Azərbaycanın ixrac imkanları genişlənir

{nl}

Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, həm də regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya kimi dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də Azərbaycanın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzminin nümayişidir. Son illərdə sahibkarlarla dövlətin qarşılıqlı faydalı əməkdaşlığının təşəbbüskarı olan Prezident İlham Əliyev xarici ölkələrə yüksək səviyyəli səfərlərində iş adamlarının da iştirakını təmin edir.
Bu da yerli sahibkarlara müxtəlif dövlətlərin işgüzar dairələri ilə yaxından tanış olmaq, ölkə iqtisadiyyatının inkişafı naminə onlarla müəyyən sazişlər imzalamaq imkanı yaratmışdır. Nəticədə ölkə sahibkarları digər ölkələrin iqtisadiyyatına investisiya qoyur, potensial sərmayədar qismində çıxış edirlər, ixrac imkanlarını genişləndirirlər.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin ixrac imkanlarının genişləndirilməsi barədə də danışılmışdır. Bildirilmişdir ki, Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır. İclasda həmçinin vurğulanmışdır ki, hazırda regionda iqtisadi liderliyini gücləndirmiş ölkəmiz investisiya ixrac edən ölkəyə çevrilmiş və son illərdə xarici ölkələrə 6 milyard dollar sərmayə yatırılmışdır. İnvestisiya imkanlarının araşdırılması məqsədilə Balkan ölkələrinə və Rusiya Federasiyasının Şimali Qafqaz regionuna səfər edilmişdir. Bu səfərlər çərçivəsində yaradılmış əlaqələr milli şirkətlərin xarici ölkələrdə fəal investisiya yatırımlarının həyata keçirilməsi imkanlarını genişləndirəcəkdir. Hazırda ölkəmizin xarici ticarət tərəfdaşlarının sayı 150-yə çatmışdır. Ötən ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 9,2 faiz artaraq 33,2 milyard dollar, müsbət xarici ticarət saldosu 16,1 milyard dollar təşkil etmiş, ixrac idxalı 2,9 dəfə üstələmişdir. İclasda ölkə Prezidentinin ixracla bağlı bir fikri də diqqəti çəkmişdir. Dövlət başçısı demişdir:"Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir. Yəni, belə məhsulların sayı artacaqdır və biz, - yeni bazarların tapılması ilə deyə bilməzdim, çünki onları tapmaq çətin deyildir, - yeni bazarlara çıxmaq üçün baxmalıyıq ki, əlavə hansı tədbirləri görə bilərik". Ölkənin ixrac imkanlarından söz düşmüşkən qeyd edək ki, respublika Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə fəal iş aparır. Paralel olaraq dövlət sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.
2011-ci ildə ölkəmizin iqtisadi qüdrəti artmış, ixrac imkanları daha da genişlənmişdir. Hazırda Azərbaycanın ticarət tərəfdaşlarının sayı 147 ölkəyə çatmışdır. Xatırladaq ki, son səkkiz ildə respublikamızın xarici ticarət dövriyyəsi 5,4 dəfə, o cümlədən ixrac 8,2 dəfə artmışdır.
Ötən il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və iqtisadiyyata investisiya qoyuluşunun təbliği məqsədilə ölkəmizdə və xaricdə 4200-ə yaxın iş adamının iştirakı ilə 190 tədbir keçirilmişdir. Azərbaycanda keçirilmiş 91 tədbirdən 29-u biznes forum, ikitərəfli işgüzar görüş, 55-i xarici şirkət və təşkilatlarla, 6-ı xarici media şirkətləri ilə görüş və Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş Milli Sərgidir. Xarici ölkələrdə keçirilmiş 99 tədbirdən 7-i beynəlxalq sərgi, 28-i biznes forum və seminar, 64-ü ikitərəfli görüşdür.
2011-ci ildə AZPROMO Latviyanın Sahibkarlıq və İnkişaf Agentliyi, Fransanın Şirkətlər Hərəkatı (MEDEF), Sloveniyanın Sahibkarlıq və Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi, Yunanıstanın Xarici Ticarət Şurası, İordaniya Haşimilər Krallığının Sənaye Palatası, Stavropol Ticarət Sənaye Palatası ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalamışdır. Bu sənədlər Azərbaycanın biznes və investisiya imkanlarının təşviqi, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və məlumat mübadiləsi baxımından əhəmiyyətlidir.
İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) Direktorlar Şurasına üzv olan AZPROMO 2011-ci ildə bu təşkilat tərəfindən keçirilmiş beynəlxalq tədbirlərdə də iştirak etmişdir.
Ötən il AZPROMO-nun Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti genişləndirilmiş və Avstriyada yeni nümayəndəliyi fəaliyyətə başlamışdır ki, bununla da qurumun xarici ölkələrdəki nümayəndəliklərinin sayı 2-yə çatmışdır.
Onu da xatırladaq ki, 2011-ci il ölkəmizdə istehsal edilən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının tanıdılması və ölkəmizin ixrac qabiliyyətinin artırılması baxımdan əhəmiyyətli olmuşdur. Belə ki, ötən il AZPROMO ABŞ-da "West Coast Connection" idxal-ixrac şirkətinin yaradılmasına dəstək göstərmişdir ki, bu şirkət hazırda Los Anceles ştatında fəaliyyət göstərən bir sıra tanınmış mağazalarda "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışını həyata keçirir.
AZPROMO tərəfindən ötən il Azərbaycanın investisiya mühiti, biznes imkanları, ölkədə biznes qurmaq üçün mövcud qanunvericilik bazası, ölkəmizin əsas makroiqtisadi göstəriciləri və investisiya layihələri ilə bağlı 5 kitabça çap olunaraq müxtəlif tədbirlərdə paylanmışdır. Ümumilikdə, ötən il yerli və xarici iş adamlarına 4500-ə yaxın təşviqat materialları təqdim edilmişdir. 2011-ci ildə həmçinin, 200-ə yaxın şirkətin istehsal etdiyi məhsullardan ibarət Azərbaycan məhsullarının, 100-ə yaxın şirkətin istehsal etdiyi sənaye məhsullarının və MDB-nin 20 illiyinə həsr olunmuş sərgi üçün 140-a yaxın şirkətin buraxdığı məhsullar barədə 3 kataloq hazırlanmışdır. Hər üç kataloqun elektron versiyası İqtisadi İnkişaf Nazirliyinin və AZPROMO-nun internet səhifələrində yerləşdirilmiş və müxtəlif tədbirlərdə iş adamlarına paylanmışdır.
2011-ci ildə AZPROMO tərəfindən xarici investorların və yerli iş adamlarının müxtəlif mövzularda - ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, investisiya fəaliyyəti, idxal-ixrac əməliyyatları, yeni bazarların tapılması və s. sahələrdə sualları cavablandırılmış, müvafiq tövsiyə və məsləhətlər verilmişdir.
Ötən ilin sonlarında Bakıda İsrailin Azərbaycandakı səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə İsrailin arıçılıq mütəxəssisləri tərəfindən yerli arıçılar üçün seminar keçirilmişdir. Tədbirdə müxtəlif regionlarında fəaliyyət göstərən 20 arıçı iştirak etmişdir.
Seminarda Azərbaycanda arıçılığın qədim tarixə malik olması bildirilmiş, arıçılıq sahəsinin inkişafı və bol məhsul əldə edilməsi üçün ölkəmizdə əlverişli şəraitin mövcudluğu vurğulanmışdır.
İsrail mütəxəssisləri arıçılıqda dünya və bu ölkənin təcrübəsi, uyğun sahədə tətbiq olunan yeni texnologiyalar barədə məlumat vermişlər.
Ötən il yerli ixracatçı şirkətlər üçün "İncoterms 2010 - beynəlxalq ticarətdə qaydalar və standartlar" mövzusunda seminarın da mühüm əhəmiyyəti qeyd edilməlidir. Tədbirdə qeyri-neft sektorunda fəaliyyət göstərən ixracatçı şirkətlərin nümayəndələrinə idxal-ixrac əməliyyatları zamanı tətbiq edilən ticarət qaydaları və standartlar, satıcı və alıcı arasındakı məsuliyyət barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlbi məqsədilə yaradılmış AZPROMO yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasında sahibkarlara yaxından dəstək göstərir.
Yeri gəlmişkən, qeyd edək ki, ölkənin ixrac imkanlarının genişlənməsində Sahibkarlığa Kömək Milli Fondu mühüm rol oynayır. Belə ki, adı çəkilən fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin istehsal gücü artır, buraxılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Xatırladaq ki, ötən il həmin fond tərəfindən 1643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında