Böyük Britaniyada Azərbaycanın Avropanın gələcək enerji təhlükəsizliyində mühüm rolu müzakirə olunmuşdur

City Universitetinin professoru Alan Rayli (Alan Riley) Lordlar Palatasının komitə iclasları zalında "Post-Nabucco? Cənub Qaz Dəhlizi üçün seçimlər" mövzusunda mühazirə oxuyub. APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunan tədbirə Lord Lerd (Lord Laird) ev sahibliyi edib.
Mühazirənin dinləyiciləri arasında Birləşmiş Krallığın Azərbaycandakı keçmiş səfiri Harold Formstoun (Harold Formstone), Azərbaycan Evinin sədri Əli Təkin Atalar, Şərqşünaslıq və Afrika Tədqiqatları İnstitutunun əməkdaşı Şirin Akiner, "Şahdəniz-2" layihəsinin istehsal meneceri Nigar Qəhrəmanova, "Global Resources Corporation"ın sədri Mehmet Oğütçü, "SaferWorld" təşkilatının Avropa və Mərkəzi Asiya üzrə baş məsləhətçisi Kreyq Olifant (Craig Oliphant), Xarici və Birlik İşləri Nazirliyinin enerji məsələləri üzrə baş məsləhətçisi Angus Miller də olublar.
Professor Rayli Azərbaycanda qaz istehsalının indiki vəziyyətinə və gələcəyinə diqqət yetirib: "2017-ci ildə "Şahdəniz-2" yatağı istismara verildikdən sonra illik əlavə təchizat 16 milyard kubmetr olacaq. Bu, Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətli olacaq və onu Rusiya "Qazprom"unun asılılığından uzaqlaşdıracaq. Azərbaycanın həm də Avropanı Xəzər hövzəsi, xüsusilə də Türkmənistan qazı ilə təchiz etmək üçün böyük qaz tranziti mərkəzinə çevrilmək potensialı var". Alim qeyd edib ki, dünya qaz təchizatında dinamika dəyişir və Rusiya başa düşür ki, Avropanın Xəzər və Mərkəzi Asiya regionu ilə əlaqələri oyunu kəskin şəkildə dəyişir.
"Qaz sürətlə Avropanın enerji seçiminə çevriləcək. Bərpa olunan enerjinin qiyməti çox yüksəkdir, kömürdən istifadə ətraf mühitə ciddi təsir göstərir və ölkələr get-gedə ondan imtina edəcəklər. Azərbaycan qazı gələcəkdə çox mühüm rol oynayacaq. Hazırda Panama kanalı maye qazın daşınması üçün genişləndirilir. Avropa Birliyi müxtəlif təchizatçılara malik olmaq üçün digər mənbələr axtarmalıdır. Qaz hasilatı bahalı proses olsa da, gələcəkdə şist qaz geniş istifadə oluna bilər".
"Amma Avropa Birliyindən siyasi dəstək almasına baxmayaraq, "Nabucco" kəmərinin ilkin təklif olunmuş formada çəkilmə ehtimalı azdır. Əsas problem layihənin astronomik qiymətindədir - 14-20 milyard avro (11,6-16,6 milyard funt sterlinq). Digər tərəfdən Azərbaycan 31 milyard kubmetr potensiala malik kəmərin yalnız üçdə birini doldura bilər. "Nabucco" layihəsi gəlirinin üçdə ikisini avropalı istehlakçılardan əldə edən "Qazprom"u narahat edir".
Professor Rayli digər rəqib kəmərlərə, o cümlədən Yunanıstanın və İtaliyanın maliyyə problemləri ucbatından sual altında qalan Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) kəmərinə təsir edən məsələlərə də toxunub. O, etiraf edib ki, Türkiyə ilə Azərbaycan arasında tranzit sazişindən sonra Trans-Anadolu kəməri onunla təxminən eyni dəyərdə olan (4 milyard avro) Cənub-Şərqi Avropa kəməri kimi inandırıcı görünür.
"Azərbaycan Avropanın əhəmiyyətli qaz təchizatçısına çevrilməlidir. Bu, Avropanın enerji təhlükəsizliyini artıracaq, Azərbaycanın isə beynəlxalq arenada əsas oyunçu kimi mövqeyini möhkəmlədəcək". Onun sözlərinə görə, yaxşı olardı ki, "Qazprom" rəqabətə etiraz etməkdənsə, onu qəbul edəydi. Çünki rəqabəti inkar etməklə o, istehlakçıların neqativ reaksiyasına səbəb olur".
Professor Rayli daha sonra sualları cavablandırıb. Tədbirdə canlı şəbəkə sessiyası keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında