Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda vergi forumu keçirilmişdir. Forumda dövlət orqanlarının, Milli Məclisin, Avropa Birliyinin, Dünya Bankının, beynəlxalq maliyyə qurumlarının, Bakıda akkreditə olunmuş səfirliklərin, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, bankların, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak etmişlər.
Tədbir iştirakçıları "Müstəqil Azərbaycanın vergi sistemi" adlı filmə baxdıqdan sonra vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov tədbir iştirakçılarını salamlamış, forumun məqsədi barədə məlumat vermişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda vergi sisteminin strukturu və vergi sahəsində milli qanunvericilik bazasının formalaşdırılması, genişmiqyaslı islahatlara başlanılması, vergi siyasətinin əsas istiqamətlərinin, vergilərin sayının və dərəcələrinin optimal səviyyəsinin müəyyənləşdirilməsi, ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə edildiyini xatırladan F.Məmmədov ölkədə sərmayəçilər üçün cəlbedici, sadə, eyni zamanda şəffaf və sabit bir vergi sistemi qurulması ilə bağlı əhəmiyyətli tədbirlər görüldüyünü bildirmişdir.
Nazir vurğulamışdır ki, bütün bunlar ölkə rəhbərliyinin vergi sisteminin inkişafına, vergi orqanlarının fəaliyyətinə göstərdiyi diqqət və dəstəyin sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında vergi xidməti son illər əsaslı modernləşmə prosesindən keçmiş, onun texnoloji imkanları genişləndirilmiş, vergi inzibatçılığı daha da təkmilləşdirilmiş, elektron hökumət quruculuğu istiqamətində əhəmiyyətli uğurlar əldə edilmişdir. Vergi sistemində həyata keçirilən islahatlar, o cümlədən elektron xidmətlər barədə danışan vergilər naziri artıq kommersiya hüquqi şəxslərin də elektron qeydiyyatına başlanmasını, vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron xidmətin tətbiqilə bağlı hazırlıq işlərinin başa çatmasını bildirmişdir.
Ölkənin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda vergi orqanları qarşısında duran vəzifələrə toxunan F.Məmmədov qeyd etmişdir ki, Azərbaycan uzunmüddətli strateji inkişaf planlarının reallaşdırılmasının əsas şərtlərindən biri olan vergi sisteminin stabilliyi, vergi inzibatçılığının biznes iştirakçıları üçün maksimum rahat və əlverişli olması, vergi sistemi və inzibatçılığının rəqabətqabiliyyətliliyinin təmin edilməsi, iqtisadiyyatın strukturunun formalaşması, innovasiyaların dəstəklənməsi siyasətində vergilərin stimullaşdırıcı rolunun artırılması vergi xidmətinin yaxın perspektiv üçün əsas hədəfləridir.
Salamlama nitqləri ilə çıxış edən Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia və Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouen də ölkəmizin vergi sistemində həyata keçirilən islahatlardan söz açmış, əldə olunan uğurlardan məmnunluqlarını bildirmişlər.
Forumun birinci hissəsində Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev "Ölkənin iqtisadi potensialının gücləndirilməsi və vergi siyasəti", Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə meneceri Aliyə Əzimova "Azərbaycandakı biznes mühiti Beynəlxalq Maliyyə Korporasiyasının gözü ilə", Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) sədr müavini Alum Bati "Sahibkarların ictimai birlikləri ilə vergi orqanlarının əlaqələrinin gücləndirilməsi uğurlu vergi siyasətinin əsas şərti kimi", Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadə "Büdcə daxilolmaları və vergi siyasəti", Böyük Britaniyanın Amec Qlobal Resors Ltd şirkətinin inkişaf etməkdə olan ölkələr üzrə vergi meneceri Kliv Alley "Azərbaycandakı vergitumanın təbii ehtiyatlarla zəngin olan digər ölkələrlə müqayisəsi - gələcək rəqabətlilik", İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov "Vergilərin əlverişli biznes mühitinin yaradılmasına təsiri", Vergilər Nazirliyinin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatının Təşkili Baş İdarəsinin rəisi Natiq Şirinov "Vergi ödəyicilərinə göstərilən e-xidmətlər" mövzularında təqdimatlarla çıxış etmişlər.
Vergi forumunun ikinci iclasında Niderland Krallığı Vergi Administrasiyasının nümayəndəsi Leendert Kers və Azərbaycanın vergilər nazirinin müşaviri Asəf Əsədov "Vergi ödəyiciləri ilə əməkdaşlığın müasir səviyyədə qurulması və e-audit", Pakistan İslam Respublikası Baş Auditor Ofisinin auditoru Xurram Xan "Dövlət sektorunda xərclərin və daxilolmaların nəzarət sistemində kompyuter əsaslı audit texnologiyalarının rolu", Deloitte@Touche şirkətinin Rusiya partnyoru Andrey Panin "Rusiyada transfert qiymətlərinin formalaşması təcrübəsi", Ernst@Young şirkətinin ölkə partnyoru Arzu Hacıyeva və PWS şirkətinin vergi meneceri Arif Quliyev "Vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi praktikası (Advance Tax Ruling)", Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanova "Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi istiqamətləri", Vergilər Nazirliyinin Vergi Borclarının Alınması Işinin Təşkili İdarəsinin rəisi İlkin Vəliyev "Vergi borclarının idarə edilməsinin təkmilləşdirilməsi" və "Golden Pay" şirkətinin təsisçisi Fərid İsmayılzadənin "Elektron ticarət və elektron xidmətlərin perspektivləri"mövzularında çıxışları dinlənilmişdir.
İclaslarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmişlər.
Tədbirdə yekun sözü ilə çıxış edən vergilər naziri Fazil Məmmədov vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoymasında belə tədbirlərin əhəmiyyətini bir daha vurğulayaraq bəyan etmişdir ki, Vergilər Nazirliyi yeni ideyalara və innovasiyalara açıqdır, beynəlxalq qurumlarla, işgüzar dairələrlə dialoq və partnyorluq münasibətlərinin genişləndirilməsinə və buna xidmət edən hər bir addımı və ideyanı dəstəkləməyə hazırdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.