Tbilisi şəhərində Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir. 350 nəfərdən çox iş adamının iştirak etdiyi biznes forumun təşkilatçıları ölkəmiz tərəfdən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Türkiyənin Odalar və Borsalar Birliyi (TOBB) və Gürcüstanın "İnvest in Georgio" milli investisiya agentliyidir. Biznes forumda hər üç tərəfdən kənd təsərrüfatı, tikinti, turizm, toxuculuq, energetika, daşınmaz əmlak və əczaçılıq sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətimiz Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, büstün önünə əklil qoymuşdur.
Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobalia forumun iştirakçılarını salamlayaraq tədbirin Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsinə xidmət göstərəcəyini vurğulamışdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev hər üç ölkənin iqtisadi potensialının, əlverişli coğrafi mövqeyinin, böyük tranzit imkanlarının, eləcə də bu üstünlüklərin reallaşdırılması üçün həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin regionu Avropa ilə Asiya arasında səmərəli iqtisadi əməkdaşlığın zəruri bir həlqəsinə çevirdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanın və Orta Asiya regionunun enerji ehtiyatları Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilir, ölkələrimiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu, regionun əhəmiyyətini daha da artırır. Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığının dünyaya nümunə olduğunu qeyd edən nazir Ş.Mustafayev Azərbaycanda Gürcüstan və Türkiyə ilə siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verildiyini, ölkə başçılarının səyləri nəticəsində bu əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışdır. Təsadüfi deyildir ki, Azərbaycan-Türkiyə münasibətlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev "Biz bir millət, iki dövlətik" kimi xarakterizə edirdi. Azərbaycan-Gürcüstan əlaqələrindən danışarkən isə Prezident İlham Əliyev ölkələrimiz arasında strateji dostluğun və müttəfiqliyin artıq dünya miqyasında çox mühüm amilə çevrildiyini qeyd etmişdir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında möhkəm qanunvericilik bazası yaradılmışdır. Ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyalar da əməkdaşlığın inkişafında böyük rol oynayır. Son 5 ildə Azərbaycan tərəfdən Gürcüstan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur. ARDNŞ-in törəmə şirkəti olan "SOCAR Georgia Petroleum" şirkəti 2010-2011-ci illərdə Gürcüstanda neft məhsulları sahəsində ən iri vergi ödəyicisi, ötən il 32 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu ilə Gürcüstanda ilin ən iri sərmayədarı olmuşdur. Ümumiyyətlə, son 5 ildə şirkət tərəfindən Gürcüstan iqtisadiyyatına 700 milyon ABŞ dollarından çox investisiya yatırılmışdır. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində 7 min iş yeri açılmışdır. Azərbaycanda Gürcüstan sərmayələri əsasında 106, Gürcüstanda isə Azərbaycan sərmayələri əsasında 272 şirkət qeydiyyata alınmışdır. 2011-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 36 faiz artmışdır. ARDNŞ və digər Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına 4,4 milyard ABŞ dolları məbləğində investisiya yatırmışdır. Azərbaycanda Türkiyə sərmayələri əsasında 967 şirkət, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 844 şirkət qeydiyyatdan keçmişdir. 2010-cu illə müqayisədə 2011-ci ildə Azərbaycan və Türkiyə arasında xarici ticarət dövriyyəsi 87 faiz artmışdır. Bundan başqa, Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi, ölkəmizdə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB), Gürcüstanda Azərbaycan İşgüzar Birliyi və AZPROMO-nun nümayəndəliyi fəaliyyət göstərir, ölkələrimiz arasında hər il biznes forumlar, işgüzar görüşlər keçirilir. Bütün bunlar isə iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına töhfəsini verəcək, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaqdır.
Ş.Mustafayev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin qazandığı uğurlar barədə də ətraflı məlumat vermişdir. Nazir üçtərəfli formatda növbəti bu cür biznes forumun Azərbaycanda keçirilməsini təklif etmişdir. Biznes forumda Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Kaxa Bainduraşvili ölkəsinin biznes mühiti və investisiya potensialı, AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin biznes və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun qeyri-neft sektorunda həyata keçirdiyi layihələr, TOBB-un rəhbəri Rifat Hisarçıklıoğlu, Türkiyə-Gürcüstan Biznes Şurasının həmsədri Cemal İnaişvili, qurumun digər həmsədri Tuqrul Erkin ölkələr arasındakı iqtisadi-ticarət əlaqələri barədə təqdimatlarla çıxış etmişlər. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir.
Şahin Mustafayevin Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobalia, TOBB-un prezidenti Rifat Hisarçıklıoğlu ilə keçirilmiş görüşlərində ölkələrimiz arasındakı əlaqələr, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir. Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan bizimlə söhbət zamanı demişdir: "Üç ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə Tbilisidə iş adamlarının qatıldığı forum böyük əhəmiyyət kəsb edir. Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə münasibətləri gündən-günə möhkəmlənir və bu istiqamətdə hörmətli dövlət başçılarımızın tapşırıqlarına əməl edilməsi gələcək böyük uğurlarımızdan xəbər verir. Dünyanın ciddi iqtisadi böhranla üzləşdiyi bir zamanda belə bir üçtərəfli biznes forumun ölkələrimizin iqtisadi qüdrətinin artmasına təkan verəcəyinə əminik. Üç ölkənin strateji iş birliyi qurması dünyanın diqqətini çəkən məsələlərdəndir. Belə tədbirlərdə üç dəniz bölgəsini gerçəkləşdirməyə nail olacağımız fikrindəyəm və mən bu forumu üç dəniz - Xəzər, Qara dəniz və Ağ dəniz bölgəsi birliyinin gerçəkləşdirilməsi yolunda uğurlu addım adlandırardım. Bu üç ölkənin birgə qurduğu ticarət əlaqələri Xəzər dənizindən Qara dənizə, oradan da Ağ dənizə çıxmaqla, dünyaya ayaq açacaqdır. Beləliklə, əlaqələrimizi daha da möhkəmləndirməklə dünyaya yeni mesaj verəcəyik. Bizim Azərbaycan ilə sevincimiz də, kədərimiz də birdir. Hər kəs bilməlidir ki, ermənilər Azərbaycan torpaqlarının işğalından əl çəkməyincə, Türkiyə Ermənistan ilə heç bir əlaqə yaratmayacaqdır. Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi rüsvayçı qanunla bağlı azərbaycanlı qardaşlar da bizə böyük həmrəylik göstərdilər və bu kampaniya davam etməkdədir. Fransa Prezidentinin bu səhv addımının iqtisadi baxımdan da ciddi problemlər törətməsinə baxmayaraq, Türkiyə sonadək öz mövqeyində duracaqdır.
Sonda onu qeyd etmək istərdim ki, belə görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə, investisiya yatırımının artırılmasına və nəhayət, birgə səylə dünya dövlətləri arasında nüfuzumuzun daha da artmasına xidmət göstərəcəkdir".
Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobalia üç qonşu, dost ölkənin iş adamlarının iştirakı ilə ilk dəfə Tbilisidə keçirilən üçtərəfli biznes forumun gələcək fəaliyyətin səmərəli təşkilinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Dünyanı iqtisadi böhran bürüdüyü bir məqamda belə birgə tədbirlərlə ölkələrimizin iqtisadi inkişafına təminat yaradılacağını deyən nazir Azərbaycan, Türkiyə və Gürcüstanın hər sahədə əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyindən məmnunluq duyduğunu demişdir. V.Kobalia qeyd etmişdir ki, məhz bu birlik sayəsində iqtisadiyyatımız yüksəlir və ötən il Gürcüstanda iqtisadi inkişaf 7 faiz təşkil etmişdir. Nazir ölkəsində biznesin təşkili, infrastrukturun inkişafı, bank, gömrük və s. sahələrdə görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Biznes forumdan sonra hər üç nazir jurnalistlər üçün brifinq keçirmişdir.
Gürcüstanın Prezidenti Mixeil Saakaşvili Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevi qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Sonda Şahin Mustafayev Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.
{nl}
İslam ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.