Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət sahibkarlığın və fərdi təşəbbüslərin hərtərəfli dəstəklənməsini nəzərdə tutur. Bu dəstək, iqtisadi fəaliyyət növlərinin seçim azadlığını, mülkiyyət hüququnu və demokratik dövlətin digər hüquqi atributlarını təmin edən müvafiq qanunvericilik bazasının formalaşmasına əsaslanır. 15 ildən çoxdur ki, ölkəmizdə dövlət müəssisələrinin özəlləşdirilməsi və daxili istehsalın inkişafının stimullaşdırılması yolu ilə, habelə iqtisadiyyatın müxtəlif sahələrində yeni müəssisələrin yaradılması, müasir istehsal və sosial infrastrukturun formalaşdırılması və yenidən qurulması üzrə məqsədyönlü iş aparılır.
Bu məqsədlə iqtisadiyyatın real və maliyyə sektorları arasında tərəfdaşlıq münasibətlərinin tarazlaşdırılmasına, kreditləşdirmənin səmərəliliyinin təmin edilməsinə, habelə insan resurslarından, onların kreativ və innovasiya potensialından səmərəli istifadə olunmasına yönəldilmiş əməli tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan iqtisadiyyatının prioriteti qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi və diversifikasiya olunmasıdır. Xarici investisiyaların böyük qismi ilk növbədə bu sahəyə cəlb edilir və qabaqcıl texnologiyalar da məhz burada tətbiq olunur. Hökumətin bu istiqamətdə atdığı addımların ardıcıllığının, biznes üçün əlverişli mühit yaradılmasının aparıcı beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən təsdiqlənməsi ölkəmizin real irəliləyişlərə nail olmasının bariz sübutudur.
İqtisadiyyatda əldə edilən yüksək nəticələri son onillik ərzində ÜDM-in orta real artımının ikirəqəmli göstərici ilə ölçülməsi, investisiyaların ümumi həcminin 90 milyard ABŞ dollarını aşması da təsdiq edir.
İnvestisiyaların dinamikası və strukturu, onların neft və qeyri-neft sektorları, iqtisadiyyatın dövlət və özəl bölmələri, daxili və xarici sərmayələr arasında bölüşdürülməsi baxımından xüsusi maraq doğurur. Neft və qeyri-neft sektoruna investisiya qoyuluşlarının dinamikası ayrıca diaqramda göstərilmişdir:
Göründüyü kimi, investisiya fəaliyyətinin miqyası qeyri-neft sektorunda intensiv artımın gözlənildiyi barədə fikir söyləməyə əsas verir. Son 20 il ərzində iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşlarının məbləği, onların neft sahəsinə yönəldilmiş ümumi həcmini üstələmişdir. Bu illər ərzində investisiyaların strukturu da mühüm dəyişikliklərə məruz qalmışdır. Düzdür, bu dövrdə xarici investisiyaların ümumi həcmi daxili investisiyalardan çox olmuşdur, lakin ortamüddətli dövr üçün sonuncuların davamlı artıma doğru meyli müşahidə olunmaqdadır.
Belə bir fakta da diqqət yetirmək lazımdır ki, nəzərdən keçirdiyimiz dövr üçün daxili investisiyaların əsasən qeyri-neft sektoruna yatırılması səciyyəvi olduğu halda, xarici investisiyaların neft və geniş şaxələnən qeyri-neft sahələri arasında baş verən dəyişikliklər, onların neft sahəsindən qeyri-neft sferasına axınının təzahürləri aydın seçilməkdədir. Nəticədə, iqtisadiyyatın əsas sektorlarında tədqiq etdiyimiz dövr ərzində əlavə dəyərin yaradılması üzrə nəzərə çarpacaq nailiyyətlər əldə edilmiş, onun dövlət və özəl bölmələr, neft və qeyri-neft sahələri arasında bölgüsü baxımından strukturu 2010-cu ilə qədər aşağıdakı kimi dəyişmişdir:
Bu dövrdə xarici ticarət dövriyyəsi 10, idxalın həcmi 5,6 dəfəyə yaxın artmış, qeyri-neft məhsullarının ixracı 5 dəfə çoxalmış, onun orta illik artımı isə 22 % təşkil etmişdir. Təsadüfi deyil ki, son illərdə Ümumdünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyəti reytinqində Azərbaycan MDB ölkələri arasında liderliyini qoruyub saxlamış, 2011 - 2012-ci il üzrə hesabatın nəticələrinə görə isə, tədqiqat aparılmış 142 ölkə sırasında 55-ci, Birlik dövlətləri arasında isə birinci yer tutmuşdur. Sözsüz ki, bu nəticələrin əldə edilməsi malların və xidmətlərin real istehsalçılarına yəni, müasir təşəbbüskarlığa malik olan sahibkarlara, lazımi səviyyədə hüquqi, infrastruktur və maliyyə-kredit yardımının göstərilməsi sayəsində mümkün olmuşdur. Göstərilən sahələrdə həyata keçirilmiş tədbirlərə çox yığcam şəkildə aşağıdakıları aid etmək olar: İlk növbədə hüquqi dəstəklənmə barədə. Sön dövrdə Azərbaycanda yeni Konstitusiya, Mülki, Vergi və Gömrük məcəllələri, dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanun və müvafiq proqramlar, antiinhisar fəaliyyətini və istehlakçıların hüquqlarının müdafiəsini tənzimləyən normativ hüquqi sənədlər qəbul edilmişdir. Maliyyə-investisiya sahələri üçün də mühüm qanunvericilik aktları işlənib hazırlanmışdır. Mərkəzi Bank, banklar və bank fəaliyyəti, qiymətli kağızlar bazarı, investisiya fondları haqqında xarici investorların hüquqlarının qorunması, investisiya fəaliyyəti və büdcə sistemi haqqında qanunlar bu qəbildəndir. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar və müvafiq dövlət proqramları bu sahədə işgüzarlıq səviyyəsinin yüksəlməsində həlledici əhəmiyyətə malik olmuşlar. Bütün bunların məcmusu kiçik və orta biznesin inkişafına sinerji təsiri göstərmiş, ölkədə əlverişli işgüzar mühitin yaradılmasına şərait yaratmışdır. Hal-hazırda, bilavasitə sahibkarlıq fəaliyyətini tənzimləyən qanunların sayı, əsas 10 məcəlləni nəzərə almasaq, bu gün 150-dən artıqdır,onların məzmunu və strukturu tam Avropa qanunvericiliyi tələblərinə uyğundur. Məlumdur ki, sahibkarlıq fəaliyyətinin infrastruktur təminatı biznesin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 90-cı illərin ortasından başlayaraq, ölkəmizdə bu sahədə əsasən dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən, habelə beynəlxalq maliyyə təşkilatlarından və banklarından Azərbaycan Hökuməti tərəfindən cəlb edilən və zəmanət verilən xarici kreditlər hesabına iri investisiya layihələri reallaşdırılmışdır. Son onillik ərzində dövlət büdcəsindən istehsal və sosial infrastrukturlara əsaslı vəsait qoyuluşu xərcləri 2000-ci ildəki 26,5 milyon manatdan 2010-cu ildə 4 milyard 132,4 milyon manata çatdırılmış yəni, təqribən 160 dəfə artırılmışdır. Bütövlükdə, göstərilən müddət ərzində bu mənbədən 15 milyard manatdan artıq investisiya qoyuluşları həyata keçirilmişdir. Əsasən infrastruktur obyektlərinin inşasına yönəldilmiş xarici maliyyələşmə mənbələrindən istifadənin məbləği isə, 2011-ci ilin ortalarına olan məlumatlara görə 4,5 milyard ABŞ dolları həcmində olmuşdur. Bu vaxt kəsiyində ümumi gücü 1564,0 MVt olan 12 yeni elektrik stansiyası istismara buraxılmış, enerjinin ötürülməsi və enerji təchizatı şəbəkələri keyfiyyətcə yeni səviyyəyə qaldırılmış, 5 min km-dən artıq yol inşa edilmiş və yenidən qurulmuş, qaz şəbəkəsinin uzun illər ərzində istifadəsiz qalan böyük bir hissəsi bərpa edilmiş, əvvəllər qaz olmayan yaşayış məntəqələrini əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Regionların, həmçinin Bakı və Abşeron yarımadasının əzəli problemi olan su təchizatı məsələləri də mərhələlərlə öz həllini tapır.
Sosial infrastrukturun keyfiyyətcə yenidən qurulması üzrə həyata keçirilən təsirli tədbirlər sayəsində bu xidmətlər klasterinin keyfiyyətini yüksəltmək imkanı yaratmışdır. Belə ki, bu illər ərzində 2000-dən artıq məktəb, 185 səhiyyə obyekti, 28 iri olimpiya-idman kompleksləri inşa olunmuşdur. Ümumilikdə isə, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Artıq demək olar ki, bütün regionlarda əhalinin içməli su ilə təchizatının köklü surətdə yaxşılaşdırılması üzrə işlərə başlanmışdır. Hazırda Dünya Bankı və digər beynəlxalq təşkilatlarla birgə, habelə dövlət büdcəsinin vəsaitlərindən istifadə olunmaqla, regional ərazi vahidlərinin əksəriyyətində bu sahədə genişmiqyaslı işlərin yerinə yetirilməsi vüsət almışdır. Paytaxtın və Abşeron yarımadasının su təchizatı üzrə reallaşdırılmış və artıq fəaliyyət göstərən, bütövlüklə Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş iri Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi Bakı şəhərini su ilə tam təchiz etməyə imkan verəcəkdir. Ötən 10 il ərzində iqtisadiyyatın aqrar sektorunda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə yeni meliorasiya və irriqasiya obyektlərinin inşasına, fəaliyyət mövcudlarının isə gücünün artırılmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, son 10 il ərzində onların büdcədən maliyyələşdirilməsi 7,3 dəfə çoxalmış, bu sahəyə bütün mənbələr hesabına əsaslı kapital qoyuluşlarının həcmi isə 115 dəfə artmışdır. Nəticədə, 324 km. təsərrüfatlararası yeni suvarma kanalları, 437 km. kollektor-drenaj şəbəkəsi, 140 km. qoruyucu bənd, 649 subartezian quyusu inşa olunmuşdur. Növbəti həyata keçirilən tədbirlər istiqamətində sahibkarlığa maliyyə və kredit yardımının göstərilməsidir. Müstəqillik əldə olunduqdan sonra ölkəmizin maliyyə-kredit sistemində təbii olaraq tranformasiya baş vermişdir. Hazırda ölkəmiz müasir, öz iqtisadiyyatına adekvat olan büdcə və çevik tənzimlənən bank sistemlərinə malikdir. Bu isə çevik makroiqtisadi tənzimlənməni təmin etməyə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və maliyyələşdirilməsinə onun potensialından istifadə etməklə ölkə iqtisadiyyatının inkişafındakı iştirakını fəallaşdırmağa həlledici imkanlar yaradır. Real sektorun qeyri-neft hissəsinin bank sistemi tərəfindən kreditləşdirilməsi həcminin son 10 il ərzində 30 dəfə artması, bu prosesin yüksək templərlə inkişafının sübutudur. 2010-cu ilin sonunda bu göstərici 11,3 milyard manatdan artıq olmuşdur. Bu gün banklarda bütün funksional istiqamətlər üzrə müasir idarəetmə sistemi formalaşmış, müştərilərə geniş çeşiddə xidmətlər göstərilir. Dövlət büdcəsi də sahibkarlıq fəaliyyətinin, xüsusilə də, sənayenin qeyri-neft və kənd təsərrüfatı sahələrində sahibkarlığın güzəştli kreditləşdirilməsi prosesində fəal iştirak edir. Fəaliyyət göstərdiyi müddət ərzində, büdcə resursları hesabına yaradılan Sahibkarlığa Kömək Fondunun vəsaitlərindən ümumi dəyəri 700 milyon manat olan 12 min investisiya layihəsinin maliyyələşdirilməsi üçün istifadə olunmuşdur. Xüsusi qeyd olunmalıdır ki, bu kreditlərin verilməsinin əsas şərtlərindən biri layihələrdə ən müasir istehsal, emal və xidmət texnologiyalarının, habelə malların istehlak bazarlarına səmərəli tərzdə çıxarılmasını təmin edən infrastruktur obyektlərinin mövcud olmasıdır.
Nəhayət, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi rejiminin yaradılması istiqamətində atılan addımlar barədə. Dövlət gəlirlərinin neft sektorundan asılılığının azaldılması zərurəti, vergiqoyma və vergi inzibatçılığı siyasətində müvafiq dəyişikliklərin aparılmasını müəyyənləşdirmişdir. 2000-ci ildə Vergi Məcəlləsinin qəbul olunması və sonradan bu sahədə həyata keçirilən tədbirlər neft gəlirlərinin iqtisadiyyatın qeyri-neft sektoruna doğru axınının güclənməsinə təkan vermişdir. Vergiqoyma sistemində qanunvericilik dəyişikliklərinin konseptual əsasını vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin minimallaşdırılması, vergilərdən yayınma hallarının qarşısının alınması və nəzarətin gücləndirilməsi təşkil edir. Bütün vergi ödəyiciləri üçün bərabər şəraitin yaradılması vergi qanunvericiliyinin təkmilləşdirilməsinin əsas prinsipinə çevrilmiş və biznesin inkişafına, əlverişli investisiya mühitinin yaradılmasına faydalı təsir göstərmişdir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə 2006-cı ildə mənfəət vergisi 24 %-dən 22 %-ə, 2010-cu ildə isə 20 %-ə endirilmişdir.
Eyni zamanda, 2010-cu ildə fiziki şəxslərin gəlir vergisinin maksimum şkalası 5 % azaldılaraq 30 % səviyyəsində müəyyənləşdirilmiş, onların gəlirlərinin 14 % dərəcə ilə vergiyə cəlb olunan məbləği 2006-cı ildə 600 manatdan 1000 manata, 2008-ci ildə isə 2000 manata çatdırılmışdır. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin vergi yükünün tarazlaşdırılması və onların iqtisadi fəaliyyətinin stimullaşdırılması məqsədilə həmin il onlara tətbiq edilən maksimum vergi dərəcəsi 35 %-dən hüquqi şəxslərin mənfəətinin cəlb olunduğu 20 % dərəcəsinədək endirilmişdir.
2009-cu ildən başlayaraq bankların və sığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilən hissəsi 3 il müddətinə mənfəət vergisindən azad edilmişdir. Bu, son illər ərzində həmin təşkilatların ödəmə qabiliyyətinin möhkəmlənməsinə və onların kapitallaşma səviyyəsinin artırılmasına şərait yaratmışdır. Bununla bərabər, 2010-cu ildə fiziki şəxslərin depozitlərdən faizlər şəklində əldə etdiyi gəlirlər 3 il müddətinə gəlir vergisindən azad olunmuşdur.
Nəzərdən keçirdiyimiz bütün dövr ərzində və 2014-cü ilədək kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olunmaqla, digər vergiləri ödəməkdən azad edilmişdir. Azərbaycanın vergi sistemində müasir informasiya-rabitə texnologiyalarının tətbiq olunması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bunun sayəsində vergi inzibatçılığı sistemi təkmilləşdirilmiş, sahibkarlıq subyektlərinin qeydiyyatı asanlaşdırılmış, vergi ödəyicilərinə xidmətlərin göstərilməsi üçün xeyli sayda vergi terminalları açılmışdır. Bu, həmçinin qeyri-neft sektorunda sahibkarlıq fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərən mühüm amillərdən biri olmuşdur.
Sadaladığım maliyyə-iqtisadi xarakterli tədbirlərin həyata keçirilməsi bütün iqtisadi agentlərin fəallığının artmasına səbəb olmuş, 2004-cü - 2010-cu illərdə, yəni Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ümumi daxili məhsulun həcmini 3 dəfə, o cümlədən qeyri-neft sektorunda 2 dəfə; sənaye məhsulunun istehsalını 2,8 dəfə; əsas kapitala investisiya qoyuluşlarını 2,0 dəfə, o cümlədən qeyri-neft sektoruna 8,9 dəfə artırmağa imkan vermişdir.
Müstəqil inkişaf illərində iqtisadiyyatda və maliyyə sahəsində əldə olunmuş uğurların nəticəsi kimi, yoxsulluğun səviyyəsi 67 %-dən 2010-cu ildə 9,1 %-ə, işsizliyin səviyyəsi isə 17 %-dən 5,6 %-ə endirilmişdir. Və sonda Azərbaycan iqtisadiyyatının ortamüddətli inkişaf perspektivlərini əks etdirən diaqramı nəzərinizə çatdırmaq istərdim.
Diaqramdan göründüyü kimi, dünya iqtisadiyyatında pessimizmin mövcudluğuna baxmayaraq, bizim perspektivlər ümidvericidir. Əsas pozitiv gözləntilər ilk növbədə qeyri neft-qaz sektorunda istehsal və xidmət sahələrinin intensiv inkişafı ilə daxili bazarda idxalı əvəz edən, rəqabət qabiliyyətli malların və xidmətlərin təklif olunması və onların ixrac bazarlarına çıxarılması ilə bağlıdır.
{nl}
Şahin SADIQOV, iqtisad elmləri doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.