Regionların dinamik inkişafı sayəsində əhalinin həyat səviyyəsi daha da yaxşılaşmışdır

{nl}

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan 2011-ci ildə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Bu, bir həqiqətdir ki, hazırda Azərbaycanın regionlarında yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri sürətlə həyata keçirilir. Bu isə təbii ki, əhalinin rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərir.
Regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda dinamik artım müşahidə olunur.Elə buna görə də 2011-ci ildə ölkə iqtisadiyyatının həcmi təqribən 0,2 faiz artmışdır. Bununla belə ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,5 faiz artmışdır. Tərəqqiyə, dirçəlişə şübhəsiz ki, regionların inkişafına yönəldilmiş proqramların icrası da təkan vermişdir. Yerlərdə sahibkarlara dövlət dəstəyi nəticəsində özəl sektor xeyli inkişaf etmişdir. Bu gün iqtisadiyyatın 85 faizdən çoxu məhz özəl sektorda cəmləşmişdir. Regionlarda ilin ötən aylarında tikinti - quruculuq işləri sürətlə getmişdir. Gəncədə fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzi, Tovuz rayonunda süd emalı zavodu və olimpiya idman kompleksi, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu, süd məhsulları kombinatı və şahmat məktəbi, İmişli rayonunda yem və bitki yağları fabrikləri, Xızı rayonunda müalicə-diaqnostika mərkəzi, Qobustan rayonunda eksperimental poliqon və tədris mərkəzi, Quba rayonunda şahmat məktəbi, Xaçmaz rayonunda kondensator zavodu, Ağsu rayonunda çörək, şirə və şərab emalı zavodları, stadion, Ağdaşda "Qafqaz Sport Hotel", Şəkidə "Green Hill İnn", Qaxda "El Resort" mehmanxanaları, Oğuz rayonunda qarğıdalı emalı zavodu və qlükoza istehsalı müəssisəsi, habelə diğər obyektlər istismara verilmişdir.
Regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqitsadi artıma və inkişafa nail olunmuşdur.
Aqrar bölmənin inkişafını statistik göctəricilərdən də aydın görə bilərik. Belə ki, bu il dekabrın 1-nə kimi ölkədə qarğıdalı da daxil olmaqla 2457,9 min ton taxıl, 938,5 min ton kartof, 1196,5 min ton tərəvəz, 58 min ton pambıq, 761,2 min ton meyvə və giləmeyvə, 477,9 min ton bostan məhsulları, 135 min ton üzüm, 235,3 min ton şəkər çuğunduru, 3,6 min ton tütün, 513,6 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 417,2 min ton ət, 1491,5 min ton süd, 916,5 milyon ədəd yumurta və 15,9 min ton yun istehsal olunmuşdur. Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 9,4 faiz, heyvandarlıq məhsulları istehsalı 3,6 faiz və kənd təsərrüfatının ümumi məhsulu 6,8 faiz artmışdır.
Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsi, əhalinin problemləri ilə maraqlanması regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının imzaladığı 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının, eləcə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Dövlət Proqramında regionlarımızın mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənayenin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Hazırda regionlarda həyata keçirilən kompleks tədbirlər çərçivəsində infrastruktur layihələri uğurla icra edilir, əhalinin qaza, içməli suya olan tələbatı ödənilir. Kənd yollarının asfaltlaşdırılması, magistral yolların çəkilməsi əhalinin gediş-gəlişini daha da yaxşılaşdırır. Kənd təsərrüfatının inkişafı üçün fermerlərə kreditlər, subsidiyalar verilir. Bütün bunlar və bölgələrdə mövcud olan bəzi problemlərin həll edilməsi əhalinin güzəranını daha da yüksəldir. Yeri gəlmişkən, bir məqama da toxunmağı vacib bilirik. Dövlət başçımız regionların inkişafı məsələsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, onların yerləşdikləri ərazilərin abadlaşdırılmasına daim mühüm önəm verir. Bunu ötən ilin dekabrın 24-də Prezident İlham Əliyevin Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirakı bir daha aydın göstərdi. Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra ölkə Prezidentinə məlumat verildi ki, Azərbaycanda aparılan tikinti-quruculuq işləri Laçından olan məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində də vüsət almışdır. Buradakı parklarda, Şəhidlər kompleksində və Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafında abadlıq işləri həyata keçirilmiş, yaşıllıqlar salınmışdır. Bu ilin əvvəlindən Taxtakörpü ərazisinə 21 kilometr uzunluğunda təbii qaz xəttinin çəkilişi başa çatdırılmış, 4 kilometrlik içməli su xətlərində təmir-bərpa işləri aparılmış, köhnə borular yeniləri ilə əvəzlənmişdir. Alxaslı və Qarakeşiş obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Taxtakörpü-Mais və Taxtakörpü-Alxaslı avtomobil yolunda təmir işləri aparılmış, 7,9 min kvadratmetr yol asfaltlanmışdır.
Diqqətə çatdırıldı ki, respublikamızın ümumilikdə 58 rayon və şəhərində müvəqqəti məskunlaşan 71,2 min laçınlıdan 13 mini Taxtakörpü ərazisində yerləşmişdir. İndi burada məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri salınır. Bu qəsəbələrdən biri də dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əlavələr olunması haqqında 2007-ci il 31 oktyabr tarixli sərəncamına əsasən Ağcabədi rayonu Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbədir. Bu qəsəbənin salınması Azərbaycan Prezidentinin məcburi köçkünlərin sosial-iqtisadi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi növbəti mühüm addımlardan biridir.
Ötən il regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də diqqət mərkəzində saxlanılmışdır. Bu, 2012-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı da nəzərə alınmışdır.Belə ki, 2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 5777,1 milyon manat vəsait ayrılmışdır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası, yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.
Bundan başqa, 2012-ci ildə ümumi investisiyada artımın əsasən, ölkə iqtisadiyyatına qoyulacaq xarici sərmayələr hesabına əldə olunması gözlənilir. Bu da respublikanın xarici investorlar üçün cəlbediciliyinin saxlanmasının göstəricisi kimi qəbul edilə bilər. Bu il daxili mənbələr hesabına investisiya qoyuluşları ölkə iqtisadiyyatının inkişafında həlledici təsirə malik olacaq və onun xüsusi çəkisi 70,3 faiz təşkil edəcəkdir.
Qeyd edək ki, ümumi investisiyanın 2011-ci ildə 37,8 faizi, bu il isə 44,8 faizi qeyri-neft sektoru tərəfindən qoyulacaqdır. Başqa sözlə, qeyri-neft sektorunun ölkə iqtisadiyyatına yatırdığı investisiyanın xüsusi çəkisi 2012-ci ildə 7 faiz artacaqdır. Eyni zamanda, bu il ümumi investisiyanın 68,4 faizinin qeyri-neft sektoruna qoyulması nəzərdə tutulmuşdur. Bütün bunlar isə ölkənin investisiya imkanlarının tam həcmdə iqtisadiyyata cəlb edilməsi və bu amillər hesabına bütün sahələrin inkişafına müvafiq təminatın yaradılması tədbirləri kimi xarakterizə oluna bilər.
Regionlara göstərilən diqqət sosial sahənin inkişafına da təsirsiz ötüşmür. Xatırladaq ki, son illər sosial sahəyə yönəldilən tədbirlərin miqyası genişləndirilmişdir. Dövlət başçısı İlham Əliyev bununla bağlı demişdir: "Bütün bu işlərlə bərabər, biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir. Təkcə maaş və pensiyaların artımı ilə biz öz fəaliyyətimizi məhdudlaşdırmırıq, eyni zamanda, sosial infrastrukturun yaradılması işində böyük sərmayələr qoyuruq".
Xatırladaq ki, regional inkişaf proqramlarının icrası nəticəsində indiyədək ölkədə 2 mindən çox məktəb, 400-dən çox tibb müəssisəsi, 30-dan çox Olimpiya İdman Mərkəzi tikilib istifadəyə verilmişdir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət tərəfindən ayrılan güzəştli kreditlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin qarşısının alınması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan qanunun qəbulu iş adamları tərəfindən razılıqla qarşılanır.
Azərbaycan Prezidenti İlham Əliyev regionlarla yanaşı, Bakı şəhərinin də inkişafına xüsusi diqqət və qayğı göstərir.Bununla əlaqədar son illər bir sıra tədbirlər həyata keçirilmişdir. Ən başlıcası "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın reallaşdırılması paytaxt və ətraf qəsəbələrin də sürətli inkişafına böyük təkan vermişdir.
Proqram çərçivəsində paxtaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Həmçinin son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir. Paytaxtı içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.
Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında