Azərbaycanın neft-qaz sənayesində mühüm infrastruktur layihələrinin reallaşdırılması uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı, yeni neft strategiyası çərçivəsində həyata keçirilən irimiqyaslı işlərlə şəxsən maraqlanması nəzərdə tutulan bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə icra olunmasını sürətləndirir. Təsadüfi deyil ki, son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən mövcud infrastrukturun təkmilləşdirilməsi, dənizdə və quruda yeni-yeni obyektlərin tikilib istismara verilməsi istiqamətində işlər xeyli intensivləşmişdir.
Neft-qaz sənayesi üzrə mühüm infrastruktur layihələrinin böyük əksəriyyəti Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir. Hazırda trestin inşaatçıları Azərbaycanın neft-qaz sektorunda müstəsna rolu olan "Günəşli" və "Neft Daşları" yataqlarında, eləcə də Pirallahı, Çilov adaları ətrafında, Səngəçal-Duvannı rayonunda və digər ərazilərdə dəniz hidrotexniki qurğularının, qaz-kompressor stansiyalarının, yeraltı qaz anbarlarının, sualtı və yerüstü boru kəmərlərinin, magistral neft və qaz xətlərinin, neft terminallarının, mədəni-məişət və sosial obyektlərin tikintisi və təmiri istiqamətində mühüm işlər həyata keçirirlər.
2011-ci ildə trestin tabeliyində olan tikinti-quraşdırma idarələri tərəfindən illik podrat işləri proqramında nəzərdə tutulmuş obyektlərin tikintisi ilə yanaşı, Dövlət Neft Şirkəti rəhbərliyinin iştirakı ilə "Azneft" və "Azəriqaz" istehsalat birliklərinin müəssisələrində keçirilmiş texniki müşavirələrdə, tədbirlər proqramında qeyd olunmuş bir çox dövlət əhəmiyyətli obyektlərdə də tikinti-quraşdırma işləri aparılmışdır. Yeri gəlmişkən, istehsalat müşavirələrində "Günəşli", "Neft Daşları", "Palçıq Pilpiləsi"və "Bulla dəniz" yataqlarında neft və qaz hasilatının artırılması məqsədilə stasionar dəniz özüllərinin genişləndirilməsi və yenidən qurulması, quyuların qazılması üçün əlavə şaxtaların buraxılması, mövcud texnoloji yığım-nəql sistemlərinin təkmilləşdirilməsi, çıxarılan qazın sahilə itkisiz nəqlinin etibarlı sisteminin qurulması, neft və qaz kəmərlərinin təmir-tikinti işləri "Neftqaztikinti" Trestinə həvalə olunmuşdur.
Ötən il trestin kollektivi tapşırılan işlərin vaxtında yerinə yetirilməsi məqsədilə kadr və texniki heyətin potensialından, maşın və mexanizmlərdən maksimum istifadə etməklə yüksək iqtisadi uğurlar qazanmışdır. Belə ki, inşaatçılar neft-qaz təsərrüfatına aid onlarca iri istehsalat obyektinin tikintisini başa çatdıraraq istismara təhvil vermişlər. Bu baxımdan Neft Daşlarında həyata keçirilmiş tədbirlər diqqəti daha çox cəlb edir.
Ötən il trestin kollektivi burada dəniz suyunu şirinləşdirən Əks Osmos tipli qurğunun, eləcə də 32A, 15 və 39 saylı paylayıcı qurğularının tikintisini uğurla başa çatdırmış, bir sıra meydançalararası estakadalarda əsaslı təmir işləri həyata keçirmişdir. Bundan əlavə, inşaatçılar il ərzində adada meydançalararası iki yüksək təzyiqli qaz xətti çəkərək istismara təhvil vermişlər. 2011-ci ildə trestinin kollektivi "Abşeronneft" NQÇİ- nin sifarişi əsasında "Qərbi Abşeron" yatağında Xəzər üzən qazma qurğusu tərəfindən qazılmış 5 ədəd quyunun avadanlıqlarla abadlaşdırılması və istismarını, "Darvin bankəsi" yatağında 12 istismar quyusunun qazılması üçün 670 saylı stasionar dəniz özülünün tikintisini, həmçinin 401 saylı neft-yığım məntəqəsi ilə 38 saylı stasionar dəniz özülü arası və adı çəkilən məntəqə ilə 4 saylı kompressor stansiyası arası boru kəmərinin layihələndirilməsi işlərini vaxtında başa çatdırmışdır. İnşaatçılar tərəfindən il ərzində N. Nərimanov adına NQÇİ-nin sifarişi əsasında bir sıra meydançalararası estakada sahələri əsaslı təmir edilmiş, yeni hava elektrik ötürücü xətləri çəkilmişdir.
"Bibiheybətneft" NQÇİ-nin 3 və 4 saylı neft- qazçıxarma sexləri üzrə lay sularının yığım-nəql sistemlərinin yaradılması, sahələrin abadlaşdırılması (birinci buraxılış) işləri də inşaatçıların il ərzində həyata keçirdikləri uğurlu işlərdəndir. Bundan əlavə, ötən il trestin kollektivi Qaradağ və Qalmaz yeraltı qaz anbarlarında quyulara qaz vurmaq üçün kompressor stansiyalarının tikintisini, "Astara-Qazıməmməd magistral qaz kəmərinin Biləsuvar rayonu ərazisində Araz çayının yeni məcrasına düşən hissəsinin yerinin dəyişdirilməsi", eləcə də "Günəşli" yatağındakı 13 və 15 saylı dərin dəniz özülləri arası yüksək təzyiqli qaz xəttinin çəkilişi" layihələrini də müvəffəqiyyətlə başa çatdırmışdır.
Hazırda ölkəmizdə reallaşdırılan dövlət qaz proqramında nəzərdə tutulan kompleks tədbirlərin həyata keçirilməsi, eləcə də regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartlara uyğun qurulması işləri də "Neftqaztikinti" Trestinə həvalə olunmuşdur. Ötən illər ərzində trestin inşaatçıları tərəfindən bu sahədə xeyli iş görülmüş, bir sıra dövlət əhəmiyyətli obyektlər tikilib istismara verilmişdir. Belə ki, inşaatçılar Astara kompressor stansiyasının genişləndirilməsi məqsədilə qısa müddətdə mühüm tikinti-quraşdırma işləri həyata keçirmiş və obyekti beynəlxalq standartların tələblərinə uyğun olaraq vaxtında başa çatdırmağa müvəffəq olmuşlar. Xatırladaq ki, sözügedən obyekt ötən ilin mart ayında Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmişdir.
Dövlət Neft Şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə "Azərikimya" İstehsalat Birliyinin Etilen-Propilen Zavodunu birləşdirən iki quru qaz və nafta kəmərinin tikintisi də trestə həvalə olunmuşdur. Ölkəmizin neft-kimya sənayesinin inkişafında müstəsna rolu olan həmin kəmərlərin çəkilişi də inşaatçıların fədakar əməyi sayəsində vaxtında və keyfiyyətlə başa çatdırılmışdır.
Bütövlükdə isə, ötən il trestin tikinti-quraşdırma idarələri tərəfindən 389,4 kilometr uzunluğunda müxtəlif diametrli neft-qaz kəməri inşa olunmuşdur. Bunun 287,5 kilometri quruda, 69,8 kilometri dənizdə, 32,1 kilometri estakada və özüllərdə çəkilmişdir. Bundan əlavə, inşaatçılar il ərzində 496,5 kilometr uzunluğunda yüksək gərginlikli elktrik ötürücü xətləri çəkmişlər.
Məlum olduğu kimi, Azərbaycan qonşu Rusiyaya qaz ixracını getdikcə artırır. Bu məqsədlə ötən il "Neftqaztikinti" Trestinin inşaatçıları tərəfindən Mozdok-Qazıməmməd boru kəmərində kompleks təmir işləri həyata keçirilmişdir. Belə ki, inşaatçılar qısa müddətdə Şirvanovka kompressor stansiyasında bir sıra yenidənqurma işləri aparmış, boru kəmərinin 260-cı kilometrində Mərəzə qazölçmə qurğusunun tikintisini, Əngilançay və Şabrançay keçidlərində təmir-bərpa tədbirlərini başa çatdırmışlar.
2011-ci ildə neftçilərin mədəni-məişət və sosial vəziyyətlərini daha da yaxşılaşdırmaq məqsədilə bir çox sosial obyektdə təmir-tikinti işləri aparılmışdır. Bu işlərin önündə gedən "Neftqaztikinti" Trestinin inşaatçıları tərəfindən ötən il "Günəşli" yatağındakı 4, 8 və 10 saylı dərin dəniz özüllərinin yaşayış bloklarında təmir-tikinti işləri aparılaraq neftçilərin istifadəsinə verilmişdir. Bundan əlavə, Neft Daşlarındakı yataqxana kompleksinin doqquz mərtəbəli korpusu müasir tələblər səviyyəsində yüksək keyfiyyətlə təmir olunaraq istismara verilmişdir.
Ötən il trestin kollektivi Dövlət Neft Şirkətinin mədənlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlər proqramının yerinə yetirilməsinə də mühüm töhfələr vermişdir. Belə ki, trestin bütün idarələri şirkət rəhbərliyinin göstərişinə uyğun olaraq Abşeron yarımadasında yerləşən mədən ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə neftin hasilatı, yığılması və nəqli üçün qapalı sistemin yaradılması, neft gölməçələrinin qurudulması, torpaqların təmizlənməsi, istifadəsiz kommunikasiya xətlərinin, mühəndis qurğu və avadanlıqlarının sökülməsi və həmin ərazilərin abadlaşdırılması işlərində fəal iştirak etmişdir. H. Z. Tağıyev adına NQÇİ-nin yığım-nəql sisteminin qapalı sistemə keçirilməsi məqsədilə Buzovna sahəsində yerləşən 3 və 4 saylı neft-qazçıxarma sexlərinin neftyığma sahəsinin və neftin, suyun kompleks hazırlanması və vurulması məntəqəsinin tikintisi qısa müddətdə başa çatdırılaraq obyekt istismara hazırlanmışdır.
Hazırda inşaatçılar ölkəmizin iqtisadi həyatı üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən yeni gəmiqayırma zavodunun tikintisi sahəsində çalışırlar. Xatırladaq ki, zavodun təməli dövlət başçısı İlham Əliyevin iştirakı ilə 2010-cu il martın 19-da qoyulmuşdur. Bakı Gəmiqayırma Zavodunun inşa edilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin istehsalına nail olmaqdan ibarətdir. "Bakı Gəmiqayırma Zavodunun tikintisi" layihəsinin əhəmiyyəti nəzər alınaraq "Neftqaztikinti" Trestinin tabeliyində yeni struktur bölmə - Sənaye Tikinti İdarəsi təsis edilmişdir. Layihəyə əsasən uzunluğu 300 metr olan gəmi yanalma pirsinin, istehsalat binalarının, kran yollarının, yarımstansiya və yardımçı yarımstansiyalarının, çirkab sutəmizləmə qurğusunun, 2 ədəd kompressor stansiyasının və 4 ədəd nasosxananın tikintisi və s. işlərin yerinə yetirilməsi nəzərdə tutulur. Xatırladaq ki, inşaat işlərinin iki il ərzində başa çatdırılması planlaşdırılır. Hazırda isə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
2011-ci ili uğurla başa vuran inşaatçılar hazırda cari ilin podrat proqramlarının yerinə yetirilməsi istiqamətində konkret işlər həyata keçirirlər. Bütün bu tədbirlərin yerinə yetirilməsi isə öz növbəsində ölkəmizin neft-qaz sənayesinin infrastruktur imkanlarının daha da genişlənməsinə səbəb olacaq.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.