Azərbaycanın ötənilki uğurları beynəlxalq reytinq agentliklərinin hesabatlarında

Ötən il ölkəmizin həyatında nəzərə çarpan sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilmişdir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatlarında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüş və beləliklə də ölkəmizin mövqeyi 14 pillə yüksəlmişdir. Bu göstəriciyə görə artıq son 3 illik hesabatdır ki, ölkəmiz MDB ölkələri arasında 1-ci yerdədir.
"Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdir. Belə ki, "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə ölkəmiz dünyada 14-cü, "makroiqtisadi vəziyyət" alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son bir il ərzində ölkəmiz "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə 11, "əmtəə və xidmətlər bazarının səmərəliliyi" alt göstəricisi üzrə isə 14 pillə irəliləmişdir.
Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi təqdir edilir. "Doing Business" hesabatlarının tarixi ərzində bu ən yüksək irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının "Doing Business - 2011" hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur. Qeyd olunanlar bir daha göstərir ki, sosial-iqtisadi həyatın ayrı-ayrı sahələrində reallaşdırılan tədbirlər real bəhrələrini verir. Bunu otən ilin yekunları da aydın göstərir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2011-ci ildə 0,1 faiz artaraq 50,1 milyard manata çatmışdır. Əlavə dəyər məhsul istehsalı sahələrində 3,5 faiz azalmış, xidmət sahələrində isə 6,5 faiz artmışdır. Əhalinin hər nəfərinə 5530,6 manatlıq (7003,4 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,4 faiz artmış, neft sektorunda isə 9,3 faiz azalmışdır.
Sənaye sahəsində də mühüm uğurlar əldə edilmişdir. Bu sahədə məhsulun 77,9 faizi və ya 26,9 milyard manatı mədənçıxarma bölməsində, 17 faizi (müvafiq olaraq 5,9 milyard manatı) emal bölməsində, 4,5 faizi (1,6 milyard manatı) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi (188,5 milyon manatı) su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənaye məhsulu istehsalı neft sektorunda 8,5 faiz azalmış, qeyri-neft sektorunda isə 11,1 faiz artmışdır. 2011-ci il ərzində mədənçıxarma bölməsində 45,4 milyon ton neft, 25,7 milyard kubmetr qaz hasil edilmişdir. Emal bölməsinin məhsullarından qida məhsullarının istehsalı 5 faiz, içki istehsalı 8,4 faiz, geyim istehsalı 56,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı 23,4 faiz, poliqrafiya məhsulu 12,8 faiz, neft məhsullarının istehsalı 0,9 faiz, kimya məhsullarının istehsalı 27,1 faiz, tikinti materialları istehsalı 4,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 1,9 dəfə, kompüter və digər elektron avadanlıqların istehsalı 22,8 faiz, mebel istehsalı 24,5 faiz artmışdır. İl ərzində ölkənin elektrik stansiyalarında 20,1 milyard kVt-saat elektrik enerjisi istehsal olunmuşdur. Sənaye müəssisələri tərəfindən 593 "Belarus" tipli traktor, 556 ədəd "Lifan" markalı minik avtomobili, 727 ədəd "MAZ" markalı yük avtomobili, 19,2 min ədəd televizor, 4,3 min ədəddən çox kondisioner istehsal edilmişdir. 2011-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat vəsait yönəldilmiş, onun 61,2 faizi və ya 7,8 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 27,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 17,5 faiz çox olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 80,3 faizini daxili, 19,7 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmişdir.
Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan 15 sənaye müəssisəsi, ümumi sahəsi 1,9 milyon kvadratmetr olan yaşayış evləri, 12,6 min şagird yerlik ümumtəhsil məktəbləri, 310 yerlik məktəbəqədər uşaq müəssisələri, 11 səhiyyə müəssisəsi (xəstəxana, ambulatoriya, poliklinika, diaqnostika və tibb mərkəzləri), 4 Olimpiya İdman Kompleksi və digər idman obyektləri istifadəyə verilmişdir.
Kənd təsərrüfatının ümumi məhsulu 2010-cu ilə nisbətən 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları 8 faiz, heyvandarlıq məhsulları isə 3,5 faiz artmış, cari qiymətlərlə 4525,2 milyon manatliq məhsul istehsal olunmuşdur.
2011-ci ildə ilkin mədaxil çəkisində 2458,5 min ton taxıl, 938,5 min ton kartof, 1214,8 min ton tərəvəz, 65,3 min ton pambıq, 765,8 min ton meyvə və giləmeyvə, 478 min ton bostan məhsulları, 137 min ton üzüm, 254,7 min ton şəkər çuğunduru, 3,6 min ton tütün, 534,1 ton yaşıl çay yarpağı toplanmış, kəsilmiş çəkidə 264,7 min ton ət, 1622,3 min ton süd, 1008,1 milyon ədəd yumurta və 16,2 min ton yun istehsal olunmuşdur. Kartof, çay, şəkər çuğunduru və yumurta istisna olmaqla qalan bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır. 2011-ci ilin sonuna 2670,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1282,6 min baş inək və camış, 8510,1 min baş qoyun və keçi mövcud olmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 203,5 milyon ton yük və 1,5 milyard nəfər sərnişin daşınmış və 2010-cu illə müqayisədə yük daşınması 3,6 faiz, sərnişin daşınması isə 7,5 faiz artmışdır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 34,5 milyon ton neft, o cümlədən 2,1 milyon ton tranzit Türkmənistan nefti ötürülmüşdür. 2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 150-yə yaxın ölkəsində tərəfdaşları ilə ticarət əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin həcmi 33,2 milyard ABŞ dolları təşkil etmiş, ixracın idxalı 2,9 dəfə üstələməsi nəticəsində 16,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. 2010-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,2 faiz, o cümlədən idxal 46,4 faiz artmış, ixrac isə 3,8 faiz azalmışdır. Əhalinin banklardakı əmanətlərinin həcmi il ərzində 33,5 faiz artaraq 2011-ci ilin sonuna 3,8 milyard manat təşkil etmişdir. Əhalinin gəlirləri 19,6 faiz artaraq 30,6 milyard manata, hər nəfərə düşən məbləği isə 18,1 faiz çoxalaraq 3383,8 manata çatmışdır. Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, 2011-ci ilin sonuna pensiyaçıların sayı 1278 min nəfər olmuş və təyin olunmuş aylıq pensiyaların orta məbləği 145,2 manata çatmışdır. Ötən ilin sonuna 306,8 min nəfər sosial müavinət, 34,3 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 122 min ailənin 547,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərmiş və ilkin məlumatlara görə bir il ərzində yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6 faizə enmişdir. Qeyd etmək lazımdır ki, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə isə 9,1 faiz təşkil etmişdir. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalmışdır. 2011-ci ildə ölkədə 94 minə yaxın yeni iş yerləri açılmış, onlardan 72,7 mini daimi iş yeri olmuşdur. Bu və digər amillər işsizlik səviyyəsinin 0,5 faiz bəndi qədər azalaraq 5,4 faizə enməsinə təsir göstərmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında