Fransız mətbuatı: "Maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir"

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət və iqtisadi sahədə həyata keçirdiyi islahatlar nəticəsində son vaxtlar fransız mətbuatının respublikamızın ictimai-siyasi həyatına marağı artmışdır.
Fransada nəşr olunan gündəlik "Midi libre", "Le Reveil", "Ouest France" mətbu orqanlarında, "Ladepeche" internet saytında Azərbaycana dair silsilə məqalələr verilmişdir.
"Midi libre" qəzetində məkanca Fransadan çox-çox uzaqlarda yerləşən və keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanın yeraltı və yerüstü sərvətlərlə, xüsusilə, neft və qazla zəngin olmasından, Avropanı təhdid edən enerji təhlükəsizliyinin aradan qaldırılmasında Azərbaycanın xüsusi rolundan söhbət açılmış, xarici siyasət sahəsində əldə etdiyi uğurlara görə Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrildiyi, beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəldiyi diqqətə çatdırılmışdır.
Qəzetdə dərc olunmuş "Azərbaycan Rodezlə sıx əlaqələr qurmaq istəyir" sərlövhəli məqalədə sovetlər dövründə güclü kənd təsərrüfatına malik olan respublikanın müstəqilliyini bərpa etdikdən sonra qeyri-neft sahələrini, o cümlədən kənd təsərrüfatını inkişaf etdirməkdə maraqlı olduğu, bu sahədə Fransa ilə sıx əlaqələr qurmaq istədiyi bildirilir.
Dünya Bankının məlumatına istinad edən müəllif ölkəmizin ümumi daxili məhsul istehsalı üzrə Müstəqil Dövlətlər Birliyi məkanında lider olduğunu, inkişaf etmiş ölkələrin dünyanı bürümüş iqtisadi böhrana daha çox məruz qaldığı və ciddi çətinliklərlə üzləşdiyi halda, Azərbaycanın bu böhrandan az itkilərlə çıxdığı, belə çətin dövrdə də iqtisadiyyatının sürətlə inkişaf etdiyi xüsusi vurğulanır.
"Le Reveil" və "Ouest France" qəzetlərində dərc olunmuş "Azərbaycanla ilk anlaşmalar", "Azərbaycan ideyalara açıqdır", "Azərbaycan Qafqazın inkişaf etmiş ölkəsidir" və s. sərlövhəli məqalələrdə, "Ladepeche" internet saytında yerləşdirilmiş yazılarda ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti barədə ətraflı məlumat verilmiş, iqtisadi göstəricilərindən söhbət açılmışdır. Məqalələrdə Fransa və Azərbaycan prezidentlərinin hər iki ölkə arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduqları qeyd edilmiş, bu əlaqələrin daimi olması üçün fransız və Azərbaycan xalqlarının mədəni dəyərlərini bir-biri ilə bölüşmələrinin vacibliyi xüsusi vurğulanmış, hər iki xalqın bir-birini yaxşı tanıması və ölkələr barədə daha ətraflı məlumat alması üçün əməkdaşlığın genişləndirilməsinin mühüm rolu qeyd edilmişdir.
Səfir Elçin Əmirbəyovun verdiyi müsahibələrə istinad edən müəlliflər Azərbaycanın iqtisadi göstəricilərindən geniş söhbət açmış, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizin qısa bir zamanda əldə etdiyi uğurlardan danışmış, 2003-cü ildə ölkədə işsizlərin sayı 45 faiz təşkil etdiyi halda, son ildə bu göstəricinin 11 faizə endiyi və bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində yaxın vaxtlarda ölkədə işsizlik probleminin tamamilə aradan qaldırılacağını diqqətə çatdırmışlar.
"Azərbaycan öz həmvətənlərini unutmur" sərlövhəli məqalədə Fransanın azadlığı uğrunda döyüşmüş, müqavimət hərəkatında fəal iştirak etmiş, bu yolda həlak olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün Azərbaycan hökumətinin onların şərəfinə Rodez şəhərində abidə ucaltması təsvir edilmişdır.
Yazılarda yeri gəldikcə musiqimizdən, onun ən qədim janrlarından olan muğamın Fransada tez-tez səsləndirilməsindən, fransızlar tərəfindən yaxşı tanınmasından, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən bəhs olunmuşdur.
Fransa mətbuatının Azərbaycana belə marağı ölkəmizin beynəlxalq aləmdə, o cümlədən Fransa kimi ölkədə imicinin və nüfuzunun getdikcə artmasının göstəricisidir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında