Ukraynada "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti" kitabının təqdimat mərasimi olmuşdur

900 mindən çox yeni iş yerinin yaradılması, yoxsulluq səviyyəsinin 5 dəfə azaldılması və ümumi daxili məhsul istehsalının 300 faiz artması mükəmməl strategiyanın nəticəsidir

{nl}


Azərbaycan əhalisi (9 milyon 165 min nəfər) Cənubi Qafqaz ölkələrinin əhalisinin 75 faizini təşkil edir, ölkəmizin iqtisadityyatı isə Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə bərabərdir. Yəni Azərbaycan bu üç respublika arasında təkcə bir və ya bir neçə sahədə deyil, bütün sahələrdə lider ölkədir.

{nl}


Gənc müstəqil Azərbaycan Respublikasının son səkkiz ildə qazandığı uğurları regionun heç bir ölkəsinin göstəriciləri ilə müqayisə etmək istəməyən beynəlxalq ekspertlər artıq yeni bir müqayisə formatı seçiblər: bu respublikada cəmiyyət həyatının hansı sahəsi daha sürətlə inkişaf edir? Əvvəllər biz bu müqayisəni o qədər də təqdiredici bir hal kimi qiymətləndirmirdik. Çünki müqayisə müstəvisinə gətirilən göstəricilərin hamısı öz nailiyyətlərimiz olduğuna görə tutaq ki, sənayenin, tikinti-quruculuq sahəsinin və ya sosial-iqtisadi həyatın başqa bir sahəsinin daha iti sürətlə inkişaf etməsinin fərqinə o qədər də varmırdıq. Ancaq regionun aparıcı kütləvi informasiya vasitələri bu məsələni tez-tez gündəliyə gətirməklə bir növ bizim üçün də aktual mövzuya çevirdi. Doğrudan da, ölkə vətəndaşı haqlı olaraq öz-özünə sual verə bilər: bu gün Azərbaycan hansı sahədə daha böyük uğurlar əldə edir?
Əslində konkret cavab verilməsi mümkün olmayan sualdır. Çünki ölkədə həyata keçirilən Heydər Əliyev neft strategiyası Azərbaycan sənayesini görünməmiş bir templə inkişaf etdirir. Dövri olaraq paytaxtla yanaşı bütün regionlarda ən müasir, Avropa texnologiyaları əsasında qurulmuş, dünya standartları səviyyəsində məhsul istehsal edən sənaye obyektlərinin açılması günün reallığına çevrilib. Sumqayıtda "Texnopark", "Bismak", "Azkompozit" müəssisələri, Abşeronda "Azbentonit" Məhdud Məsuliyyətli Cəmiyyəti, "AZMDF" ağac emalı zavodu, Şamaxıda avtomobil zavodu başda olmaqla bir neçə böyük istehsal müəssisəsi, Gəncədə avtomobil zavodu, Lənkəranda süd zavodu, Masallıda şirniyyat fabriki, İmişlidə şəkər zavodu, Şəki, Lənkəran, Biləsuvar, Xaçmaz və Qəbələdə meyvə emalı müəssisələri və konserv zavodu, Qubada "Azkon" müəssisəsi, Mingəçevirdə beton dayaqlar və elektron avadanlıqları zavodları, Zaqatalada gül yağı emalı, süd və tütün emalı zavodları, Naxçıvanda Yeyinti Sənaye Kompleksi, Gəmiqaya daş məhsulları kompleksi, mineral sular zavodu, Gədəbəydə qızıl-mis emal zavodu, Xaçmazda kondensator zavodu və onlara başqa sənaye müəssisələri məhz son səkkiz ildə tikilib istifadəyə verilmişdir.
Yeni neft strategiyasının ölkəmizə verdiyi səmərənin miqyası barədə təsəvvür yaratmaq üçün Bakı - Tbilisi - Ceyhan neft, Bakı - Tbilisi - Ərzrum qaz ixrac kəmərlərini, Bakı - Tbilisi - Qars dəmir yolu layihəsi və bütün Avropanın böyük maraqla gözlədiyi NABUKKO layihəsini yada salmaq kifayətdir. Həmin siyahıya bu ilin yanvar ayında Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış "Cənub" qaz dəhlizi haqqında Birgə Bəyannaməni də əlavə etsək, bu strategiyanın ölkəmiz üçün nə qədər əhəmiyyət kəsb etdiyini görərik. Bütün bu amillər Azərbaycanı Avropa üçün etibarlı bir tərəfdaşa çevirir, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Qeyd edək ki, Xəzərdə kəşf edilən yeni neft-qaz yataqları Avropanı 100 il enerji ilə təmin etməyə qadirdir.
Bu, bizim sənaye sahəsində əldə etdiyimiz uğurların bir neçəsi. Bəs nəqliyyat sahəsində hansı nailiyyətlərə imza atmışıq? Bütün faktlara istinad etməli olsaq yuxarıda təqdim etdiyimizdən qat-qat böyük bir siyahı alınar. Ona görə də bəzi konkret məqamları yada salmaqla kifayətlənək.
2003-cü ilin oktyabrından sonra ölkə ərazisindəki respublika və beynəlxalq əhəmiyyətli yolların hamısı tamamilə yenidən qurulub. Şanxay - London iqtisadi dəhlizinin mühüm tərkib hissəsi olan Bakı - Tbilisi - Qars dəmir yolunun fəaliyyətini təmin etmək üçün Xəzərin iki sahilini birləşdirən naviqasiya vasitələri tamamilə yenilənib, çoxsaylı yeni tankerlər və quru yük gəmiləri alınıb. Bakı dəniz limanının müasir standartlara və İpək Yolunun tələblərinə cavab verən şəkildə yenidən qurulmasına start verilib. Gəncə, Naxçıvan, Zaqatala və Lənkərandan sonra Qəbələdə də yeni beynəlxalq aeroport istifadəyə verilib. Paytaxtdakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yenidən qurulmasına start verilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksi təkcə ölkəmizin deyil, ümumiyyətlə, region avtonəqliyyatçılarının və sərnişinlərin istifadəsinə verilib. Bakı Metropoliteninin Nəsimi, Azadlıq prospekti və Dərnəgül stansiyalarının istifadəyə verilməsi nəqliyyatın bu formasından istifadə edənlərin sayını kifayət qədər artırmaqla yanaşı, onların mənzil başına tez və rahat çatmasını xeyli asanlaşdırıb. Hazırda bir neçə yeni stansiyanın tikintisi sürətlə davam etdirilir. Paytaxt əhalisinin nəqliyyat problemlərinin yüksək səviyyədə həll edilməsi üçün nəqliyyat vasitələrinin daha intensiv hərəkət etdiyi yerlərdə onlarca yeni körpü, tunel və yol qovşaqları tikilib istifadəyə verilmişdir.
Bütün bunları sadaladıqdan sonra yuxarıda qeyd etdiyimiz sual yada düşür: görəsən, sənaye sahəsindəki uğurlarımız çoxdur, yoxsa tikinti-quruculuq sahəsindəki? Bir daha təkrar etməli oluruq ki, çox çətin sualdır. Ona görə də aşağıda haqqında söz açacağımız sahələri bir-biri ilə müqayisə etməyə çalışmayacağıq.
Son səkkiz ildə Qafqazın ən qabaqcıl ölkəsinə çevrilmiş Azərbaycanda bu gün dövlət qeydiyyatından keçmiş 3600-dən çox qeyri-hökumət təşkilatı vardır. Bizimlə eyni vaxtda müstəqillik qazanmış ölkələrin bəzilərində bu göstərici 30 ya da 40-a qədərdir, bəzilərində isə cəmi 3-4 QHT fəaliyyət göstərir. Rəsmi Bakı ölkədə fəaliyyət göstərən QHT-lərə tərəfdaş kimi baxır. Kütləvi informasiya vasitələrinin fəaliyyətinə yaradılan şərait və onlara göstərilən dövlət qayğısı mətbu orqanların sayının 4500-ə çatmasına səbəb olmuşdur. Azərbaycan postsovet məkanında 50-dən artıq informasiya agentliyinin fəaliyyət göstərdiyi iki-üç ölkədən biridir. Sakinlərin, xüsusən, gənclərin internet şəbəkəsinə sərbəst qoşulmaq imkanına görə də ölkəmiz Müstəqil Dövlətlər Birliyində lider mövqelərini saxlayır. Bütün bunlarla yanaşı, Azərbaycanda 9 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir. Bu, bir tərəfdən insan hüquqlarının yüksək səviyyədə qorunmasını - yəni ölkə əhalisinin hansısa bir məsələyə müxtəlif münasibətləri öyrənmək imkanı verir, digər tərəfdən isə müasir dünyanın ən aktual mövzularından olan mətbuat azadlığını, söz azadlığını təmin etmiş olur. Hətta, bu yaxınlarda ukraynalı bir jurnalist Azərbaycandakı mətbuat vasitələrinin çoxluğuna münasibət bildirərkən həmkar zarafatı ilə demişdi: "Deməli, Azərbaycandakı jurnalistlərin iş yeri tapmaq istəyi də yüksək səviyyədə təmin olunur".
Bir məqamı da yada salmaq zərurəti var. Belə ki, bu gün Azərbaycan əhalisi (9 milyon 165 min nəfər) Cənubi Qafqaz ölkələrinin əhalisinin 75 faizini təşkil edir, ölkəmizin iqtisadityyatı isə Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə bərabərdir. Yəni Azərbaycan bu üç respublika arasında təkcə bir və ya bir neçə sahədə deyil, bütün sahələrdə lider ölkə olaraq qalır. Son yeddi ildə Ermənistanın, əhalisi ölkədən köçüb gedənlərin hesabına təxminən 50 faiz azaldığı halda Azərbaycanın əhalisi ildən-ilə, aydan aya artır. Bunun əsas səbəbi isə aparılan sosialyönümlü siyasətdir. Azərbaycan dövləti öz insanının qayğısına qalır, onun sosial-rifah halının yaxşılaşdırılmasına çalışır, hər bir fərdin hüquqlarının qorunmasını təmin edir. Milyardlarla manat dövlət vəsaiti hesabına ərsəyə gələn Oğuz - Qəbələ - Bakı içməli su kəməri layihəsi Azərbaycan vətəndaşına dövlət qayğısının göstəricisi idi. Eləcə də yüz illərdən bəri içməli su problemi ilə üz-üzə qalan aran rayonlarında modul tipli (sökülüb - yığılan) sutəmizləyici qurğuların istifadəyə verilməsi, bütün iqtisadi rayonlarda müalicə - diaqnostika mərəkəzlərinin, olimpiya-idman komplekslərinin tikilməsi, regionların sosial-iqtisadi inkişafını təmin edən iki dövlət proqramının icra olunması, Bakıətrafı kənd və qəsəbələrin heç zaman görünməyən bir sürətlə müasirləşdirilməsi və bu kimi yüzlərlə layihə Azərbaycan vətəndaşına göstərilən qayğı və diqqətin miqyasından xəbər verir.
Son səkkiz ildə Azərbaycanda təxminən əhalinin hər 10 nəfərindən birinə yeni iş yeri yaradılıb. 9 milyon əhalisi olan ölkədə 8 ildə 900 mindən çox yeni iş yerinin açılması, yoxsulluq səviyyəsinin 5 dəfə azaldılması və iqtisadiyyatın 300 faiz artması kifayət qədər böyük, fəqət, adi göstəricilərdir. Ancaq dünyanın qüdrətli ölkələri ilə yanaşı Azərbaycanın da BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilatda təmsil olunması o qədər də adi nailiyyət deyil. Bunun üçün ölkənin hərtərəfli inkişaf etdirilməsi, beynəlxalq aləmə inteqrasiyasının intensivləşdirilməsi və dünya dövlətlərinin etimadının qazanılması lazım idi. Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət və demokratik dövlət quruculuğu istiqamətində göstərdiyi qətiyyət Azərbaycan Respublikasının həmin uğuruna zəmin yaratmışdır. Bu zəmin bayrağımızı bütün dünyada ucaltdı. Azərbaycanın rabitə peykinin kosmosa çıxarılması üçün aparılan hazırlıq işlərinin başa çatması isə üçrəngli bayrağımızın əbədi dalğalanmasını təmin edəcək. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycanın daha böyük uğurları hələ qabaqdadır".

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında