Azərbaycan - Rusiya dostluq və tərəfdaşlıq münasibətləri yeni müstəvidə inkişaf edir

Prezident İlham Əliyevin Soçiyə işgüzar səfəri də 
siyasi və iqtisadi baxımdan önəmli oldu

{nl}


Biz Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır. 2011-ci ildə bu tərəfdaşlıq daha böyük əməli işlərlə möhkəmlənməyə başlamışdır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Soçi, 23 yanvar 2012-ci il

{nl}


Biz Qafqazla çox sıx bağlı olan dövlətlərik. Buna görə də biz Qafqaz regionunda, eləcə də dünyanın bizə yaxın olan bəzi regionlarında baş verən hadisələrə laqeyd deyilik.
Dmitri MEDVEDEV Rusiya Federasiyasının Prezidenti
Soçi, 23 yanvar, 2012-ci il

{nl}


Bəli, 2011-ci il təkcə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması baxımından deyil, eləcə də müasir dünyada cərəyan edən bütün ictimai-siyasi proseslərə yanaşma baxımından respublikamız üçün əlamətdar oldu. Təbii ki, ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi və gənc müstəqil Azərbaycan dövlətinin dünya miqyasında özünəməxsus nüfuz qazanması rəsmi Bakının uğurlu xarici siyasət yeritməsinin nəticəsidir. Bu siyasətdə prioritet istiqamətlərdən biri də Azərbaycan - Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsidir. Heydər Əliyev xarici siyasətinin mühüm tərkib hissələrindən olan Bakı - Moskva əməkdaşlığı son illərdə, xüsusən, 2011-ci ildə daha intensiv inkişaf etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ildə ilk xarici səfərinin Rusiya Federasiyasına olması da təsadüfi deyildi.
Dövlət başçımızın yanvarın 23-də Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə Soçi şəhərinə reallaşdırdığı işgüzar səfəri ölkəmiz və xalqımız üçün bir neçə cəhətdən önəmli idi. Əvvəla ona görə ki, son illər beynəlxalq ictimaiyyət Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün olduğu qədər daha tez həll edilməsinə çalışır və rəsmi Moskva bu məsələdə təşəbbüsü əldən vermək istəmir. Dövlət başçımızın Soçi səfəri zamanı Azərbaycan, Rusiya Federasiyası və Ermənistan prezidentlərinin növbəti görüşü olmalı və Dağlıq Qarabağ münaqişəsinin daha tez həlli üçün yolların axtarılmasını təmin etmək məqsədiylə müzakirələr aparılmalı idi. Reallaşdırılan görüş, aparılan müzakirələr və qəbul edilən Birgə Bəyanat barədə aşağıda ətraflı söhbət açacağıq.
Azərbaycan Prezidentinin Soçiyə işgüzar səfərini önəmli edən ikinci məqam energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və qaz alqı-satqısı ilə bağlı imzalanmış müvafiq sənədə ediləcək növbəti əlavənin rəsmiləşdirilməsi oldu. Xatırıladaq ki, ötən il Xəzərin Azərbaycan sektorunda daha böyük qaz yataqları aşkar edilmişdi. Ona görə də qaz ixracatı məsələsində ölkəmizin əsas partnyorlarından olan Rusiya Federasiyası ilə bu istiqamətli əməkdaşlığı təmin edən razılığa müəyyən əlavələrin edilməsi zərurəti yaranmışdı. Yəni, Azərbaycanın qaz ixracının sabahına olan inam qat-qat artıb. Prezident İlham Əliyevin Soçi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması energetika sahəsində Azərbaycan - Rusiya əməkdaşlığının daha böyük perspektivindən xəbər verir.
Dövlət başçımızın yeni ilin ilk xarici səfərini Rusiya Federasiyasına etməsi bir çox başqa cəhətlərdən də əhəmiyyətli idi. Belə ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış Minsk qrpunun həmsədri olan ABŞ və Fransa kimi Rusiya Federasiyası da ölkə üçün xüsusi önəm kəsb edən seçkilər ərəfəsindədir. Bundan başqa, ötən ilin oktyabrında Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçkilərdə iştirak edərkən Rusiya Federasiyasının BMT-dəki nümayəndələri daim ölkəmizin mövqelərini müdafiə etmişlər və sairə. Bir sözlə, Prezident İlham Əliyevin Soçi səfəri gündən-günə inkişaf edən Azərbaycan - Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinin daha da irəliləməsi üçün təkan olacaq bir səfər kimi qiymətləndirilir.
Dövlət başçılarının görüşündə Rusiya Prezidenti Dmitri Medvedev bu qəbildən olan təmasların tərəflər üçün xüsusi önəm kəsb etdiyini söylədi: "Şadam ki, Soçidə bizim qış görüşləri ənənəsi davam edir. Bu, həm də Rusiya - Azərbaycan əməkdaşlığının necə inkişaf etməsi barədə fikir mübadiləsi aparmaq, gələcək haqqında söhbət etmək və keçən il baş verənləri qiymətləndirmək üçün yaxşı imkandır. Ona görə ki, bizim müəyyən nəticələrimiz vardır. Hesab edirəm ki, bunlar yaxşı nəticələrdir". Yəni, dost ölkənin dövlət başçısı da ötən il və ötən illərdə həyata keçirilmiş tədbirlərin nəticəsindən məmnunluq ifadə edir.
Özünün rusiyalı həmkarı Dmitri Medvedevin bu qəbildən olan görüşləri xoş ənənə adlandırması ilə tamamilə razı olan Prezident İlham Əliyev isə təmasların intensiv xarakter almasını yüksək qiymətləndirir: "Bu, həqiqətən də çox yaxşı ənənədir. Bu, görüşməyə, ünsiyyət saxlamağa imkan verir, hərçənd bizim görüşlərimiz yetərincə intensiv xarakter daşıyır, elə keçən ay da Moskvada görüşmüşdük. Dövlətlərimiz arasında münasibətlərin xarakteri və ruhu, onların dinamizmi, daimi məsləhətləşmələr və bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq potensialının artması da bunu əks etdirir". Ancaq Prezident İlham Əliyev bütün xarici səfərlərində olduğu kimi Soçidə görüşdə də xüsusi olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsindən nigarançılığını dilə gətirir: "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarının axtarışı üzrə səylərinizi davam etdirdiyinizə görə də Sizə təşəkkür etmək istəyirəm. Çoxlu görüşlər keçirilmişdir. Sizin qeyd etdiyiniz kimi ümidverici məqamlar da, bədbinlik hissini gücləndirən məqamlar da olmuşdur. Lakin proses davam edir və Sizin bu səyləri davam etdirməyiniz də əlavə nikbinlik yaradır. Regionda sülhün bərqərar olması üçün Azərbaycan bu münaqişənin tezliklə tənzimlənməsində maraqlıdır".
Yeri gəlmişkən, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan prezidentlərinin Soçi görüşündə münaqişənin həlli yollarının tapılması üçün daha bir geniş müzakirə aparılmışdır. Əslində münaqişənin həlli yollarının tapılması çox asandır və bu variant hamıya gün kimi aydındır: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını BMT qətnamələrində göstərildiyi kimi qeyd-şərtsiz çıxarır və qaçqın-köçkünlərin yurd-yuvasına qayıtması ilə regiona sülh gəlir. Dünyanın bütün sülhsevər qüvvələrinin və beynəlxalq təşkilatların sənədlərində də bu münaqişənin həlli yolları məhz bu şəkildə göstərilir. Ancaq rəsmi İrəvanın nümayiş etdirdiyi destruktivlik, şıltaqlıq, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik münaqişənin həllini uzadır. Regionda iqtisadi marağı olan ölkələr münaqişənin yenidən alovlanacağı təqdirdə nələrin baş verəcəyini real qiymətləndirdiklərinə görə Ermənistanı daşı ətəyindən tökməyə çağırsalar da, rəsmi İrəvan dünyadakı erməni diasporunun cızdığı xətdən kənara çıxa bilmir. Məhz bu məqamları əsas götürən beynəlxalq təşkilatlar, xüsusən, ATƏT münaqişənin həlli üçün müzakirələrin intensivləşdirilməsini məqsədəuyğun sayırlar.
Elə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 23 yanvar tarixli Birgə Bəyanatında da bu amilin nəticələri yüksək qiymətləndirilir: "Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd etmişlər. Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir".
Qeyd edilməli başqa bir məqam isə ondan ibarətdir ki, dövlət başçıları münaqişənin tənzimlənməsi baxımından etimadın möhkəmləndirilməsi üçün tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsini zəruri saymışlar. Azərbaycan və Ermənistan prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmləndirilməsinə hazır olduqlarını bəyan etmişlər. Tarixən sülhsevər xalq olan azərbaycanlıların bu istiqamətdə müsbət addımlar atacağı məlumdur. Bəs ermənilər necə, tarixi xislətlərindən əl çəkə biləcəklərmi? Bunu zaman göstərəcək. Hər halda Azərbaycan istənilən məqamda xoş məram nümayiş etdirir. Buna baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsində heç bir güzəştə gedilməyəcək.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında