Azərbaycan müstəqilliyinin bərpasından sonra böyük tərəqqi yolu keçmiş, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlarla nəinki regionda, həm də dünyada aparıcı ölkələrdən birinə çevrilmişdir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən respublikamızın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən vəhdətinin yaradılması olmuşdur.
Möhkəm təməllər üzərində qurulan Azərbaycan iqtisadiyyatı 2011-ci ildə də dinamik inkişaf etmişdir. Aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəricilərilə nəzərə çarpan iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.
Ötən iki ildə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsizliyinin və iqtisadiyyatın möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası bütün sahələrdə ardıcıl inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamının, dövlət başçısının Azərbaycanın qüdrətlənməsinə yönəlmiş məqsədyönlü, düşünülmüş siyasətinin nəticəsidir.
İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını, bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsini, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini tələb edir. Məhz bu səbəbdən son dövrlər istehlakçıların hüquqlarının müdafiəsi ölkəmizdə aktuallıq kəsb edən məsələlərdən birinə çevrilmiş və hər bir istehlakçı öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışdır.
Qloballaşmanın, xüsusilə ticari qloballaşmanın geniş vüsət aldığı indiki dövrdə bu məsələnin dünyada, o cümlədən ölkəmizdə aktuallığı daha da artır. Son zamanlar mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan və müxtəlif qatqılı yeyinti məhsulları hamını narahat edir. Buna görə də dünyanın sivil dövlətləri, o cümlədən Azərbaycan da istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək yollarını təkmilləşdirir.
Dövlətin istehlakçı hüquqlarının qorunmasına və sahibkarlığın inkişafına verdiyi xüsusi önəmin nəticəsidir ki, ölkə iqtisadiyyatında inhisarçılığın qarşısının alınması və haqsız rəqabətlə mübarizənin gücləndirilməsi, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılmışdır.
Dövlət xidmətinin qarşısına istehlakçıların hüquqlarının etibarlı müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması ilə bağlı çox mühüm vəzifələr qoyulmuşdur.
Ölkədə aparılan islahatlar və yaradılan əlverişli şərait sahibkarlığın inkişafına təkan versə də, istehlak bazarında malların keyfiyyəti ilə bağlı müəyyən problemlər hələ də qalır.
Həyata keçirilmiş nəzarət tədbirlərinin təhlili istehlak bazarında əsaslı keyfiyyət dəyişikliklərinin müşahidə edildiyini göstərir. Belə ki, sahibkarların öz öhdəliklərinə daha məsuliyyətlə və istehlakçıların hüquqlarına hörmətlə yanaşması əldə olunan başlıca uğur kimi dəyərləndirilə bilər. Hazırda qarşıda duran əsas vəzifə istehlakçıların hüquqlarının müdafiəsi, əmtəə bazarlarının keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullardan qorunması məqsədilə işlərin daha da gücləndirilməsi və bu sahədə zəruri tədbirlərin görülməsindən ibarətdir.
Bunun üçün istehlak bazarında mütəmadi monitorinqlər aparılır, keyfiyyətin kompleks yoxlanılması və qanun pozuntusuna şərait yarada bilən halların aradan qaldırılması, malların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələrin aparılması, nəticələrə uyğun olaraq operativ tədbirlərin görülməsi həyata keçirilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının qorunması, keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə nəzarət məqsədilə 2011-ci ildə ümumilikdə 1698 yoxlama aparılmış və 1499 halda mövcud qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanmışdır.
İnhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınması, antiinhisar, reklam haqqında qanunvericiliyə riayət edilməsinə nəzarət məqsədilə 2011-ci ildə ümumilikdə 139 təsərrüfat subyektində yoxlama aparılmışdır. Həmin yoxlamalar zamanı 131 təsərrüfat subyektində qanun pozuntusu aşkar edilmişdir. Bununla əlaqədar 31 təsərrüfat subyektinə pozuntuların aradan qaldırılması barədə göstəriş verilmiş, 91-i barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. Nöqsan aşkarlanmış 9 təsərrüfat subyektində araşdırmalar davam etdirilir.
İstehlak bazarında aparılan yoxlamalar zamanı ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət fəaliyyətilə məşğul olan təsərrüfat subyektləri tərəfindən saxlama müddəti ötmüş, mənşəyi bilinməyən, saxtalaşdırılmış, etiketləşdirilməsi normativ sənədlərin tələblərinə uyğun olmayan, sertifikatlaşdırılması düzgün həyata keçirilməyən, endirimlərin tətbiqi zamanı istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından yararlanmaqla, mallara verilən zəmanətlərə və bağlanılan müqavilələrə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər daxil etməklə, xidmətlərin göstərilməsi zamanı tariflərin (qiymətlərin) süni artımına yol verilməklə istehlakçıların hüquqlarının pozulduğu aşkarlanmışdır.
Bir sıra təsərrüfat subyektlərində aparılan yoxlamalar zamanı gigiyenik və uyğunluq sertifikatları, habelə müvafiq reseptura olmadan ərzaq malları istehsal edildiyi, ərzaq məhsullarının müvafiq partiyasının laborator müayinədən keçirilmədən satıldığı, məhsulların qanunvericilikdə müəyyənləşdirilmiş qaydada etiketlənmədiyi üzə çıxmışdır. Bundan başqa, məhsulların üzərində normativ sənədlərdə nəzərdə tutulan müddətlərin dəyişdirilməsi, tərkibi normativ sənədlərə və etiket göstəricilərinə uyğun gəlməyən malların istehsal edildiyi, habelə uyğunluq və gigiyenik sertifikatları olmayan, istifadə müddəti bitmiş, mənşəyi bilinməyən xammal və materiallar işlədildiyi müəyyənləşdirilmişdir.
Nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən 167,7 ton müxtəlif ərzaq malları (ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s.) satışdan çıxarılaraq məhv edilmiş, 1,6 ton ərzaq malları isə heyvanların yemlənməsinə yönəldilmişdir.
Bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 1 ton qeyri-ərzaq malları, o cümlədən yuyucu və təmizləyicilər, kosmetik vasitələr və s. satışdan çıxarılaraq məhv edilmişdir.
Bundan başqa, sözügedən xidmət tərəfindən aparılan yoxlamalar zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş 23051 ədəd pirat CD və DVD-lər dövriyyədən çıxarılmışdır.
Qanun pozuntularına yol vermiş sahibkarlıq subyektləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati qaydada tədbirlərin görülməsi məqsədilə dövlət xidməti tərəfindən ümumilikdə 1485 qərar qəbul olunmuş və inzibati xətaya yol vermiş şəxslərə ümumilikdə 1287,8 min manat məbləğində cərimə tətbiq edilmişdir.
Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlərin yekunu olaraq 95 qərar qəbul olunmuş və qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, süni qiymət artımının vaxtında aşkarlanması və qarşısının alınması məqsədilə əhali tərəfindən daha çox istifadə olunan ərzaq malları, tərəvəz məhsulları və tikinti materiallarının orta bazar qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meyilləri barədə məlumatların toplanması və təhlili məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilmişdir.
Süni qiymət artımının qarşısının alınması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması məqsədilə sözügedən xidmətin və digər aidiyyəti dövlət orqanlarının birgə təşkilatçılığı ilə Bakı şəhərində Novruz, Qurban və Yeni il bayramları ilə əlaqədar yarmarkalar təşkil olunmuşdur. Mobil rabitə xidmətlərinin tariflərinin aşağı salınması istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə müvafiq tədbirlər həyata keçirilmiş və nəticədə mobil operatorlar tərəfindən rominq tariflərinə endirimlər edilmiş, yerli zənglərin tarifləri aşağı salınmış, istehlakçılar üçün yeni daha səmərəli tarif paketlərinin və kampaniyaların tətbiqinə başlanılmışdır.
2011-ci ildə ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 1344 laborator müayinə aparılmışdır. Müayinə nəticəsində 158 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyənləşdirilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür. Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə bazarda xüsusi çəkisi daha böyük olan 16 istehsal sahəsindən nümunələr götürülmüş və Mərkəzi qida sınaq laboratoriyasında qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticələri əsasında keyfiyyət göstəriciləri normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan məhsullar üzrə mövcud nöqsanların aradan qaldırılması ilə bağlı bir sıra təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilmişdir. Küçə, nəqliyyat və KİV-də reklamların yayımında qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparılmışdır. Nəticədə 15 təsərrüfat subyektinin yayımlanan reklamlarında "ən", "yalnız" və "1 nömrəli..." sözlərindən sənədli şəkildə təsdiq olunmadan istifadə edilməsi, habelə digər reklamlarda məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilməməsi, yetkinlik yaşına çatmayan uşaq təsvirindən istifadəsi halları aşkarlanmışdır. Dövlət xidmətinin müvafiq göstərişlərindən sonra qanun pozuntuları aradan qaldırılmışdır.
İstehlak bazarında aparılan araşdırmalar zamanı istehlakçıların sərbəst seçim hüququnu təmin edən tələblərə tam şəkildə əməl olunmadığı və nəticədə istehlakçıların sərbəst seçim hüquqlarının pozulması halları aşkarlanmışdır. Endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsilə bağlı 12 təsərrüfat subyektində yoxlamalar aparılmışdır. Bu zaman qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunmuşdur. Belə ki, mağazalarda satış zamanı endirimlərin ümumiyyətlə edilmədiyi və ya düzgün tətbiq olunmadığı aşkar olunmuşdur. Aparılmış nəzarət tədbirləri nəticəsində seçim sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamların yayımı dayandırılmış və təsərrüfat subyektlərinə xəbərdarlıq edilmişdir.
Sahibkarlıq subyektləri tərəfindən istehlakçının hüquqlarının pozulması hallarının baş verməsinin əsas səbəblərindən biri həm istehlakçının öz hüquqlarını lazımi səviyyədə bilməməsi, həm də istehlakçıya təqdim olunan malları istehsal edən, habelə həmin malların, işlərin və xidmətlərin satışını reallaşdıran sahibkarın istehlakçının hüquqlarının qorunması sahəsində öz vəzifəsindən məlumatsızlığıdır.
Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsi çox böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən dövlət xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirilməsi, kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlanması, video-çarxların yayımlanması, ticarət və ictimai iaşə obyektlərində çalışan xidmət personalının təlimləndirilməsi, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında paylanılması və s. kimi tədbirlər həyata keçirilir.
Xatırladım ki, ötən il dövlət xidmətinin təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, habelə sahibkarların iştirakı ilə Şəmkir, Ağcabədi, Göyçay, Masallı, Ağstafa, Qəbələ, Daşkəsən, Zaqatala, Qusar, Lənkəran, Yevlax və Bərdə rayonlarında "İstehlakçı hüquqlarının qorunması: reallıqlar-perspektivlər" və Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə bağlı Bakı şəhərində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzularında konfranslar keçirilmişdir. Konfranslarda sahibkarların vəzifələri, istehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət və s. kimi aktual məsələlər müzakirə olunmuşdur.
Gənc nəslin maarifləndirilməsi məqsədilə 2011-ci ildə 8 ali məktəbdə tələbə və müəllim heyətinin iştirakı ilə "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda seminarlar keçirilmişdir. Seminarlarda istehlakçı hüquqları barədə ətraflı məlumatlar verilmiş, bu sahədə dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanmış, tələbələrin istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmışdır.
İstehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində müxtəlif mallar üzrə 13 adda 160 min ədəd buklet hazırlanmış və istehlakçılara paylanmışdır.
İstehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehlak xassələri və mal alarkən istehlakçıların nələrə diqqət etmələri barədə 67 adda mal və xidmət üzrə 126 maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanmışdır.
Dövlət xidmətinin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər və onların nəticələri barədə məlumatlar kütləvi informasiya vasitələrilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır, istehlakçıların hüquqlarının müdafiəsilə bağlı hazırlanmış maarifləndirici sosial reklam çarxları televiziya kanallarında yayımlanır.
Vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində şəffaflığın və operativliyin təmin edilməsi üçün dövlət xidməti tərəfindən iki telefon nömrəsi ayrılmışdır. İstehlakçılar bu telefonlarla ((012) 498 15 01 və (012) 498 15 04) dövlət xidmətinə müraciət edə bilərlər. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin "195-2" telefon məlumat mərkəzinin yaradılması da vətəndaşların sözügedən xidmətə müraciət imkanlarını sadələşdirmişdir.
Müraciətlərin operativ qəbulu və xidmətin fəaliyyətilə bağlı məlumatların ictimayyətə çatdırılmasının təmin edilməsi məqsədilə www.consumer.gov.az internet saytı yaradılmışdır. Saytda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik bazası, dövlət xidməti tərəfindən həyata keçirilən tədbirlər, istehlakçıları maraqlandıran məsələlər haqqında məlumatlar yerləşdirilmişdir. Burada eyni zamanda istehlakçıların dövlət xidməti ilə birbaşa əlaqə yaratmaq, müraciət etmək imkanları da təmin olunmuşdur.
Onu da deyim ki, 2011-ci ildə dövlət xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 1595 müraciətə qanunamüvafiq qaydada baxılmışdır.
Dövlət xidməti istehlak bazarında çatışmazlıqların aradan qaldırılması üçün inzibati tədbirlərin gücləndirilməsilə yanaşı, təbliğat-təşviqat və maarifləndirmə işlərini daha da genişləndirəcək. İstehlakçıları isə hüquqlarının müdafiəsində aktiv olmağa, üzləşdikləri problemlərin aradan qaldırılmasında aidiyyəti qurumlarla əməkdaşlığa, özlərinin və uşaqların sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirməyə dəvət edirik.
{nl}
Zahid İSAYEV, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.