Şriftin ölçüsü:
27.01.2012 13:43 | Oxunma sayı: 898
Məlum olduğu kimi, Almaniya Federativ Respublikasının Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində "Beynəlxalq yaşıl həftə" sərgisinin təşkili artıq ənənəyə çevrilmişdir. 1926-cı ildən etibarən keçirilən və hər il orta hesabla dünyanın 50 ölkəsindən 1500-dən çox müəssisəsinin məhsullarının nümayiş olunduğu sərgini 500 mindən çox insan ziyarət edir.
Azərbaycan Respublikası builki tədbirdə - "Beynəlxalq yaşıl həftə -2012" sərgisində 20-dən çox şirkətlə təmsil olunur. Onlar Azərbaycan pavilyonunda respublikamızda istehsal olunan 300 çeşiddən artıq kənd təsərrüfatı və yeyinti məhsullarını nümayiş etdirirlər. Almaniyanın RAO şirkətlər qrupunun Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlarının 20 nəfərlik nümayəndə heyəti də AFR-in dəvəti ilə bu il yanvarın 18-dən 24-dək beynəlxalq tədbirə qatılmışdır.
Almaniyanın RAO şirkətlər qrupunun Azərbaycandakı rəsmi nümayəndəsi Eldəniz Bağırovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri yanvarın 19-da Qafqazda, o cümlədən Azərbaycanda kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi və sığortalanması mövzusunda keçirilən konfransda kənd təsərrüfatı naziri İsmət Abasovun geniş nitqini dinləmişlər.
Nazir İ.Abasov çıxışında Azərbaycanda potensial coğrafi şəraitin, siyasi və iqtisadi sabitliyin investisiya qoyulması üçün yaratdığı münbit şərait, xarici investisiyaların dövlət tərəfindən qorunmasına dair qəbul edilmiş qərar və sərəncamlar barədə geniş məlumat vermişdir.
Tədbir iştirakçılarının sual və müraciətlərinə cavab olaraq Azərbaycanda Avropa şirkətlərinin, o cümlədən alman şirkətlərinin fəaliyyət göstərməsi üçün dövlət tərəfindən göstərilən qayğı xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 25 avqust 2008-ci il tarixli sərəncamla təsdiq edilmiş 2008-2015-ci illərdə əhalinin etibarlı ərzaq təminatına dair Dövlət Proqramının və "2009-2013-cü illərdə regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi, Azərbaycanda müasir Avropa standartlarına uyğun yeni texnologiyaların tətbiqi sahəsində yaradılan müəssisələr haqqında geniş məlumat verilmişdir.
Tədbirə Almaniyanın rəsmi dövlət qurumlarının rəhbərləri və nüfuzlu maliyyə, bank, sığorta sektorunun rəhbər işçiləri də qatılmışlar.
Səfər çərçivəsində yanvarın 20-də Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya Federativ Respublikası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin "Azpromo" şirkətinin təşkilatçılığı ilə Azərbaycan - Almaniya biznes forumu keçirilmişdir. Forumdan öncə AFR-in federal kənd təsərrüfatı naziri xanım İlze Aigner Azərbaycan pavilyonuna gələrək ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarına baxmış və iştirakçılarla görüş keçirmişdir.
Forumu giriş nitqi ilə açan Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov belə tədbilərin keçirilməsinin Azərbaycan - Almaniya münasibətlərinin daha da inkişafına səbəb olduğunu vurğulamışdır.
Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında tədbir iştirakçılarını ölkəmizin dinamik inkişafı barədə məlumatlandırmışdır. O, dünyanı sarsıdan maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin apardığı düzgün məqsədyönlü siyasət nəticəsində qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına cüzi təsir etməsini, inflyasiya faizinin təkrəqəmli olmasını və manatın dollara qarşı məzənnəsinin stabil qalmasını xüsusi vurğulamışdır.
2011-ci ildə Azərbaycanda investisiya qoyuluşunun 20 milyarda çatması, bundan 13 milyardının daxili investisiya və 7 milyardının xarici investisiya olması faktı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Çıxış edən digər natiqlər də Azərbaycanda mövcud olan potensial imkanlar və uğurlar barədə tədbir iştirakçılarına geniş məlumat vermişlər.
Yanvarın 21-də Eldəniz Bağırov və nümayəndə heyətinin bir neçə üzvü Almaniyanın federal kənd təsərrüfatı naziri İlze Aignerin sədrliyi ilə Beynəlxalq Konqres Mərkəzində keçirilən toplantıda iştirak etmişlər.
Toplantı çərçivəsində İlze Aigner Avropa Birliyi tərəfindən Azərbaycanda icrasına başlanılan "Kənd təsərrüfatı sahəsində peşə təhsilinin möhkəmləndirilməsinə dair "Twinninq" layihəsinin rəhbəri Herbert Ströbeli və Eldəniz Bağırovu qəbul etmişdir.
E.Bağırov Azərbaycan Respubilkası Ağstafa rayonunda icra olunan "Ağstafa Aqroservis" və "Ağstafa Süd" layihələrinin rəhbəri Rəsul Orucovun bir il öncə Azərbaycanda müasir peşə təhsili məktəbinin yaradılması ilə bağlı müraciətinə müsbət yanaşan İlze Aignerə öz minnətdarlığını bildirmiş və əlavə etmişdir ki, onun göstəriş və tapşırıqları nəticəsində artıq "Twinninq" layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilmiş və 2011-ci ilin noyabr ayından layihənin icrasına başlanılmışdır.
İlze Aigner öz növbəsində, Azərbaycan - Almaniya münasibətlərinin daha da genişləndirilməsi sahəsində maraqlı olduğunu bildirərək, belə layihələrin yüksək səviyyədə icra olunmasına daim dəstək göstəriləcəyini xüsusi vurğulamışdır. Azərbaycanda müasir standartlara uyğun olaraq məhz Almaniya Federativ Respublikasında istehsal edilmiş texnika və texnologiyaların tətbiq edilməsi, əhaliyə göstəriləcək xidmətlərin Avropa dəyərlərinə uyğun olmasında texniki peşə təhsilinin vacibliyi də xüsusi qeyd edilmişdir. Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən xanım Aigner böyük qürur hissi ilə bildirmişdir ki, bu uğurlarda Almaniya şirkətlərinin də payı vardır.
Bu cür tədbirlər və görüşlər, şübhəsiz ki, dövlətlər arasında qarşılıqlı əlaqələri gücləndirir, əməkdaşlığı genişləndirir.
RAO Şirkətlər qrupunun mətbuat xidməti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.