Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı artır

{nl}

Ötən il Azərbaycan iqtisadiyyatında, o cümlədən qeyri-neft sektorunda artım meyilləri davam etmişdir. İqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda yüksək iqtisadi inkişaf meyilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan vermişdir. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 2011-ci ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 45,5 milyard manata çatmışdır. Əlavə dəyərin 54,9 faizi sənaye sahələrində, 7,8 faizi tikinti kompleksində, 5,6 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 5,2 faizi nəqliyyatda, 7,9 faizi ticarət və pullu xidmət sahələrində, 1,7 faizi rabitədə, 11 faizi digər sahələrdə istehsal olunmuşdur. Əhalinin hər nəfərinə 5026,3 manatlıq (6362,4 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz artmışdır.
Bir fakta da diqqət yetirək. Azərbaycan Mərkəzi Bankının 2012-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə bəyanatında bildirilir ki, 2011-ci ildə Azərbaycan iqtisadiyyatı daha da güclənmişdir. Qlobal böhranın əsasən təsadüf etdiyi 2009-2011-ci illərdə orta iqtisadi artım 5 faiz olmuşdur. 2011-ci ilin ötən 11 ayında isə qeyri-neft sektoru 9,5 faiz artmışdır. O cümlədən, qeyri-neft sənayesində 11,7 faiz, ticarətdə 9,9 faiz və xidmətdə 22,2 faiz artım olmuşdur. Sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri indeksi 2010-cu illə müqayisədə yaxşılaşmışdır. Ötən ilin 11 ayında əhalinin nominal pul gəlirlərinin 19,2 faizi, ev təsərrüfatlarına bank kreditlərinin isə 21,7 faizi artımı daxili tələbin artmasına müsbət təsir etmişdir. Nəticədə uzunmüddətli istifadə əşyalarının istehlakı artmışdır. İnvestisiya tələbi də genişlənmiş, sözügedən dövrdə investisiya qoyuluşları 28,3 faiz, o cümlədən qeyri-neft sektorunda 39 faiz artmışdır. Strateji valyuta ehtiyatlarının getdikcə artması ölkənin iqtisadi dayanıqlığını yüksəldir. Xatırladaq ki, strateji valyuta ehtiyatları 1 dekabr 2011-ci il tarixinə 42 milyard dollara çatmış və ÜDM-in 65 faizini ötmüşdür.
Strateji valyuta ehtiyatları 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir və xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ildə 60 faizdən çox artaraq 10,5 milyardı ötmüşdür.
2011-ci ildə bank sisteminin maliyyə vasitəçiliyi dərinləşməkdə davam etmişdir. Ötən 11 ayda kredit qoyuluşları 7,5 faiz, bank aktivləri 10,7 faiz, əhalinin əmanətləri 26,4 artmışdır. Dövr ərzində müddətli depozitlərin 22,1 faiz yüksəlməsi bank sisteminə inamın artmasını xarakterizə edir. Dollarlaşma səviyyəsi isə (xarici valyutada depozitlərin geniş pul kütləsində payı) son bir ildə 4 faiz bəndi aşağı düşmüşdür. Maliyyə sektorunun regional əhatə dairəsinin və bank xidmətlərinə çıxış imkanlarının genişlənməsi davam etmişdir.
2011-ci ilin 11 ayında 23 yeni bank filialı açılmışdır ki, bunun da 13-ü regionların payına düşür. Hazırda bank filiallarının 49 faizdən çoxu regionlarda yerləşir.
İpoteka kreditləşməsi cari ildə də iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynamışdır. Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2011-ci ildə cəmi 500 nəfərə 16 milyon manat məbləğində sosial ipoteka verilmişdir.
İpoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması davam etdirilmişdir. 2011-ci ilin ötən dövründə İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla 2000 nəfərə 77 milyon manat məbləğində ipoteka krediti verilmişdir. Beləliklə, hazırda ipoteka kreditlərindən (cəmi 342 milyon manat) faydalanan ailələrin sayı 8750-yə çatmışdır.
2012-ci ildə daxili dövlət tələbinin yüksək səviyyəsi şəraitində iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır. Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq 2012-ci ildə ümumi daxili məhsulun 5,7 faiz artacağı proqnozlaşdırılır. Neft hasilatının gözlənilən həcmini nəzərə alaraq, iqtisadi artım qeyri-neft sektoru hesabına (əsasən daxili tələbin təsiri altında) baş verəcəkdir. Dövlət xərcləri qeyri-neft sektorunda artım templərini formalaşdıran mühüm amil olacaqdır.
Yeri gəlmişkən, bir məsələyə də toxunaq.Beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sistemin düzgün qurulmasını, qeyri-neft sektorunun inkişafını qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə göstərirlər. Bu barədə "Bloomberg" agentliyində dərc olunan materialda deyilir. Materialda qeyd olunur ki, 2012-ci ilin əvvəlinə olan statistikaya görə, dünyanın inkişaf etmiş ölkələrinin ümumi borcu 7,6 trilyon ABŞ dolları təşkil edir. Dünya iqtisadiyyatına böyük təsir imkanına malik olan ABŞ-ın 2,8, Yaponiyanın isə 3 trilyon xarici borcu vardır. Azərbaycanda isə iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Həyata keçirilən bütün bu tədbirlər hökumətin böhrana qarşı səmərəli tədbirlərindən xəbər verir. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir.
Avropa ölkələrində isə dövlətin xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür. Müəssisələr bağlanır, minlərlə işsizlər ordusu yaranır. Azərbaycanda əmək haqlarının ildən-ilə artdığı halda, Avropada vergilər artırılır, sosial ödənişlər isə azaldılır. Materialda o da vurğulanır ki, həqiqətən də milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də işin hamısı deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. Neftlə zəngin ölkə olmaq da inkişafın zəruri olacağına dəlalət etmir. Azərbaycandan da çox neft ehtiyatına malik olan ölkələr var, lakin bu ölkələrdə nəinki inkişaf müşahidə edilmir, əksinə, bir çox hallarda həmin ölkələrdə yüksək inflyasiya, qeyri-sabit ictimai-siyasi vəziyyət, vətəndaş müharibələri baş verir. Belə hallar isə inkişafa yox, geriləməyə aparır.
Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan bir məqama da toxunaq. Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın və 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)" icrası ilə əlaqədar əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, bir sözlə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və bu, hazırda da uğurla davam edir. Ümumilikdə isə bu tədbirlər qeyri-neft sektorunun inkişafında önəmli rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nın 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrası nəticəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur.Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir. Xatırladaq ki, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, dövlət başçısının 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Bu proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur.
Dövlət Proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında ölkə Prezidentinin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nda 2011-2015-ci illərdə nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsinin təmin edilməsidir.
Adıçəkilən Dövlət proqramı ilə qarşıya bir sıra vəzifələr də qoyulmuşdur. Proqramda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur.
Bu gün ölkəmizin sosial infrastrukturunun yaxşılaşdırılması sahəsində də mühüm irəliləyişlərə nail olunmuşdur. Sosial infrastruktur layihələri paytaxtı və iri şəhərləri əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində həyata keçirilməkdədir. Prezident İlham Əliyev bildirmişdir ki, son illər ölkəmizin maliyyə imkanlarının yaxşılaşması infrastruktur layihələrinin geniş vüsət almasına öz mühüm təsirini göstərir: "Hazırda ölkəmizdə bir neçə vacib, böyük infrastruktur layihələri həyata keçirilir. O layihələrin icrası ilə bağlı mütəmadi qaydada mənə məruzələr edilir... İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq".
Son illərdə regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də diqqət mərkəzində saxlanılır. Bu, 2012-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı da nəzərə alınmışdır.Belə ki, 2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 5777,1 milyon manat vəsait ayrılmışdır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası, yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.
Bundan başqa, gələn il ümumi investisiyada artımın əsasən, ölkə iqtisadiyyatına qoyulacaq xarici sərmayələr hesabına əldə olunması gözlənilir. Bu da respublikanın xarici investorlar üçün cəlbediciliyinin saxlanmasının göstəricisi kimi qəbul edilə bilər. Xarici investisiya üzrə artım tempinin növbəti ildə daxili investisiyanın tempindən 41,2 faiz çox olmasına baxmayaraq, daxili mənbələr hesabına investisiya qoyuluşları ölkə iqtisadiyyatının inkişafında həlledici təsirə malik olacaq və onun xüsusi çəkisi 70,3 faiz təşkil edəcəkdir.
Qeyd edək ki, bu il ümumi investisiyanın 44,8 faizi qeyri-neft sektoru tərəfindən qoyulacaqdır. Başqa sözlə, qeyri-neft sektorunun ölkə iqtisadiyyatına yatırdığı investisiyanın xüsusi çəkisi bu il l7 faiz artacaqdır. Eyni zamanda, növbəti ildə ümumi investisiyanın 68,4 faizinin qeyri-neft sektoruna qoyulması nəzərdə tutulmuşdur. Bütün bunlar isə ölkənin investisiya imkanlarının tam həcmdə iqtisadiyyata cəlb edilməsi və bu amillər hesabına bütün sahələrin inkişafına müvafiq təminatın yaradılması tədbirləri kimi xarakterizə oluna bilər.
Azərbaycan iqtisadiyyatının 2012-ci ildə də əlverişli olmayan xarici iqtisadi mühit şəraitində inkişaf edəcəyi proqnozlaşdırılır. Yaradılmış möhkəm təməl və düşünülmüş iqtisadi siyasət nəticəsində 2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacağı və əvvəlki illərdə müşahidə olunan müsbət meyillərin davam edəcəyi gözlənilir. Belə ki, 2012-ci ildə ölkədə iqtisadi artımın 5,7 faiz, 2015-ci ilədək isə orta illik iqtisadi artımın 6,3 faiz olacağı gözlənilir. Adambaşına düşən ÜDM 2012-ci ildə 4744 manatdan 2015-ci ildə 5963 manata qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcəkdir.
Bəli, bu gün Azərbaycanda keyfiyyətcə yeni iqtisadi şərait yaranmışdır. Azərbaycan iqtisadiyyatı bu uğur sayəsində dünyadakı iqtisadi böhrandan da çox az itki ilə çıxmışdır. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçünü özündə birləşdirir, yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır. Azərbaycan iqtisadiyyatı son 8 ildə 3 dəfə artmışdır. Dünyada isə qlobal böhranın ikinci dalğası artıq başlayır. Hamıya məlumdur ki, bu, başlıca olaraq avrozonanı əhatə edir. Bu gün Avropanın beş dövlətinin toplam borcu 4 trilyon ABŞ dollarından çoxdur. Bu, fantastik bir rəqəmdir. Həmçinin ABŞ-da da eyni böhran yaşanır. İşsizlik bu ölkələrə hakim kəsilmişdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə dünya üzrə resessiya çox zəif gedir.
Qlobal iqtisadi böhrana qarşı Azərbaycanda dövlət başçısının uğurlu fəaliyyəti nəticəsində nümunə göstərilən dayanıqlıq təmin edilmişdir. Hazırda dünyanın əksər ölkələrinə təsir göstərən qlobal böhran Azərbaycandan demək olar ki, yan keçmişdir. Dünya iqtisadiyyatında müşahidə olunan tənəzzülə baxmayaraq, 2011-ci ilin 10 ayı ərzində Azərbaycanda ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 8,6 faiz artmış və 10 ay ərzində bu sahədən büdcəyə proqnozda nəzərdə tutulandan 21,8 faiz çox vergi daxil olmuşdur. Ümumilikdə 10 ay ərzində ölkə üzrə 114,1 milyard manat vergi yığılmışdır ki, bu da ötənilkindən 26,5 faiz çoxdur. Bu gün Azərbaycanda işsizlik məşğul əhalinin 0,8 faizini təşkil edir. Cari ilin ötən 10 ayı ərzində 71 minə yaxın iş yeri açılmış, əhalinin pul gəlirləri 19 faiz artmışdır. Əhalinin banklara qoyduğu əmanətlərin məbləği isə 29,5 faiz çoxalmışdır. Regionların sosial-iqtisadi inkişafı nəticəsində yerlərdən büdcəyə daxilolmaların çəkisində də artım vardır. Bu artım ilin sonunda 14,4 faizə çatacaqdır.
Onu da deyək ki, 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manatdan 108 manata, əmək qabiliyyətli əhali üçün 102 manatdan 116 manata, pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçün 76 manatdan 87 manata, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 75 manatdan 84 manata qaldırılacaqdır.
2012-ci ildə də ölkədə qeyri-neft sektorunun dinamik inkişafı davam etdiriləcəkdir. Əhalinin gəlirləri 6,8 faiz artacaqdır. Əmək qabiliyyətli əhalinin orta illik sayı 5 milyon 913 min, iqtisadi fəal əhalinin orta illik sayı 4 milyon 366 min, iqtisadiyyatda məşğul olanların orta illik sayı 4 milyon 161 min nəfərə çatacaqdır. İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayının azalma tempi 3 dəfə aşağı düşəcəkdir. Bu ilin sonuna əhalinin sayının 9 milyon 342 min nəfərə çatacağı proqnozlaşdırılır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında