Davamlı inkişaf və intensiv iqtisadi artım strategiyasının uğurları

{nl}

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan Azərbaycan modelinin strateji istiqamətlərini aşağıdakı kimi səciyyələndirmək olar: - sərbəst bazar münasibətlərinə əsaslanan və özünü inkişaf etdirmək qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması; - ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; - milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasıyasının təmin olunması.

{nl}


Artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını uzunmüddətli perspektiv üçün təmin etməkdən ibarətdir

{nl}


Neft strategiyası nəticəsində Azərbaycan Respublikası Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOGATE, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft-qaz mərkəzlərindən birinə çevrilmişdir

{nl}

Davamlı və dayanıqlı inkişafın başlıca konturları
Müstəqillik dövründəki iqtisadi inkişafı üç əsas mərhələyə ayırmaq olar: birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi tənəzzül dövrü; ikincisi, 1996-2003-cü illəri əhatə edən makroiqtisadi sabitlik və dirçəliş dövrü; nəhayət, üçüncüsü, 2003-cü ildən başlayan dinamik iqtisadi inkişaf dövrü. Məhz müasir dövrün tələblərinə uyğun olaraq iqtisadi inkişafın ikinci və üçüncü mərhələsində Azərbaycan Respublikasında ən zəruri strateji konsepsiya və proqramlar - ("Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər"), "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı") və s. qəbul olunmuşdur.
Son illərdə Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istıqamətində həyata keçirilmiş və keçirilən iqtisadi islahatların, tədbirlərin davamlı nəticəsi olaraq, ölkədə əhalinin həyat səviyyəsi ilbəil yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı reallaşır.
Artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasıyasına nail olmaqla ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını uzunmüddətli perspektiv üçün təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində müəyyənləşdirilmişdir. Bu vəzifələr ölkənin malik olduğu iqtisadi potensialın gücləndırilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi məqsədlərdən ibarətdir.
Ölkənin sosial-iqtisadi inkişafında transformasiya prosesini xarakterizə edən yeni mərhələ isə iqtisadi islahatların nəticələrinin özünü sahə və regionlar miqyasında göstərməsi ilə bağlıdır. Belə ki, iqtisadiyyatın inkişafının sürətləndirilməsi prosesləri özünü regionlar miqyasında da tam aşkarlığı ilə göstərməkdədir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illər) iqtisadiyyatın sahə və ərazi kəsimlərində artımın təmin edilməsinə əhəmiyyətli təsir göstərmiş, regionlara irihəcmli investisiya qoyuluşlarının həyata keçirilməsinə, bazar infrastrukturlarının formalaşmasına, yeni istehsal və emal strukturlarının bərqərar olmasına, yeni iş yerlərinin açılmasına əlavə impuls vermişdir. Məhz bu Dövlət Proqramı transformasiya prosesini yaşayan Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının həyata keçirilməsində önəmli mərhələ hesab edilir. Bu mərhələnin uğurla reallaşdırılması məqsədilə ölkə hökuməti tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan Azərbaycan modelinin strateji istiqamətlərini aşağıdakı kimi səciyyələndirmək olar:
- sərbəst bazar münasibətlərinə əsaslanan və özünü inkişaf etdirmək qabıliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması;
- ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması;
- milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasının təmin olunması.
Bu model üzrə iqtisadi siyasətin həyata keçirilməsi taktikasının fərqləndirici xüsusiyyətlərini göstərilən istiqamətlərin hər biri üzrə paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlara əsasən fəaliyyətin aparılması; qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan cəsarətli qərarların qəbul olunması; sosialyönümlülüyün gözlənilməsi; milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir.
Azərbaycan inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış (1996-cı ildən başlayaraq 2004-cü ilə qədər Azərbaycanda inflyasiyanın səviyyəsi 2-3%-dən yuxarı qalxmamış, 2008 və 2009-cu illər istisna olmaqla birrəqəmli inflyasiya həddi saxlanmışdır), büdcə kəsirinin Milli Bank tərəfindən maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 0.3-0,9%-i səviyyəsinə endirilmişdir.
Neft strategiyası nəticəsində Azərbaycan Respublikası Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOGATE, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft-qaz mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 iyul 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimində söylədiyi nitqində bildirdiyi kimi "1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda böyük neft siyasəti başlanmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın yeni neft strategiyası öz imkanlarından istifadə edib bizi qarşıda duran bütün məqsədlərə çatdırdı: "Azəri-Çıraq-Günəşli" neft yataqlarının işlənməsi nəticəsində hasil olunan Azərbaycan nefti bu gün dünya bazarına müxtəlif yollarla ixrac edilir... Xarici neft şirkətlərinin neft sektorundakı fəaliyyəti bizə imkan verir ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, neft amilindən məharətlə istifadə etsin".
Neft layihələrinin reallaşdırılması milli iqtisadiyyatın bütün zəruri sahələrini inkişaf etdirmək məqsədilə digər əlverişli imkanlardan da istifadə etmək üçün şərait yaradır və çoxsahəli milli iqtisadiyyatın yaradılması meylini gücləndirir. Artıq 1997-ci ildən etibarən "Əsrin müqaviləsi" layihəsi üzrə neft hasil olunur. Təkcə 2010-cu ildə 41,7 milyon ton neft hasil olunmuşdur ki, bu da 1995-ci ildəkindən 5,6 dəfə, 2003-cü ildəkindən isə 3,3 dəfə çoxdur.
Neft hasilatının ilbəil artması ilə sənayenin inkişaf istiqaməti və quruluşunda ciddi dəyişikliyin olacağı gözlənilir. Bununla neft-qaz sənayesinin güclü olması ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına təsir edəcəkdir. Sözsüz ki, bu, neft gəlirləri hesabına olacaq və milli iqtisadiyyatın müstəqilliyi artacaqdır.
"Üç dəniz əfsanəsi", "Əsrin ən böyük layihəsi", "Avrasiyanın ən böyük arteriyası" adlandırılan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsinin reallaşması Azərbaycanın milli iqtisadiyyatının müstəqilliyinin təmin edilməsi üçün əvəzsiz infrastruktur obyektidir, onun ən böyük uğurudur. BTC milli iqtisadiyyatımızın inkişafının ən başlıca istiqamətlərindən biridir. O "Əsrin müqaviləsi"nin həyata keçirilməsi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundan hasil ediləcək neftin dünya bazarına təhlükəsiz çıxarılmasını mümkün etdi. 2006-cı il iyulun 13-də BTC-nin açılış mərasimi oldu, neft dünya bazarına axmağa başladı. BTC dünya əhəmiyyətli bir ixrac kəməridir, milli sərhədləri aşsa da, Azərbaycan iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir, onun inkişafının real göstəricisidir.
Azərbaycanda neft sərvətlərinin idarə edilməsinin səmərəli strategiyasının işlənməsi və onun mərhələlərlə reallaşdırılması hazırkı inkişaf dövründə müstəsna əhəmiyyət kəsb edir. Bu strategiya neft ölkəsi olan respublikamızda uzunmüddətli makroiqtisadi idarəetmənin bir çox strateji məqamlarını əhatə edir və neft gəlirlərinin səmərəli istiqamətlərini özündə əks etdirir. Strategiyanın konseptual əsasını "Holland sindromu"na yol verilməməsi prinsipləri təşkil edir.
Dünyanın, əsasən də Avropanın çox maraq göstərdiyi məsələ ölkəmizdə hasil ediləcək təbii qazın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında oynayacağı roludur. Rusiyanın təbii qaz ixracında inhisarçılığı və bundan iqtisadi məsələlərdən çox siyasi təzyiq vasitəsi kimi istifadə etməsi dünyanı əlavə təbii qaz mənbələrinin axtarışına məcbur edir və belə bir mənbə kimi dünyanın nüfuzlu ekspertləri daha çox Azərbaycana bel bağlayırlar. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, hazırda Avropanın qaza illik tələbatı 520 milyard kubmetrdir ki, bunun da 44%-i Rusiya tərəfindən təmin olunur. Azərbaycanın Xəzər dənizindəki təbii qaz ehtiyatları 625 milyard kubmetr və kondensat isə 101 milyon ton qiymətləndirilir. Azərbaycanın "Şahdəniz" yatağından hasil ediləcək qaz hesabına ilkin mərhələdə Türkiyəyə 2,5 milyard kubmetr, 2008-ci ildə isə 6,6 milyard kubmetr qaz ixrac edilməsi planlaşdırılır, növbəti illərdə isə Azərbaycan qazının Türkiyə üzərindən əvvəlcə Yunanıstan, oradan isə Fransa və İtaliyaya ixrac edilməsi düşünülür. Qeyd edək ki, Azərbaycan ərazisindən keçəcək qaz kəməri vasitəsilə Türkmənistan və Qazaxıstan qazının nəql edilməsi layihəsinin reallaşdırılması isə Azərbaycanın dünya iqtisadiyyatında rolunu daha da artıracaq.
Təbii sərvətlərə əsaslanan sahələrdən, əsasən də neft sektorundan əldə olunan gəlirlər Azərbaycan iqtisadiyyatında üstünlük təşkil edir və son illərdə bu gəlirlər xeyli artmışdır. Bu isə ölkədə dinamik iqtisadi artımı şərtləndirmiş və hətta, qlobal iqtisadi və maliyyə böhranına baxmayaraq, 2009-cu ildə ÜDM-in artımı 9,3%-dən artıq olmuşdur (bu göstərici 2008-ci ildə 10,8%, 2007-ci ildə 25%, 2006-cı ildə isə 34,5% təşkil etmişdir). Eyni zamanda, belə dinamik artım iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da təkan vermişdir. Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun daha da inkişafı üçün böyuk potensial imkanlar vardır. Belə ki, 2009-cu ildə kənd təsərrüfatında ÜDM-in real artımı cəmi 3,5% oldugu və sektorda ÜDM-in cəmi 6,7%-i yaradıldıgı halda, ümumi məşgulluqda onun payı təxminən 38,5% təşkil etmişdir. Bu gun neft sektoru ÜDM-in təxminən yarısını (47%) təşkil etdiyi halda, ümumi məşğulluqda onun payı cəmi 1,0%-dir.
Hazırda Azərbaycanda iqtisadi artımın mənbə və amillərinin xeyli dəyişməsi üçün şərait yaranmaqdadır. Bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində müəyyənləşdirilmişdir. Bu vəzifələr ölkənin malik olduğu iqtisadi potensialın gücləndırilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi məqsədlərdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarında, təsdiq etdiyi dövlət proqramlarında, çıxışlarında növbəti illər üçün ölkənin inkişafının strateji istiqamətləri müəyyənləşdirilmişdir:
makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi əsas məqsədlərdəndir.
ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir.
eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.
biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcəkdir.
Maliyyə böhranına davamlılığın Azərbaycan təcrübəsi
Son illərdə böyük neft ixracı davamlı olaraq, tədiyyə balansının cari hesabının müsbət balansına və ölkəyə güclü valyuta axınına səbəb olmuşdur. Bu böyük neft gəlirləri müəyyən makroiqtisadi sabitliyə və daxili maliyyə ehtiyatlarının artımına gətirib çıxarmışdır ki, bu da Azərbaycan hökumətinə böhranın qısamüddətli təsirlərini yumşaltmaq üçün nəzərə çarpacaq fəaliyyət imkanı vermişdir.
Qlobal maliyyə böhranından əvvəl Azərbaycanda ÜDM-in artım tempi 3 il ardıcıl olaraq dünyada ən yüksək - 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007- ci ildə 25,0%-lə ifadə olunan göstəricilərlə yadda qalmasına baxmayaraq, 2008-ci ildə 10,8%, 2009-cu ildə isə 9,3%-lik artım qeydə alınmışdı və ölkəmiz digər MDB ölkələri ilə müqayisədə kifayət qədər dayanıqlı vəziyyətdə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan hökumətinin maliyyə-iqtisadi böhranının aradan qaldırılmasına dair vaxtında irəli sürdüyü təklifləri müasir dünya böhranına qarşı Azərbaycan hökumətinin gördüyü cavab tədbirləri kimi də qiymətləndirmək olar:
1. İstehlak qiymətlərinin azaldılması zərurəti;
2. İnhisarçılıqla mübarizə;
3. Milli banklara dəstəyi, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqi;
4. Real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi;
5. Sosial öhdəliklərin dəstəklənməsi;
6. Sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi;
7. Ərzaq təhlükəsizliyinin təmin edilməsi.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ekspertlərinin, həm də dünyanın aparıcı reytinq agentliyi olan "Standart&Poors"un rəylərində və hesabatlarında - qlobal maliyyə böhranının ilk əlamətləri üzə çıxarkən Azərbaycanın güclü iqtisadi potensiala malik olması və qlobal maliyyə sisteminə məhdud inteqrasiya olmasına görə ölkə iqtisadiyyatının böyük imkanlara malik olduğu və uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası sayəsində qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirdiyi, böhranın ilk mərhələsinin dünya ölkələrinin çoxunda daha çox maliyyə problemləri ilə müşahidə olunan çətinliklər yaratdığına baxmayaraq, Azərbaycanın maliyyə-bank sektorunda böhranın təsirlərinin zəif müşahidə olunduğu vurğulanırdı.
Bunun başlıca olaraq üç səbəbi göstərilirdi: birincisi, Azərbaycanın iri maliyyə ehtiyatları var; ikincisi, Azərbaycanda banklar və müəssisələrin xarici bazarlarda borclarının kiçik həcmdə olması sayəsində ciddi likvidlik problemi yaranmayıb; bundan başqa, Mərkəzi Bank sistemi ilə bağlı çevik siyasət yeridir, bu da öz səmərəsini verir. Bu rəy və hesabatlarda Azərbaycan Mərkəzi Bankının maliyyə tənzimlənməsi və likvidlik vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı siyasət təqdir olunur, banklarda faiz dərəcələrinin aşağı salınmasının vaxtında atılmış düzgün addım olduğu göstərilir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bankların qlobal maliyyə böhranının təsiri ilə üzləşəcəyi real olduğundan, Mərkəzi Bankın onlara güclü nəzarətinin olmasının böyük əhəmiyyət daşıdığı qeyd edilirdi.
2009-cu il ərzində də qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək üçün vacib əhəmiyyət daşıyan bir sıra qabaqlayıcı tədbirlər görüldü. Bu məqsədlə, ölkənin xaricdə saxlanan strateji valyuta ehtiyatlarının bir qisminin yerli banklarda yerləşdirilməsi nəzərdə tutulur. Azərbaycanın valyuta ehtiyatlarının həcmi isə buna tam imkan verir. Belə ki, ölkənin strateci valyuta ehtiyatları 40 milyard ABŞ dollarından çoxdur. Bu, dövlət borcundan 3 dəfədən çox, özəl sektorun da borcu nəzərə alınmaqla, məcmu xarici borcdan 2 dəfədən çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə və xidmət idxalını 27 ay ərzində maliyyələşdirmək üçün kifayət edir. Toplanmış ehtiyatlar hesabına ölkə ən gərgin şəraitdə belə, yaxın illər ərzində öz maliyyə ehtiyaclarını fasiləsiz ödəmək iqtidarındadır.
Azərbaycan hökumətinin qlobal maliyyə-iqtisadi böhrana qarşı vaxtında həyata keçirdiyi məqsədyönlü qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi ilə əlamətdar olmuş, bütün makroiqtisadi parametrlər üzrə inkişafı təmin etmişdir. Azərbaycan hökumətinin və Mərkəzi Bankın apardığı sərt pul-kredit siyasəti, istehlak qiymətlərinin azaldılması, inhisarçılıqla mübarizə, real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi, sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi, kredit bazarının canlandırılması, özəl kommersiya banklarının maliyyə ehtiyaclarını ödəmək üçün dövlət tərəfindən onlara vəsait verilməsi və beləliklə, sahibkarlara banklar vasitəsilə pul ayrılması, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqinin gücləndirilməsi, dövlətin mövcud valyuta ehtiyatı hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, xüsusən, bəyan edilən antiböhran tədbirlərinin qısa müddətdə reallaşması, hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi, sosial öhdəliklərin dəstəklənməsi və s. son nəticədə, respublikanın qlobal böhranın birinci mərhələsinin mənfi təsirlərini xeyli neytrallaşdırmış oldu.
Antiböhran tədbirlərindən biri - hökumətin maliyyə dəstəyinə sübut kimi sığorta şirkətlərinin üç il müddətinə mənfəətin kapitallaşmasının artırılmasına yönəldilən hissəsinin vergidən azad edilməsi oldu. Böhranın sığorta şirkətlərinə təsirinin minimuma endirilməsi üçün bu dövr ərzində gərəksiz xərcləri azaltmaq, müştəri sayını artırmaq və bazar üçün yeni məhsullar hazırlamaq lazımdır. Hökumət isə öz tərəfindən 2008-ci ilin sonunda həm sığorta şirkətlərini, həm də bankları mənfəət vergisindən azad edərək mühüm bir addım atmış oldu.
Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyini, artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bildi. Azərbaycan manatı məzənnəsini qoruyub saxladı, dövlət məhz əhalinin sosial mənafeyini əsas tutaraq manatın devalvasiyasına imkan vermədi.
Bütün bunların fonunda mütəxəssislər Azərbaycan iqtisadiyyatının böhranın ikinci mərhələsindən qorunduğunu bildirir. Bundan sonra da böhranın təsirinin minimum həddə qalması üçün onun istehsala təsirinin mümkün qədər azaldılmasından ötrü məqsədyönlü iş aparılır. Bu məqsədlə sahibkarlığın inkişafına dövlət himayəsi və yardımları bir qədər də artırılacaqdır. Beş il ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılıb, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 400 milyon dollardan artıq kredit verilib. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.
Digər tərəfdən, Azərbaycan həm cari, həm də qarşıdakı illər ərzində iri investisiya layihələrini reallaşdırmaq üçün lazımi qədər valyuta ehtiyatlarına malikdir. Böhran başlandıqdan sonra bir çox dünya ölkəsindən fərqli olaraq Azərbaycanın valyuta ehtiyatlarında nəinki azalma baş verib, əksinə, müəyyən artım da qeydə alınıb. Təkcə bir faktı qeyd edək ki, ixracatı əsasən neft və neft məhsullarından ibarət olan ərəb ölkələri son 4 ayda maliyyə böhranı üzündən 2 trilyon 500 milyard dollar itirmişlər. Fars körfəzində yerləşən ərəb ölkələrində inkişaf layihələrinin əksəriyyəti ya təxirə salınıb, ya da ləğv edilib. Əsas səbəb isə valyuta ehtiyatlarının və neftin satışından əldə olunan gəlirlərin azalmasıdır. Azərbaycanda isə əsas investisiya layihələrinin icrası davam etdirilir ki, bu iqtisadi inkişafı təmin etməklə yanaşı, işsizlik probleminin ləğvində də vacib rol oynayır. Bundan başqa, valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi üçün görülən tədbirlər bank sektorunun davamlı inkişafını təmin etməklə yanaşı, buradan alınan kreditlər sayəsində tikintidə, ticarət obyektlərində və digər sahələrdə aktivliyin yüksək səviyyədə qalmasını təmin edəcəkdir.
Beləliklə, qlobal maliyyə böhranının tüğyan etdiyi iki ildə (2007-2008) Azərbaycanda maliyyə sabitliyi qorunub saxlanılması ilə səciyyələnmiş, bank sistemində sabitlik və artım dinamikası təmin olunmuşdur. Ölkəyə xarici maliyyə axınlarının əhəmiyyətli azalmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunmuşdur. Sabit manat isə həm istehlak, həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını almışdır. Bu, həmçinin əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən düşməsi, valyutada olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi kimi təhlükələri neytrallaşdırmışdır.

{nl}

Tanrıverdi PAŞA, AMEA İqtisadiyyat İnstitutu maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri
(ardı var)

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında