2011-ci ildə ölkənin sosial, iqtisadi inkişafı

Ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən bütün sosial və iqtisadi öhdəliklərin tam yerinə yetirilməsi, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin və yoxsulluğun minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan inkişaf 2011-ci ildə də davam etmişdir. 
Əldə olunmuş makroiqtisadi göstəricilər ölkəmizin inkişafını əks etdirir.Ölkənin inkişafını xarakterizə edən əsas makro göstərici-ümumi daxili məhsul istehsalı 0,1 faiz və ya müqayisəli qiymətlərlə 40.0 milyon manat artaraq 50,1 milyard manata çatmış, ÜDM-in əhalinin hər nəfərinə həcmi 5530,6 manat (7003,4 ABŞ dolları) təşkil etmişdir. 
İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,4 faiz artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir. Ümumi daxili məhsulun 51,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 9,3 faiz azalmışdır.
Bununla yanaşı, 2011-ci ildə iqtisadiyyatın qalan sahələrində nəzərəçarpacaq artım müşahidə edilmişdir. Əlavə dəyər turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahələrində 22,6 faiz, tikintidə 20,0 faiz, informasiya və rabitədə 11,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 10,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,8 faiz, sosial və digər xidmətlər sahəsində 5,7 faiz artmışdır.
ÜDM-in 53,9 faizi sənayedə, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 8,3 faizi tikintidə, 6,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,2 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitədə, 12,0 faizi sosial və digər xidmət sahələrində istehsal olunmuş, məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı isə 6,0 faiz təşkil etmişdir.
2011-ci ildə sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 34,6 milyard manatlıq məhsul istehsal olunaraq 2010-cu illə müqayisədə 5.0 faiz azalmışdır. Sənaye məhsulu istehsalı qeyri-neft bölməsində 11,1 faiz artmış, neft sektorunda isə 8,5 faiz azalmışdır. Sənaye məhsulunun 77,9 faizi mədənçıxarma bölməsində, 17,1 faizi emal bölməsində, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,5 faizini təşkil etmiş, ümumi istehsalın 92,7 faizi sənaye mallarının (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.
Mədənçıxarma bölməsində istehsalın həcmi 26,9 milyard manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsindən 8,4 faiz aşağı olmuşdur. Sahənin əsas məhsullarından olan xam neft hasilatı 45,4 milyon ton, təbii qaz hasilatı isə 25,7 milyard kubmetr olmuş, neft hasilatı 10,5 faiz, qaz hasilatı isə 2,2 faiz azalmışdır. İl ərzində 1775 kq qızıl, 1217 kq gümüş istehsal olunmuşdur. Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 2,9 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 1,2 milyon ton tikinti qumu, 370,1 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir.
Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,9 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə istehsalın həcmi 7,1 faiz artmaqla daha çox hissəsi - qida məhsullarının istehsalının payına düşmüşdür. Əksər qida məhsullarının istehsalında artım müşahidə olunmuş, onlardan kolbasa məmulatlarının istehsalı 11,5 faiz artaraq 2,0 min ton, pendir və kəsmik istehsalı 2,2 faiz artaraq 44,3 min ton, ət 4,6 faiz artaraq 258,0 min ton, süd 5,4 faiz artaraq 708,9 min ton, kərə yağı 0,8 faiz artaraq 21,1 min ton, cem və marmeladlar 1,8 faiz artaraq 10,4 min ton olmuşdur.
Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 85,2 milyon manatlıq məhsul, o cümlədən 15,8 min ton pambıq lifi, 9,8 min ton pambıq iplik, 1,5 min kvadratmetr xalça və xalça məmulatları, 3,2 milyon cüt corab məmulatları, 121,6 min ədəd kişi paltoları və s. məhsullar istehsal edilmişdir.
Neft məhsullarının istehsalında 0,9 faiz artım müşahidə olunmuşdur. 1,3 milyon ton avtomobil benzini, 621,5 min ton ağ neft, 2,5 milyon ton dizel yanacağı istehsal olunmuş, sürtkü yağlarının istehsalında 4,8 faiz, neft bitumunda 10,1 faiz, soba mazutunda 8,4 faiz artım müşahidə olunmuşdur.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 257,8 milyon manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə məhsul istehsalı kimya sənayesində 22,4 faiz, rezin və plastmas məmulatların istehsalında 18,8 faiz artmışdır. Əsas kimya məhsullarından polietilenin istehsalında 1,4 dəfə, kaustik sodanın istehsalında 1,6 dəfə, propilenin istehsalında 13,5 faiz artım müşahidə olunmuşdur. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 1,9 dəfə, polimer örtüklərin istehsalı 11,0 faiz artmışdır.
Tikinti materialları sənayesi müəssisələri tərəfindən 268,0 milyon manatlıq və ya 3,9 faiz çox məhsul istehsal edilmişdir. 1,4 milyon ton sement, 100,3 min ton tikinti gipsi, 1,1 milyon ton hörmə üçün hazır beton qarışığı, 46,5 min kub-metr betondan yığma-tikinti konstruksiyaları, 353,8 min ton asfalt, 244,2 min kub-metr tikinti kərpici və s. məhsullar istehsal edilmişdir.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 293,3 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 1,9 dəfə artmış, hazır metal məmulatlarının istehsalı sahəsində isə 3,9 faiz azalmışdır. 2010-cu ilə nisbətən 203,7 min ton və ya 1,6 dəfə çox polad tökmə məhsulları, 176,7 min ton və ya 1,4 dəfə çox armatur, 98,5 min ton və ya 2,7 dəfə çox polad borular istehsal edilmişdir.
Kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal həcmi 192,0 milyon manat olmuşdur. Ötən illə müqayisədə kompüter və digər elektron avadanlıqların istehsalı 28,2 faiz artmış, elektrik avadanlıqlarının istehsalı isə 27,1 faiz azalmışdır. İl ərzində 331 ədəd güc transformatorları, 209 ədəd elektrik mühərrikləri istehsal olunmuş, televizorlar istehsalında 2,1 dəfə, məişət soyuducularında 16,5 faiz artım müşahidə olunmuşdur.
Maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 170,5 milyon manat olmaqla maşın və avadanlıqların istehsalında 25,3 faiz artmış, avtomobil istehsalında isə 6,1 faiz azalmış, 727 ədəd yük avtomobili, 556 ədəd minik avtomobili istehsal edilmişdir.
Sənayedə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən il ərzində 1553,4 milyon manatlıq məhsul istehsal olunmuş, xidmətlər göstərilmiş, ötən illə müqayisədə 8,4 faizlik artım əldə edilmişdir. Ölkədə 20,1 milyard kVt-saat və ya 8,4 faiz çox elektrik enerjisi istehsal olunmuş, onun 13,3 faizi su elektrik stansiyalarının, 86,7 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 12,0 faiz artmışdır.
2011-ci ildə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ilə nisbətən 33,5 faiz, o cümlədən mədənçıxarma sənayesi məhsulları üzrə 39,1 faiz, emal sənayesi üzrə 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 48,5 faiz artmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində isə istehsalçı qiymətləri dəyişilməmişdir.
2011-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat vəsait yönəldilmiş, onun 61,2 faizi və ya 7821,0 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 17,5 faiz çox olmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 7482,3 milyon manat, qeyri-dövlət müəssisələri isə 5294,1 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 5502,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 7273,6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin 80,3 faizini daxili, 19,7 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmiş, daxili mənbələrdən yönəldilən vəsaitlərin 67,3 faizi dövlət müəssisə və təşkilatlarının, 32,7 faizi qeyri-dövlət müəssisələrinin payına düşür.
Əsas kapitala yönəldilmiş bütün vəsaitin 38,0 faizi sənaye sahələrinin inkişafına, 21,1 faizi nəqliyyat və anbar təsərrüfatına, 9,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,1 faizi mənzil tikintisinə), 5,6 faizi istirahət, əyləncə və incəsənətə, 5,1 faizi dövlət idarəetməsinə, 3,8 faizi ticarətə, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 3,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birində 2,4 faiz olmaqla təhsil və səhiyyəyə, 2,2 faizi informasiya və rabitəyə, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 1,4 faizi tikintiyə, 0,3 faizi isə digər sahələrə sərf edilmişdir.
Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 9811,5 milyon manatı (76,8 faizi) qeyri-neft bölməsinin, o cümlədən 1884,2 milyon manatı (14,7 faizi) qeyri-neft sənaye sahələrinin, 2964,9 milyon manatı (23,2 faizi) neft bölməsinin inkişafında istifadə edilmişdir.
Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni tikili və obyektlərin istifadəyə verilməsi təmin edilmişdir. 2011-ci ildə Bakı şəhərində "Hilton Bakı", "Kempinski Badamdar" və "Jumeirah Bilgah Beach Hotel" otel kompleksləri, Müalicə-Diaqnostika Mərkəzi, "Dərnəgül" metro stansiyası və Tikinti materialları zavodu, Sumqayıt şəhərində Olimpiya İdman Kompleksi, Gəncə şəhərində Fiziki Qüsurlu İnsanlar üçün Regional İnformasiya Mərkəzi, Naftalan şəhərində "Çinar Hotel və SPA Naftalan" və "Qaşaltı" sanatoriya kompleksləri, Xızı rayonunda Müalicə-Diaqnostika Mərkəzi, Abşeron rayonunda mebel fabriki və AzMDF zavodu, Ağsu rayonunda şirə və şərab istehsalı zavodu, çörək zavodu və şəhər stadionu, Samux rayonunda meyvə qurudulması və emalı müəssisəsi, Ağcabədi rayonunun Ağabəyli kəndində "Atena" süd istehsalı və emalı kombinatı, Ağcabədi şəhərində süd emalı zavodu, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu (24,5 kilometrlik hissəsi), şahmat məktəbi, İmişli rayonunda qarışıq yem və bitki yağları fabrikləri, İmişli-Qaravəlili-Mirili avtomobil yolu (12,0 kilometr), Olimpiya İdman Kompleksi, Araz çayının yeni qolunun üzərində körpü (230 metr), Qəbələ rayonunda Beynəlxalq Aeroport, Olimpiya İdman Kompleksi, limonad zavodu və "Qafqaz Sport Hotel" mehmanxanası, Şəki rayonunda şərab zavodu, "Green Hill İnn" mehmanxanası, Qax rayonunda Avtovağzal Kompleksi, "El Resort" mehmanxanası, Oğuz rayonunda qarğıdalı emalı zavodu və qlükoza istehsalı müəssisəsi, Ucar rayonunda şahmat məktəbi, Göyçay rayonunda meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar, Qobustan rayonunda Taxıl Anbarı Kompleksi və Eksperimental Poliqon və Tədris Mərkəzi, Quba rayonunda avtovağzal binası, şahmat məktəbi və Quba-Qəçrəş-Qımılqazma avtomobil yolu (22 kilometr), Xaçmaz rayonunda şahmat məktəbi və kondensator zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Astara-Bala Şahağac avtomobil yolu (19 kilometrlik hissəsi), Tovuz rayonunda Süd emalı zavodu, Olimpiya İdman Kompleksi, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu (53 kilometr), Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu (36 kilometr), Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissəsi, Ağdaş-Ləki avtomobil yolu (12 kilometr) istismara verilmişdir. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1922,3 min kvadratmetr olan yeni yaşayış evləri, 12608 şagird yerlik ümumtəhsil məktəbi, 254 çarpayılıq xəstəxana, növbədə 210 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 310 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub istifadəyə verilmişdir.
2011-ci ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,5 milyard manat təşkil edərək, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çox olmuş, yönəldilmiş xarici vəsaitin 2117,5 milyon manatı (84,2 faizi) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorları tərəfindən həyata keçirilmişdir.
İlkin məlumatlara görə 2011-ci ildə xarici ölkələrdən və onların firmalarından ölkəmizə 8,7 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olmuş və onun 39,3 faizi neft sektoruna yönəldilmişdir.
Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamına uyğun olaraq hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına 40 manat yardımın verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə hər hektar üçün əlavə olaraq 40 manat yardımın verilməsi və bütövlüklə sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyinin (güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması, cins mal-qaranın satışı və s.) ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz müsbət təsirini göstərmiş və nəticədə ölkənin aqrar bölməsi 2011-ci ili uğurla başa vurmuşdur.
Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4525,2 milyon manat olmuş, onun sabit qiymətlərlə dəyəri 2010-cu ildəkinə nisbətən 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 8,0 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,5 faiz artmışdır.
Kənd təsərrüfatının ümumi məhsulunda bitkiçilik məhsullarının xüsusi çəkisi 51,7 faiz, heyvandarlıq məhsullarının isə müvafiq olaraq 48,3 faiz olmuşdur.
Bitkiçilik. 2011-ci ildə qarğıdalı da daxil olmaqla 967,0 min hektar sahədən, hər hektardan orta hesabla 25,4 sentner olmaqla, 2458,5 min ton taxıl məhsulu toplanmış və 2010-cu ilə nisbətən onun istehsalı 22,9 faiz və ya 458,0 min ton artmışdır.
2011-ci ildə 65,3 min ton xam pambıq istehsal edilərək 2010-cu illə müqayisədə 1,7 dəfə artmış, tütün istehsalı 10,6 faiz artaraq 3,6 min tona çatmışdır. Pambıq və tütün istehsalının artmasına əkin sahəsinin genişləndirilməsi və orta məhsuldarlığının yüksəlməsi təsir göstərmişdir. Ölkədə ötən il 7,3 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış və həmin sahələrdən 254,7 min ton məhsul götürülmüşdür. Ötən il sahələrdən 938,5 min ton kartof, 1214,8 min ton tərəvəz məhsulu toplanmış, kartofun istehsalı 1,6 faiz azalmış, tərəvəzin istehsalı
2,1 faiz, bostan məhsulları istehsalı isə 10,3 faiz artaraq 478,0 min tona çatmışdır. 2011-ci ildə 765,8 min ton meyvə və giləmeyvə, 137,0 min ton üzüm istehsal edilmiş və 2010-cu ilə nisbətən meyvə və giləmeyvə istehsalı 5,0 faiz, üzüm istehsalı 5,8 faiz artmış, yaşıl çay yarpağı istehsalı isə 2 faiz azalaraq 534 ton təşkil etmişdir.
2011-ci ildə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ilə nisbətən 10,3 faiz bahalaşmışdır.
Heyvandarlıq. Heyvandarlıq kənd təsərrüfatının vacib sahəsidir və son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər heyvanların məhsuldarlıqlarının yüksəldilməsinə və mal-qaranın baş sayının sabitləşdirilməsinə səbəb olmaqla yanaşı, məhsul istehsalına da öz müsbət təsirini göstərmişdir.
2012-ci il yanvarın 1-i vəziyyətinə iri buynuzlu mal-qaranın baş sayı 2670,5 min başa, qoyun və keçilərin baş sayı 8510,1 min başa çatmış, iri buynuzlu mal-qara sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,0 faiz təşkil etmişdir.
2011-ci ildə diri çəkidə 458,9 min ton ət, 1622,3 min ton süd, 1008,1 milyon ədəd yumurta və 16,2 min ton yun istehsal edilmişdir. Ət istehsalı 2010-cu illə müqayisədə 4,3 faiz, süd 5,6 faiz, yun istehsalı 3,7 faiz artmış, yumurta istehsalı isə 14,5 faiz azalmışdır.
Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektoru dayanıqlı inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etmiş, həyata keçirilmiş transmilli layihələr sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə və əhaliyə göstərilmiş xidmətlərin üçdə iki hissəsi dəmir yolu nəqliyyatı, avtomobil və boru kəməri, 9,0 faizi dəniz, 15,3 faizi hava nəqliyyatı, qalan hissəsi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən göstərilmişdir.
Yük nəqliyyatı ilə 203,5 milyon ton və ya ötən illə müqayisədə 3,6 faiz çox yük daşınmış, qeyri-neft yüklərinin həcmi isə 9,6 faiz artmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 54,0 faizi avtonəqliyyat, 29,0 faizi boru kəməri, 10,9 faizi dəmir yolu, 6,1 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.
Ötən ildə qeyri-dövlət bölməsində yük daşınması 3,6 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 73,8 faiz təşkil etmişdir.
İl ərzində nəqliyyatçılar 1,5 milyard nəfərə və ya 2010-cu illə müqayisədə 7,5 faiz çox sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,4 faizi avtomobil, 12,2 faizi metro nəqliyyatının xidmətlərindən istifadə etmişlər.
Dəmir yolu nəqliyyatı ilə 22,1 milyon ton yük daşınmışdır. Orta hesabla sutkada 694 vaqon yüklənmiş, 493 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 30,6 min ton, Qərb istiqaməti üzrə 4,5 min ton və Cənub istiqaməti üzrə 3,4 min ton yüklənmə işi yerinə yetirilmişdir.
Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 6,7 faiz artaraq 12,5 milyon ton təşkil etmişdir. Yüklərin 57,9 faizini neft yükləri, 42,1 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. 2011-ci il ərzində dəniz limanlarında 11,9 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmiş və 10,3 faiz artım olmuşdur. İşlənmiş yüklərin 85,5 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 7,5 faiz, idxal yüklərin həcmi isə 47,7 faiz artmışdır.
Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 109,8 milyon ton yük, 1,3 milyard sərnişin daşınmış və əvvəlki illə müqayisədə müvafiq olaraq 9,9 və 8,7 faiz artmışdır. Sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Yük dövriyyəsi 9,1 faiz, sərnişin dövriyyəsi isə 11,6 faiz artmışdır. İl ərzində ölkədəki mövcud avtonəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 55,1 min ədəd artaraq 1037,6 min ədəd təşkil etmişdir. Əhalinin hər 1000 nəfərinə düşən avtomobillərin sayı son 5 ildə 1,4 dəfə artaraq 115 ədəd olmuşdur. Avtomobillərin 84,0 faizini minik avtomobilləri, 11,7 faizini yük avtomobilləri, 2,8 faizini avtobuslar, qalan hissəsini isə xüsusi təyinatlı və digər avtomobillər təşkil etmişdir.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 182,6 milyon sərnişin olmaqla 0,8 faiz artmışdır.
Hava nəqliyyatı ilə 1,4 milyon sərnişin, 50,3 min yük daşınmış, sərnişin daşınması 37,1 faiz, yük daşınması isə 27,2 faiz artmışdır.
Magistral neft kəmərləri ilə 45,6 milyon ton neft nəql edilmişdir. Nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və ötən il ərzində bu kəmər vasitəsilə 34,5 milyon ton neft ötürülmüşdür.
Magistral qaz kəmərləri ilə 18,7 milyard kubmetr və ya 7,8 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın 4,5 milyard kubmetri və ya 24,1 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmişdir.
2011-ci ildə "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 53,9 milyon ton və ya 4,3 faiz çox yük, 241,5 milyon nəfər və ya 8,2 faiz çox sərnişin daşınmışdır. Yüklərin 43,5 faizi avtomobil, 37,4 faizi dəmir yolu, 19,1 faizi dəniz nəqliyyatının payına düşmüş, dəniz nəqliyyatında 10,1 faiz, avtomobil nəqliyyatında 7,9 faiz artım qeydə alınmışdır. Yük daşımaları fəaliyyətindən 381,7 milyon manat, sərnişin daşınmasından isə 83,0 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 18,4 və 34,8 faiz artmışdır.
2011-ci ildə nəqliyyat və poçt tarifləri 5,1 faiz artmış, telekommunikasiya tarifləri isə 4,8 faiz aşağı düşmüşdür.
İnformasiya və rabitə sektoru dinamik inkişaf etmiş, təsərrüfat subyektlərinə və əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilə nisbətən 11,8 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,7 faiz təşkil etmişdir.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 61,8 faizi mobil telefon rabitəsindən yaranmış və 2010-cu illə müqayisədə bu xidmətlərin həcmi 3,6 faiz artaraq 770,0 milyon manat təşkil etmişdir. Mobil telefon abunəçilərinin sayı son bir il ərzində 162,5 min artmış, 2012-ci il yanvarın 1-nə abunəçilərdə 9,1 milyon nömrə mövcud olmuş və onların 7,0 milyonu aktiv olmaqla istifadə olunmuşdur.
İstehlak bazarında istehlakçılara 21,8 milyard manatlıq və ya 2010-cu illə müqayisədə 9,9 faiz çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Hər ölkə sakini orta hesabla ayda 200,5 manatlıq müxtəlif istehlak malları almış və pullu xidmətlərdən istifadə etmişdir.
Pərakəndə ticarət və iaşə müəssisələrində əmtəə və xidmətlərin satışı 2010-cu ilin səviyyəsini 10,6 faiz üstələyərək 16,4 milyard manat təşkil etmişdir. Pərakəndə ticarət və iaşə şəbəkələrində hər ölkə sakininə orta hesabla ayda 151,4 manatlıq və ya 2010-cu illə müqayisədə 23,8 manat çox müxtəlif əmtəə və xidmətlər təqdim edilmişdir.
İstehlak bazarından alınmış məhsulların 60,9 faizini ərzaq məhsulları, 39,1 faizini qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının satışı 3,2 faiz, qeyri-ərzaq mallarının satışı isə 28,2 faiz artmışdır. Ərzaq məhsullarının alınmasına çəkilmiş xərclərin 19,9 faizini tərəvəz məhsulları, 16,7 faizini meyvə və giləmeyvə, 14,1 faizini ət və quş, 8,5 faizini çörək məmulatları, 8,4 faizini qənd və qənnadı məmulatları, 8,0 faizini kərə yağı, süd və süd məhsulları təşkil etmişdir. Qeyri-ərzaq mallarının alınmasına ödənilmiş vəsaitin 23,1 faizi paltar və trikotaj, 18,6 faizi neft məhsulları, 7,2 faizi avtomobillər, 7,2 faizi ayaqqabı, 5,4 faizi elektrik malları, 5,4 faizi tikinti materiallarının alınmasına sərf edilmişdir.
Pərakəndə ticarət və ictimai iaşə şəbəkələrində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 3,2 faiz artaraq 10,0 milyard manata, qeyri-ərzaq mallarının həcmi 28,2 faiz artaraq 6,4 milyard manata çatmışdır. Ticarət şəbəkəsindən orta hesabla hər ay hər bir ölkə sakini 82,0 manatlıq ərzaq, 45,6 manatlıq qeyri-ərzaq malları almışdır.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi özündən əvvəlki ilin səviyyəsini 7,8 faiz üstələyərək 5332,4 milyon manata çatmışdır. Artımın 62,9 faizini hüquqi şəxslər təmin etmiş və əhaliyə 4096,1 milyon manatlıq və ya 6,3 faiz çox pullu xidmətlər göstərilmiş, hər bir ölkə sakini orta hesabla ayda 49,1 manatlıq və ya 5,0 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.
Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə 36,3 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin ümumi həcminin 73,1 faizini, yaxud 26,6 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 26,9 faizini (9,7 milyard dollarını) idxal məhsulları təşkil etmiş və nəticədə 16,8 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. 2010-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin fiziki həcmi 3,9 faiz, o cümlədən idxal 45,3 faiz artmış, ixrac isə 11,3 faiz azalmışdır.
Xarici ticarət dövriyyəsinin 80,5 faizi İtaliya, Fransa, Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Belarus, Malayziya, Çin, Koreya Respublikası və Gürcüstan dövlətlərinin hesabına formalaşmışdır.
Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 16,8 faizi Rusiyanın, 13,4 faizi Türkiyənin, 8,7 faizi Almaniyanın, 6,5 faizi Amerika Birləşmiş Ştatlarının, 6,4 faizi Çinin, 6,2 faizi Fransanın, 5,7 faizi Ukraynanın, 5,0 faizi Böyük Britaniyanın, 2,6 faizi İtaliyanın, 2,2 faizi Qazaxıstanın, 2,1 faizi Koreya Respublikasının, 1,9 faizi İsveçrənin, hər birində 1,8 faiz olmaqla Braziliya və Yaponiyanın, 1,6 faizi İranın, 17,3 faizi isə digər ölkələrin payına düşür.
İxrac olunmuş malların 35,2 faizi İtaliyaya, 15,2 faizi Fransaya, 6,8 faizi Amerika Birləşmiş Ştatlarına, 4,5 faizi Rusiyaya, hər birində 3,4 faiz olmaqla İndoneziya və Ukraynaya, 3,1 faizi İsrailə, hər birində 2,5 faiz olmaqla Belarus və Malayziyaya, hər birində 2,0 faiz olmaqla Gürcüstan və Almaniyaya, 1,8 faizi Virgin adalarına (ABŞ), hər birində 1,7 faiz olmaqla Türkiyə və Koreya Respublikasına, 1,5 faizi Bolqarıstana, qalan 12,7 faizi isə digər ölkələrə göndərilmişdir.
Xarici ticarət dövriyyəsinin 30,8 milyard dolları, yaxud 84,9 faizi, o cümlədən ixracın 23,6 milyard dolları (89,0 faizi), idxalın 7,2 milyard dolları (73,8 faizi) MDB-yə üzv ölkələr istisna olmaqla, digər dövlətlərin payına düşmüşdür. 2010-cu illə müqayisədə bu ölkələrlə ticarət dövriyyəsinin real həcmi 2,5 faiz, o cümlədən idxal 57,4 faiz artmış, ixrac olunan malların həcmi isə 14,3 faiz azalmışdır.
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 5,5 milyard dollar, o cümlədən ixrac 2,9 milyard, idxal 2,6 milyard dollar olmuşdur. 2010-cu ilə nisbətən Birlik ölkələri ilə ticarət dövriyyəsinin real həcmi 22,9 faiz, o cümlədən ixrac 25,7 faiz, idxal olunan malların həcmi 19,7 faiz artmışdır.
2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar 2009-2011-ci illər ərzində ölkədə 240,7 min yeni, o cümlədən 179,6 min daimi iş yeri açılmışdır. Təkcə 2011-ci ildə 94,1 min, o cümlədən 72,3 min daimi iş yerləri yaradılmış, bu da işsizliyin səviyyəsinin aşağı salınmasının demək olar ki, əsas amillərindən biridir. Maliyyə Nazirliyinin operativ məlumatlarına görə, 2011-ci ildə dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz artaraq 15,7 milyard manata, xərcləri isə 30,8 faiz artaraq 15,4 milyard manata çatmış, büdcənin icrasında yaranmış 306,0 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizini təşkil etmişdir.
Büdcə xərclərinin 6,8 milyard manatı (44,2 faizi) iqtisadiyyatın inkişafına, 1,5 milyard manatı (9,7 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,8 milyard manatı (11,4 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilmişdir.
Cari il yanvarın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,0 faiz artaraq 9,9 milyard manata çatmışdır. Kredit qoyuluşunun 33,2 faizi dövlət, 64,3 faizi özəl banklar, 2,5 faizi isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 69,3 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 6,4 faizinin ödənilmə vaxtı keçmişdir.
2012-ci il yanvarın 1-nə olan məlumatlara görə, əhalinin banklardakı əmanətlərinin məbləği 4,1 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,0 faiz artmışdır. Əmanətlərin 2281,7 milyon manatı (55,4 faizi) milli, 1838,1 milyon manatı (44,6 faizi) xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 61,8 və 13,5 faiz artmışdır. Vəsaitlərin 76,4 faizi (3,1 milyard manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşmüşdür.
2011-ci ildə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2010-cu ilə nisbətən 7,9 faiz, ərzaq məhsullarının qiymətləri 10,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,6 faiz, xidmət tarifləri 4,7 bahalaşmışdır. Ərzaq məhsullarından "Balıq məhsulları" qrupu məhsullarının qiymətləri 5,5 faiz, "Meyvə" qrupu 18,0 faiz, "Tərəvəz" qrupu 11,6 faiz, "Süd məhsulları, pendir və yumurta" qrupu 9,8 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər" qrupu 8,2 faiz, "Ət məhsulları" qrupu 10,8 faiz, "Yağ və piylər" qrupu 10,1 faiz, "Tütün məmulatları" qrupu 7,8 faiz, "Çörək məmulatları və yarmalar qrupu 10,6 faiz, "Qəhvə, çay və kakao" qrupu məhsullarının qiymətləri 3,5 faiz bahalaşmışdır.
Qeyri-ərzaq mallarından "Xalça və digər döşəmə örtükləri" qrupu mallarının qiymətləri 0,9 faiz, "İri alət və avadanlıqlar" qrupu 2,3 faiz, "Telefon faksimil cihazları" qrupu mallarının qiymətləri 0,6 faiz ucuzlaşmış, "Parçalar" qrupu mallarının qiymətləri 0,8 faiz, "Geyim" qrupu 4,6 faiz, "Ayaqqabı" qrupu 0,6 faiz, "İnşaat materialları" qrupu 4,8 faiz, "Mebel və ev əşyaları" qrupu 3,2 faiz, "Məişət cihazları" qrupu 0,9 faiz, "Şüşə məmulatları, yemək qabları və əşyaları" qrupu 1,2 faiz, "Dərmanlar" qrupu mallarının qiymətləri 0,3 faiz bahalaşmışdır.
Yola saldığımız ildə "Paltarların təmizlənməsi, təmiri və kirayəsi" qrupuna daxil xidmətlərin tarifləri 1,6 faiz, "Ayaqqabıların təmiri" qrupu 3,3 faiz, "Soyuq su təchizatı" qrupu 55,2 faiz, "Zibilin daşınması" qrupu 9,6 faiz, "Kanalizasiya xidməti" qrupu 12,2 faiz, "İsti su təchizatı, buxar qızdırıcısı" qrupu 16,7 faiz, "Məişət cihazlarının təmiri" qrupu 0,3 faiz, "Tibbi xidmət" qrupu 0,2 faiz, "Stomatoloji xidmət " qrupu 2,3 faiz, "Dəmiryol sərnişindaşıma nəqliyyatı" qrupu 19,6 faiz, "Hava sərnişindaşıma nəqliyyatı" qrupu tarifləri 6,4 faiz bahalaşmışdır.
2011-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 19,6 faiz artaraq 30,6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 18,1 faiz artaraq 3383,8 manat və ya ayda orta hesabla 282,0 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 10,2 faiz bəndi üstələmiş, başqa sözlə, əhalinin real gəlirləri 9,5 faiz artmışdır.
Gəlirlərin 63,3 faizi son istehlaka, 7,9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 27,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. Əhalinin sərəncamında qalan gəlir 28,2 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 20,5 faiz artmışdır.
2011-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 9,5 faiz artaraq 363,1 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 521,4 manat, tikinti kompleksində 518,9 manat, nəqliyyatda 447,0 manat, rabitədə 575,7 manat təşkil etmişdir.
Neft sektorunda aylıq əmək haqqı 1176,0 manat, qeyri-neft sektorunda 340,5 manat, dövlət bölməsində 302,5 manat, özəl bölmədə 464,3 manat təşkil etmişdir.
Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərmiş və ilkin məlumatlara görə bir il ərzində yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6 faizə enmişdir. Qeyd etmək lazımdır ki, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə isə 9,1 faiz təşkil etmişdir. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalmışdır.
Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən ötən il pensiyaların və sosial müavinətlərin məbləği artırılmışdır. İlkin məlumatlara əsasən, 2012-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1278 min nəfər olmuş və ölkə əhalisinin 13,8 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 145 manata çatmış və orta əmək haqqının 40 faizini təşkil etmişdir.
Cari ilin əvvəlinə 306,8 min nəfər sosial müavinət, 125,5 min nəfər birdəfəlik müavinət, 34,3 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 120,5 min ailənin 542 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır.
Ölkədə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində geniş islahatlar aparılır. Regionlarında yeni, müasir xəstəxanalar, diaqnostika mərkəzləri, rayon xəstəxanaları və poliklinikalar tikilmiş, Uşaq Nevroloji Xəstəxanası, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əsaslı təmirdən sonra istifadəyə verilmişdir. İlkin məlumatlara əsasən, 2012-ci ilin əvvəlinə ölkədə 33 min həkim və 60 min orta tibb işçisi çalışan 516 xəstəxana və 1688 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim və 65 orta tibb işçisi düşür.
Ekologiya məsələlərinin dövlətin daim diqqət mərkəzində olması ətraf mühitin qorunması istiqamətində aparılan işlərə böyük təkan verir. 2012-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,3 min hektar olan 11 dövlət ekoloji qoruğu və sahəsi 310,5 min hektar olan 8 milli park mövcud olmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2011-ci ildə 1361 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər dörd müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinə ilə əhatə olunmuş hər yeddi müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınmışdır.
Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 660 nəfər vəzifəli şəxs və vətəndaşdan 810 min manat məbləğində cərimə tutulmuşdur. Bundan başqa, 366 müəssisəyə qarşı qaldırılmış iddialara əsasən həmin müəssisələr 130,1 min manat həcmində cərimə ödəmişlər.
Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi və ümumbəşəri dəyərlərə əsaslanır və Boloniya prosesində yaxından iştirak etməklə ümumdünya təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf etməkdədir. Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir.
2012-ci ilin yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1624 dövlət və 15 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 114 min uşaq və ya 1-5 yaşlı uşaqların 17,6 faizi tərbiyə alır.
2011/2012-ci tədris ilinin əvvəlinə ölkənin 4498 dövlət və 18 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil almışdır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6667 uşağın təhsil aldığı 19 xüsusi məktəb və ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir. Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 632 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 75 min nəfər şagird təhsil alır.
Son illər ikinci və üçüncü növbələrdə məşğul olan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, şəhər yerlərində yerləşən ümumi təhsil müəssisələrində bu göstərici 21,4 faizdən 20,3 faizə, kənd yerlərində isə 17,5 faizdən 17,0 faizə düşmüşdür.
Dövlət ümumi təhsil müəssisələrinin sayında lisey və gimnaziyalar şəbəkəsinin inkişafı davam edir. 2011/2012-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 50 min nəfərdən artıq olan 79 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərmişdir.
Dövlət Statistika Komitəsi tərəfindən 2011-ci ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 87 faizi, o cümlədən şəhər yerlərində 94 faizi, kənd yerlərində isə 84 faizi kompyuterlərlə təmin olunmuşdur.
Əvvəlki illə müqayisədə kompyuterlərin sayı 2,4 min ədəd və ya 6 faiz artaraq, 42,5 minə çatmışdır. Hazırda hər 30 şagirdə orta hesabla bir kompyuter düşür, halbuki 5 il əvvəl 101 şagirdə bir kompyuter düşürdü. Cari tədris ilinin əvvəlinə 79 faiz şəhər, 35 faiz kənd ümümi təhsil müəssisələrinin internetə çıxışı, 23 faiz şəhər, 7 faiz kənd ümümi təhsil müəssisələrinin isə elektron poçtu olmuşdur.
2011/2012-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 54,5 min tələbə təhsil almış, onların üçdə iki hissəsini qadınlar təşkil etmişdir.
Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 143,1 min nəfər olmuş, onların da 46 faizini qadınlar təşkil edir.
2011-ci ildə ölkənin ali təhsil müəssisələrinə 31,2 min nəfər, əvvəlki ilə nisbətən 4,4 faiz və ya 1308 nəfər çox tələbə qəbul olunmuş və qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş yeni - geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilmişdir. Boloniya Deklarasiyasının tələblərinə tam cavab verən bu yeni siyahının təsdiq olunması Azərbaycan ali təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası yolunda atılan mühüm addımlardan biridir.
Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 40 faizi təqaüd alır. Tələbələrin aldığı təqaüdün orta məbləği bakalavr səviyyəsi üzrə 65 manat, magistratura səviyyəsi üzrə 70 manat, əlacılığa görə müvafiq olaraq 80 manat və 85 manat təşkil edir.
Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 48 xarici ölkənin 4231 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq Respublikası, Türkmənistan, Gürcüstan və İraq vətəndaşları üstünlük təşkil edirlər. 2011/2012-ci tədris ilinin əvvəlinə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrdə 2096 nəfər təhsilini davam etdirir. Xaricdə təhsil alan gənclərin 66 faizi Bakı, 34 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" uğurla həyata keçirilir. 2012-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 145 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 18 minə yaxın mütəxəssis məşğul olur, 61,6 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi vardır.
Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir, onların yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər. 2012-ci ilin əvvəlinə Milli Elmlər Akademiyasının 56 akademiki və 107 müxbir üzvü vardır.
Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir. Bu gün Azərbaycanda 36 milyon kitabxana fondu olan 3947 kütləvi kitabxana, 2772 klub müəssisəsi, 226 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi, 3 konsert zalı və 365 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.
2011-ci ildə muzeylərə gələnlərin sayı 1,8 milyon nəfər, teatrlara gələnlərin sayı 0,5 milyon nəfər olmuşdur. Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir. Hazırda ölkədə 28 dövlət əhəmiyyətli tarixi qoruqlar fəaliyyət göstərir.
Ölkənin bütün sosial sahələrində olduğu kimi, sürətli inkişaf prosesi idman və bədən tərbiyəsini də əhatə edir və bu sahədə qazanılan nailiyyətlər ilbəil artır. Ötən il Tovuz, İmişli, Qəbələ və Sumqayıtda Olimpiya İdman Kompleksi, Balaxanı qəsəbəsində İdman Mərkəzi, Binə qəsəbəsində isə idman zalı istifadəyə verilmişdir.
İlkin məlumatlara görə, 2012-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 9,5 minə çatmış, idmanla məşğul olanların sayı müntəzəm olaraq artmaqdadır. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, basketbol, dama, karate, cüdo və sərbəst güləş kimi idman növlərinə daha çox maraq göstərilir. Ölkə idmançıları 2011-ci ili də uğurla başa vurmuşlar. Müxtəlif beynəlxalq yarışlardan qazanılmış 705 medalın 270-i qızıl, 193-ü gümüş, 242-si isə bürünc əyarlıdır. Olimpiya idman növləri üzrə idmançılarımız 276 medal qazanmışlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2011-ci ildə ölkədə 24,3 min və ya əhalinin hər 100 min nəfərinə hesabı ilə 268 cinayət hadisəsi qeydə alınmışdır. Narkotiklər və güclü təsiredici vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2771 cinayət hadisəsi qeydə alınmış və onların 33,1 faizi satış məqsədi ilə törədilmişdir. Əməliyyat istintaq tədbirləri nəticəsində açılmış cinayətlərin 2147-si əvvəllər cinayət törətmiş, 1878-i qrup şəklində, 709-u sərxoş vəziyyətdə, 465-i 18 yaşadək uşaqlar tərəfindən və ya onların iştirakı ilə, 531-i isə narkomanlar və ya narkotik təsir altında olan şəxslər tərəfindən törədilmişdir.
2011-ci ildə aşkarlanmış hüquqpozucularının 74,1 faizi cinayət məsuliyyətinə cəlb olunmuşdur. Aşkar olunmuş hüquqpozucuların 81,4 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 9,7 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4,2 faizi sərxoş vəziyyətində olan şəxslər, 11,1 faizi qadınlar, 2,6 faizi isə 18 yaşadək uşaqlardır.
Qeydə alınmış 1782 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olmuş və onların 10,5 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 10,2 faizi sərxoş vəziyyətdə törədilmişdir. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 74,3 faizi döymə, 20,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 1,7 faizi qəsdən adam öldürmə, 3,5 faizi isə digər cinayətlərdir.
2011-ci ildə ölkənin avtomobil yollarında 2890 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 6,2 faiz artmış, baş vermiş qəzalar nəticəsində 4047 şəxs zərər çəkmiş, onların hər dörd nəfərindən biri həlak olmuş, 75,0 faizi isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanmışdır.
İlkin məlumatlara əsasən, 2012-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 123,9 min nəfər və ya 1,4 faiz artaraq 9235,0 min nəfərə çatmışdir. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır, 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür.
Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir.
2011-ci il ərzində ölkədə 175,4 min nəfər körpə doğulmuşdur ki, bu da son 17 ildə ən yüksək göstəricidir. 2010-cu illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artmışdır. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin 1506-sı əkiz, 33-ü üçəm olmuşdur.
Doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilmişdir. Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,4 uşaq düşür, bununla da ölkədə əhalinin təkrar istehsalı təmin olunur.
2011-ci ildə rəsmi dövlət orqanları tərəfindən 89,4 min nikah qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər artmışdır. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olmuşdur.
Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xarici ölkələrə qazanc üçün getmiş gənclər Vətənə qayıdır, ölkədən gedənlərin sayı isə ilbəil azalır. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2011-ci ildə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı 2,2 min nəfər olmuş və 0,5 min nəfər ölkədən getmişdir. İmmiqrantların 77,1 faizini Rusiya Federasiyasından, 8,1 faizini Qazaxıstandan, 4,3 faizini Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 45,1 faizini, 32,7 faizini, və 8,4 faizini həmin ölkələrə gedənlər təşkil etmişlər.

{nl}

Dövlət Statistika Komitəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında