Dünən Azərbaycan Dövlət Neft Akademiyasında "Dünya energetikasının müasir problemləri və inkişafının prioritet istiqamətləri kontekstində müstəqil Azərbaycanın enerji siyasəti" mövzusunda konfrans keçirildi. Tədbiri giriş sözü ilə akademiyanın rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki, mövzu ilə bağlı Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev çıxış edəcək.
Natiq Əliyevin keçən əsrin 70-ci illərində Neft Akademiyasında təhsil aldığını qeyd edən rektor onun Azərbaycanın neft sektorunda ən müxtəlif sahələrdə çalışdığını, AMEA-nın Geologiya İnstitutunda elmi iş müdafiə etdiyini, 1993-2005-ci illərdə Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində işlədiyini, 2005-ci ildən isə Sənaye və Energetika Nazirliyinə rəhbərlik etdiyini bildirdi. Natiq Əliyev, eyni zamanda, Beynəlxalq Neft Akademiyasının akademikidir, Azərbaycanın və bir çox xarici ölkələrin orden və medalları ilə təltif edilib.
Nazir Natiq Əliyev çıxış edərək bildirdi ki, iyirminci əsr böyük elmi-texniki nailiyyətlər əsridir. Bu əsr, eləcə də yaşadığımız iyirmi birinci əsr mühüm tarixi nailiyyətlərlə yadda qalıb. Eyni zamanda, separatizm, terrorçuluq, rəngli inqilablar, "ərəb baharı" kimi hadisələr də günümüzün təzadlarıdır. Hazırda dünyamızın başı üzərində nüvə müharibəsi təhlükəsi də dolaşmaqdadır. Belə bir zamanda dünya birliyi dövlətlərinin səmərəli beynəlxalq əməkdaşlığı olduqca zəruridir. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə qlobal iqtisadi böhran şəraitində xüsusilə vacib amillərdən biridir.
Onun sözlərinə görə, hər bir ölkə hazırda istehsalı artırmaq, iqtisadi artıma nail olmaq, yoxsulluğu azaltmaq üçün etibarlı enerji təminatı yaratmaq istəyir. Bununla bərabər, bu gün dünyada milyardlarla insan ekoloji cəhətdən təmiz enerji mənbələrinin istifadə imkanlarından məhrumdur. Bu fakt bir çox beynəlxalq hesabatlarda da qeyd olunub. BMT-nin sənədlərində bildirilir ki, dünyanın müxtəlif ölkələrində 395 milyon insan elektrik enerjisindən istifadə edə bilmir, milyonlarla insanın təmiz enerji mənbələrinə əli çatmır. Bu problemləri həll etmək üçün 756 milyard dollar vəsait tələb olunur. Ən acınacaqlı vəziyyət isə əsasən Afrikada - Saxara ərazisində müşahidə edilir. Burada 750 milyon insanın gün ərzində istifadə etdiyi elektrik enerjisi Nyu-Yorkda istifadə ediləndən təxminən 40-50 dəfə azdır.
Natiq Əliyevin dediyinə görə, ən təhlükəlisi qida və ərzaq qıtlığıdır. Eyni zamanda, dünya əhalisi hər il 8 faiz artır. Bütün bu amillər də enerji istehsalının artımını tələb edir. BVF-nin məlumatına görə, yaxın illərdə dünyada enerji istehsalının tempi artacaq. Ancaq bununla bərabər, istehsal artdıqca enerjiyə - xam neftə və qaza tələbat da artır. 2035-ci ildə qaz istehsalı 44 faiz, kömür istehsalı 39 faiz artacaq. Həmin ildə dünyaya 16,748 milyard barrel neft ekvivalentində enerji lazım olacaq. Eyni zamanda, atom enerjisinin 2,2 faiz, hidroenerjinin 2,8 faiz artacağı proqnozlaşdırılır. Ancaq 2011-2035-ci illərdə neft hasilatının 4 dəfəyə qədər azalacağı gözlənilir. Ona görə də lazım olan həcmi kompensasiya etmək lazımdır. Gərək gündə 67 milyon barel neft hasilatı təmin edilsin.
Dünyadakı neft və qaz yataqlarının yerləşmə mövqeləri haqqında danışan Natiq Əliyev bildirdi ki, bunlar əsasən 15 ölkədə cəmləşib. Ancaq bu ölkələrdə yaşayan əhali dünya əhalisinin cəmi 5 faizini təşkil edir. Neftlə zəngin ərazilər əsasən Orta Şərq, Afrika, Cənubi Amerika, Rusiya, Şimali Amerika, Asiya, Avropa, Xəzər regionu ölkələri - Qazaxıstan, Azərbaycan və Türkmənistandır. Neft istehsal edən ölkələr arasında Azərbaycan 11-ci yerdədir. Birinci yeri isə Küveyt tutur.
Sənaye və energetika naziri qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeni neft strategiyasının əsas hədəfləri Azərbaycanı dünyanın nüfuzlu ölkələri sırasına çıxarmaq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində fəal iştirakını təmin etmək, böyük sərmayələr cəlb etməkdir. Eyni zamanda, Azərbaycanın müasir enerji siyasəti ölkənin xarici və daxili siyasətinin əsas hissəsidir. 1994-cü ildə ölkəmizə 38,5 milyon dollar investisiya qoyulmuşdusa, 2010-cu ildə 8 milyard 200 milyon dollar, 1994-2010-cu illərdə isə ümumilikdə 83 milyard 400 milyon dollar investisiya qoyulub. Hazırda ölkənin neft və qaz sənayesinin inkişafı ilə bağlı xüsusi dövlət proqramı həyata keçirilir. Bu proqram çərçivəsində yeni yataqların kəşfi, qaz hasilatının genişləndirilməsi nəzərdə tutulur . Son 5 ildə Azərbaycanda neft hasilatı 3 dəfə, qaz haslatı 3 dəfəyə qədər artıb. "Azəri-Çıraq-Günəşli" yataqları, "Şahdəniz" yatağı istismardadır.
Hazırda Azərbaycanda ildə 50 milyon ton neft hasil edilir. 2011-ci ildə 21 milyard kubmetr qaz hasil edilib. Yeraltı qaz anbarlarına vurulan qazın həcmi isə 2 milyard 500 milyon kubmetrdir. Artıq Azərbaycan özünün enerji təhlükəsizliyi məsələsini tamamilə həll edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın və sosial həyatın bütün sahələrində olduğu kimi, enerji siyasətinin reallaşdırılmasında da böyük uğurlar əldə edilib. Ölkədə yeni enerji gücləri yaradılıb. Sovet dövründə qaz üzünə həsrət qalmış bölgələrimizə, eləcə də 15 il korluq çəkmiş Naxçıvana qaz verilib. Eyni zamanda, Azərbaycan neft və qaz ixrac edən ölkəyə çevrilib. Vaxtilə Rusiyadan qaz alan Azərbaycan bu gün təkcə özünü qazla təmin etmir, həm də Rusiyaya, İrana, Yunanıstana, Türkiyəyə qaz satır. Gürcüstanın qazla təminatının 90 faizi Azərbaycanın hesabınadır. Xəzərin enerji ehtiyatlarının Avropaya çatdırılması məsələsi bu gün ən aktual məsələlərdəndir. Bu məqsədlə Nabukko, Tükiyə-Yunanıstan-İtaliya və digər qaz kəmərləri tikilməkdədir. Bu, eyni zamanda, xarici siyasət faktoru kimi əhəmiyyətlidir. İstər indiyədək çəkilmiş neft və qaz kəmərləri, istərsə də nəzərdə tutulan kəmərlər Xəzər regionunda lider dövlət kimi Azərbaycanın rolunu gücləndirir. 1996-cı ildə istifadəyə verilmiş Bakı-Novorossiysk, 1997-ci ildə çəkilmiş Bakı Supsa, Odessa-Brodı, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və mövcud qaz kəmərləri Azərbaycana təkcə öz neft və qazını ixrac etməyə deyil, həm də tranzit ölkə kimi qonşu ölkələrin enerji məhsullarını ixrac etməyə tam imkanlar verir. Türkiyə ilə əldə olunmuş son razılaşmalar isə Azərbaycana daha geniş imkanlar yaradır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin imkanlarının genişləndirilməsi üzrə bp şirkəti ilə razılıq əldə edilib. Bu isə Azərbaycanın ilk mərhələdə 37, ikinci mərhələdə isə 65 miyard kubmetr qaz ixrac etməsini təmin edəcək. Bununla bərabər, hazırda ölkədə alternativ enerji mənbələrinin yaradılması istiqamətində də ardıcıl və məqsədyönlü işlər görülür. Bu sahədə də Azərbaycanın potensial imkanları var.
Sonda Natiq Əliyev və akademik Siyavuş Qarayev ADNA tələbələrini maraqlandıran suallara cavab verdilər.
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.