Şriftin ölçüsü:
08.02.2012 11:38 | Oxunma sayı: 838
Vergilər Nazirliyi tərəfindən "Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı"nın təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimini giriş sözü ilə açan Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində son illər həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər barədə məlumat vermişdir.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı məsələlərə toxunan nazir müavini ölkədə əlverişli biznes mühitinin formalaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin daha da yüksəldilməsi məqsədilə adı çəkilən nazirlik tərəfindən bir sıra ciddi layihələr həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, "bir pəncərə" prinsipinin, fiziki şəxslərin elektron qeydiyyatının ardınca yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin də e-qeydiyyatı üçün lazımi imkanlar yaradılmışdır və bu layihənin həyata keçirilməsi "elektron hökumət" quruculuğu baxımından mühüm hadisədir. Sahib Ələkbərov xüsusi olaraq vurğulamışdır ki, həyata keçirilən tədbirlər ölkə başçısı İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu digər mühüm bir vəzifənin yerinə yetirilməsinə, yəni məmur-vətəndaş təmaslarının minimuma endirilməsi ilə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə də öz müsbət təsirini göstərəcəkdir.
Sonra Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi Natiq Şirinov kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı haqqında geniş təqdimatla çıxış etmişdir. Qeyd olunmuşdur ki, respublika Prezidentinin müvafiq fərmanları ilə mövcud qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində e-qeydiyyatın tətbiqi üçün bütün hüquqi məsələlər tənzimlənmişdir. "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır, nizamnamə kapitalının əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial qaydada təsdiq edilməsi tələb olunmur. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı Vergilər Nazirliyinə yanlış məlumatların verilməsinin qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinə belə hallara yol vermiş fiziki şəxslərin 700 manat, hüquqi şəxslərin 4000 manat miqdarında cərimə olunması ilə bağlı maddə daxil edilmişdir.
Elektron qeydiyyat iki üsulla: sürətli və adi qaydada həyata keçiriləcəkdir. Sürətli elektron qeydiyyat təsisçi bir nəfər olduqda tətbiq edilir. Bu halda təsisçi yalnız özü, təyin edəcəyi rəhbər və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edib elektron imza qoymaqla, hüquqi şəxsin dövlət qeydiyyatı üçün tələb olunan məlumatları qeydiyyat orqanına təqdim etmiş olacaqdır. Cəmiyyətin nizamnaməsi və digər qeydiyyat sənədləri insan müdaxiləsi olmadan proqram vasitəsilə işləniləcək və bu zaman qeydiyyat prosesi bir neçə dəqiqə çəkəcəkdir.
E-qeydiyyatın tətbiqi ilə biznesə başlamaq üçün 6 prosedur əvəzində cəmi 3 prosedur yerinə yetiriləcəkdir. Tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə qədər azalacaqdır. Hüquqi ünvanın təsdiqinə, sənədlərin notarial təsdiqinə, nizamnamə kapitalının ödənilməsi üçün müvəqqəti bank hesabının açılmasına sərf edilən vaxta qənaət ediləcək, qeydiyyat 3 gün deyil, cəmi bir neçə dəqiqəyə baş tutan prosedura çevriləcəkdir. Prosedurların sayı 3 vahid, qeydiyyata sərf edilən vaxt isə 5 gün azalacaqdır.
Təsisçilərin sayı 1-dən çox olduqda, habelə hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçiləcəkdir. Bu zaman qeydiyyatın başa çatdırılması 20 dəqiqədən 3 günədək vaxt tələb edə bilər. E-qeydiyyata keçidlə əlaqədar prosesin başa çatdırılması üçün vətəndaşlar tərəfindən yerinə yetirilən əməliyyatların sayı, xərclənən vəsaitin məbləği və sərf edilən vaxt minimuma endiriləcəkdir.
Hüquqi şəxsin adının unikallığının yoxlanılması üçün sərbəst istifadə imkanı verən xüsusi məlumat köşkləri quraşdırılmış və bu imkan Vergilər Nazirliyinin rəsmi internet saytında da (www.taxes.gov.az) yaradılmışdır.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Bakı Şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Nigar Alimova, Amerika-Azərbaycan Ticarət Palatasının Qanunvericilik və siyasət üzrə koordinatoru Şahid Şükürov, Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri İrina Niderberger və başqaları Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin sahibkarlığın inkişafı baxımından ən mütərəqqi üsul olduğunu qeyd etmiş, onun praktik əhəmiyyətindən danışmışlar.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının katibi İnam Kərimov və Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin rəisi Şahin Sadıqov da çıxış etmişlər.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.