Şriftin ölçüsü:
28.01.2012 11:12 | Oxunma sayı: 710
Yanvarın 27-də Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) 20 illiyinə həsr olunmuş "Qloballaşma mühitində iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrük tənzimlənməsinin rolu" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə 18 ölkə və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Konfransın açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov DGK-nın 20 illik yubileyi münasibətilə iştirakçıları təbrik etmiş, konfransın əhəmiyyətindən danışmışdır.
DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ötən 20 ildə Azərbaycanın gömrük xidmətinin keçdiyi şərəfli yoldan, bu dövr ərzində əldə olunmuş nailiyyətlərdən söhbət açmışdır. Komitə sədri bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin ilk illəri bütövlükdə ölkəmiz, o cümlədən gömrük xidmətinin formalaşması üçün çətin bir dövr olmuşdur. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın gömrük xidməti tamamilə yenidən qurulmuş, irimiqyaslı tədbirlər həyata keçirilmiş, geniş kadr islahatı aparılmış, müasir gömrük sistemi formalaşmışdır.
Qeyd edilmişdir ki, Azərbaycan gömrük xidməti ulu öndərin zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində qısa müddətdə Azərbaycanın iqtisadi suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısına çevrilmişdir. Hazırda DGK dünya standartlarına cavab verən maddi-texniki və normativ-hüquqi bazası, müasir infrastruktur və yeni informasiya-kommunikasiya texnologiyaları vasitəsilə ölkədə büdcə gəlirlərinin formalaşması, iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
A.Əliyev vurğulamışdır ki, iqtisadi təhlükəsizliyi düzgün təmin etmək üçün həyata keçirilən tədbirlər yalnız praktiki deyil, elmi əsaslara da söykənməlidir.
Beynəlxalq konfransda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə "Yeni müstəqil dövlətlərdə iqtisadi təhlükəsizlik sisteminin formalaşması və inkişafı problemləri" mövzusunda məruzə ilə çıxış etmişdir.
Natiq vurğulamışdır ki, son illər ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. İndi ölkə iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksək inkişaf tendensiyası müşahidə olunmasın. Ölkəmizdə iqtisadiyyat yalnız neft üzərində inkişaf etmir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı və neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Azərbaycanın son illər yürütdüyü müstəqil iqtisadi siyasət onu dünyada və regionda yüksək nüfuz sahibinə çevirmişdir.
Ziyad Səmədzadə məlumat vermişdir ki, əgər ötən əsrin 90-cı illərində adambaşına düşən ümumi daxili məhsulun həcmi 1000 ABŞ dolları idisə, hazırda bu rəqəm 13-14 min ABŞ dollarına çatmışdır.
DGK-nın iqtisadi təhlükəsizliyin təmin olunmasında, ölkənin büdcə gəlirlərinin formalaşmasında rolundan danışan Z.Səmədzadə bu sahədə ölkəmizdə bir çox tədbirlər görüldüyünü, dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Azərbaycan gömrüyü-20 il", Varşava Gömrük və Logistika Kollecinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Veslav Çijoviç "XXI əsrdə gömrük hüququ və siyasətində iqtisadi təhlükəsizliyin çağırışları - nəzəri və praktiki aspektləri", İsveç Gömrük Xidməti gömrük siyasəti departamentinin direktoru Lars Karlsson "Sərhədsiz gömrük? Qloballaşan dünyada gömrük və ticarət yolu ilə hökumət üçün imkanlar yaradan yeni paradiqma", Cenevrə Beynəlxalq Universitetinin xarici əlaqələr bölməsinin vitse-prezidenti Claude Cellich "Ticarətin asanlaşdırılmasında qabaqcıl təcrübələr" mövzularında məruzələrlə çıxış etmişlər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.