Azərbaycan Respublikasının müstəqillik tarixinə, iqtisadi inkişaf dinamikasına, ölkədə cərəyan edən sosial-iqtisadi və siyasi proseslərin xronologiyasına nəzər saldıqda hazırkı inkişaf modelini tərəddüdsüz olaraq HEYDƏR ƏLİYEV MODELİ adlandırmaq olar. Ona görə ki, ölkəmizdə əldə edilən bütün uğurlar ümummilli liderimizin Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir və bütün qazanılan qələbələr məhz bu unudulmaz insanın əvəzsiz zəhməti və təşəbbüsü ilə reallaşdırılan beynəlxalq müqavilələrin, sosial-iqtisadi və siyasi arenada yüksək iradə və qətiyyətlə həyata keçirilən islahatların nəticələridir.
Hazırda böyük inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan Respublikası müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atılan addımlar və analoqu olmayan iqtisadi uğurlar ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq Azərbaycan mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir olan, zəngin iqtisadi potensiala, bu potensialdan milli və dövlətçilik maraqları naminə tam və şəriksiz istifadə hüququna malik müstəqil bir dövlətdir.
Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, bütün həyat və fəaliyyətini Azərbaycan dövlətinin inkişafına, xalqımızın xoşbəxt gələcəyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin anım günüdür. Ulu öndər hələ sağlığında yazırdı: "Mən bir yaz günü balaca bir evdə, zəhmətkeş ailəsində dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də bir qədər qeyri-təvazökar səslənsə də deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram."
Bəli, bu gün Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin öz xatirələrində qeyd etdiyi həmin yaz günündən 88 il ötür. Unudulmaz Heydər Əliyev ideyalarından isə hazırda milyonlar öyrənir, onun keçdiyi şərəfli və çətin ömür yolundan, apardığı mübarizədən, uzaqgörən ideyalardan bütün dünya bəhrələnir.
Tarixi proseslərdən və beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran siyasi lider və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli sürətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərınə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri formalaşmayıbsa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir. Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. Amma dahi liderin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyinin başlanğıcı idi. Uğurlu fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim böyük hörmət və ehtiramla anılır. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə, xüsusilə əsrin sonlarında Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycanda baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin olunmuşdur.
Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə görə xalqımızın qəlbində öz layiqli yerini tutmuş möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xöşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.
Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının I katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən, hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur.
Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, rus ordusu Azərbaycanın müstəqilliyi ilə barışmayıb, yerli rəhbərlərin səriştəsizliyindən istifadə edərək Bakı şəhərində 20 yanvar qırğınını törətdiyi zaman da Moskvadakı Azərbaycan nümayəndəliyinə ilk gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən hələ o zaman SSRİ-yə rəhbərlik edən yüksək mənsəbli şəxsləri açıq-aşkar tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını kəskinliklə vurğulamışdır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətlərini saymaqla qurtarmaq olmaz.
Onu da qeyd edək ki, Azərbaycanın xilaskar oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını böhrana düşmüş vəziyyətdə qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə də tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə düşünməyi bacaran hər bir kəsi belə bir sual qarşısında qoyur: bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir? Təbii ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri ilə bağlı olması danılmaz həqiqətdir. Tək bircə faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-ci illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına ondan əvvəlki yarım əsrdə, yəni 1920-1970-ci illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə hazırda da sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyaraq, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.
Yuxarıda qeyd olunduğu kimi, müstəqillik illərində də ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında yenə də müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti çıxara bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etdi və ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail oldu.
Mövcud problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi stabillik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və digər istiqamətlərdə konkret proqram və layihələr işlənib hazırlandı.
Başqa sözlə desək, siyasi-iqtisadi stabilliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb oldu. Bu isə, öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratdı. Təbii ki, xaricdə yaşayan həmvətənlərımizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Ona görə həm də bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuza görə türk dünyasının dahi oğlu Heydər Əliyevə borcluyuq.
Unudulmaz şəxsiyyət olan Heydər Əliyev bütün fəaliyyəti dövründə xaricdə yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayaraq dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsinə səy göstərmiş və buna nail olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı mühüm əhəmiyyət kəsb etdi. Qurultay xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması istiqamətində yeni mərhələnin başlanğıcını qoydu.
Qeyd etdiyimiz kimi, təşkilatlanma prosesi, dünya azərbaycanlılarını bir araya dəvət etmək təklifi ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən, Azərbaycanı inkişaf etdirməkdən ibarət olmuşdur. Ümummilli liderin bu təşəbbüsü də məhz Azərbaycanı dünyaya tanıtmaq, həmvətənlərimizin gücünü bir mərkəzdə cəmləməklə haqq səsimizi beynəlxalq aləmə çatdırmaq məqsədi daşıyırdı.
Bu gün də Heydər Əliyev ideyalarına sadiq qalan Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını daim diqqət mərkəzində saxlayır. Soydaşlarımızla əlaqələri daha da möhkəmləndirmək və qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi bunun bariz nümunəsidir. Qurultay Azərbaycanın sürətli inkişafı və beynəlxalq arenada siyasi mövqeyinin daha da gücləndirilməsi istiqamətində tarixi işlərin görülməsinə şərait yaratmışdır.
Məhz dünya azərbaycanlılarının, ümumilikdə türk diaspora təşkilatlarının bir amal uğrunda birləşdirilməsinə xidmət edən qərarların qəbul edilməsinin və bu istiqamətdə görülən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, artıq dünyada güclü, öz sözünü deyə bilən, siyasi proseslərə təsir etmək iqtidarında olan diaspor təşkilatları formalaşdırılmışdır. Bir məsələni qeyd etmək lazımdır ki, 2009-cu ildə Xocalı faciəsınin qurbanları, demək olar ki, bütün dünya ölkələrində anıldı, hadisələrin səbəbləri və günahkarı olan mənfur ermənilərin və onların havadarlarının insanlığa yaraşmayan simaları bütün dünyaya nümayiş etdirildi. Bu da bütün digər amillərlə yanaşı, həm də güclü diaspor təşkilatlanması ilə bağlıdır.
Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə, cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".
Hamımıza məlumdur ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə - "Əsrin müqaviləsi" imzalanmışdır ki, bununla da ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilə şərtləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan "Əsrin müqaviləsi" üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. "Əsrin müqaviləsi" üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə də "Üç dənizin əfsanəsi" adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töfhəsini verməkdədir.
Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövrdə həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə dövlət proqramları da qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə stabilliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: "Bir Prezident kimi, mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması zəruridir. Bu, dövlət siyasətimizin əsas prinsipləri olur".
Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün dövlət başçısı möhtərəm Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalamışdır. Bu tarixi fərmanların qəbul edilməsi mahiyyət etibarı ilə ilk növbədə ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.
Aydındır ki, istənilən sahədə görülən işlərin nəticəsi icraçı kadrların təcrübə və dünya görüşündən çox asılıdır. "Hər şeyi kadrlar həll edir" prinsipinə əsaslanaraq ixtisaslı və bacarıqlı kadrların yetişdirilməsi, eləcə də bir komanda halında səfərbər edilməsi xüsusi idarəçilik qabiliyyəti tələb edir. Hal-hazırda Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etməsi və dünyada nüfuzlu söz sahibinə çevrilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən, hökumətin müxtəlif strukturlarına rəhbərlik edən insanların əksəriyyəti 1960-70-ci illərdə, məhz Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin qayğısı sayəsində dünyanın aparıcı universitetlərində dərin biliyə, geniş dünya görüşünə və zəngin idarəçilik qabiliyyətinə yiyələnmiş insanlardır. Hörmətli akademikimiz Ramiz Mehdiyevin dərin məzmunu ilə elmi ictimaiyyətin geniş müzakirəsinə səbəb olmuş "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" adlı məqaləsində qeyd olunduğu kimi: "Müasir Azərbaycanın milli elitasının formalaşması ümumən bir neçə mərhələdən ibarət olmuş və ötən əsrin 70-ci illərində, Heydər Əliyevin göstərişinə əsasən minlərlə gənc azərbaycanlı təhsil almaq üçün Sovet İttifaqının müxtəlif şəhərlərinə göndəriləndə, o dövrdə hələ sovet Azərbaycanı adlanan ölkəmizin təsərrüfat-iqtisadi, mədəni, yaradıcı, hərbi, siyasi elitasının formalaşmasına böyük diqqət yetirilməyə başlanıldığı dövrdə xüsusilə nəzərəçarpan xarakter almışdı. Həmin qərarların qəbul edilməsi ilə əlaqədar siyasi çətinliklərə baxmayaraq, məhz onlar kadrların regenerasiyası, rotasiyası, əvəzlənməsi və dövlət qulluğunda işə yeni, intellektual və zirək gənclərin cəlb olunması prosesinin başlanmasına kömək etmişdir".
Müstəqil Azərbaycan Respublikasının uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etmiş, həm də Azərbaycan xalqının ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini - səriştəli idarəçiləri və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çıxarmağa qabil olan savadlı, geniş dünya görüşünə malik insanları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsində səfərbər etməyə nail olmuşdur. Ulu öndər bu məsələləri hələ ötən əsrin 70-80-ci illərindən görürdü və bir çox azərbaycanlı gəncləri o zamankı SSRİ-nin aparıcı ali təhsil müəssisələrində təhsil almağa göndərirdi. Məhz bunun nəticəsidir ki, hələ dahi Heydər Əliyevin hakimiyyəti illərində ümumi milli mənafeyi üstün tutmağı bacaran komanda formalaşmışdır. Bu gün isə ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik təməlinə əsaslanaraq Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə doğru aparır. Ölkədə iqtisadiyyatın liberallaşdırılması, Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyınə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə dirçəlişinə səbəb olmuşdur.
Hazırda isə dövlətimizin sosial-iqtisadi və başqa istiqamətlərdə əldə etdiyi uğurlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Artıq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşmışdır.
İstər ümumi iqtisadi göstəricilər, istərsə də sənaye, kənd təsərrüfatı, sosial sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi, bu göstəricilərin ilbəil artması ölkəmizin iqtisadi qüdrətini və inkişaf tempini xarakterızə edir. Eyni zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi formada hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi qüdrətini daha aydın təsəvvür etmək olar. Uzağa getmədən, MDB ölkələrinin timsalında iqtisadi böhranın ümumi mənzərəsi ilə tanışlıqdan aydın olur ki, bir çox qonşu respublikalarda iqtisadi vəziyyət kəskin pisləşmiş və bu ölkələrin iqtisadi durumunu xarakterizə edən makroiqtisadi göstəricilər aşağı düşmüşdür. Konkret olaraq bu ölkələrdə, 2009-2010-cu illərdə ÜDM 9 faiz, sənaye istehsalı 14 faiz, o cümlədən, ölkələr üzrə: Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz, Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s. azalmışdır.
Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini miniımum həddə endirməyi bacaran Azərbaycanın uğurları bütün dünyada diqqətlə izlənilir və ölkəmizin inkişaf tempini təmin edən şərtlər geniş təhlil obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək mümkündür. İnternet saytlarında aparılan araşdırmalardan aydın olur ki, Böyük Britaniyada nəşr edilən "Fınancial Times" qəzeti də Azərbaycanın investisiya imkanlarını şərh edərək yazır ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. Ölkə iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet bu inkişafda özəl sektorun böyük rol oynadığını xüsusi vurğulayıb. Məqalədə o da qeyd edilir ki, Mərkəzi Asiya regionunun digər ölkələri böhrandan çıxmaq üçün səylər göstərdiyi halda, Azərbaycanda sürətli dinamik iqtisadi artım müşahidə olunur. Ölkəmizdə əlverişli investisiya mühitinin olduğuna qeyd edən "Financial Times" beynəlxalq ekspertlərin fikirlərinə əsaslanaraq yazır ki, qarşıdakı illərdə Azərbaycana daha çox investisiya cəlb edıləcəkdir.
Belə ki, qeyd edildiyi kimi, son illər bütün dünyada böhranla müşahidə edildiyi halda, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009- 2010-cu illərdə, həm 2011-ci ildə ölkə iqtisadiyyatının inkişafı təmin edilmiş və ümumi daxili məhsul, uyğun olaraq, 9,3 faiz və 5 faiz artmış, bütün sosial proqramlar öz həllini tapmışdır. Əksər dünya ölkələrində və bütün region dövlətlərində ciddi inflyasiya baş verdiyi, milli pul vahidinin ucuzlaşması, alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə edildiyi halda, manatın məzənnəsi sabit saxlanılmış, həyata keçirilən silsilə tədbirlər nəticəsində 2010-cu ildə makroiqtisadi sabitlik qorunmuş, ölkə iqtisadiyyatına, əsas hissəsi daxili mənbələr hesabına və 9,3 milyard dolları qeyri-neft sektoruna olmaqla, 15,5 milyard dollar investisiya cəlb edilmiş, əhalinin pul gəlirləri 12,3 faiz artmışdır. Ötən illərdə həyata keçirilən uğurlu siyasət nəticəsində yoxsulluğun səviyyəsi azalmış və 9,1 faizə düşmüşdür. Bu isə son yeddi il - 2003-2010-cu illər ərzində yoxsulluğun 4-5 dəfə aşağı düşməsi deməkdir.
Heydər Əliyev strategiyasını uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əvvəlki illərdə təmin edilmiş dinamika 2011-ci ilin ötən on ayında da davam etdirilmişdir. Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.
Bütün bunları statisk məlumatlar da təsdiq edir. Belə ki, 2011-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə 40,7 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz, yaxud müqayisəli qiymətlərlə 95,8 milyon manat artmışdır. ÜDM-in 27,8 milyard manatı və ya 68,4 faizi məhsul istehsalı sahələrində, 10,5 milyard manatı, yaxud 25,7 faizi xidmət sahələrində yaradılmış, 2,4 milyard manatı (5,9 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Adambaşına 4499,7 manatlıq (5693,7 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8,6 faiz artmış, neft sektorunda isə 7,8 faiz azalmışdır.
Əlavə dəyərin 54,9 faizi yaradılmış sənaye sahəsində ev təsərrüfatlarının və sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslərin istehsal etdikləri məhsul da nəzərə alınmaqla 28 milyard manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 77,7 faizi mədənçıxarma bölməsində, 17,3 faizi emal bölməsində, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində və 6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Bu müddət ərzində mədənçıxarma bölməsində 39 milyon ton neft, 21,6 milyard kubmetr qaz hasil edilmişdir. Emal bölməsində qida məhsulları istehsalı 6,9 faiz, içki istehsalı 18,2 faiz, geyim istehsalı 57,4 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 17,8 faiz, poliqrafiya məhsulları istehsalı 2 faiz, neft məhsulları istehsalı 2,5 faiz, kimya sənayesi məhsulları istehsalı 36 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 24,5 faiz, tikinti materialları istehsalı 2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 86,2 faiz, kompyuter və digər elektron avadanlıqları istehsalı 30,7 faiz, maşın və avadanlıqlar istehsalı 18,2 faiz, avtomobil və qoşquların istehsalı 12,3 faiz, mebel istehsalı 10,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 60,8 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində ötən ildə olduğundan 5,4 faiz çox və ya 15,3 milyard kilovattsaat elektrik enerjisi istehsal edilmişdir. Sənaye müəssisələrinin anbarlarında 241 milyon manatlıq hazır məhsul olmuş və ötən ayla müqayisədə 39,1 milyon manat azalmışdır. Sənaye məhsulu istehsalı qeyri-neft sektorunda 9,8 faiz artmış, neft sektorunda isə 7 faiz azalmışdır.
Hesabat dövründə əhalinin normal yaşayışı və ərzaq təminatında xüsusi rol oynayan kənd təsərrüfatı sahəsində də mühüm uğurlar qazanılmışdır. Belə ki, noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2455,9 min ton taxıl, 937,5 min ton kartof, 1184,6 min ton tərəvəz, 615,9 min ton meyvə və giləmeyvə, 477,6 min ton bostan məhsulları, 115 min ton üzüm, 3,5 min ton tütün, 190,6 min ton şəkər çuğunduru, 513,6 ton yaşıl çay yarpağı toplanmışdır. Operativ məlumatlara əsasən noyabrın 1-nə kimi 41,9 min ton pambıq toplanıb emal müəssisələrinə təhvil verilmişdir. İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 373,7 min ton ət, 1361,4 min ton süd, 834,3 milyon ədəd yumurta və 15,9 min ton yun istehsal olunmuşdur. 2010-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4,2 faiz, süd istehsalı 6,3 faiz, yun istehsalı 3,9 faiz artmışdır. Beləliklə, bitkiçilik məhsulları istehsalı 9,9 faiz, heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 7,1 faiz artmışdır. Kənd əməkçiləri gələn ilin məhsulu üçün 769,5 min hektar sahədə şum qaldırmış, 386,4 min hektar sahədə dən üçün taxıl, o cümlədən 243,2 min hektar sahədə buğda, 143,2 min hektar sahədə arpa səpmişlər.
2011-ci ilin on ayı ərzində tikinti sektorunda da müvafiq irəliləyişlər müşahidə edilmişdir. İnşaat kompleksində bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına 8,6 milyard manat həcmində, yaxud 21,7 faiz çox vəsait əsas kapitala yönəldilmişdir. Vəsaitin 5,2 milyard manatı (60,3 faizi) dövlət bölməsinə məxsus təşkilatlar və fiziki şəxslər, 3,4 milyard manatı isə qeyri-dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 5,2 milyard manat olmuş və ümumi investisiyanın 60,7 faizini təşkil etmişdir. İstifadə edilmiş investisiyanın 46,9 faizi və ya 4,1 milyard manatı məhsul istehsalı obyektlərinin inşasına sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın 6,6 milyard manatını və ya 76,7 faizini daxili investisiya, 2 milyard manatını xarici investisiya təşkil etmişdir.
2011-ci ildə inşası davam etdiriləcək və yeni tikiləcək obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3116,9 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1506,9 min kvadratmetr yaşayış evləri, 7704 şagird yerlik ümumtəhsil məktəbləri, 99 çarpayılıq xəstəxana, 260 yerlik məktəbəqədər uşaq müəssisəsi, Bakı şəhərində "Dərnəgül" metro stansiyası, müalicə-diaqnostika mərkəzi, "Kempinski Badamdar" otel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzi, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya idman kompleksi, Abşeron rayonunda mebel fabriki və AZDMF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində "Çinar hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu, süd məhsulları kombinatı və şahmat məktəbi, İmişli rayonunda yem və bitki yağları fabrikləri, Olimpiya idman kompleksi, Xızı rayonunda müalicə-diaqnostika mərkəzi, Qobustan rayonunda Eksperimental poliqon və tədris mərkəzi, Quba rayonunda şahmat məktəbi, Xaçmaz rayonunda kondensator zavodu və şahmat məktəbi, Ağsu rayonunda çörək, şirə və şərab emalı zavodları, stadion, Ağdaş rayonunda Ağdaş-Ləki avtomobil yolu, Ucar rayonunda şahmat məktəbi, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 168,3 milyon ton və ya 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 7,3 faiz artaraq 1,2 milyard nəfər təşkil etmişdır. Beynəlxalq Avrasiya nəqliyyat dəhlizi ilə yanvar-sentyabr aylarında 40 milyon ton və ya bütün yüklərin 26,2 faizi qədər yük daşınmışdır. Dəhlizlə yük və sərnişin daşınmasından 324,1 milyon manat gəlir əldə edilmişdir. O cümlədən, informasiya və rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 997,2 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 11,7 faiz çox xidmət göstərilmişdir. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 4,2 faiz artaraq 621,4 milyon manata çatmış və ümumi gəlirlərin 62,3 faizini təşkil etmişdir.
Əmtəə dövriyyəsi və pullu xidmət sahəsində də göstəricilər müsbətdir. Belə ki, 2011-ci ilin yanvar-oktyabr ayları ərzində əhaliyə 17,3 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 10,4 faiz artaraq 13,1 milyard manata, pullu xidmətlərin həcmi isə 7,4 faiz artaraq 4,2 milyard manata çatmışdır. Əhalinin istehlak bazarından aldığı malların 8 milyard manatını və ya 61,2 faizini ərzaq məhsulları, 5,1 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və müvafiq olaraq 2,7 və 28,8 faiz artmışdır.
Xarici ticarət sahəsində də müsbət irəliləyişlər nəzərə çarpmışdır. İlin doqquz ayı ərzində xarici ölkələrlə 26,6 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 74,2 faizini və ya 19,7 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 25,8 faizini (6,9 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, əmtəə mübadiləsinin 83,8 faizi uzaq xarici ölkələrlə, 16,2 faizi MDB üzvü dövlətləri ilə aparılmışdır. İlin əvvəlindən ötən vaxt ərzində idxal olunmuş əmtəənin 72,9 faizi, yaxud 5 milyard dolları uzaq xarici dövlətlərdən, 27,1 faizi (1,9 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkədən ixrac olunmuş malların 87,6 faizi, yaxud 17,3 milyard dolları uzaq xarici dövlətlərə, 12,4 faizi (2,4 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Ticarət əməliyyatları nəticəsində 12,8 milyard dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır. Doqquz ay ərzində ölkəmizə 20,4 milyon ABŞ dolları məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
2011-ci ildə də sosial tədbirlər hökumətin diqqətində olmuş, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, maddi-rifah halının yüksəldilməsi istiqamətində müvafiq addımlar atılmışdır. Nəticədə ötən aylar ərzində əhalinin gəlirləri də artmışdır. Rəqəmlərə müraciət etsək, 2011-ci ilin ilk on ayı ərzində ölkə əhalisinin gəlirləri 19 faiz artaraq 24,5 milyard manat təşkil etmişdir. Bu vaxt ərzində adambaşına düşən gəlirlər 17,4 faiz yüksələrək 2713,6 manata və ya orta hesabla ayda 271,4 manata çatmışdır.Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında 2010-cu ilin müvafiq dövrünə nisbətən 9 faiz artaraq 355,1 manat olmuşdur.
Maliyyə Nazirliyinin məlumatına əsasən, yanvar-sentyabr aylarında dövlət büdcəsinə 9 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 8,7 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 43,7 faizi və ya 3,8 milyard manatı iqtisadiyyatın inkişafına, 9,8 faizi, yaxud 854,4 milyon manatı təhsilə, 12,7 faizi və ya 1112,3 milyon manatı sosial müdafiə və sosial təminata yönəldilmişdir. Bütün bunlar isə bünövrəsi ulu öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bariz nəticələridir. Bu gün artıq tam əminliklə qeyd etmək olar ki, minbir zəhmətlə başa gələn və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən "Əsrin müqavilə"si ilə qoyulmuş neft strategıyası Azərbaycanın ümumi iqtisadi strategiyasının formalaşmasına və bu strategiyanın uğurla həyata keçirilməsinə zəmin yaratmışdır. Eyni zamanda, ölkəmizin valyuta ehtiyatları, maliyyə imkanları ilbəil artır ki, bu da gələcəkdə bütün sahələrdə mövcud potensialdan daha səmərəli istifadəyə, ehtiyatların tam və səmərəli şəkildə dövriyyəyə cəlb edilməsinə, sosial tədbirlərin, investisiya qoyuluşlarının, kreditləşdirmə əməliyyatlarının və s. maliyyələşdirməyə imkan verəcəkdir ki, bu da əldə edilmiş dinamizmi davam etdirməyə şərait yaradacaqdır.
Bütün bunlar isə ölkə başçısının da qeyd etdiyi kimi, növbəti illərdə, uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının daha da yüksək sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
{nl}
İSA ALIYEV, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor AQİL ƏSƏDOV, İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.