Son illər Azərbaycanda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu, təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış, iqitsadi artıma və inkişafa nail olunmuşdur.
Xatırladım ki, ərzaq təhlükəsizliyi dedikdə müəyyənləşdirilmiş keyfiyyət standartları çərçivəsində əhalinin əsas qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksi nəzərdə tutulur. Bu məsələ ilə bağlı uzun müddət elmi-tədqiqat işi apardığım üçün deyə bilərəm ki, əhalinin ərzaqla etibarlı təminatı hər bir dövlətin başlıca vəzifəsi kimi daim diqqət mərkəzində saxlanılmış, konkret yerli şəraitə uyğun olaraq bu və ya digər dərəcədə öz həllini tapmışdır. Ölkəmizdə son illər bununla əlaqədar bir sıra mühüm işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamları da aqrar sahədə mövcud problemlərin aradan qaldırılmasına, bu sahənin dinamik inkişafına ciddi təkan vermişdir. Həmin sərəncamlar kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, istehsalçıların yüksək reproduksiyası buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacının ödənilməsinə, habelə mineral gübrə və texnikanın saxlanması üçün xüsusi anbarın tikilməsinin təmin edilməsinə müsbət təsir göstərmiş, sadalanan işlərin görülməsini sürətləndirmiş, bütövlükdə isə ərzaq təhlükəsizliyinin yaradılması istiqamətində mühüm rol oynamışdır.
Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin 101-i kənd təsərrüfatının müxtəlif istiqamətlərinə aiddir. Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir.
Bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da aqrar sahənin inkişafına göstərilən diqqət barədə demişdir: "...Fermerlərə güzəştli şərtlərlə yanacaq, gübrələr, aqrolizinq xətti ilə texnikalar verilir. Aqroservislər yaradılıbdır. İribuynuzlu cins mal-qara gətirilir, fermerlərə verilir. Ondan sonra güzəştli şərtlərlə kreditlər verilir. Bu il 200 milyon manat kredit veriləcəkdir. Daha sonra, biznes-planlar, investisiya layihələri, bir hektarlıq, beş hektarlıq, iyirmi beş hektarlıq planlar hazırlanır. Yəni, sahibkar sadəcə gəlib təkcə bu işi görməlidir. İndi bizdə keçən ilin sonunda azot gübrəsi zavodunun təməl daşı qoyulubdur. Yəni, biz özümüzü gübrələrlə, azot gübrələri ilə tam şəkildə təmin edəcəyik, ixrac da edəcəyik. Bu da aşağı qiymətlə veriləcəkdir.
...Məhsulların saxlanması ilə bağlı əsas məsələlər həllini tapmışdır. Kifayət qədər soyuducu anbarlar tikilmişdir. Mənə məruzə edildi ki, bu il də tikiləcəkdir. Taxıl anbarları da tikilir. Yəni, məhsulların saxlanması üçün və qiymətlərin normal vəziyyətdə olması üçün biz bu şəraiti yaradırıq".
Ərzaq təhlükəsizliyində taxılçılığa xüsusi diqqət yetirilir. Ölkə Prezidenti İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da ərzaq təhlükəsizliyinin ən mühüm seqmenti kimi məhz taxılçılığın inkişafı məqsədilə qarşıya bir sıra mühüm vəzifələr qoyulmuşdur. Adı çəkilən dövlət proqramında taxılçılıqda məhsuldarlığın 32 sentnerə, istehsal həcminin isə 2,8 milyon tona çatdırılması nəzərdə tutulur. Bu məqsədlə hər hektar taxıl əkini sahəsinə görə 40 manat kompensasiya verilməsi, buğda istehsalçılarına əlavə 40 manatın ödənilməsi, gübrə xərclərinin 70 faizinin dövlət hesabına kompensasiya edilməsi, kənd təsərrüfatının torpaq vergiləri istisna olmaqla bütün digər vergilərdən bir daha azad edilməsi, elit və yüksək reproduksiyalı toxum istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması da məhz həmin məqsəddən irəli gəlir.
Ölkədə sözügedən istiqamətdə reallaşdırılan tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. 2011-ci ildə ilkin mədaxil çəkisində 2458,5 min ton taxıl tədarük edilmişdir. Hər hektar üzrə məhsuldarlıq təxminən 25 sentner olmuşdur. Halbuki 2010-cu ildə bu rəqəm 19-20 sentner həddində idi. Taxıl tədarükü 2010-cu illə müqayisədə təxminən 500 min ton çox olmuşdur. Əkin sahələrinin həcminin artırılması, məhsuldarlığın normal olması əldə edilən taxıl məhsullarının həcminin yüksəlməsinə müsbət təsir göstərmişdir. Biçini vaxtında və tam itkisiz başa çatdırmaq üçün fermerlər bütün texnika və avadanlıqlarla təmin edilmişdir. Başqa sözlə, 30-dan artıq rayonda fəaliyyət göstərən aqrotexservislərin kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorları biçinə cəlb olunmuşdur. Ümumilikdə mövsüm dövründə "Aqrolizinq" SC-nin balansındakı texnika parkında 3110-dan çox taxılyığan kombayn və 1000-dən çox digər texnikanın imkanlarından istifadə edilmişdir.
Xatırladım ki, Azərbaycanda istehsal olunan taxıl xaricdən gətirilən taxılla müqayisədə daha keyfiyyətlidir. Yerli məhsulun təxminən 80 faizi çörəkbişirmə sənayesində istifadəyə tam yararlıdır. Bunu laboratoriya şəraitində aparılan yoxlamalar da sübut edir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, hələ ilin əvvəlində "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası istiqamətində 25 milyon manat vəsait yönəldilmişdir. Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə xüsusi əhəmiyyət verilir və bu istiqamətdə fəaliyyət getdikcə genişlənir. Məhz elə bunun nəticəsidir ki, investisiya layihələrinin sayı, verilmiş güzəştli kreditlərin məbləği getdikcə artır. Artıq müasir texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli layihə, o cümlədən illik istehsal gücü 78,1 min ton olan 5 müasir çörək istehsalı müəssisəsinin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələri güzəştli qaydada maliyyələşdirilir.
Ötən il aqrar sahəyə dövlət qayğısının daha da artırılması məqsədilə fermer təsərrüfatlarına irihəcmli, uzunmüddətli kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması və genişləndirilməsi, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi preparatların alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 4,5 milyon manat vəsait yönəldilmişdir. Beləliklə, görülmüş tədbirlər sayəsində dövlət həm istehlakçının, həm də istehsalçının mənafeyini nəzərə alan iqtisadi fəaliyyət rejimi formalaşdırmış, əhalinin alıcılıq qabiliyyəti və istehsal fəallığının yüksəldilməsi üçün əlverişli mühit yaradılmışdır. Azərbaycanda aqrar siyasətin düzgün müəyyənləşdirilməsi, seçilmiş strategiyanın reallaşdırılması metodlarının düzgünlüyü, bununla əlaqədar mühüm tədbirlərin ardıcıl həyata keçirilməsinə olan ciddi qayğı və nəzarət yaxın illərdə ölkənin neft sektorundan asılılığı azaltmağa, əhalinin ərzaq təminatını yaxşılaşdırmağa, daxili istehsal hesabına özünü təminetmə səviyyəsini optimallaşdırmağa və büdcə gəlirlərində aqrar sahənin payını artırmağa imkan yaradacaqdır.
Qarşıda duran başlıca vəzifələrdən biri də məhsul istehsalçılarının zəruri kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlarla təchizatını yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən, onun itgisiz yığılmasını təmin etməkdən və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsini təmin etməkdən ibarətdir. Burada respublika Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il tarixli sərəncamının böyük əhəmiyyəti də qeyd olunmalıdır.
Ölkə Prezidentinin kənd təsərrüfatına daim diqqət göstərməsi bu sahənin inkişafına prioritet münasibətdən irəli gəlir. Məhz buna görə də dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə "Aqrolizinq" ASC-nın yaradılması, texnikanın alınması, gübrə və yanacaq üçün hər il böyük həcmdə vəsait ayrılması kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Şübhəsiz ki, aqrar sahəyə göstərilən bu diqqət regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayır. 2005-ci ildən etibarən "Aqrolizinq" ASC-yə ayrılmış ümumi vəsaitin məbləği 26 milyon manat təşkil etmişdir. O cümlədən, 2008-ci ildə 37,5 milyon manat, 2009-cu ildə 48,2 milyon manat, 2010-cu ildə isə 35 milyon manat ayrılmışdır. Hazırda "Aqrolizinq"in bölgələrdə 55 fılialı və onların nəzdində 107 mexanikləşdirilmiş dəstə fəaliyyət göstərir. Həmin qurumların istifadəsində 4234 kənd təsərrüfatı texnikası, o cümlədən 588 kombayn, 1051 traktor, 49 ekskovator və 2546 müxtəlif kənd təsərrüfatı texnikası vardır. Yeri gəlmişkən, burada bir faktı da xatırlatmaq istərdim.Respublikada aqrar sahədə tənəzzülün qarşısı alındıqdan sonra 2005-2011-ci illər ərzində dövlət büdcəsi vəsaitləri hesabına qəbul edilmiş qaydalara uyğun olaraq, lizinqlə 12 mindən çox kənd təsərrüfatı texnikası, o cümlədən, 990 ədəd taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 komplekt texniki avadanlıq və soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istilik avadanlıqları və digər avadanlıqlar, 300 min ton mineral gübrə, 300 ton pestisid alınaraq satılmışdır.
Hazırda ölkəmizdə əhalinin adambaşına istehlak tələbatı kartof, tərəvəz, bostan və meyvə məhsullarına görə daxili istehsal hesabına ödənilir, ət, süd və yumurta, taxıl məhsulları üzrə istehlakçılara düşən payın xüsusi çəkisi isə ilbəil artır. Həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə ötən il kənd təsərrüfatı məhsullarının istehsalında əvvəki illərdə olduğu kimi artım nəzərə çarpmış, bu sahədə ümumi məhsul istehsalı 3 milyard 800 milyon manatdan çox olmaqla 2010-cu ilə nisbətən təxminən 8 faiz artmış, o cümlədən bitkiçilikdə 10,6 faiz və heyvandarlıqda 3,7 faiz təşkil etmişdir. Ötən il eyni zamanda, 2010-cu ilin müvafiq dövrünə nisbətən 23,6 faiz şəkər çuğunduru, 22,4 faiz dən üçün günəbaxan, 15,4 faiz meyvə, 11,9 faiz tütün yarpağı, 10,8 faiz ərzaq üçün bostan məhsulları artıq istehsal olunmuşdur.
Əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsinin əsasını təşkil edən amillərdən biri də heyvandarlıq sahəsidir. Hazırda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi proqram həyata keçirilir. Az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi işi uğurla davam etdirilir. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi ildən - ilə yaxşılaşır. Belə ki, ötən il 2010-cu ilin eyni dövrünə nisbətən qaramalın və davarların baş sayının 1,8 faiz artmasına baxmayaraq, ət istehsalı (diri çəkidə) 4,5 faiz, süd istehsalı (fiziki çəkidə) 6,3 faiz, yun istehsalı 6 faiz yüksəlib, 14 min tondan çox ət, 72 min tondan çox süd, 900 tondan çox yun artıq istehsal edilib. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq son üç ildə respublikaya 2000-dək baş cins damazlıq heyvan gətirilərək, təsdiqlənmiş qaydalara müvafiq olaraq hüquqi və fiziki şəxslərə güzəştlə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Hazırda respublika üzrə bu heyvanların sayı 3500 başdan çoxdur.
Bir daha xatırladım ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin Proqramda 2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Tədbirlər Planı öz əksini tapmışdır. Adı çəkilən Proqrama əsasən, 2015-ci ilədək dənli bitkilərin əkin sahələrinin 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona, ət məhsulu istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,12 milyard ədədə, tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahəsini 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara, çay yarpağı istehsalını 3 min tona, yem bitkilərinin əkin sahələrini 500 min hektara çatdırmaq nəzərdə tutulmuşdur. Ölkə Prezidentinin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində bu məqsədə nail olunacağını əminliklə söyləmək olar. Aparılan təhlillər göstərir ki, ölkədə istehsal həcmləri əhalinin ərzaq ehtiyaclarını kifayət səviyyədə ödəməyə imkan verir.
Torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası, aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi yenə də aqrar sahənin prioritet istiqamətləri sayılır. Buraya eyni zamanda, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, elmi-metodiki təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi də aiddir.
Bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırmaqla yanaşı, Azərbaycanın həm də belə məhsulların əsas ixracatçılarından birinə çevrilməsinə şərait yaradır. Həmçinin aqrar sektora ayrılan diqqət onun ölkə iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olur.
Göründüyü kimi, Azərbaycanın dövlət başçısının ardıcıl diqqət və qayğısı, qəbul etdiyi dövlət proqramları, imzaladığı sərəncamlar sayəsində ölkədə ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində isə davamlı tədbirlər həyata keçirilməkdədir.
{nl}
Məhərrəm ŞƏFİYEV, iqtisadiyyat üzrə fəlsəfə doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.