürətlənmişdir.
Ölkə regionlarının tarazlı inkişafının əsası isə Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də qəbul etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ilə qoyulmuşdur. Bu mühüm ümummilli sənədin əsas məqsədi regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda nəzərdə tutulan islahatları daha da dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsindən ibarət idi. Məlum olduğu kimi, ölkənin növbəti beş ili üçün əsas fəaliyyət proqramına çevrilmiş bu mühüm sənədin icrasına başlanılması regionlara yeni nəfəs gətirmiş, yerlərdə iqtisadi fəallığı və təşəbbüskarlığı xeyli artırmışdır.
Belə ki, Azərbaycanın davamlı və tarazlı inkişafını sürətləndirən Dövlət Proqramının uğurlu icrası ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə etməyə imkan yaratmış, sosial-inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır.
Ölkədə qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşdırılmasını təmin etmək məqsədilə üç il əvvəl qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da hazırda uğurla həyata keçirilməkdədir. Məlum olduğu kimi, ikinci regional inkişaf proqramında ölkə əhəmiyyətli tədbirlərlə yanaşı, Bakı şəhərinin rayon və qəsəbələri, xüsusən də ölkənin iqtisadi rayonları üzrə bir sıra zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Proqramda müəyyən edilmiş məqsədlərə nail olmaq üçün dövlətin büdcə-vergi, pul-kredit, investisiya və məşğulluq siyasətində və s. sahələrdə bir çox yeniliklərin tətbiqi planlaşdırılmışdır. Hazırda regionlarda qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq məqsədilə sənaye, kənd təsərrüfatı, turizm, elm, təhsil, səhiyyə, mədəniyyət, rabitə və informasiya texnologiyaları, sosial təminat sahələrində mühüm tədbirlər həyata keçirilir, bölgələrin infrastruktur imkanları əsaslı şəkildə yeniləşdirilir. İkinci regional inkişaf proqramının qəbul edilməsi ilə bölgələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Dövlət Proqramının həyata keçirilməsinə başlanıldığı ötən üç ildə Azərbaycanın regional inkişafı bir qədər də sürətlənmişdir.
Ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayan ikinci Dövlət Proqramı hazırda Prezident İlham Əliyevin daimi diqqət və nəzarəti altında uğurla həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, son üç ildə dövlət başçısı bu mühüm sənədin real, məntiqi nəticəsi olan 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektinin və yeni müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Yeri gəlmişkən, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ötən il 5 mindən artıq müəssisə açılmışdır ki, bunun da hesabına 72 min 400-ü daimi olmaqla 94 min yeni iş yeri yaradılmışdır. Bütövlükdə isə ikinci regional inkişaf proqramının icrasına başlandığı ötən üç ildə Azərbaycanda 14,7 min müəssisə yaradılmış, 180 min daimi iş yeri açılmışdır. Bu da heç şübhəsiz, ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş iqtisadi siyasətin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013 -cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: " Ölkəmizin müasir inkişaf dövrü də çox uğurludur. İnkişafımızın təməlində, bir daha demək istəyirəm ki, siyasətimiz dayanır. Ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsəd güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas məqsədimiz bundan ibarətdir."
Azərbaycanın hərtərəfli, tarazlı inkişafına yönəldilmiş regional inkişaf proqramlarının icrası ölkədə iqtisadi fəallığı xeyli artırmışdır. Təkcə onu demək kifayətdir ki, 2004-cü ildən etibarən regionların inkişafına bütün maliyyə mənbələri hesabına təqribən 22 milyard dollar investisiya yönəldilmişdir. Bu da bölgələrdə mühüm infrastrukturun yaradılmasına imkan yaratmışdır. Regionlarda müasir infrastrukturun yaradılmasının vacibliyini önə çəkən dövlət başçısı demişdir: "Biz infrastruktur deyəndə hər şeyi nəzərdə tuturuq. Həm yollar, həm elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri də vacibdir. Proqramımızda, yəni indiki proqramda bütün bu məsələlər öz əksini tapır. Burada, əlbəttə ki, istiqamətlərin biri infrastruktur layihələri iə bağlıdır..." Bütövlükdə isə əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmış, bununla bağlı məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, ötən il ölkənin ayrı-ayrı bölgələrində əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatını daha da yaxşılaşdırmaq məqsədilə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilmişdir. Hazırda ölkə üzrə istehsal olunan elektrik enerjisinin 70 faizindən çoxu regionların payına düşür. Həmin enerjinin nəqli üçün lazımi infrastrukturun yaradılması məqsədilə ötən il 3700 kilometr uzunluğunda elektrik xətti çəkilmişdir.
Son illər Azərbaycanda qaz hasilatı getdikcə artır. Bu da regionların "mavi yanacaq"la təminatının yaxşılaşdırılması üçün əlverişli imkanlar yaradır. 2011-ci ildə bu məqsədlə ümumi uzunluğu 5 min kilometr qaz kəməri çəkilmişdir ki, bunun da hesabına daha 148 yaşayış məntəqəsi qazlaşdırılmışdır.
Məlum olduğu kimi, müasir yol infrastrukturu olmadan regionların inkişafını təmin etmək mümkün deyildir. Məhz buna görədir ki, son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və əsaslı təmiri getdikcə intensivləşir. Artıq şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də müasir, rahat yolların çəkilişinə başlanılmışdır.
Regionlarda informasiya və rabitə xidmətlərinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə də konkret tədbirlər həyata keçirilmişdir. 2011-ci ildə ölkə üzrə 60 ATS və 31 poçt şöbəsi tikilib istifadəyə verilmiş, hər yüz nəfərə düşən kompyuterlərin sayı 20 ədədə çatdırılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icraya yönəldilməsi ölkənin bütün şəhər və rayonlarının içməli su təchizatının yaxşılaşdırılması üçün də geniş imkanlar yaratmışdır. Hazırda müxtəlif maliyyə mənbələri hesabına bölgələrdə içməli su təchizatı sistemlərinin və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulması məqsədilə mühüm layihələr reallaşdırılır. Bu işlər isə indi ölkənin 36 şəhər və rayonunu əhatə edir. Eyni zamanda, bölgələrin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə il ərzində 91 min metr kollektor-drenaj şəbəkələri, 63 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bu və digər tədbirlər isə öz növbəsində aqrar sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaratmışdır.
Göründüyü kimi, son illər ölkənin bütün bölgələrində mühüm infrastruktur layihələri həyata keçirilir ki, bu da regional sahibkarlığın inkişafını getdikcə sürətləndirir. Yeri gəlmişkən, hazırda ölkədə sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz buna görədir ki, son illər sahibkarlığa dövlət dəstəyi getdikcə gücləndirilir. Dövlət qayğısının nəticəsidir ki, son illər ümumi daxili məhsul istehsalında özəl sektorun çəkisi artaraq 83 faizə çatmışdır. Bu da ölkəmizdə bazar iqtisadiyyatının möhkəmləndirilməsi üçün həyata keçirilmiş işlərin uğurlu nəticələrindəndir. Artıq bazar iqtisadiyyatına keçid mərhələsini arxada qoyan Azərbaycan Respublikası qarşısına dünyanın inkişaf etmiş ölkələrinin sırasına qoşulmaq kimi vacib və məsuliyyətli vəzifə qoymuşdur. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə siyasi iradə və düşünülmüş proqramlar mövcuddur. Bunun yolu həm də iqtisadiyyatın şaxələndirilməsindən, qeyri-neft sektorunun inkişafından, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsindən keçir. Təsadüfi deyil ki, fevralın 28-də keçirilmiş konfransda ölkə Prezidenti İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: "...Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir... Biznes şəraitinin yaxşılaşdırılması davam etdirilməlidir, sahibkarlara daha da yaxşı şərait yaradılmalıdır". Bununla belə, dövlət başçısı sahibkarların işinə əsaslı müdaxilələrin yolverilməz olduğunu bir daha bəyan etmiş, hamını sahibkarlara kömək etməyə, onlara dəstək olmağa səsləmişdir.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminin ilbəil artırılması da ölkəmizdə özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 75 faizi regionların payına düşür. Güzəştli kreditlər hesabına ölkədə 6500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin infrastruktur təminatı xeyli yaxşılaşmış, ölkədə sahibkarlıq fəaliyyət üçün imkanlar daha da genişlənmiş, şəhər, kənd və qəsəbələrin siması əsaslı şəkildə dəyişmiş, yeniləşmişdir. Bütün bunlar isə regionların investisiya cəlbediciliyini xeyli artırmışdır. Məhz bunun nəticəsidir ki, indi ölkənin ayrı-ayrı regionlarında müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələr yaradılır. Həmin müəssisələrdə istehsal edilən məhsullara isə təkcə daxili bazarda deyil, həm də xarici ölkələrdə maraq getdikcə artır.
Göründüyü kimi, regionların inkişafına göstərilən qayğı və diqqət bütövlükdə Azərbaycanın davamlı inkişafını təmin edir, ölkəmizi daha da gücləndirir, onun beynəlxalq nüfuzunu getdikcə artırır.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.