Milli iqtisadiyyatımızın formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Radikal islahatların keçirilməsi, özəlləşdirmə tədbirlərinin geniş vüsət alması, özəl bölmənin, sahibkarlığın təşəkkül tapması böyük öndərimizin qətiyyətli, cəsarətli addımları ilə reallaşmışdır. Buna qədər isə Azərbaycandakı vəziyyəti, insanların acınacaqlı yaşayışını yaxşı xatırlayırıq. O zaman bazar iqtisadiyyatının nəinki inkişafından, hətta mövcudluğundan belə söhbət gedə bilməzdi.
Çoxu bazar iqtisadiyyatının mahiyyətindən xəbərsiz idi... Respublikada xaos, özbaşınalıq hökm sürürdü. Ölkə parçalanmaq, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir şəraitdə xalqımızın xilaskar oğlu Heydər Əliyev son dərəcə ağır, məsuliyyətli, eyni zamanda , şərəfli bir missiyanı öz üzərinə götürdü,-deyə iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Cəfərov söhbətini davam etdirdi: - Ulu öndər milli dövlətçilik konsepsiyasının əsasını qoymaqla onun inkişafına təkan verdi, ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranın qarşısı alındı, daxili sabitlik təmin olundu. Həmçinin Heydər Əliyevin birbaşa rəhbərliyi ilə qısa müddət ərzində sosial-iqtisadi inkişaf strategiyası hazırlandı. İlk növbədə liberal bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunlar, dövlət proqramları qəbul olundu.
N.Cəfərov daha sonra dedi: - Ümummilli liderimizin rəhbərliyi ilə işlənib hazırlanmış əsaslı islahatlar strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda yeni mərhələ-bərpa və dinamik inkişaf dövrü başlanmışdır. Həmin vaxtdan 2003-cü ilə kimi ümumi daxili məhsul 90,1 faiz, büdcə gəlirləri 3 dəfə, strateji valyuta ehtiyatları 85 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə enmişdir. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir.
N.Cəfərov son illər əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində daxili investisiyaların xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artmasını təqdirəlayiq hal hesab edərək bildirdi ki, 2000-ci ildə 47,5 faiz paya malik olan daxili investisiyalar 10 il ərzində 16,3 dəfə artaraq ötən ilin sonunda əsas kapitala qoyulan investisiyaların ümumi həcmində 75,7 faiz paya malik olmuşdur. Eyni zamanda, xarici investisiyalar da son 10 il ərzində 4,7 dəfə artmışdır. Bu gün özəl sektorun dinamik inkişafı nəticəsində ÜDM-in istehsalının 80 faizdən çoxunun özəl sektor tərəfindən təmin edildiyini söyləyən iqtisadçı alim son 10 ildə qeyri-neft sektorunun 2,8 dəfə artmasını ölkə Prezidenti İlham Əliyevin yeritdiyi düzgün iqtisadi siyasətin məntiqi nəticəsi kimi dəyərləndirir. Qeyri-neft sahələrinin inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
N.Cəfərov onu da dedi ki, 1993-cü ildən başlayaraq məntiqi ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunmuş və azad rəqabət mühiti formalaşdırılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, qiymətlərin bazar tərəfindən müəyyənləşməsi, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması təmin edilmiş və bununla da iqtisadiyyatda keçid dövrünün başa çatmasına nail olunmuşdur.
Yeri gəlmişkən, Nazim müəllim 1959-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. Sabirabaddakı S.Vurğun adına orta məktəbi bitirdikdən sonra uzun illər istehsalatda çalışmış, 1986-cı ildə isə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinə daxil olmuş, 1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İnstitutunun Bakı filialını bitirmişdir. Təyinatla Vergilər Nazirliyinə göndərilmiş, bir müddət nazirliyinin müvafiq qurumlarında işləmişdir.2003-cü ildən isə Azərbaycan İqtisad Universitetində müəllim, baş müəllim vəzifələrində çalışmışdır. N.Cəfərova 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Hazırda o, bu ilin mart ayından Əmlak Məsələləri Dövlət Komitəsində işləyir. Tez-tez kütləvi informasiya vasitələrində sosial-iqtisadi həyatın müxtəlif sahələri ilə bağlı yazılarla çıxış edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
İqtisadçı alim Nazim Cəfərov "Müştərək müəssisələrdə istehsala məsrəflərin uçotu və onların səmərəliliyinin təhlili" müvzusunda yazdığı dissertasiya işi də müasir dövrün tələblərindən irəli gəlir. Onun bu barədə fikirləri də xüsusi maraq doğurur: - Müstəqilliyimizin ilk illərində yuxarıda göstərdiyim kimi, Azərbaycan iqtisadiyyatı ağır tənəzzül düvrü keçirirdi.Sənaye müəssisələri dayanmışdı, istehsalat iflic vəziyyətinə düşmüşdü. Ancaq dahi rəhbərimiz hakimiyyətə gələndən sonra ölkədə sabitlik yarandı, sosial-iqtisadi sahələrdə dirçəliş meyilləri nəzərə çarpmağa başladı.Xarici investorların Azərbaycana marağı artdı. Bax, belə bir zamanda ölkəmizdə yeni yaradılan müştərək müəssisələrin işinin MDB, Şərqi Avropa dövlətlərinin təcrübəsi əsasında elmi şəkildə təhlil etmək, onlarda mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətini araşdıraraq daha çevik, operativ məsələləri önə çəkməyi qarşıya məqsəd qoydum. Onu da bildirim ki, bu mövzuya diqqət yetirməyim həm də onunla əlaqədar idi ki, o dövrdə respublikamızda bazar iqtisadiyyatı münasibətləri yenicə təşəkkül tapırdı. Mülkiyyətin müxtəlif formaları yaradılır, dövlət mülkiyyətindəki müəssisələr özəlləşdirilir, iqtisadiyyatın özəlləşdirilməsi məqsədilə müvafiq normativ hüquqi baza hazırlanır, eyni zamanda, idarəçilik mexanizmi, o cümlədən uçot və təhlilin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi həyata keçirilirdi.
Əsas vəzifələrdən biri müəssisələrin, o cümlədən müştərək müəssisələrin istehsal potensialından səmərəli istifadə etmək, material, əmək və maliyyə məsrəflərini aşağı salmaqla istehsalın artımına nail olmaq, onun səmərəliliyini yüksəltmək və son nəticədə əhalinin maddi rifahını yaxşılaşdırmaq idi. Bu məsələnin reallaşmasında istehsal məsrəflərinin uçotu və təhlili mühüm rol oynayır. Belə ki, uçotu lazımi səviyyədə aparmadan məsrəflərdə qənaət əldə etmək, itkilərin qarşısını almaq, qeyri-məhsuldar xərcləri aradan qaldırmaq mümkün deyildir. Başqa sözlə, istehsalın və maya dəyərinin idarəsi, habelə təhlili üçün kifayət qədər operativ və dəqiq məlumat əldə olunması məqsədilə uçot müasir tələblər səviyyəsində həyata keçirilməlidir.
Bəli, elə bu göstərilənlərə görə ölkəmizdə bazar iqtisadiyyatına keçidin ilk dövründə məsrəflərin uçotu və təhlilinin təkmilləşdirilməsi, onların beynəlxalq normalara uyğunlaşdırılması zəruri bir vəzifə kimi qarşıda dururdu. Bunu nəzərə alan N. Cəfərov yuxarıda adı çəkilən dissertasiya işini uğurla başa çatdırdı.
Nazim müəllim söhbət zamanı işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin son illərdəki fəaliyyətinə də toxundu. Bildirdi ki, hazırda komitə kollektivi qarşısında dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində qanunçuluğun, vətəndaşların hüquqlarının daha səmərəli şəkildə qorunması, şəffaflığın artırılması, korrupsiya hallarına yol verilməməsi məsələləri mühüm vəzifə kimi durur. Prosedurların asanlaşdırılması, müraciətlərə vaxtında baxılması, şikayətlərin araşdırılması və həlli istiqamətində əməli tədbirlər həyata keçirilir. Komitədə elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində müvafiq işlər görülür. Ölkə Prezidentinin modern və çevik idarəetmənin təmin edilməsi məqsədi ilə dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi sahəsində verdiyi tapşırıqların icrasına diqqətlə yanaşılır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.