Son illər Dövlət Neft Şirkəti tərəfindən ölkə əhalisinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bir neçə il əvvəl bu məqsədlə qəbul olunmuş yeni qaz proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması müsbət nəticələr verir. Xatırladaq ki, həmin proqramda qaz hasilatının artırılması, yığım-nəql sisteminin təkmilləşdirilməsi və s. tədbirlər nəzərdə tutulur.
Adı çəkilən proqramın reallaşdırılmasına başlanıldığı ötən beş il ərzində hasilatın artırılması məqsədilə dənizdə ən müasir platformalar quraşdırılmış, yeni qaz quyuları qazılıb istismara verilmişdir. Bundan əlavə, yeni neft strategiyası çərçivəsində hasil olunmuş səmt qazı, eləcə də "Şahdəniz" yatağının istismara daxil edilməsi Azərbaycanın "mavi yanacaq"la təminatında ciddi dönüşə səbəb olmuşdur.
Artıq bir neçə ildir ki, ölkənin qaz təsərrüfatının işinin də günün tələbləri səviyyəsində yenidən qurulması üçün mühüm tədbirlər həyata keçirilir. Xüsusən də payız-qış mövsümündə əhalinin "mavi yanacaq"la fasiləsiz təminatı üçün ciddi işlər görülür. Bu məqsədlə yeraltı qazsaxlama anbarları yenidən qurulur, ölkənin qaz təsərrüfatı üçün son dərəcə vacib olan həmin obyektlərin imkanları artırılır.
"Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində son illər bu baxımdan məqsədyönlü işlər görülmüşdür. Məlumat üçün bildiririk ki, hazırda idarənin tərkibində Qalmaz və Qaradağ yeraltı qaz anbarları ilə yanaşı, quyuların əsaslı və yeraltı təmir sexi fəaliyyət göstərir. Yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında "mavi yanacağa" olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır.
Cənubi Qafqazda ilk yeraltı qaz anbarı Azərbaycanda yaradılmışdır. Bu ideyanın təşəbbüskarı isə ulu öndər Heydər Əliyev olmuşdur. Belə ki, ötən əsrin 70-ci illərində məhz onun göstərişi ilə ehtiyatları tükənmiş yataqların ərazisində yeraltı qaz anbarlarının yaradılmasına başlanılmışdır. Beləliklə, 1974-cü ildə Qalmas, 12 il sonra isə Qaradağ yeraltı anbarları respublikanın qaz təsərrüfatının vacib obyektləri kimi istismara verilmişdir. Yeraltı qaz anbarları uzun illər istismarda olmasına baxmayaraq, buradakı qaz-kompressor aqreqatlarının gücü, qaz-şleyf xətləri, kollektorlar, avadanlıqlar və kommunikasiyalar günün tələblərinə cavab vermirdi. Buna görə də unikal obyektlərdən sayılan yeraltı qaz anbarlarının yenidən qurulmasına, qorunub saxlanmasına, onların düzgün istismarına, qabaqcıl texnologiyaların tətbiqinə və digər göstəricilərin yaxşılaşdırılmasına ciddi ehtiyac yaranmışdı. Təkcə onu demək kifayətdir ki, respublikamızın müstəqilliyi dövründə Qalmaz və Qaradağ yeraltı qaz anbarlarına il ərzində ən yaxşı halda 1 milyard kubmetr qazın vurulması təmin olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin 2005-ci il 14 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı Dövlət Proqramı"nın 33-cü bəndində mövcud qaz anbarlarının imkanlarının genişləndirilməsi və mərhələlər üzrə qaz tutumunun 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur. Dövlət başçısının "Neft-qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi" haqqında 2009-cu il 1 iyul tarixli sərəncamına əsasən isə "Azəriqaz" QSC Dövlət Neft Şirkətinin tabeliyinə verildikdən sonra yeraltı qaz anbarlarının imkanlarının artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının tutumunun artırılmasına dair xüsusi proqram hazırlanmışdır. Ötən müddətdə bu istiqamətdə xeyli iş görülmüş, dövlət başçısı İlham Əliyevin müvafiq göstərişinə əsasən ölkənin yeraltı qaz anbarlarının tutumu üç dəfədən çox artırılmışdır. Belə ki, qaz anbarlarının imkanlarının genişləndirilməsi məqsədilə yeni quyular qazılır, qaz-mədən sahələrində quyuağzı avadanlıqlar dəyişdirilir, quyuətrafı sahələr abadlaşdırılır və quyulararası yollar çəkilir.
2011-ci ilin ötən on ayında da bu baxımdan məqsədyönlü işlər görülmüş, quyularda əsaslı və cari təmir işlərinə diqqət xeyli artırılmışdır. Məlumat üçün bildiririk ki, "Azneft" İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin balansında olan Qaradağ yeraltı qaz anbarının ümumi quyu fondunda 219 quyu mövcuddur. Cari ilin qazgötürmə mövsümünün başlandığı may ayından oktyabr ayınadək Qaradağ yeraltı qaz anbarına təqribən 1 milyard 194,5 milyon kubmetr qaz vurulmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur. 2011-ci ilin qazgötürmə mövsümündə isə (yanvar-aprel aylarında) həmin anbardan 879 milyon 494,3 min kubmetr qaz təhvil verilmişdir. Bu isə əvvəlki ilin eyni dövründəkindən 706 milyon 683, 5 min kubmetr artıqdır.
İdarənin balansında olan Qalmaz yeraltı qaz anbarının ümumi fondunda 180 quyu var. Cari ilin may-oktyabr ayları ərzində bu anbara 907 milyon 314 min 116 kubmetr qaz vurulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,4 milyon kubmetr çoxdur. İlin qazgötürmə mövsümü ərzində isə adı çəkilən anbardan 857 milyon 504,6 min kubmetr qaz təhvil verilmişdir. Bu da ötən ilin eyni dövründəkindəv xeyli çoxdur.
Qaz anbarlarında qalmış 1 milyard 144 milyon 596 min kubmetr qalıq qazı da nəzərə alınmaqla ehtiyat "mavi yanacağın" həcmi 3 milyard 246 milyon 450,2 min kubmetrə çatdırılmışdır. Xatırladaq ki, bu, ölkəmizin payız-qış mövsümündə qaza olan tələbatının təmin edilməsi istiqamətində əldə olunmuş ən yürsək göstəricidir. Qaz anbarlarında rekord həcmdə qaz tədarükünə nail olunması, heç şübhəsiz, rəhbəliyin peşəkar fəaliyyətinin və kollektivin əzmkarlığının nəticəsidir. Qeyd etmək lazımdır ki, qaz anbarlarının tutumunun artırılmasında kompressor təsərrüfatının işinin günün tələbləri səviyyəsində qurulması istiqamətində həyata keçirilmiş işlər mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, növbəti payız-qış mövsümünə hazırlığın başlanması ilə əlaqədar olaraq qazvurma mövsümünün əvvəlində Qalmaz kompressor stansiyasında 16 ədəd 10 QKN tipli qaz kompressor aqreqatı əsaslı təmir olunmuş, daha ikisi yenidən quraşdırılmışdır. Qaradağ kompressor stansiyasında isə 5 ədəd 10 QKN tipli qaz kompressor aqreqatı əsaslı təmir olunmuş və 5 ədəd MKS-12 tipli müasir tələblərə cavab verən yüksək məhsuldarlıqlı kompressor aqreqatı üzərində texniki baxış keçirilmişdir. Qazvurma mövsümündə Qaradağ qazsaxlama sexindəki 1 saylı qaz kompressor stansiyasında təbii qaz başlanğıc təzyiqi 41 atmosfer, son təzyiq isə 155 atmosferlə quyulara qazın vurulması təmin edilmişdir. 2 saylı qaz kompressor stansiyasında başlanğıc təzyiqi 80 atmosferdən 155 atmosferə çatdırılmışdır. Qalmaz qaz kompressor stansiyasında da qazın təzyiqi lazımi həddədək sıxılaraq quyulara vurulmuşdur.
Yeri gəlmişkən, hazırda Qaradağ ərazisinə verilən qaz "Azəriqaz" sistemindən və "Şahdəniz" yatağından daxil olur. "Şahdəniz" sistemindən verilən qaz 80 atmosfer təzyiqlə MKS tipli 12 aqreqatın qəbuluna verilir. "Azəriqaz" sistemindən verilən qaz isə 41 atmosfer təzyiqlə QKN tipli 10 aqreqat tərəfindən qəbul olunur. Hazırda ölkənin qaz anbarlarından qazgötürmə mövsümünün qızğın çağıdır. Mövsümə isə cari ilin oktyabr ayının 28-də başlanılmışdır. Noyabr ayının son günlərinədək Qalmaz və Qaradağ yeraltı qaz anbarlarından 275 milyon kubmetr "mavi yanacaq" götürülərək qaz kəmərləri sisteminə nəql edilmişdir. Hazırda bu işlər mütəşəkkil şəkildə davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, indi yeraltı anbarlardan istehlakçılara sutka ərzində 14 milyon kubmetrədək qaz təhvil verilir. Havanın həddindən artıq soyuq keçdiyi günlərdə isə təhvil verilən qazın həcmi tələbata uyğun olaraq artırılır. Qeyd etdiyimiz kimi, Qalmaz və Qaradağ yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 milyard kubmetrə çatdırılması qarşıda duran mühüm vəzifələrdəndir. Bu məqsədilə anbarlarda, eləcə də kompressor təsərrüfatında mühüm yenidənqurma və genişləndirilmə işləri aparılır. Belə ki, Qalmaz yeraltı qaz anbarının tutumunun artırılması məqsədilə iki yeni qazpaylama məntəqəsi tikilir. Bundan əlavə, quyulara yeni 114 millimetrlik borularla 95 kilometr uzunluğunda yüksək təzyiqli şleyf xəttləri çəkilmiş və bu işlər davam etdirilir. Qaz anbarında quyuağzı fontan armaturaları isə yeniləri ilə əvəz olunur.
Qaradağ sahəsində yeni kompressor stansiyasının tikintisi üçün layihə hazırlanmışdır. Cari ilin noyabr ayının 1-dək Qaz Anbarlarının İstismarı İdarəsi üzrə 39 quyuda əsaslı, 16 quyuda isə cari təmir işləri aparılmışdır. Bu işlər sürətlə davam etdirilir. Bundan əlavə, yeni quyuların qazılmasına da diqqət getdikcə artırılır. Hazırda Qaradağ və Qalmaz sahələrində dörd yeni quyu qazılır.
Yeri gəlmişkən, ötən müddətdə Dövlət Neft Şirkətinin diqqət və qayğısı sayəsində işçilərin sosial vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, Qaradağ qaz anbarında iki mərtəbəli yeni inzibati bina və operator otağı tikilərək işçilərin istifadəsinə verilmişdir. İlin ötən dövrü ərzində stansiyaların və idarənin inzibati binaları əsaslı təmir edilmiş, işçilər fərdi geyimlərlə təmin olunmuşlar. Tələb olunan bütün texnika və avadanlıqlar vaxtında verilir. Hazırda Qalmaz qazsaxlama sexi üçün yeni inzibati bina tikilir. Bütün bu tədbirlər, heç şübhəsiz, kollektivin əhval-ruhiyyəsini və görülən işlərin səmərəsini artırır. Qaz Anbarlarının İstismarı İdarəsinin Qaradağ və Qalmaz sahələri üzrə 2012-ci ilin qazvurma mövsümünə hazırlıqla əlaqədar olaraq geniş tədbirlər planı hazırlanmışdır. Artıq həmin tədbirlərin həyata keçirilməsinə start verilmişdir.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.