İqtisadi inkişaf yolunda inamla irəliləyən, regionun aparıcı dövlətinə çevrilən Azərbaycanın bölgələri gündən-günə daha da çiçəklənir, ölkəmizin hər bir guşəsində irimiqyaslı layihələr icra olunur. Prezident İlham Əlievin rəhbərliyi altında regionlarda yeni sənaye müəssisələri, nəhəng sağlamlıq mərkəzləri, təhsil ocaqları, müasir idman kompleksləri, göz oxşayan parklar istifadəyə verilir, minlərlə insanın əməyə cəlb olunması onların rifah halının yaxşılaşması ilə nəticələnir.
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə həsr olunmuş sayca 8-ci elmi-praktik konfransın iştirakçıları və qonaqları əvvəlcə "Kimyaçı" sarayının foyesində təşkil edilmiş sərgi ilə tanış oldular. Sərgidə ulu öndər Heydər Əliyevin Sumqayıta tarixi səfərləri, Prezident İlham Əliyevin şəhərin inkişafına qayğısı və Sumqayıtın şöhrət tarixi ilə bağlı materiallar, habelə istehsal və emal müəssisələrinin çeşidli məhsulları nümayiş etdirilirdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul əməkdaşları Tahir Quliyev və Ədalət Əzizovun iştirak etdikləri konfransı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev açaraq bildirdi ki, Azərbaycanın bölgələrində müşahidə olunan dinamik inkişaf Sumqayıtda da özünü aydın şəkildə göstərir. Şəhərdə icra olunan layihələr, salınan yeni müəssisələr, bərpa olunan sənaye kompleksləri Sumqayıtın əvvəlkitək respublikamızın və yerləşdiyimiz regionun mühüm sənaye mərkəzinə çevrilməkdə olduğunu göstərir.
Sovet İttifaqının süqutu ilə müttəfiq respublikalarla ticarət-iqtisadi əlaqələrin kəsilməsi nəticəsində 1990-cı illərdə iri sənaye müəssisələrinin tam əksəriyyəti öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Bu durğunluğun aradan qaldırılması istiqamətində ilk mühüm addım ümummilli lider Heydər Əliyevin 1999-cu ildə Yaponiyaya səfəri zamanı atılmış, dahi rəhbərin uzaqgörən siyasi-iqtisadi qərarı sayəsində Sumqayıta ilk dəfə böyük məbləğdə xarici investisiya cəlb olunmuş və kimya sənayesini fasiləsiz enerji ilə təmin edən "Buxar-generator qurğusu" tikilib istifadəyə verilmişdir.
Şəhərin sənaye potensialının dirçəldilməsi üzrə tədbirlər 2003-cü ildən etibarən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha sürətlə davam etdirilmiş və Sumqayıtın müasir sənaye şəhərinə çevrilməsi istiqamətində uzunmüddətli strategiyanın icrasına başlanılmışdır. Bu strategiya mövcud sənaye müəssisələrinin qabaqcıl texnologiyalar, ekoloji standartlar əsasında bərpasını, müasir tələblərə cavab verən yeni müəssisələrin inşasını nəzərdə tutmaqla, şəhər infrastrukturunun, maliyyə-kredit sisteminin, rabitə-kommunikasiya texnologiyalarının inkişafına, əhalinin məşğulluğunun, ixtisaslı kadrların çəkisinin artırılmasına hesablanmışdır.
Son 7 ildə Sumqayıtın davamlı inkişafı sahəsində atılan addımlar regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının təkib hissəsi olmaqla şəhər üzrə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. 2003-cü illə müqayisədə Sumqayıtın ümumi məhsul buraxılışı və xidmətlərin həcmi 4,7 dəfə, sənaye sahəsində məhsul istehsalının həcmi 2,7 dəfə artmış, şəhər iqtisadiyyatına bütün mənblər hesabına 1,5 milyard manat investisiya yönəldilmişdir. Bu illər ərzində şəhərdə sosial-iqtisadi sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 4 dəfə artaraq 260 manat təşkil etmişdir. 200 minədək əmək qabiliyyətli əhalinin məskunlaşdığı Sumqayıtda son 7 ildə 22 mini daimi olmaqla, 40 minə yaxın yeni iş yeri yaradılmışdır.
Son illər ərzində sənaye sahələrinin geniş spektrini əhatə edən yeni müəssisələrin işə düşməsi Sumqayıtı innovativ texnologiyaların tətbiq olunduğu avanqard sənaye şəhərinə çevirmişdir. Sumqayıt Texnologiyalar Parkının istifadəyə verilməsi şəhərin sənaye görkəminə yeni çalar qatmışdır. Burada yeni sahələrin tikintisi texnoparkı MDB regionunun ən müasir və qabaqcıl müəssisələrindən birinə çevriləcəkdir. İri diametrli şüşə lifli boru istehsalı üzrə ixtisaslaşmış "Azkomplzit" MMC uzaq məsafəli, magistral su xətlərinin inşasında vacib rol oynayır. Şəhər əhalisinin və ətraf regionların un məmulatlarına olan tələbatını ödəməyə imkan yaradan "Bismak" müəssisəsi Avropanın ən yeni texnologiyasından istifadə etməklə özünün qənnadı və qida məmulatlarını ölkəmizdən kənara da ixrac edir. Xarici investisiyanın iştirakı ilə yaradılmış plastik boru istehsalı sahəsi - "Dizayn Cenay Azərbaycan" və beton məhlulu üçün əlavə qatqılar, kafel-metlax yapışdırıcıları istehsalı sahəsi - "BASF Kaspian YKS" şəhərin əlverişli investisiya mühitinin əcnəbi sərmayədarlar üçün də cəlbedici olmasının əyani sübutdur.
"Sumqayıt Trikotaj" fabrikinin bazasında tamamilə yenidən qurulmuş "İntertekstil", eləcə də bərpası davam etdirilən "Xovlu iplik" müəssisələri yüngül sənaye sahəsində formalaşmış çoxillik ənənələrin dirçəlişinə imkan verəcək. "Azərbaycan Karton" MMC tərəfindən şəhərdə gündəlik 50 ton kağız istehsal edən yeni müəssisənin tikintisi başa çatdırılmışdır. Hazırda inşası sürətlə aparılan "Azərsun Holdinq"in 170 tonluq istehsal gücünə malik karton və kağız emalı fabrikinin, tikintisi tamamlanmaqda olan texniki xidmət avtomobilləri zavodunun və şəhər üçün xarakterik olmayan bir sıra yeni istehsalatların istifadəyə verilməsi Sumqayıtın müasir, rəngarəng sənaye mərkəzi kimi inkişafı istiqamətində mühüm addımlar olacaqdır.
Sənayenin sürətli inkişafı maliyyə-kredit və bank sektorunun da yüksək templərlə tərəqqisini şərtləndirmiş, şəhər banklarının kredit portfelinin həcmi, eləcə də banklara qoyulan əmanətlərin miqdarı son 7 il ərzində dəfələrlə artmışdır.
Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Sumqayıtda yeni nəsil şəbəkə texnologiyaları tətbiq edilməklə stasionar telefon şəbəkəsi tam elektronlaşdırılmış, abonentlərə genişzolaqlı, yüksək sürətli internet xidməti göstərmək üçün lazımi şərait yaradılmışdır.
Nəqliyyat sisteminin tənzimlənməsi sahəsində mühüm islahatlar həyata keçirilmişdir. Şəhər üzrə dayanacaqların yeni dislokasiyası tərtib edilmiş və 65 ədəd yeni, müasir konstruksiyaya malik avtobus dayanacağı quraşdırılmışdır.
Sumqayıtda sakinləri narahat edən mənzil-məişət problemlərinin həlli istiqamətində irimiqyaslı tədbirlər görülərək, qısa müddət ərzində yaşayış binalarında dam örtükləri, zirzəmilər əsaslı təmir edilmiş, lift təsərrüfatı yenidən qurulmuşdur.
Ötən il dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən 525 meqovat gücündə Sumqayıt Elektrik Stansiyası hazırda regionda ən iri enerji mərkəzidir. Qabaqcıl texnologiyalarla təchiz edilən və Almaniyanın "Siemens" şirkəti tərəfindən inşa olunan stansiya qarşıdakı onilliklər ərzində şəhəri davamlı elektrik enerjisi ilə təmin etmək iqtidarındadır. Bununla yanaşı, yeni magistral qaz kəmərlərinin çəkilişi ilə Sumqayıtın yaşayış massivləri tam qazlaşdırılmış, istilik sisteminin yenidən qurulması üzrə kompleks tədbirlər planının icrasına başlanmışdır.
Şəhərin içməli su xətləri yenidən qurulmuş, 10 kilometrlik yeni Şollar su xəttinin çəkilişi ilə əhalinin suya olan tələbatı tam ödənmişdir. İrihəcmli investisiya tələb edən layihələrdən biri - kanalizasiya sisteminin sağlamlaşdırılması məqsədilə şəhərdə sutkalıq gücü 200 min kubmetr olan təmizləyici qurğu tikilib istifadəyə verilmişdir.
Sonra məruzəçi "Ekologiya ili" il əlaqədar görülən tədbirlər barədə danışdı. İxtisaslı kadr hazırlığına göstərilən diqqətdən, təhsil ocaqlarının və elmi-yaradıcılıq mərkəzlərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən bəhs etdi və bütün bunların uğurlu nəticələrlə müşayiət olunduğunu nəzərə çatdırdı.
"Azərikimya" şirkəti tərəfindən bu sahənin bərpa və inkişafına laqeyd yanaşma müəssisələrin fəaliyyətində sürətli geriləmənin baş verməsinə səbəb olmuşdur. Hazırda Prezidentin sərəncamı ilə "Azərikimya" Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. Yeni yaradılmış istehsalat birliyində idarəetmənin səmərəliliyi məqsədilə köklü struktur islahatlarına start verilmişdir.
"Azərboru" SC və Sumqayıt Alüminium İstehsal Sahəsinin fəaliyyəti də yenidəni nəzərdən keçirilməlidir. "Sumqayıt Kompressorları", "Aşqarlar", "Məişət kimyası" müəssisələrinin, eləcə də "Sumqayıt Superfosfat" ASC- nin də fəaliyyəti qeyri-qənaətbəxş vəziyyətdədir. Bu müəssisələr də Sumqayıtın iqtisadi inkişaf ahəngindən geri qalmamalıdır.
Avropa Birliyinin ən aktual layihəsi olan və yerli idarəetmə orqanlarının dəstəyi ilə 2020-ci ilədək zərərli qazların həcmini 20 faiz azaltmağı, enerji səmərəliliyini 20 faiz artırmağı nəzərdə tutan "Merlər sazişi" təşəbbüsünə ilk reaksiya verən region şəhərlərindən biri də Sumqayıtdır.
Vaqif Əliyev sonda dedi ki, şəhərin inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələr yalnız birgə səylər - inzibati, iqtisadi və elmi dairələrin sıx əsməkdaşlığı sayəsində mümkün olacaqdır.
Sonra tanınmış alimlər, mütəxəssislər çıxış etdilər. Milli Elmlər Akademiyasının akademik katibi, akademik Nadir Seyidov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, "Azərikimya" İstehsalat Birliyinin baş mühəndisi Firudin Mustafayev, Milli Elmlər Akademiyasının müxbir üzvü, Polimer Materialları İnstitutunun direktoru Abbasqulu Quliyev, "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarışı Energetika İnstitutu" MMC-nin direktor müavini Hüseynqulu Quliyev və başqaları müxtəlif mövzularda məruzələr etdilər, təkliflər irəli sürdülər.{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti", fotolar Məqsəd QULİYEVİNDİR
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.