Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri zamanı bu fikir bir daha öz təsdiqini tapmışdır. Xatırladaq ki, səfər çərçivəsində dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir. Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş işlər barədə məlumat verilərək bildirilmişdir ki, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunmuş, geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Abidənin yaxınlığında inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəmliyi ilə kompleksin görkəminə xüsusi yaraşıq verir. Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirmişdir.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışı zamanı bildirilmişdir ki, bu mərkəzin ikimərtəbəli binasının tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadratmetrdir. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə ulu öndərin büstü qoyulmuşdur. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırmış, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoymuşdur. Məhz bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artmağa başlamış, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilmiş və onları reallaşdırmışdır. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlu inkişafın təməlində Heydər Əliyevin müdrik siyasi zəkası və uzaqgörənliyi durur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusara səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının açılışında da iştirak etmişdir. Mərasimdə Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev dövlət başçısına məlumat vermişdir ki, 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının təməli 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Tikintisi Dövlət Neft Şirkətinin vəsaiti hesabına həyata keçirilən xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunmuşdur. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilmişdir.
Qeyd edilmişdir ki, ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət göstərir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Respublikamızda səhiyyə xidmətinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyə müəssisəsi inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir.
Dövlət başçısı xəstəxananın dördüncü mərtəbəsindəki əməliyyat bloku ilə tanışlıq zamanı bildirilmişdir ki, əməliyyat bloku ən son avadanlıqla təchiz olunmuşdur. Burada ekspress laboratoriya, reanimasiya zalı, palatalar və intensiv terapiya palataları vardır. Xəstəxanada quraşdırılan avadanlıq inkişaf etmiş ölkələrdə istehsal olunmuşdur. Bu avadanlıq səhiyyə sahəsində müasir tibbi əməliyyatlarda istifadə edilir.
Diqqətə çatdırılmışdır ki, xəstəxanadakı palatalar ən müasir tələblərə cavab verir. Burada xəstələrin özlərini rahat və təhlükəsiz hiss etmələri üçün geniş imkanlar yaradılmışdır. Xəstəxanadakı doğum, pediatriya və digər şöbələr də tibb elminin ən son elmi-texniki tələblərinə cavab verən avadanlıqla təmin olunmuşdur. Burada onkoloq, nevropatoloq, uroloq, kardioloq və digər həkim otaqları yaradılmışdır. Xəstəxananın laboratoriyası da yüksək səviyyədə qurulmuşdur. Buradakı müasir avadanlıq laboratoriyada biokimyəvi, bakterioloji və ümumi klinik laborator müayinələr aparmaq üçün geniş imkanlar yaradır.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivilə görüşündə bildirmişdir ki, xəstəxananın açılışı doğrudan da, böyük hadisədir... Burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaqdır. Yəni, burada yaradılan şəraitə uyğun olmalıdır. Burada quraşdırılan yeni, ən müasir avadanlıq insanların sağlamlığında mühüm rol oynayacaqdır. Ancaq bu avadanlıqla işləmək üçün həkimlər təlim kursları keçməlidirlər. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir və burada insanlara ən gözəl xidmət göstərilməlidir.
Prezident İlham Əliyev daha sonra demişdir: "...Şimal zonasının səhiyyə məsələləri uğurla həll olunur, əvvəlki dövrlərdə ətraf rayonların hamısında tibb mərkəzləri tikilmişdir. Qubada Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir. Siyəzəndə hələ 2004-cü ildə Dövlət Neft Şirkəti tərəfindən xəstəxana tikilmişdir. Ondan sonra biz Xaçmazda, Şabranda və nəhayət, Qusarda bu xəstəxananın açılışını qeyd edirik. Beləliklə, şimal zonasının əsas səhiyyə məsələləri öz həllini tapır. Bütövlükdə ölkə üzrə hər bir bölgədə yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılır və açılacaqdır. Gələn ilin sonuna qədər biz çalışmalıyıq ki, hər bir rayonda, rayon mərkəzində ən müasir standartlara cavab verən tibb mərkəzləri fəaliyyətə başlasın. Təbii ki, Bakı şəhərində də bu proses geniş vüsət almışdır. Bakıda son illər ərzində ən müasir xəstəxanalar tikilmişdir. Bu xəstəxanaların fəaliyyətə başlaması Bakını bölgənin, yəni, regionun, o cümlədən səhiyyə sahəsində mərkəzinə çevirəcəkdir. Xəstəxananın tikintisini Dövlət Neft Şirkəti icra etmişdir. Dövlət Neft Şirkəti Azərbaycanın və bölgənin, regionun ən böyük şirkətidir, böyük funksiyaları, vəzifələri vardır, Azərbaycan iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoruna aiddir. Bununla bərabər, Dövlət Neft Şirkəti çoxsaylı sosial proqramları icra edir. Vaxtilə mən bu göstərişi vermişəm ki, ölkəmizin ən böyük şirkəti sosial sahədə də ən böyük nailiyyətlərə çatmalıdır. Mən çox şadam ki, Dövlət Neft Şirkəti tərəfindən artıq ondan çox yeni müalicə-diaqnostika mərkəzi tikilmişdir".
Dövlət başçısı vurğulamışdır ki, Qusar rayonunun inkişafı ilə bağlı konkret proqramlar icra edilir... Qusarda dəfələrlə olmuşam və çox şadam ki, bu rayonda həm sosial, həm infrastruktur layihələri icra edilir. Rayonun inkişafı üçün vacib olan Şahdağ Elektrik Stansiyası bir müddət bundan əvvəl tikilmişdir. Bu stansiya bütün şimal zonasını elektrik enerjisi ilə təchiz edir. Rayonun inkişafı yollar tikilmədən mümkün deyildir. Bu məqsədlə Bakı-Quba-Qusar avtomobil yolu tikilir və Quba-Qusar hissəsi indi tikilməkdədir. Bununla bərabər, rayon rəhbərliyinin xahişini nəzərə alaraq kənd yollarına da vəsait ayrılmışdır. Əvvəlki dövrdə burada olarkən biz Samur-Həzrə kənd yolunun açılışını qeyd etdik. Ancaq Həzrədən o tərəfdə yaşayan sakinlər də müraciət etmişlər ki, onların yolları da abadlaşsın və bu qərar da verildi. İndi Zuxul kəndinə qədər yeni yolun çəkilişi davam edir. Bu layihə başa çatandan sonra 30-a yaxın kənd artıq gözəl yoldan istifadə edəcəkdir.
Ölkə Prezidenti qeyd etmişdir ki, əvvəlki dövrdə Qusarda gözəl Olimpiya idman kompleksi açılmışdır. 20-yə yaxın məktəb tikilib və təmir edilmişdir. İndi gözəl xəstəxana açılır. Rayonun inkişafı üçün lazım olan maliyyə dəstəyi də verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara kreditlər ayrılır və ölkə miqyasında qeyri-neft sektorunda ən böyük investisiya layihəsi də məhz Qusar rayonunda həyata keçirilir. Şahdağ Qış-Yay Xizək Mərkəzinin tikintisi sürətlə və uğurla gedir. Ümid edirəm ki, bu gözəl, möhtəşəm mərkəz öz qapılarını bu ilin sonuna qədər insanların üzünə açacaqdır...
Dövlət başçısı mərasimdə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərini də diqqətə çatdırmışdır: "Bütövlükdə ölkəmiz inamla inkişaf edir. Bütün iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran dövründə beynəlxalq maliyyə qurumları Azərbaycanın iqtisadi reytinqini artırırlar. Avropanın inkişaf etmiş ölkələrinin reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın reytinqi qalxır. Bu, ölkəmizdə görülən işlərin nəticəsidir. İş olan yerdə nəticə də olur. Biz işləyirik və özü də yaxşı işləyirik.
Keçən ilin göstəriciləri də çox sevindiricidir. Keçən il qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Bu ilin birinci ayının yekunları da müsbətdir. Qeyri-neft sənayemiz 10 faizdən çox artmışdır. Hər bir yerdə yeni sənaye müəssisələri, yeni binalar, yeni zavodlar, fabriklər, turizm mərkəzləri yaradılır. Ancaq əlbəttə ki, hər bir rayonun öz xüsusiyyəti var və biz ümumi inkişaf planımızı buna uyğun şəkildə həyata keçiririk".
Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, Azərbaycan bu bölgədə sabitlik, təhlükəsizlik adasıdır, inkişaf məkanıdır. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, - birinci iki ili istisna etmək şərti ilə, - bu gözəl ənənələr yaşayır. Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı və Azərbaycana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə də gücləndi.
Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında da iştirak etmişdir. Məlumat verilmişdir ki, şahmat mərkəzində yeniyetmələrin və gənclərin idmanın bu növü ilə məşğul olmaları üçün geniş imkanlar yaradılmışdır. İkimərtəbəli bina həm də rayonun ümumi görkəminə əlavə çalarlar qatır. Şahmat mərkəzinin ümumi həyətyanı sahəsi 1500 kvadratmetrdir. Binanın ətrafında geniş abadlıq işləri görülmüşdür.
Dövlət başçısının diqqətinə çatdırılmışdır ki, bina əvvəllər "Nizami" kinoteatrı kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə burada əsaslı təmir və yenidənqurma işləri aparılmış və müasir tələblərə cavab verən şahmat mərkəzi yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend quraşdırılmışdır. Burada şahmatı ayaqüstü oynamaq üçün iki lövhə quraşdırılmışdır. Mərkəzdə iki məşğələ otağı və turnir zalı idmançıların ixtiyarına verilmişdir. Turnir zalında həm respublika, həm də beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi üçün geniş imkanlar vardır. Zalda 40 şahmat stolu qoyulmuşdur ki, onlardan 10-u elektron lövhəlidir. Belə lövhəli stollarda keçirilən oyunları internet vasitəsilə izləmək və nəzarət etmək mümkündür. Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində yolüstü Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələri ilə də görüşmüşdür. Dövlət başçısı sakinlərlə söhbət zamanı demişdir ki, bu gün Qusarda yeni xəstəxananın açılışında iştirak etdik. İndi sizin qəsəbənin hər iki tərəfində xəstəxana vardır. Həm Qubada, həm də Qusarda. Buradan Qusara 10-15 dəqiqəlik yoldur. Yeni xəstəxana həm də sizə xidmət göstərəcəkdir. Orada bütün müasir diaqnostika avadanlığı vardır. Sizə də məsləhət görürəm ki, gedib müayinə olunasınız.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.