Frankfurt-Maynda "Azərbaycan investisiyalar ölkəsidir" mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırmışdır

Mayın 19-da Frankfurt-Maynda "Messe Congress Center" Beynəlxalq Konqres Mərkəzində illik qlobal biznes-həftə çərçivəsində "Azərbaycan investisiyalar ölkəsidir" mövzusunda konfrans başlanmışdır. Konfransın baş sponsoru qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) çıxış etmişdir. Azərbaycan, alman və ingilis dillərində çıxışlar səslənən konfransda Azərbaycanın və Aİ ölkələrinin işgüzar dairələrinin nümayəndələri iştirak etmişlər.
Konfransı "Maleki Group" qrupunun rəhbəri Nader Maleki açmışdır. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov, Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer və Frankfurt Ticarət-Sənaye Palatasının sədri Yurgen Ratsinger konfrans iştirakçılarını salamlamışlar.
Səfir Pərviz Şahbazov qeyd etmişdir ki, Almaniya ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edir, işgüzar əlaqələr genişlənir, qarşılıqlı faydalı kontraktlar bağlanır. O xatırlatmışdır ki, bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev AFR-ə səfər etmiş, Federal Kansler Angela Merkel ilə görüşmüşdür. Səfir demişdir: "Yadımızdadır, danışıqların mövzularından biri hər iki ölkənin əməkdaşlıq üçün mövcud olan çox böyük, lakin hələ tam istifadə edilməyən potensial imkanlarını həyata keçirmək və ölkələrimiz arasında əlaqələri genişləndirməkdir". P.Şahbazov vurğulamışdır ki, əlaqələr təkcə dövlət səviyyəsində deyil, həm də əyalətlər, yəni Almaniyanın federal əyalətləri və Azərbaycanın müxtəlif rayonları səviyyəsində inkişaf etdirilir. Məsələn, bu ilin aprel ayında Baden-Vürtemberq Federal Əyalətindəki Ştutqart şəhərində Azərbaycanın fəxri konsulluğu açılmışdır. Bugünkü konfransın moderatoru Otto Hauzer həmin konsulluğu təmsil edir. Bu konfransın keçirildiyi Hessen əyalətindən də analoji təkliflər daxil olur.
P.Şahbazov qeyd etmişdir ki, Almaniyada Azərbaycanın bir sıra şirkətlərinin nümayəndəlikləri yaradılmışdır. Azərbaycanda yüzə yaxın Almaniya firması öz nümayəndəliklərini açmışdır və onların sayı artmaqda davam edir.
Səfir demişdir: "Bununla bərabər, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun işğalına son qoyulmaması həm Azərbaycanın, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha artıq inkişaf etməsinə mane olur. Bu gün ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün vardır. Əhalinin sayı artdıqca qaçqın və köçkünlərin də sayı artır. Dünyanın bir sıra parlamentləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatı Ermənistanı işğala son qoymağa və qaçqınların öz yurdlarına qayıtmasına imkan verməyə çağıran qətnamələr qəbul etmişlər. Keçən il Bundestaq da Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistandan Azərbaycanın işğal edilmiş 20 faiz ərazisini tərk etməyi tələb edən qətnamə qəbul etmişdir. Lakin Ermənistan dünya birliyinin çağırışına həyasızcasına məhəl qoymur". Səfir xatırlatmışdır ki, ölkəmiz bu münaqişənin dinc yolla həll edilməsi üçün səy göstərir. Bu isə yalnız bir şərtlə - təcavüzkar ölkə işğal etdiyi torpaqların hər bir qarışını könüllü şəkildə azad etməsi halında mümkündür.
Yurgen Ratsinger öz çıxışında demişdir ki, bu gün Azərbaycan həqiqətən heyrətamiz iqtisadi göstəricilər nümayiş etdirir. Ratsinger demişdir: "Azərbaycan neft-qaz sektorunda tərəfdaş kimi yüksək dərəcədə etibarlı olmasını və müqavilə öhdəliklərinə vicdanla yanaşmasını nümayiş etdirən ən iri oyunçulardan biridir. Son illərin statistik məlumatları sabit iqtisadi artıma dəlalət edir. Buna görə də təəccüblü deyildir ki, Almaniya sizin dövlətlə əlaqələri möhkəmləndirməyə məmnuniyyətlə çalışır, burada böyük potensial imkanlar olduğunu görür. Almaniyanın energetika şirkətləri Xəzərdəki yeni yataqların işlənilməsinə və qeyri-neft sektorunda texnologiyaların müştərək inkişaf etdirilməsinə maraq göstərir".
Onun sözlərinə görə, hər iki ölkədə zəngin təcrübə toplanmışdır və bu təcrübədən istifadə edilməsi həmin ölkələrin hər ikisi üçün qarşılıqlı faydalı olardı.
Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer konfransın təşkilatçılarına, sponsorlarına və iştirakçılarına təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu zalda Azərbaycanın və AFR-in belə əzmkar nümayəndələrini görmək sevindirici haldır. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi "Bizim gələcəyimiz Avropa ilə bağlıdır" sözlərini sitat gətirən Hauzer demişdir: "Heydər Əliyevin səyləri və uzaqgörən siyasəti sayəsində Azərbaycan güclənmişdir". Həqiqətən bu gün Azərbaycan Almaniyanın bərabərhüquqlu tərəfdaşıdır. "Biz Almaniyada bu tərəfdaşlığı yüksək qiymətləndiririk. Bununla bərabər biz almanlar gənc Azərbaycan dövlətinin qarşısında duran məsələlərin həllində ona kömək etməliyik. Bizim çox zəngin təcrübəmiz, Azərbaycanın isə çox böyük potensialı və ambisioz planları vardır", - deyən Hauzer Heydər Əliyevin daha bir məşhur kəlamını sitat gətirmişdir: "Bizi maraqlandıran Avropanın pulu deyil, onun təcrübəsi, qabaqcıl texnologiyalarıdır". Hauzerin sözlərinə görə bu sitat çox inandırıcı şəkildə göstərir ki, Azərbaycan onunla qonşu təcavüzkar dövlətin həmişə etdiyindən fərqli olaraq heç vaxt, hətta ölkə üçün ən çətin illərdə də başqasına əl açmamış, bunun əvəzinə həmişə özünün daxili iqtisadi, insan və intellektual resurslarına ümid bəsləmişdir. Ermənistana gəldikdə isə Hauzer Avropanı Azərbaycan torpaqlarının işğal edilməsi probleminə ciddi yanaşmağa çağırmışdır: "Axı bu həm enerji təhlükəsizliyi, həm də bizdən dəstək gözləyən milyonlarla qaçqının qarşısında Avropanın mənəvi borcu deməkdir".
Hauzer vurğulamışdır ki, qaçqınlar və daxili köçkünlər öz evlərinə qayıtmaq hüququna malikdirlər, lakin Avropa da işğal edilmiş bütün torpaqlar tam azad edilənə qədər münaqişənin dinc yolla tənzimlənməsini hər vasitə ilə dəstəkləməlidir. O xatırlatmışdır ki, hətta coğrafi baxımdan da Azərbaycanın regionda mövqeyi heç də sadə deyil: şimalda və cənubda Azərbaycanla həmsərhəd olan ölkələrlə Qərbin münasibətləri mürəkkəbdir, Qərbdə isə o, Ermənistanla həmsərhəddir. "Hətta bu şəraitdə də Azərbaycan həm İranla, həm də Rusiya ilə yaxşı münasibətlər quraraq böyük diplomatik uğurlar qazanmışdır", - deyən Hauzer öz həmvətənlərini Azərbaycanla müştərək layihələr barədə, bu ölkəyə sərmayə qoymaq barədə ciddi fikirləşməyə çağırmışdır. Hauzer çıxışının sonunda avropalılara müraciətlə onları bir daha Azərbaycanda biznes qurmağa başlamağa çağıraraq demişdir: "Bu, hədsiz böyük imkanlara malik olan çox maraqlı ölkədir. Azərbaycan enerji ehtiyatları ilə zəngin olan Xəzərin o tayında yerləşən Mərkəzi Asiyanın qapısıdır. Bu, çox qonaqpərvər və tolerant ölkədir. O, öz gələcəyi haqqında düşünür. Öz gənclərini Avropa universitetlərinə göndərir, onların bütün təhsil xərclərini öz üzərinə götürür. Daha hansı ölkə belə edir? Bu cür dövlətləri barmaqla saymaq olar. Halbuki tələbələr Azərbaycanın gələcəyidir!".
Sonra Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov çıxış etmişdir. O, son illərdə Azərbaycanın iqtisadi inkişaf sahəsində uğurlarından söhbət açaraq qeyd etmişdir ki, Azərbaycan 1993-cü ildən Avropa İttifaqı ilə münasibət yaratmışdır. Aİ ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin, o cümlədən xarici iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Almaniya bu münasibətlərdə mühüm yer tutur. 2009-cu ildə Azərbaycanla Almaniya arasında xarici ticarət dövriyyəsinin həcmi 637,21 milyon ABŞ dollarına çatmışdır. Bu məbləğin 86,75 milyon dolları ölkəmizin payına düşür. Energetika hələlik əsas əməkdaşlıq sahəsidir, lakin qeyri-neft sektorunda da əlaqələr genişlənir. 2006-cı ildən başlayaraq Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Avropaya 120 milyon tondan çox xam neft, 2007-ci ildən sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə 13,8 milyard kubmetrdən artıq qaz ixrac etmişdir. N.Abbasov digər enerji layihələri, o cümlədən elektrik enerjisi istehsalı barədə də danışmışdır.
ARDNŞ prezidentinin müşaviri Murad Heydərov əyani materiallardan - xəritələr, statistik cədvəllər, başda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) olmaqla Azərbaycanın neft-qaz sektorunun sürətli inkişafına dəlalət edən diaqramlardan istifadə etməklə maraqlı təqdimat xarakterli çıxış etmişdir.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı şöbəsinin müdiri Zaur Qasımov öz çıxışının əvvəlində sanballı statistik məlumatlara istinad etməklə ölkəmizdə sahibkarlıq, o cümlədən əcnəbi biznesmenlər üçün yaradılmış gözəl şərait barədə məlumat vermişdir. "Vahid pəncərə" prinsipinin tətbiq edilməsi bürokratizmi aradan qaldırmış, firmaların qeydiyyatı prosedurunu xeyli sadələşdirmişdir. İndi bu işi üç iş günü ərzində görmək mümkündür. Bütün bunlar hər şeydən əlavə biznes fəaliyyətinə başlamaq, kiçik və orta sahibkarlığın inkişafı üçün yaxşı şərait yaratmaq məqsədi güdən əsaslı iqtisadi islahatın nəticəsidir. Qasımov demişdir: "Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı "Doing Business-2009" məruzəsində Azərbaycanı islahatların ən uğurlu şəkildə həyata keçirildiyi ölkələr sırasına aid etmişdir". Məruzəçi Azpromo Fondunun işi barədə də məlumat vermiş, avropalıları Azərbaycanın işgüzar adamları ilə müştərək biznes layihələrində iştirak etməyə çağırmışdır.
Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Zaur Məmmədovun çıxışı da auditoriyanın böyük marağına səbəb olmuşdur. Bu, həm konfrans zamanı, həm də fasilələrdə canlı diskussiyalarda özünü göstərirdi. Bu gün Azərbaycanın investisiya üçün hansı səbəblərə görə sərfəli ölkə olmasını izah edən Məmmədov MDB-nin başqa ölkələrində olmayan, Azərbaycanın malik olduğu üstünlükləri də açıqlamışdır. Zaur Məmmədovun təqdimatı ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı sayta müraciət edə bilərsiniz:
http://www.usazeris.org/integrity/AzerTAg/AIC%20presentation%20FRA.ppt
Sonra AFR Dövlət İqtisadi Komitəsinin Şərq bölməsinin icraçı direktoru Rayner Lindner məruzə ilə çıxış etmişdir. O, 2008-ci ildə özünün də iştirak etdiyi enerji forumunun uğurlu işini və onun sonrakı nəticələrini xatırladaraq qeyd etmişdir ki, Azərbaycan Avropa biznes birliyinə bu yaxınlarda baş vermiş böhrandan uğurla yan keçmiş bir ölkə reputasiyası ilə daxil olmuşdur. "Bu, sevindirici haldır, çünki taleyin özünün qurduğu tələlərdən uğurla yan keçməyi bacaran ölkələrlə işləmək avropalıların xoşuna gəlir" - deyən məruzəçi xatırlatmışdır ki, bu gün Lufthansa, Kommerzbank, Bauer kimi iri firmaların nümayəndəlikləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Lakin Lindnerin sözlərinə görə, orta biznes şirkətlərini də buraya cəlb etmək yaxşı olardı. O demişdir: "Sizin ölkənizdə bunun üçün hər cür şərait var. Məsələn, Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramının fəal iştirakçısı olması faktı yaxşı xəbərdir". Məruzəçi razılıqla qeyd etmişdir ki, Azərbaycanda biznesin qeydiyyatı çox sürətlənmişdir. Bu da yaxşı haldır, çünki biznesin bürokratikləşdirilməsi əslində onu məhv edir, stimuldan məhrum edir. Azərbaycanda isə bütün bunlar sadələşdirilmişdir. Onun sözlərinə görə, Azərbaycan hökuməti böyük işlər görür və avropalıların fəal dəstəyinə layiqdir.
Lindner xalqlarımız arasında qədimdən tarixi əlaqələr olmasını da qeyd etmişdir. Məsələn, Otto Hauzerin vətəni Baden-Vürtemberqdən olan almanlar Azərbaycana köçmüş və xalqlarımız arasında münasibətlərdə yaxşı iz qoymuşlar. Almanlar Bakının sənayeləşdirilməsində, onun modernləşdirilməsində, həqiqi Avropa şəhərinə çevrilməsində də mühüm rol oynamışlar. Azərbaycanın "Odlar yurdu" adlanması da təsadüfi deyil. Bu, qədim Azərbaycan diyarının enerji imkanlarına dəlalət edir. Lindner demişdir: "Energetika məsələsindən söz düşəndə Nabukko layihəsindən yan keçmək olmaz. Biz bu layihənin həyata keçirilməsində maraqlıyıq və həmin layihədə sizin ölkə, o cümlədən bugünkü konfransa sponsorluq edən ARDNŞ mühüm rol oynayır".
Lindner xatırlatmışdır ki, 2010-cu il ətraf mühit ili elan edilmişdir. Bu isə həm alternativ enerji mənbələri layihələrinin həyata keçirilməsi, həm də neftli sahələrin inqilabdan əvvəlki illərdə və sovet dövründə amansızcasına istismar edilməsi metodunun nəticələrindən torpaqların təmizlənməsi layihələrinin həyata keçirilməsi işinin davam etdirildiyi Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Həmin dövrdə gələcək nəsillər barədə düşünmədiklərini vurğulayan Lindner demişdir ki, Abşeronda külək parkı yaradılması üzrə layihələr hazırlanır. "Küləklər şəhəri" Bakı kimi bütün Abşeronda da həmişə külək əsir, lakin bu sözlər Xəzər dənizinə daha çox aiddir. Natiq çıxışının sonunda emosiyalarını cilovlaya bilməmişdir: "Hələ Günəş?! Sizdə Günəş nə qədər boldur! Kaş bizim də Günəşimiz və küləyimiz bu qədər olaydı!
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin böyük müşaviri Günay Faradovanın məruzəsi də auditoriyada ciddi maraq doğurmuşdur. G.Faradova 2010-2014-cü illərdə turizm sektorunun inkişafına dair dövlət proqramı, onun məqsədləri və həyata keçirilməsi metodları barədə məlumat vermişdir. Ölkəmizdə turizmin sürətli inkişafını göstərən statistik məlumatlar konfrans iştirakçılarına güclü təsir bağışlamışdır. Azərbaycanda yüksək dərəcəli hotellər, pansionatlar tikildiyini, dünyanın aparıcı aviaşirkətlərinin bu ölkədə işlədiyini vurğulayan G.Faradova ilin bütün mövsümlərində işləyəcək "Şahdağ" turizm kompleksi yaradılması, Xəzər sahillərinin inkişafı, ölkədə dağ xizəkçiliyi kurortları yaradılması planlarından da söhbət açmışdır. Məruzəçi Nabranda, Xaçmazda, Giləzidə, Şahdağda yaradılacaq komplekslərin, paytaxtda və rayonlarda ucaldılan yeni mehmanxanaların maketlərini nümayiş etdirmişdir. G.Faradovanın sözlərinə görə çimərlik, dağ-ekstremal (alpinizm), etnoqrafik (etnik azlıqların yığcam şəkildə yaşadığı regionlara səfərlər), ovçuluq, dini turizm (sitayiş yerlərinə, ziyarətgahlara səfərlər), sağlamlıq (palçıq vannaları, palçıq vulkanları və s.), at sürmək və digər ixtisaslaşdırılmış turizm növləri əsas istiqamətlərə çevriləcəkdir.
Konfransın sonunda Almaniya-Azərbaycan iqtisadi forumunun (DAWL) idarə heyətinin sədri, Kommers-Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Marko Qraff 1999-cu ildə yaradılmış və onun başçılıq etdiyi DAWL forumunun işi barədə məlumat vermişdir. Onun sözlərinə görə, hazırda bu forum Azərbaycanda ticarət palatası statusu əldə etməyə hazırlaşır. Forumun üzvləri həm Azərbaycanda, həm də Almaniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznesmenlərdir. Məqsəd isə neftdən daha çox yeni texnologiyaların tətbiq edilməsidir. DAWL Azərbaycanda biznes sahəsində ilk addımlar atan almanlara kömək edir. Qraff əcnəbilərin Azərbaycanda biznes fəaliyyətinə necə başlamaları barədə də məlumat verərək bir daha təsdiq etmişdir ki, Azərbaycanda firma açılmasını, həqiqətən cəmi üç gün ərzində rəsmiləşdirmək olar, bütün bunların maliyyə xərcləri isə təqdim edilən xidmətlərdən asılı olaraq 2.500 avrodan 10.000 avroya qədərdir. Qraff Azərbaycandakı işçilər barədə yüksək fikirdə olduğunu bildirərək qeyd etmişdir ki, onlar Avropa və Amerika universitetlərinin məzunları, yaxşı iş təcrübəsinə malik olan, xarici dilləri bilən yüksək təhsilli insanlardır. Natiq daha sonra demişdir: "Düzdür, xüsusən vergi və gömrük qanunvericiliyində bəzi çətinliklər var. Maliyyə sahəsində də müəyyən nöqsanlar var, məsələn, valyutanın ölkədən çıxarılması, xarici ölkələrlə bank xidmətlərinin məhdudluğu bu qəbildəndir. Lakin mən əminəm ki, bu cür dinamik inkişaf şəraitində həmin problemlər tezliklə öz həllini tapacaqdır". Qraff onu da qeyd etmişdir ki, Azərbaycanda alman texnologiyalarına, alman avadanlıqlarına və nə gizlədək, alman avtomobillərinə üstünlük verirlər, bu isə şəxsən onu sevindirir.
Məruzəçilərin çıxışlarından sonra fəal diskussiya başlanmışdır.
Moderator Hauzer konfransı bağlayaraq bu tədbirə sponsorluq etmiş ARDNŞ-ə bir daha təşəkkürünü bildirmişdir.
Axşam konfrans iştirakçılarına ziyafət verilmişdir. Qonaqlara ənənəvi Azərbaycan xörəkləri təklif edilmişdir. Bakıdan gəlmiş caz qrupu və rəqs ansamblı milli musiqi və rəqs sənəti incilərini ifa etmişlər.

{nl}

Vüqar SEYİDOV, AzərTAc-ın xüsusi müxbiri Frankfurt-Mayn


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında