Azərbaycan hazırda dünyanın inkişaf etməkdə olan dövlətləri sırasındadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik iqtisadi siyasət nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qlobal maliyyə böhranında Azərbaycan yüksək dayanıqlıq nümayiş etdirmiş, yola saldığımız 2011-ci ildə də yadda qalan uğurlar qazanmışdır. İqtisadi artım davam etmiş, qeyri-neft sektorunun inkişafı sürətlənmiş, sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaradılmış, yeni iş yerləri açılmış və əhalinin sosial rifah halı yüksəlmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçımızın geniş və əhatəli nitqində ölkəmizin qazandığı nailiyyətlər barədə daha ətraflı məlumat verildi. İclasda səsləndirilən faktlar 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini təsdiqlədi. Azərbaycanın valyuta ehtiyatları artıq 41 milyard dollara çatıb. Ötən il dövlət büdcəmiz 21 milyard dollar olmuşdur. 2003-cü illə müqayisədə Azərbaycanın dövlət büdcəsi 20 dəfəyə yaxın artıb. 2003-cü ildə dövlət büdcəmiz 1,2 milyard dollar olmuşdur.
Azərbaycan artıq dünya birliyinin mütləq əksəriyyətinin etimadını qazanan ölkələrdəndir. Bunu ölkəmizə qoyulmuş investisiyaların həcmi də təsdiqləyir. Son səkkiz ildə Azərbaycan iqtisadiyyatına yatırılmış sərmayələr 100 milyard dolları keçmişdir. Dünyanı qlobal iqtisadi və maliyyə böhranı bürüdüyü bir vaxtda Azərbaycanın iqtisadi strukturu müsbətə doğru dəyişmiş, çoxşaxəli iqitisadiyyata çevrilmiş, qeyri-neft sektoru dinamik inkişaf etmişdir. Ölkəmizin sənaye potensialı gücləndirilmiş, yeni istehsal sahələri yaradılmış, çoxlu sayda yeni obyekt, bir milyona yaxın iş yeri açılmışdır. 2011-ci ildə 94 min yeni iş yerinin açılması ölkədə yeni müəssisələrin yaradılmasından xəbər verir.
İşsizlik probleminin aradan qaldırılması dövlət başçımızın qarşıya qoyduğu prioritet vəzifələrdən biri olmuşdur. Möhtərəm Prezidentimiz 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində seçicilərlə keçirdiyi görüşlərdə bildirirdi ki, əgər prezident seçilərsə, işsizlik probleminin aradan qaldırılmasında bütün imkanlarından istifadə edəcək. 8 il əvvəl verilmiş vədin bu gün layiqincə yerinə yetirilməsi xalqın gələcəyə olan inamını daha da artıb.
2011-ci il tarixdə uğurlu, bütün sosial-iqtisadi məsələlərin öz həllini tapdığı il kimi qalacaq. Əhalinin sosial rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə olunmuşdur. Dövlət başçısı Nazirlər Kabinetinin iclasındakı çıxışında bu barədə danışarkən demişdir: "Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir. 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir".
Azərbaycanda orta pensiyanın səviyyəsi təqribən 180-190 dollardır. Orta maaş isə 460 dollara yaxındır. Post-sovet ölkələri ilə müqayisədə bu çox yaxşı göstəricidir. Onu da qeyd edim ki, Azərbaycanın müstəqillik dövründə qazandığı uğurlar keçmiş SSRİ-nin müttəfiq respublikaları ilə müqayisədə, ölkəmizi bir çox sahələrdə lider etmişdir. Həmin müddətdə müttəfiq respublikalar arasında yalnız Ukrayna BMT Təhlükəsizilik Şurasının üzvü olmuşdur. Ukraynadan sonra Azərbaycan həmin uğuru qazanmışdır. İqtisadiyyatın sürət tempinə görə isə ölkəmiz dünyada lider dövlətlərdəndir. Post-sovet ölkələrinin heç birində 113 min ailə, 500 mindən artıq insan Ünvanlı Sosial Yardım Proqramından faydalana bilmir. Çünki belə hallar yalnız iqtisadi cəhətdən qüdrətli ölkələrdə baş verir. Azərbaycanın iqtisadi qüdrəti göz qabağındadır. Ölkəmizdə kosmik sənayenin yaradılması da bunu təsdiqləyir. "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində artıq ilk addımlar atılmışdır. Bu sahə üzrə kontraktlar üzrə işlərin görülməsi hər bir azərbaycanlını sevindirir. Çünki artıq Azərbaycan ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını planlaşdırır.
Ümumiyyətlə, Azərbaycanın orbitə üç peyk buraxacağı planlaşdırılıb. Bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında da məlumat verildi. İlk peyk bu ilin sonunda orbitə çıxarılacaq. Bu sahədə inkişaf etmiş dövlətlərin təcrübəsini öyrənmək və tətbiq etmək ölkəmizin beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsinin nəticəsidir. Orbitə buraxılacaq "Azərspase" peykinin istehsalçısı ABŞ-ın "Orbital Scinces Corporation" şirkəti olacaq. Hazırda ikinci peykin orbitə çıxarılması ilə bağlı tədqiqat işləri başa çatıb. Bu, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bərabər elm və texnikanın da sürətlə inkişafı deməkdir. Bu möhtəşəm layihənin uğurla nəticələnəcəyi şübhə doğura bilməz. Çünki Azərbaycan iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəyə malikdir. Bakı - Tbilisi - Ceyhan neft və Bakı - Tbilisi - Ərzurum qaz kəmərlərinin reallaşması, Bakı - Tbilisi - Qars dəmir yolunun tikintisinə başlanılması ölkəmizin bu sahədə gücünün, qüdrətinin artmasından xəbər verir.
Azərbaycanın ən böyük problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığımız siyasət dünyanın əksər dövlətləri və beynəlxalq qurumları tərəfindən dəstəklənmişdir. Bu sahədə ötən il hər hansı bir irəliləyişin olmamasının əsas günahkarı Ermənistan tərəfi olmuşdur. İşğalçı dövlətin rəhbərliyi həmişəki kimi ötən il də qeyri-konstruktivlik nümayiş etdirmiş, qəsbkarlıq siyasətindən əl çəkməmişdir. Ermənistan prezidentinin ikili standart nümayiş etdirən bəzi beynəlxalq qurumlara arxalanmasına baxmayaraq, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Azərbaycan Prezidenti danışıqları bu prinsip əsasında davam etdirir. Sayca onuncu olan Azərbaycan - Ermənistan prezidentlərinin bu günlərdə Soçidə keçirilən görüşündə də dövlətimizin başçısı əvvəlki mövqeyini yenə də nümayiş etdirmiş, münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin yeganə variant olduğunu bildirmişdir.
Rusiya Prezidenti D.Medvedevin təşəbbüsü ilə bu ilin yanvar ayının 23-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə keçirdikləri görüşdə qəbul edilən Birgə Bəyanatda da münaqişənin nizamlanamasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş ələdə olunduğu bildirilir. Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər. Göründüyü kimi, artıq Ermənistan prezidenti Azərbaycanın beynəlxalq aləmdə sürətlə artan nüfuzu qarşısında davam gətirə bilmir. Belə də olmalı idi. İndi Azərbaycan sürətlə inkişaf edən, dünya birliyində söz sahibi olan, yüksək tribunaya malik dövlətlərdəndir. Ermənistan rəhbərliyi də dərk edir ki, BMT Təhlükəsizlik Şurasının üzvü olmaq o qədər də asan məsələ deyil. Azərbaycana 155 ölkədən dəstək gəldi. Artıq Ermənistan tərəfi Azərbaycanın nəyə qadir olduğunu gördü. Azərbaycanın Milli Ordusu gündən-günə güclənir, mətinləşir. Ermənistan isə SSR-ninköhnədənqalma sınıq-salxaq hərbi texnikasına güvənir. Ermənistanda ötən ilin sentyabrında keçirilən hərbi parad (yerli politoloqlar bunu, Rusiyanın köhnəlib sıradan çıxmış, heç bir şeyə yaramayan hərbi texnikasının nümayişi adlandırır) - bunu bir daha göstərdi.
Azərbaycan öz hərbi gücünü getdikcə artırır. Bu gün ölkəmiz bölgədə ən güclü orduya malikdir. 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmiş, 2012-ci ildə isə hərbi xərclərə ayrılan vəsait artırılaraq 3 milyard 474 milyon dollara çatdırılmışdır. Azərbaycan ordusunda maddi-texniki təchizat yüksək səviyyədədir. Ən müasir silahlar, texnika alınır, ölkəmizlə hərbi sahədə əməkdaşlıq edən dövlətlərin sayı getdikcə çoxalır. Sevindirici haldır ki, Azərbaycanda 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edilir. Bütün bunlar Ermənistanda ciddi narahatlıq yaradıb. İşğalçı dövlətin rəhbərliyi çox yaxşı bilir ki, ötən hər ay Azərbaycanı qələbəyə yaxınlaşdırır. Ona görə də Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əvvəlki mövqeyini dəyişməyə başlayır. Biz Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşün yekununda qəbul edilmiş Birgə Bəyannamədə də bunun şahidi olduq. İnanırıq ki, 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanamasında ciddi irəliləyişə nail olacağıq.
2012-ci ildə qarşıya ciddi vəzifələr qoyulub. Ölkəmizin maliyyə resursları və valyuta ehtiyatı bu ildə də nəzərdə tutulmuş layihələrin uğurla həyata keçiriləcəyinə zəmin yaradır.
Azərbaycan Prezidentinin sərəncamı ilə 2012-ci il "İdman ili" elan edilmişdir. Bu da təsadüfi deyildir. Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının Avropa və dünya səviyyəli yarışlarda beş mindən artıq medala layiq görülməsi bunun əyani sübutudur. Möhtərəm Prezidentimizin idmana diqqət və qayğısı beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, briqada generalı Cianni Qolatinin dediklərini diqqətə çatdırmaq istərdim. O deyib: "Azərbaycanda böyük əhəmiyyətli idman tədbirləri keçirilir. Ölkə idmançılarının Afina Olimpiadasında böyük uğurlar qazanması və digər nailiyyətlər Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir".
İdman sağlamlıqdır, ən böyük siyasətdir və ölkələr arasında dostluq münasibətələrinin yaradılmasında əlverişli vasitələrdən biridir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının gücləndirilməsi və digər tədbirlər nəticəsində ölkəmiz beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq edir.
2012-ci ildə də ölkəmizdə bütün işlərin sistemli şəkildə, proqramlar əsasında aparılacağına, qarşıda duran vəzifələrin uğurla icra ediləcəyinə böyük inam var. Nəzərdə tutulan işlərin uğurla yerinə yetiriləcəyinə dövlət büdcəmiz də imkan verir. Bu il dövlət büdcəsinin xərcləri 22 milyard dollar, icmal büdcəsi isə 25 milyard dollar səviyyəsindədir. Bu vəsait iqtisadiyyatımızın inkişafına və şaxələndirilməsinə yönəldiləcək, sosial proqramların və sosial infrastruktur layihələrin icrasına imkan verəcəkdir.
{nl}
Mirkazım KAZIMOV, Milli Məclisin deputatı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.