Xalqların milli varlığı və özünüdərkinin parlaq təcəssümünə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının formalaşması bir qayda olaraq milli liderlərin adı ilə bağlı olur. Tarixin həlledici mərhələsində optimal inkişaf modelinin siyasi və iqtisadi əsaslarını yaratmaq kimi məsuliyyəti üzərinə götürən belə nadir şəxsiyyətlər, həm də mənsub olduqları xalqların gələcək yaşam fəlsəfəsini müəyyən edirlər. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutması, qüdrətli bir ölkə kimi təşəkkülü və davamlı inkişafı üçün biz hamımız dahi öndərimiz Heydər Əliyevə borcluyuq.
Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Böyük öndər xalqımıza əmanət olaraq zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoymuşdur. Heydər Əliyev çiyinlərini çox ağır və çətin işin altına verərək ölkəmizi və xalqımızı müdhiş bəlalardan qurtarmışdır. Bu müdrik insan həqiqətən də ömrünün qalan hissəsini xalqına qurban vermişdir. Qədirbilən xalqımız ulu öndərin Azərbaycan dövləti və millətinin xoşbəxt gələcəyi naminə etdiklərini heç zaman unutmayacaqdır.
1969-cu il iyulun 14-də keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli liderimizin Azərbaycan rəhbərliyinə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Heydər Əliyev plenumda dərin məzmunla çıxış edərək qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdi. "Mən bütün Büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır" - bildirən dahi öndərimiz ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət tək mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatələyir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli və şərəfli yol da, əslində məhz dahi öndərimizin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır.
Xalqın təkidi ilə Heydər Əliyev respublikamıza yenidən rəhbərliyə, tariximizin olduqca mürəkkəb məqamında qayıtmışdır. Yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarəetmə istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf etdi, xalqı düşdüyü bəlalardan çıxara bildi, qoruya bildi. Həmin illər ölkəmiz sınaqdan uğurla çıxdı.
Heydər Əliyev müasir dünyanın ziddiyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə beynəlxalq müstəvidə əlaqələrin qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini iqtisadi cəhətdən əlverişli olan Azərbaycana yönəltməyə nail ola bildi. Dahi rəhbərin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu dövrdə ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf etməyə başladı, iqtisadi tənəzzülə son qoyuldu. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial və siyasi dayaqlarını möhkəmləndirdi və respublikanın ümumi inkişafını təmin etdi.
Ümummilli liderimiz Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla xatırlanır. Başqa sözlə, ümummilli liderimiz demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdır. Bu zaman ulu öndərimiz respublikanın bir sıra cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə almış, ictimai şüur səviyyəsində bazar iqtisadiyyatının bütün tələblərinin hələlik tam qəbul olunmadığı faktını diqqətdən qaçırmamışdır.
Heydər Əliyev böyük müdrikliklə bildirmişdir ki, bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Sosializm dövrünün populizmə əsaslanan "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizindən, formal səciyyə daşıyan "sosial bərabərlik" şüarından fərqli olaraq, ümummilli liderimiz Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin qorunması yolu ilə yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi üçün sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə bərqərar olmasına çalışmışdır. Bu model məhz cəmiyyətdə sosial ədalət prinsipinin qorunmasına xidmət etmişdir.
Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli liderimiz neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.
İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş və bunlar uğurla başa çatdırılmışdır. Ümummilli liderimiz yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur.
Ümummilli liderimiz respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Biz bu gün ümummilli liderimizi xatırlayır, iftixarla deyirik ki, dahi öndərimiz Azərbaycan sahibkarlarının mənəvi atası, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycan dövlətinin memarıdır. Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki o, dünya miqyaslı siyasi lider idi.
Təqdirəlayiq haldır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyası son illərdə onun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, respublikamız bütün sahələrdə uğurlu inkişaf yoluna çıxmışdır. Dövlət başçısı Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, bütün sahələrdə proqressiv islahatları təmin etməklə, cəmiyyətdə böyük nüfuz qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətlilik, praqmatizm və məqsədyönlülük kimi mühüm keyfiyyətlərilə son illər imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş qərarlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş, yeni dövrün tələbi kimi qarşıda duran vəzifələr düzgün müəyyənləşdirilmiş, inkişaf mexanizminin çevikliyə və işləkliyinə nail olunmuşdur. Bəli, Azərbaycan özünün müstəqil inkişafı yolunda zirvələri fəth edərək dünya birliyində yerini yüksək inkişaf dinamikası ilə möhkəmləndirir.
Bu gün ulu öndəri böyük məhəbbətlə və ehtiramla yad edirik və inanırıq ki, siyasət aləmində öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli inkişafı naminə bu işləri bundan sonra da uğurla davam etdirəcək, işğal altında olan torpaqlarımız geri qaytarılacaq, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirəcəkdir. Ulu öndərin qurduğu Yeni Azərbaycan Heydər Əliyev dühası ilə daha da inkişaf edəcək!
{nl}
Qüdrət KƏRİMOV, "Xəzər" Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.